Modern.az

Bir neçə il sonra Azərbaycanda oğlanlar evlənməyə qız tapmayacaqlar

Bir neçə il sonra Azərbaycanda oğlanlar evlənməyə qız tapmayacaqlar

24 Noyabr 2009, 14:06

Son illər Azərbaycan ailələrində daha çox oğlan uşağının doğulması demoqrafik böhran təhlükəsi yarada bilər. Elə buna görə də,

ölkəmizdə doğulacaq uşağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verilməsi qadağan oluna bilər. Tezliklə Milli Məclisin müzakirəsinə çıxarılacaq “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi hamiləliyin ilk üç ayında həkimlərə belə qadağa nəzərdə tutur. Dövlət Statistika Komitəsinin bu ilin 9 ayına aid demoqrafik statistikasına görə, yanvar-sentyabr aylarında Azərbaycanda dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qız uşağıdır.

Ötən əsrin 40-cı illlərindən indiyədək Azərbaycan əhalisinin cins üzrə bölgüsündə qadınlar kişiləri üstələyir. Baxmayaraq ki, elə həmin dövrdən bu günədək hər il doğulan körpələr arasında oğlanlar qızlardan çox olub. Təbii artım belə davam etsə, yəqin ki, bir neçə ildən sonra Azərbaycan əhalisinin cins üzrə bölgüsündə kişilər qadınları üstələyə biləcək. Dövlət Statistika Komitəsinin bu ilin 9 ayına aid demoqrafik statistikasına görə, yanvar-sentyabr aylarında ölkədə dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qız uşağıdır. Son rəsmi statistikaya görə, 8 milyon 973 min nəfər əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1041 qadın düşür. 

Oğlan-qız ayrı-seçkiliyinin tarixi

Ailələrdə oğlan-qız ayrı-seçkiliyinin tarixi çox-çox keçmişə gedib çıxır. Bu xüsusiyyəti Şərq xalqlarının çoxuna, həm də ən çox müsəlmanlara aid etmək olar. Tarixdən məlumdur ki, qədim dövrlərdə, İslam dini meydana gəlməzdən öncə yaxın Şərqin bəzi ölkələrində yeni doğulan qız uşaqları diri-diri torpağa basdırılırmış. İslam dini yaranandan sonra bu vəhşi adət-ənənə aradan qalxdı. Bununla belə, bir sıra müsəlman ölkələrində ailələr hələ də oğlanları qızlardan üstün tutur, yeni doğulan körpənin zərif cinsdən olmasını istəmirlər.

 

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə təkcə müsəlman ölkələrində deyil, artıq Qərbdə də valideynlərin əksəriyyətini doğulacaq körpəsinin cinsi çox maraqlandırır. Avropa, Amerika ölkələrində də ailələrin çoxu ilk doğulan uşağın oğlan olmasını istəyirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə son 10 ildə dünyada oğlan uşaqları qızlardan daha çox doğulurlar. Tədqiqatların nəticələrinə görə, körpə oğlanlar Kanada, ABŞ, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daha çox doğulurlar.

Ailə planlaşdırmasında ultrasəs müayinəsinin rolu

Alimlər iddia edirlər ki, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələr daha çox təsir göstərir, nəinki digər amillər. Sübut olunub ki, son illər əksər qadınlar hamiləliyin ikinci-üçüncü aylarında ultrasəs müayinəsinə (USM) düşərək gələcək körpələrinin cinsini müəyyənləşdirir və buna uyğun müvafiq qərar qəbul edirlər. Yəni onların çoxu bətnlərindəki körpənin qız olduğunu biləndən sonra onu abort etdirirlər. Bu cür əməliyyatlar yeni doğulan körpələr arasında oğlanların üstünlük təşkil etməsində mühüm rol oynayır.

 

Yetər, Qızbəs, Qızyetər, Bəsti

Qeyd etməliyik ki, Azərbaycan ailələrinin də  əksəriyyətində oğlan-qız ayrı-seçkiliyinə yol verilir. Vaxtilə hətta bununla bağlı müxtəlif atalar sözləri belə yaranıb. Məsələn, «Anam, bacım qız gəlir, əli-ayağı düz gəlir, yeddi oğul istərəm, bircə dənə qız gəlir». «Qız yükü, duz yükü» və s. Keçmişdə oğan uşağı istəməyən bir sıra ailələr isə yeni doğulan qızlarına Yetər, Qızbəs, Qızyetər, Bəsti kimi adlar qoyurmuşlar. Bununla Tanrının onların səsini eşidəcəyinə inanan həmin ailələr oğlan uşağının doğulacağına ümid bəsləyirmişlər. Azərbaycan ailələrinin bu xüsusiyyəti indi də var. Çoxları bunu milli mentaliletlə bağlayır. Belə ki, Azərbaycanda oğlan nəslin davamçısı, düşmən sipəri sayıldığından ona daha çox üstünlük verilir. Bundan başqa əksər azərbaycanlıların fikrincə, oğlan böyütmək qız böyütməkdən daha asandır.

Araşdırmalar göstərir ki, son illər Azərbaycanda oğlan-qız ayrı-seçkiliyinə üstünlük vermə xüsusiyyəti daha da güclənib. Çünki hazırda yeni qurulan ailələr maksimum iki uşaq istədiklərindən onlardan heç olmasa birinin oğlan olmasına tərəfdardırlar. Bunun üçün təkcə abort üsuluna əl atılmır, hətta müxtəlif hesablama qaydalarından da istifadə olunur.

Əgər vəziyyət belə davam etsə, bir neçə ildən sonra oğlanlarımız evlənməyə qız tapmayacaqlar.

Bəzi yerli ekspertlər müxtəlif üsullarla oğlan uşaqlarına üstünlük verilməsini ailə planlaşdırılmasına süni müdaxilə hesab edirlər. Sosioloq Akif Maqsudovun fikrincə, Azərbaycan cəmiyyətində oğlanların qızlardan üstün tutulmasının sosial səbəbi yoxdur. «Çünki ölkəmizdə qadın-kişi bərabərlyi mövcuddur. Azərbaycanda çoxlu qız uşağına malik elə ailələr var ki, onlar bunu özlərinə dərd etmirlər. Məsələn, Masallı rayonundan olan Salmanovlar ailəsində 16 qız böyüyüb. Bu ailədə hər dəfə oğlan gözləsələr də, qız doğulub. Amma heç zaman naşükürlük etməyiblər. Salmanovları uşaqların sağlam, qüsursuz doğulması daha çox düşündürüb. Doğrudan da əsas məsələ oğlan, ya da qız övladın doğulması deyil, uşağın sağlam dünyaya gəlməsidir».

Hamilə qadınların 80 faizi USM-ə körpənin cinsini yoxlatdırmağa gəlir Səhiyyə Nazirliyinin Ailə Planlaşdırılması Mərkəzindən Modern.az-a bildiriblər ki, son illər Azərbaycanda ultrasəs müayinəsi (USM) getdikcə daha çox tətbiq olunmaqdadır. Ailə Planlaşdırılması Mərkəzinin adının çəkilməsini istəməyən həkimi deyib ki, müayinəyə gələn hamilə qadınların 80 faizinin məqsədi körpənin cinsini müəyyənləşdirməkdən ibarətdir. Onların da əksəriyyəti oğlan arzulayan ailələrin üzvləridirlər. Mərkəzin həkimləri bildirirlər ki, qıza hamilə qaldığını bilən bir çox qadınların kefi pozulur, hətta öüzünü saxlaya bilməyib ağlayanlar da olur. 

Qadağa tətbiq olunacaq?

Son illər ölkədə yeni doğulmuş oğlan uşaqlarının sayının qızlara nisbətən xeyli çox olması artıq rəsmi qurumları da narahat edir. Son 12 ildə respublikamızda hər üç yeni doğulan körpədən yalnız biri qız uşağı olur. Bəzi mütəxəsisslər belə vəziyyətin demoqrafik böhran təhlükəsi yarada biləcəyini düşünürlər. Buna görə də sçmə yolu ilə uşaqsalma problemini həll etmək üçün deputatlar “Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında” qanun layihəsini işləyib hazırlayıblar. Qanun layihəsində əks olunan müddəaya görə, həkimlər hamiləliyin ilk üç ayında valideynlərə yeni doğulacaq körpələrin cinsi mənsubiyyəti barədə məlumat verməkdən imtina etməlidirlər.

Əgər qanun layihəsi Milli Məclisin payız sessiyasında qəbul edilsə, sənəd gələn ildən qüvvəyə minəcək. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu, uşaqsalmanın miqdarının azalması ilə nəticələnəcək və çox güman ki, yaxın gələcəkdə dərəcələr üzrə yeni doğulacaq oğlan və qızların sayı bərabərləşəcək.

Yeni doğulan körpələrin normal cinsi mənsubiyyət nisbətinin 100 qıza 105 oğlan düşməsi hesab edilir.

Adəm QORXMAZ

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı