Modern.az

25 ildir atasını axtaran qız: “Babam və nənəm bu dərdə dözmədi...” - Qarabağda itkin düşən döyüşçünün ALIN YAZISI  

25 ildir atasını axtaran qız: “Babam və nənəm bu dərdə dözmədi...” - Qarabağda itkin düşən döyüşçünün ALIN YAZISI   

2 Fevral 2018, 08:50

“Birini gözləmək incidən duyğuların önündə diz çöküb, “nə olar sus”deyə yalvarmaq, acizliyini anlamaqdır. Öz üzünü öz əlinlə qapadıb ağlamaq, yaddaşını sıxıb bəbəklərindən xatirələri axıtmaqdır...Gözləmək onu deyil də, birini gözləyərkən özünü unutduğun yerdə tapmaqdır...”.


Aynur əlavə edir ki, ən sadiq kişilər uzaqlardadır. Elə o, özü də ən sadiq adamının 1993-cü ildən etibarən nə üzünü görür, nə də səsini eşidir. Düz 25 ildir ki, ata həsrəti çəkən Aynur1980-ci ilin 13 noyabr tarixində Ağdam şəhərində dünyaya gəlib. O, Qarabağ müharibəsindən sonra gözü yollarda qalan minlərlə insandan yalnız biridir. Aynur heç vaxt atası ilə ünsiyyətdə olmadığını deyir. Təəssüflə söyləyir ki, onun atası ilə bircə dənə də şəkli yoxdur...

Aynur Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda döyüşmüş Cavid Qarayevin qızıdır.

Modern.az saytı Qarabağda itkin düşmüş döyüşçünün həyat hekayətini təqdim edir...

Qarayev Cavid Paşa oğlu 1955-ci ilin 10 iyul tarixində Ağdam şəhərində anadan olub. Ağdamdakı 1 saylı tam orta məktəbi bitirəndən sonra,təxminən 1974-cü ildə Ağdam Musiqi Texnikumuna tar müəllimliyi ixtisasına qəbul olunub. 1976-cı ildə texnikumdanməzun olan Cavid Qarayev müharibə başlayana qədər elə həmin orta ixtisas məktəbində tar müəllimi işləyib. 1988-ci illərdə Ağdamda ilkkönüllülər batalyonu yarananda Milli Ordumuzun tərkibinə yazılan bu cəsur əsgəri1993-cü ilin oktyabrından etibarən bir daha görən olmayıb. O, müəmmalı şəkildə itkin düşüb.

Cavidin qızı Aynur deyir ki, o, bu taleyi atasına yaraşdırmır…


“Mənim həm atam, həm də anam rayonun ziyalı ailələrində böyüyüb, boya-başa çatıblar. Anam Azərbaycan dili və ədəbiyyatı müəllimidir, atam isə sağlığında tar müəllimi olub. Mən evdə tək uşaq olmuşam. Biz atamla bərabər yaşamamışıq. Atam içki düşkünüolduğu üçün 6 aylıq olarkən anam məni də götürüb atası evinə gedib.Daha doğrusu babam özü anama deyib ki, “Aynuru da götür get, bəlkə Cavid məcbur qalıb müalicə olunar”. Deyilənlərə görə, atamın “dostları” onun arağına kül qatdıqları üçün atamın sağlığında problemləri var imiş, bu onun əsəblərini korlayıbmış.
Atamla anamın ayrılığından sonra əmilərim, babam, qohumların elə çoxu gəlib – gedir, bizə baş çəkirdilər. Bəlkə də müharibə olmasaydı, vəziyyət bu həddə gəlib çatmazdı. Fərz edirəm ki, atamla anam barışacaqdılar”.

Qeyd etdiyimiz kimi,Aynur atası ilə heç vaxt ünsiyyətdə olmayıb. Bizə danışdıqları da atasının itkin düşdüyünü bildiyi vaxtdan bu günə qədərki axtarışlarından xatirələri və onların nəticələridir…

Aynur deyir ki, o, atası ilə görüşüb, dərdləşmək üçün böyüməyi gözləyirdi:

“Atam hədsiz dərəcədə uşaqcanlı idi. Məktəbli vaxtlarımda hər gün məktəbə gedəndə hiss edirdim ki, atam arxamca gəlir. Anam da o vaxtlar məni atama göstərmirdi. Mən də açığı biraz çəkinirdim. Elə bu səbəbdən cəsarətim çatıb, ona yaxınlaşa bilmirdim. Düşünürdüm ki, anam inciyər, xətrinə dəyərəm. Gözləyirdim bir az böyüyüm, özüm atamla görüşəcəm, danışacam.

Mənim ata babam da tanınan adam olub.  Həm müəllim kimi fəaliyyət göstərib, həm də məktəb direktoru olub. Uzun müddət Təhsil şöbəsində işləyib. Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsində çalışıb. Əmilərim, xüsusən Şahin əmimin qızları çox gəlib-gedirdi, əlaqə möhkəm idi. Amma nədənsə anam o vaxtlar sanki tərəddüd içində idi.

Atam çox azad və sərbəst insan olub. Onu tanıyan bir çox adamla həmsöhbət olmuşam, hamısı da necə yüksək intellekti olduğunu, gözəl tar çaldığını, bədii kitablar oxuduğunu, hətta şeir yazdığını deyiblər. Atam gözəl tar ifaçısı olsa da, heç vaxt toya getməyib. Deyirmiş ki, sənətkar toya getməz”.

Keçmiş döyüşçü, baş leytenant Vaqif Allahverdiyevin Ağdam rayonunun “Həkəri” qəzetinin3 sentyabr, 2014-cü il buraxılışında Cavid Qarayev haqqında olan məqaləsindən bir parça…


“Tet-tez gənclik illərimi yada salıram. Fikirləşirəm ki, görəsən qazandıqlarımız çoxdur, yoxsa itirdiklərimiz.

… Cavid Qarayev Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin komandirliyi ilə dəfələrlə ağır döyüşlərdə olub. Ağdamın Papravənd və qonşu kəndlərin müdafiəsində, eləcə də Ağdərədə düşmənlərə qarşı igidliklə vuruşub. 1992-ci ildə kontuziya alıb. Cavid 1993-cü ildə müəmmalı şəkildə itkin düşüb. İndiyə qədər də bilinmir ki haradadır.

Bu sətirlərin müəllifi də 1988-ci illərdən könüllü olaraq milli orduya yazılan, ilk zabitlərdən olmaqla Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun batalyonunda ermənilərə qarşı vuruşaraq, yarımcan olmuş neçə-neçə ağdamlıdan biridir”.


Aynur Qarayeva:

“Axtardım, araşdırdım bildim ki, rayon qəzetində atam haqqında yazısı gedən əsgər də elə atam kimi müharibə vaxtı ağır kəllə-beyin travması alıb. Məcburən döyüşdən gedərək hospitalda müalicə alıb. Daha sonra qayıdanda isə atamla bir də əlaqə yarada bilməyib. Elə bil Cavid Qarayev yer yarıldı, yerə girdi... Birdəfəlik yoxa çıxdı”.

“Atamın öldüyünü eşidəndə onunla bağlı bütün xəyallarım suya düşdü…”

“1993-cü il idi. Artıq Ağdam işğal olunmuşdu. Bir gün qohumlardan biri mənə dedi ki, “atan rəhmətə gedib”. Mən, təbii olaraq, buna inanmalıydım.Bir müddət sonra hər kəs atamın itkin düşməyindən xəbər tutsa belə, mən 15-16 yaşımda müstəqil olaraq atamın axtarışına başlayanda Ağdama da getdim. Əmilərim ilədanışanda onlar yenə məni inandırdılar ki, “atan Mingəçevirdə xəstələnib və bir müddət sonra vəfat edib”.Narahat olmamağımı istəyir və məni mütləq nə vaxtsa qəbir üstünə ziyarətə aparacaqlarını vəd edirdilər. O xəbərlə təkcə atam yox, onunla bağlı bütün ümidlərim də ölmüşdü. Bir müddət mən atamın itkin düşdüyü həqiqətindən bixəbər qalmışam.

İndinin özündə də Rizvan əmim də, Şahin əmim də hər dəfə telefonda səsimi eşidən kimi ağlayırlar. Deyirlər, “Aynur, sənin səsini eşidəndə xəcalət çəkirik. Axı  biz Cavidi necə qoruya bilmədik..?!””.


“Bir gün mənə atamla son görüşlərindən danışdılar…”

Dedilər ki: “1993-ci ilin sonları idi… Artıq Ağdamın işğalından 3 ay keçmişdi. Onda Zəngilan işğal olunmamışdı, hələ Qubadlıda döyüşlər gedirdi. Vəziyyətin gərgin anlarında atan bizə, rayondakı bir neçəqohumlara baş çəkdi. Həmin vaxtlarda çox adam Bakıya köçdüyündən yır-yığış üçün xeyli kömək edib, sonra  sağollaşıb getdi”.

Ən son isə atamı bibi uşaqları Ağdamın cəbhə bölgəsində görüblər. Danışırlar ki, “oktyabr ayı olardı, gəldi bizə. Ordan-burdan danışandan sonra dedi ki, gedəcək  döyüşə”. Açığı etiraz etməyiblər. Axırıncı dəfə elə oktyabrda çıxıb gedib və bir də nə ölüsü gəlib, nə də dirisi. Rayondakılar elə bilib ki Bakıdadı, Bakıdakılar isə düşünürmüş ki Cavid rayondadı. Günlər keçdi… 1 həftə, 10 gün, 15 gün. Cavid nə Bakıda idi, nə də Ağdamda.

“Biz onu çox axtardıq. Morqlar, cəbhəyanı bölgələr, cəbhə, əlimiz çatan, ağlımıza gələn bütün mümkün variantları sınadıq. Beləcə sənin atandan bir də heç kim heç vaxt xəbər tuta bilmədi…”

Aynur deyir ki, onun artıq bütün bunlardan xəbər tutması və atası haqqında ona nəql edilən hər bir cümlə atasının axtarışındakı cəhdlərinin kiçik işartıları idi…


“Bəli, danışdım, soraqlaşdım. Həqiqətən də tanıyan çox adam, bəlkə də hər kəs zaman - zaman atamın tapılması üçün kiçik belə olsa, mütləq cəhd etmişdilər. Amma artıq ciddi və ya qeyri-ciddi, atamı axtarmaq üçün bütün yolları sınamalı idim.

Yadımdadır, axtarışla bağlı ilk işim 15-16 yaşımdaMilli Təhlükəsizlik Nazirliyinə məktub yazmaq oldu. Onda hələ atam haqqında çox az şey bilirdim. Məktubda atam Cavid Qarayev haqqında araşdırma aparıb, onunla bağlı bütün məlumatların mənə verilməsini xahiş etsəm də, məktubum cavabsız qaldı… Bu mənim ilk uğursuz cəhdim idi.

Lakin mən əsla dayanmadım…

Saatlı rayonunda yaşadığımız üçün Saatlı rayon Hərbi Komissarlığına gedib görüşdüm, müvafiq sənədləritəqdim etdim. Məni Ağdam hərbi komissarlığına göndərdilər. Həmin vaxtlarda sadəcə məktub yazmaqla kifayətlənirdim. Bunlar hələ kiçik cəhdlər idi. Sonra Qırmızı Xaç, Qızıl Aypara təşkilatlarına da məktublar yolladım  və bir müddət Qızıl Xaçın yerli nümayəndəliyində könüllü oldum. Bütün bunları da yalnız və yalnız atam üçün edirdim. Könüllü olarkən itkin düşən şəxslərin siyahısını çıxarırdım. Ümumiyyətlə, bizim rayonda itkin ailələri çoxdur, mən o ailələrlə görüşlər təşkil edirdim.
2000-ci illərə qədər mən yalnız məktub yazıb harasa müraciət etməklə kifayətlənirdim. Müəyyən zaman keçəndən sonar, maddi imkanım da artdıqca yerimdəcə qalmadım, gəzib axtardım. Ağdama getməyim, atam haqqında geniş məlumat toplamağım üçün əsas cəhdim idi, çünki onun bir çox dostları ilə məhz orada görüşdüm.Beləcə əvvəl sadə olan axtarışlarım, getdikcə mürəkkəbləşməyə başladı…

Mərkəz müəllim atamın ən yaxın uşaqlıq dostu olub. Onunla söhbətləşdim. Atam barədə xatirələrindən danışanda onun necə canıyanan və dostları ilə çox səmimi olduğunuqeyd edirdi. Atamgil ailədə beşuşaq - dörd qardaş, bir bacı olublar. Hamısı ayrı-ayrılıqda daha çox atamın xətrini istəyir.

Bir dəfə də yolumu Ağdam Musiqi Kollecindən saldım. Bacardığım qədər araşdırdım, bəlkə kimsə nəsə bilər, nəsə işıq var deyə, ümid edirdim.Təəssüf ki, onlar da yalnız müharibə gedən vaxtlarda atamı gördüklərini, ondan sonra heç vaxt onunla rastlaşmadıqlarını dedilər. Ağlımda daim bir fikir dolaşırdı, bəlkə xəstədi, bəlkə elə bir vəziyyətdiki qarşımıza çıxmağa utanır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı, jurnalist Novruz Novruzov ilə də görüşdüm. Onlar atamı yaxşı tanıyırlar. Dedilər ki, “əsl onun qızısan, heyif ki, oğlan deyilsən. Cavid sağ olsaydı, özü səni böyütsəydi, sən ya idmançı idin, ya döyüşçü, ya da hərbçi. Sən müəllim olmazdın, bundan 100 faiz arxayın ol”.

Tar müəllimi, incəsənət adamı olmasına baxmayaraq müharibə təzə başlayan vaxtlarda, təxminən 1987-88-ci illərdə atam “TİR” mərkəzi açıb, gənclərə atıcılığı öyrədirmiş. Özüdə yaxşı atıcı idi deyə düşünməzdilər ki, ona güc gəlmək mümkün olsun. Mənə qohumlar deyir ki, “Aynur, onun vurduğu qalxmırdı, biz inana bilmirik ki, onu öldürərlər, əsir götürərlər. Bunlar bizim üçün inanılmaz gəlir”.
Hər-halda Allah müharibəyə lənət eləsin!”.


Cavid Qarayev “Qarabağ Bülbülləri” ansamblında

“Qarabağ Bülbülləri” Ansamblının bədii rəhbəri Murad Rzayev hesab edir ki, Cavid Qarayev ansamblın ondan sonrakı ikinci bədii rəhbəri idi. O, qeyd edir ki, Cavidin itkin düşməyindən 2000-ci ildə Bakıda ansamblın uşaqlarını bir araya yığarkən xəbər tutub:

“Mən 1971-ci ildən Ağdam Musiqi Texnikumunda direktor vəzifəsində çalışmışam. Elə həmin vaxtlardan Cavidi tanıyıb necə istedadlı uşaq olduğunun fərqinə vardım. Onun təşkilatçılığı var idi. Tacirgil onda hələ balaca uşaq idi, ansamblı mən Cavidə tapşırırdım. Zənn edin ki, mənim birinci köməkçim kimi idi, həmişə deyirdim ki, Cavid uşaqları sənə tapşırıram. Çünki bilirdim ki, o, uşaqlara yaxşı nəzarət edə biləcək. Demək olar ki təkcə ansamblda konsert təşkilatçısı yox, həm də “Qarabağ Bülbülləri” ansamblının ikinci bədii rəhbəri idi. “Qarabağ Bülbülləri” ansamblında Cavidin əməyi böyükdür. Məsələn, ansamblı Cavidlə yola salanda arxayın olurdum, elə hiss edirdim ki, özüm ordayam, arxayın olurdum. Bəzən gəlib görürdüm ki, artıq ansamblı yığıb məşq edib, nəzərdə tutduğumuz nömrədemək olar ki, hazırdır. Onun böyük həvəsi var idi. Sonra tale elə gətirdi ki müharibə başladı, hamı pərən-pərən düşdü. Cavid də bizdən hadisələr başlayan ərəfələrdə ayrıldı. Elə həmin vaxtlar hərə bir yerə dağılışdı. Mən İsmayıllıya, kimisə Bakıya, kimisi Gəncəyə və s...

Rayonlara gedirdik, Moskvaya gedirdik konsertlər üçün. Konsertdən arxiv materiallarının hamısı müharibə vaxtı batdı getdi. Heç bir videomaterial yoxdur. Məndə qalan ancaq albomdakı şəkillərimdir...”.

“Vaxtında Konservatoriyaya daxil olsaydı, indi peşəkar tarzən idi”

“Cavid vətəndən, dostdan ötrü özünü öldürərdi. Cavidin vətən sevgisi başqaydı və göz qabağında idi, bunu hamı görürdü. Ağdamda elə adam tapılmaz ki, onun müsbət tərəflərindən xəbərdar olmasın. Amma ətrafında problem yaradan dostları da var idi. Əgər bir adam özünə qəsd edirsə, mən bunu qəsd adlandırıram, deməli onun ətrafındakı bütün dostları yaxşı olmayıb.

Cavid tar çalanda onu görməyən adam elə zənn edərdi ki, hansısa peşəkar tarzən ifa edir. Heç kim inanmazdı ki, Caviddir. Musiqidə suluq və ritm əsasdır. Bircə ona bu sahədən uzaqlaşmamaq, düzgün mühitə düşmək lazım idi. Çox təəssüf ki, alınmadı. Cavidin bugün həyatda olmaması müharibənin nəticəsidir”.

Murad Rzayev ansamblda tez-tez baməzə işlərin, maraqlı əhvalatların baş verdiyini qeyd edir. Deyir ki, bir dəfə Cavidi cəzalandırmaqla üçün onu məşqə buraxmayıb.


“Yadımdadır, hələ bir dəfə Cavidlə Fəxrəddini möhkəm cəzalandırmışam da. Cavidlə məşqə gəlməyib gecikmişdilər. Gözümə də yaxşı dəymədilər, kefləri yaman kök idi. Onları cəzalandırdım. Cavidi məşqə buraxmadım, bir neçə gün məşqə gəlmədi. Fəxrəddini də ansambldan xora keçirdim. Ürəyim yumşalandan sonra yenə hər şey əvvəlki qaydasına düşdü”.

Tələbə yoldaşı Fəxrəddin Hacibəylinin Cavidin ansambldakı fəaliyyəti ilə bağlı xatirələri...

“Cavid çox gözəl tar ifaçısı idi. Mən sizə deyim ki, o, doğurdan da, tar sənətinin ardınca getsə və təhsilini konservatoriya səviyyəsində davam etdirsə, musiqiçi kimi peşəkarlaşmağa köklənsəydi, sıradan tar çalan olmayacaqdı. Əminəm ki, Cavid dövrünün sayılıb-seçilən tarzənlərindən olardı.

“Qarabağ Bülbülləri”ansamblında Murad Rzayev Cavidə ifa üçün solo hissə verəndə,hər kəs onu heyrətlə dinləyərdi. O qədər gözəl çalırdı ki, sanki barmaqları ilə deyil, ürəyi ilə ifa edirdi. Gözəl musiqi duyğuları və bir o qədər də həssas ifa tərzi var idi. Və təsəvvür eləyə bilməzsiniz, bu narahat və barışmaz, müəyyən qədər də nadinc bir insannecə kəpənək qanadlarıtək həssas duyğulara sahib idi...”.

Ağdamsızlıq və atasızlıq…

Aynur deyir ki, onun ata babası, nənəsi, böyük əmisi Şahin də bu dərdlərə dözməyib, dünyasını dəyişdi:

“1999-cu ildə Ağdamın Xındırıstan kəndində kompüter kursu üzrə təhsil alırdım. Xalamgilin evi Xındırıstanda idi, mən də orada qalırdım. Həmin vaxtlarda bir gün qapı döyüldü. Qapını açdıq, bir qadın içəri daxil oldu. Zərifə müəllimə idi. O, Ağdamın tanınan alman dili müəllimələrindən idi. Həyat yoldaşı Əbülfət müəllim də vaxtilə alman dili müəllimi işləmişdi. Soruşub bildi ki, Cavidin qızıyam. Nə qədər ağladı, sakitləşdirə bilmirdik.Bir az özünə gələndən sonra başladı yadında qalan xatirələrdən danışmağa…

“Sənin nənənlə baban bizə qaçqın kimi gəlmişdilər. Nənən ölənəcən səni arzuladı, səni istəyirdi. Öldüyü ana qədər gözləyirdi ki, qapı açılacaq, Cavid içəri girəcək. Nənən də, baban da sənlə atanı necə arzulayırdılar, son ana qədər gözləri qapıda qaldı.

Hər il 13 noyabr olan kimi görürdüm ki, nənən hazırlıq görür, deyirdi ki, nəvəm Aynurun ad gününü qeyd edirəm. Paşa kişi atanı çox istəyirdi, arzulayırdı ki, ondan bir xəbər çıxsın”.

O qədər pis oldum ki, çünki mən o aralıqlarda xalamgilə tez-tez gedib-gəlirdim. Ən azından gedib nənəmi, babamı görə bilərdim. Bilmirəm bu taleyin təsadüfüdür yoxsa nədir? O qədər yaxın olduğum halda onlara baş çəkə bilməmişəm.

Müharibə hamımızı dərbədər qoydu. Nə atam ailə qurdu, nə anam. Anam atamın müalicə olunmasını gözləyirdi.Bircə ikisi küsülü idi. Nənəm həmişə anam üçün deyirdi ki, Ətrabə gəlinlərin gözüdür...”.

“Mən atamı heç vaxt görməsəm də…”


“Atamın məni sevdiyindən o qədər əmin idim ki, uzaq olsaq da, o qədər çox hiss edirdim ki,ata sevgisini! Harasa getsəm, tez-tez kənardan məni izlədiyini duyurdum. Məktəbli olduğum vaxtlarda bizdə kinoteatr var idi, tez-tez kinolar nümayiş etdirirdilər. Biz də ailəvi kino izləməyə gedirdik. Görürdüm ki, atam kinoteatrın qarşısında gözləyir.Amma ailəmin yanında olduğum üçün yaxınlaşmırdım. Ümid edirdim ki, onsuz da bir az böyüyüm,atamla mütləq görüşəcəm. 

Atamın da qəribə xarakteri var idi. Yəqin fikirləşirdi ki, problemləri var, bunlardan yaxa qurtarsın, sonra düzələr. Əmimin sözlərinə görə, atam deyirmiş ki, “qızımı kənardan görmək də mənə hələlik bəs edir”.

Bir dəfə atamın dostlarından biri ilə görüşdüm. O danışdıqca mən dəhşətə gəlirdim. Deyir ki, gəlib onu yuxudan oyadırmış ki, “Həbib, dur pəncərəni aç, indi Aynur qızım məktəbə gedəcək, ona baxmaq istəyirəm””.

“Atamla yaşıd, Qarayev soyadlı bütün şəxslərə mesaj yollayırdım…”

Aynuru ən çox incidən hər şeyin tamamən müəmmalı qalmasıdır.

Və bir gün Aynur uzun bir mesaj yazaraq qərara alır ki, ona bənzətdiyi, uyğun gələn hər kəsə bu mesajı yollayıb atasına nə vaxtsa qovuşa biləcək:

“Salam. Bəlkə də səhv edirəm, o zaman bağışlayın. Amma əgər atamsınızsa, lütfən susmayın. İllərdir gözləyirəm və axtarıram. Bircə gün də olsun gözləməkdən vaz keçmədim. Bəlkə Ağdamsız qalmağı özünüzə sığışdırmayıb getmisiz, bəlkə xəstəsiz, yük olmaq istəmirsiz, bəlkə minaya düşmüsüz əlilsiz, bəlkə...

Bəlkə sizi sevmədiyimi, gözləmədiyimi düşünürsüz, ya bəlkə basqa övladlarınız var və indi bunları bilməmi istəmirsiz. Lütfən amma lütfən, susmayın. Bu sizsizsə, cavab verin. Sizdən sizin sağ olmanızdan başqa gözləntim yox. Bəlkələr üzüb məni, əgər atamsızsa, kiçik bir işarə mənə yetər və bir ömür susmağa söz verirəm. Lütfənnn..”.


Aynur Qarayeva:

“Yenə birgün “Feysbuk”da Qarayev soyadlı, atamla eyni il doğumlu, bizim rayondan olan bir şəxs gördüm. Ona yazdım, atamı tanıdığını dedi. Əsassız olsa belə düşünürdüm ki, necə olur axı eyni il, eyni soyad, eyni rayon…? İsrar edirdim ki, bəlkə başqa şəkil qoymusuz, bəlkə həmin adamsan, bəlkə atamsan?! Qısacası, mən artıq atamı dəli kimi axtarırdım.“Feysbuk”da ona bənzəyən,Qarayev soyadlıbütün insanlara mesaj yazırdım ki, “əgər atamsansa, de mənə, mütləq de. Bütün şərtlərə razıyam, bütün ehtimalları nəzərə alıram”. Amma bütün bu cəhdlərim də boşa çıxdı, hər dəfə olduğu kimi ümidlərim yenə də qırıldı…


Bir dəfə də “Feysbuk”da Təbrizdən bir nəfər mənim uşaqlarımla olan şəkillərimi bəyənib, tez-tez rəy bildirirdi. Şəkillərinə baxdım, saçları atamın saçları kimi idi, üstəgəl də gitara ilə şəkilləri var idi. Atam tarla yanaşı, həmdə gitara da çalırdı. Düşündüm yenə bəlkə atam olar. Həmin adama yazsam da, təxminən 1 həftə - 10 gün mənə cavab gəlmədi. Sonra mənə belə bir mesaj gəldi ki,Ümənə “Feysbuk”da yazışmaq çətindir, xahiş edirəm whatsapp nömrəmə yazın”.
Mən 80-ci il 13 noyabr tarixində doğulmuşam. Həmin şəxsin qeyd etdiyi whatsappnömrəsinin də sonu 9013 idi. Uşaqlarım sevinir,məni də inandırırlar ki, “100 faiz Cavid babanın nömrəsidir, bax 80 olanı tapmayıb, 90 alıb. Sonu 13-düsə mütləq atandı, sənin ad gününə uyğunlaşdırıb bu nömrəni seçib. Bu həm də sənə işarədir…”.

Uzun-uzun danışmışıq, o da çox kövrəldi, ağladı, şəxsiyyət vəsiqəsinin şəklini yollayıb inandırdı ki, onun hələ indi 45 yaşı var, şəkillərdəki də qızı Səlmadır…

Müxtəlif yollarla axtarmağa çalışmışam. Bəzən çatdığını, nəsə əldə etdiyini düşünürsən, amma əldə olunan bütün uğurlar gedib haradasa bir boşluğa dayanır. Boşluqda itirsən, sənlə bərabər ümidlərin də itir. Bəzən söz verirəm ki, boş ümidlərimə əsaslanıb bir daha heç kimə yazmayacam, alındıra bilmirəm, bacarmıram.

Ali baba çox pis olmuşdu. Deyirdi ki, “atan olmasam belə, elə təsəvvür elə ki, burada bir qardaşın var, istədiyin zaman gəlib mənə baş çəkə, bizdə qonaq qala bilərsən. Deyir, mən xəstə olsam da, bəzi səbəblərdən müalicə olunmaq istəmirdim. Lakin sən belə deyəndən sonra səni görmək, dərdinə şərik olmaq üçün sağalmaq istəyirəm ki, səni gözləyə bilim”. İndi də arada əlaqə saxlayırıq, pis deyil vəziyyəti, sağ-salamatdır...

Başqa yazdığım bütün adamlar isə cavab olaraq halıma acıdıqlarını desələr də, heç vaxt arzusunda olduğum mesajı ala bilməmişəm. Sonralar mesajımı daha da təkmilləşdirdim. Yazırdım ki, bəlkə ailə qurmusan, başqa uşaqların var, amma sadəcə olaraq mən həqiqəti bilmək istəyirəm.

Müharibəylə bağlı, demək olar ki,  mən bütün kadrlara baxmışam. O kadrları çıxarıb əmimgilə göstərirdim, yaxınlaşdırıb dəfələrlə məcbur baxdırırdım ki, bəlkə orada görərlər”.

“Atamın bir məzarının olduğunu bilmək mənə təsəlli olardı”

“Qarabağ müharibəsi dövründə başımıza o qədər işlər gəlirdi ki... Bir anın içində elə vəziyyətlər yaranırdı, elə atışma olurdu ki, ən vacib sənədlərimizi belə evdə qoyub çıxırdıq. İki il biz davamlı olaraq qaçmışıq. Gedib başqa kənddə gecələyirdik, səhərisi yenə qayıdırdıq Ağdama. Qadınlardan, uşaqlardan çıxıb başqa yerə köçənlər çox idi. Ana babamgilBöyük Vətən Müharibəsi iştirakçıları idilər. Ağdamdakı bütün belə adamlar deyirdilər ki, bizim burada əsgərlərə gücümüz çatan köməkliyi etmək borcumuzdur. Şəhər mərkəsindən son dəfəiyulun 12-si çıxıb xalamgilin kəndinə getdik ki, bəlkə vəziyyət düzələcək, biz də qayıdacağıq. Yadımdadır, daim evdə yüngül yeməklər hazırlayıb saxlayırdılar ki vəziyyət pisləşən kimi götürüb çıxmaq asan olsun, uşaqlar yolda ac qalmasın. Beləcə 12-si çıxdıq, 23-ü isə Ağdam işğal olundu...

Bəzən isə düşünürəm ki, bəlkə əsir düşüb. Çünki deyirdilər ki, vəziyyətin pis vaxtı Ağdam tərəfə keçib, belə ehtimallar var idi. O məni daha çox incidir ki, bəlkə əsir düşüb və əsirlikdə gözü yollardadır... Bütün bunların düşüncəsi belə mənə çox mane olur. Nə işlə məşğul oluramsa olum beynimdən keçir ki, bəlkə atam haradasa məndən kömək gözləyir...

Cavabsız qalan suallar yaranır məndə. Digər tərəfdən isə yox olması ayrı bir dərddir, hər şey müəmmalı, hər şey gizli, sirli... Bu müddət ərzində çox itkin ailələri ilə danışdım. Hər birisi eyni dərddədir. 

Anam özü xatirələrində deyir ki, Cavid çox sərt biri idi. Adicə bir səhvə, səsə elə reaksiya verirdi ki, adamın qorxusundan ürəyi gedərdi.. O dərəcədə zəhmi var idi”.

Qarabağ qazisi Tahir Bayramov özünün də dediyi kimi başında “müharibədən  qalan yadigarlara” görə bəzi şeyləri xatırlamaqda çətinlik çəksə də, bizimlə bu cəsur əsgər barədə bəzi məlumatları bölüşdü:

“1977-1978-ci illərdə mən ermənilərin adına olan1 saylıdüşərgədə gitara, Cavid isə 2 saylı düşərgədə həm tar, həm də gitara çalırdı. Həmin vaxtlarbizimlə ermənilər arasında davadüşmüşdü. Cavid də, mən də o davada bir yerdə olmuşuq. Biz onlardan böyük olduğumuza görə uşaqlar da bizə güvənirdi. Cavid məndən boyca hündür idi, mən isə qısaboylu olmuşam. Hər şeyi xatırlamaq üçün indi mənə şəkillər lazımdır, mənim isə şəkillərim hamısı Ağdamda qalıb. Güclə yada sala bilirəm ki, Cavidlə daş altında, çay qırağında, bir də şəhərdə olan kilsədə şəkillərimiz olmalıydı. Çox istərdim ki, əlavə məlumatlar da bölüşüm, ama indilik ancaq bunları yada sala bildim”.

“Cavid adının mənası əbədiyaşar deməkdir”

Aynur Qarayeva:

“Əmim deyir ki, atam mənim adımı Günay qoymaq istəyirmiş. Babam isə razılaşmayıb ki, Günay adı Aynur adından qondarma addır, ondan törəyib. Ona görə də babam adımı Aynur qoyub.

Mən oğlumun adını öz adıma uyğunlaşdırıb Nurlan, qızımın adını isə Nurcan qoydum. Sonra mənə deyirdilər ki, siz hamınız əslində eyni adı daşıyırsınız. Ad fərqli formalarda olsa belə, adınızdakı məna eynidir. Həm Cavid, həm Aynur, həm də Nurlan və Nurcan aydınlıq, işıq deməkdir.

Uşaqlarım atamı görməsələrdə onu necə çox istəyirlər, onun haqqında danışanda elə ürəkdən Cavid baba deyirlər ki! Televizorda bir şey görən kimi tez yüyürürlər ki, ana, tez gəl itkinlərdən göstərirlər. Deyirlər, sən bizdən daha şanslısan. Bizim Cavid baba kimi atamız yoxdur. Onlar da o qədər öyrəşiblər ki hansı tədbirə qatılsalar, deyirlər ki bizim babamız itkindir, bəlkə tanıyarsız?”.

“Atasızlığım ən çox ailə qurarkən məni incitdi”

“Normal olmayan bir evlilik yaşadım, zorla məni qaçırdılar. Əslində qohum idik, heç yad da deyildik. Baxmayaraq ki,qayınlarım da döyüşmüşdü, onlar da döyüş ruhundan, o vəziyyətdən xəbərdar idilər, amma təəssüflər olsun ki, atasız olduğumu onda daha çox hiss elədim. Özləri də atamın adını oğluma qoymağa razı olmadılar. Yenə də qoyardım, amma bilirdim ki yaxşı heçnə deməyəcəklər, hətta söyəcəklər və mən isə onu çəkə bilmərəm. Deyirdilər ki, bədbəxt adamın adını uşağa qoymazlar, bunun düşər - düşməzi var. “Atasından çox xeyir görmüşdük ki hələ bir adını da qoysun?!”.

Beləcə davamlı problemlərimiz yaşanırdı. Elə məni özləri “alıb”, özləri də boşadı. 2002-ci ildə ailə qurmuşdum. 2008-ci ildə isə boşandım. Daha sonra atamın adını özümə ləqəb götürdüm. Mən də Aynur Cavid, uşaqlarım da Nurlan Cavid və Nurcan Cavid. Özləri də düşünür ki, sonradan soyadlarını dəyişib elə rəsmi olaraq da Cavid soyadını daşısınlar.

Bütün dövrlərdə insanlar eyni deyil. Cəmiyyət hər kəsi, xüsusən də qadınları birmənalı qəbul etmir. Ailə qurarkən, məncə, atasız olduğum üçün daha çox problemlərlə üzləşdim. Bu vaxta qədər tapılmadığını həzm edə bilmirdim”.

Aynur xanım atasının tələbələri ilə görüşlərindən danışarkən qeyd edir ki, tələbələr onuntarını götürmək üstündə bəhsə girirmişlər:

“Kim birinci onun tarını götürərdisə, bunu özünə fəxr bilirdi. Uzaq kənddən gələnlərə olurdu ki, çay, yemək alırdı.

Tələbələr xatirələrində deyirlər ki, “düşərgədə olanda daha səmimi idi bizimlə, Cavid müəllimlə valeybol oynayırdıq. Bütün bunlarla yanaşı, nəsə xırda səhvimiz olanda da ən çox ondan çəkinirdik”. Hətta şagirdləri arasında da atamı axtaranlar olmuşdu. Bəziləri isə deyirdi ki, “biz müharibədən bir neçə il sonra Cavid müəllimə baş çəkmək üçün soraqlaşanda xəbər tutduq ki, o artıq müharibə zamanı itkin düşüb””.

“Ümid ən sonda ölər, axtarışlarımı dayandırmıram”

“Ümid heç vaxt bitmir. Ən çox qorxduğum odur ki, gedib onu elə bir vaxtda tapım ki, sən demə,ən yaxınımda imiş, sadəcə mən bu qədər müddətdə atamı tapa bilmirmişəm. Desələr ki, 1993-cü ildə atan müharibədə şəhid olub, o bəlkə də mənim üçün daha gözəl xəbər olar. Amma bilsəm ki, neçə illəri xəstə və köməksiz yatıb, mən isə onu tapa bilməmişəm, o mənim üçün dəhşət olar..

Hətta gələcəkdə bu cəhdlərimi bir kitab halına salmağı da fikirləşirəm. Axtarışlarla bağlı isə mütəmadi olaraq  xarici ədəbiyyatlardan da nümunələr oxuyuram. Fikirləşirəm, bəlkə hansısa axtarış üsulu var, mən bilmirəm...”.

Qarabağ qazisi, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu qeyd edir ki, onun Cavid Qarayevlə tanışlığı 1988-ci ilə təsadüf edir:

“Mən o zamanlar Ağdam kino istehsalat birliyində "Dostluq" kinoteatrında kinomexanik kimi çalışırdım. Cavid isə yaxınlıqdakı "TİR" atıcılıq mərkəzinə rəhbərlik edirdi. Həmin vaxt Qarabağ hadisələri hələ yeni başlamışdı. Bizim çalışdığımız ərazi Ağdamın mərkəzi olduğundan baş verən hadisələrdən ən tez biz xəbər tutardıq. O, ermənilərin nankorluğundan çox narahat olurdu, əsəbləşirdi. Çünki çox vətənpərvər insan idi. Amma bütün bunlara baxmayaraq, Cavidi humanist və insanpərvər biri olaraq xatırlayıram. Hadisələr yeni başlayanda bəzən ermənilər məcburən gəlib Ağdamdan keçirdilər. Ağdamlılar  bunu biləndə  ermənini sorğu-sual edir, hətta əsəbləri yerində olmayanlar bəzən erməniyə əl qaldırırdı. Cavid isə həmişə buna qarşı çıxardı. Deyirdi insandır, o, təkdir, biz isə çox, dəyməyin yazıqdır. Amma vəziyyət gərginləşəndə o da digər ağdamlılar kimi silaha sarıldı. Bizim batalyonda olmayıb deyə, döyüşdəki fəaliyyətindən danışmağım düz olmazdı. Sonra eşitdik ki, Cavid itkin düşüb. Əgər sağdırsa, Allah yolunu açsın, şəhid olubsa,  Allah rəhmət eləsin!”.

“Ağdam” teatrının keçmiş direktoru, jurnalist Fəxrəddin Hacıbəyli Modern.az-la Cavid Qarayev barəsində xatirələrini bölüşərkən onun necə cəsarətli və eyni zamanda ürəyiaçıq bir insan olduğunu xatırladı. O, hesab edir ki, Azərbaycan Cavidin timsalında peşəkar tarzənini itirib:

“Cavidin atası Paşa müəllim təkçə Ağdamın deyil, Qarabağın sayılıb-seçilən ziyalılarından biri idi. Paşa Qarayevölənə qədər rayon Təhsil şöbəsində çalışıb, müəllimlər müəllimi idi. Cavidin qardaşı Rizvan da, Şahin də, balaca qardaşı Şahid də -hamısı müəllim ailəsində doğulduğu üçün ziyalıdırlar. Şahin 2004-cü ildə rəhmətə gedib, Rizvanla isə hərdən görüşürəm.

Cavid qardaşlarından tamamilə fərqli idi. O, öz cəsarəti, çılğınlığı ilə daim seçilirdi. Cavidin hərəkətlərində, əməllərində bir saflıq, bir təmizlikhiss olunurdu və həmişə haqqın tərəfində olardı. Bizim Cavidlə tanışlığımız uşaq yaşlarında olub. O, məndən 4 yaş böyük idi. Biz Ağdam Musiqi Texnikumu deyilən gözəl bir muğam ocağında təhsil alırdıq. Bizim hər ikimiz həm uşaq musiqi məktəbində, həm də texnikumda tar sinfinə daxil olmuşduq. Cavid  məndən 3 kurs yuxarı oxusa da, bizim onunla dostluğumuz başladı. Onunla dostluq etmək isə hər adamın işi deyildi. Cavid yaxşı mənada qeyri-adi əməl sahibi, qorxmaz və  çox ürəyitəmiz bir adam idi. Yaltaqlığı, ikiüzlülüyü, kiminsə kölgəsində gəzməyi heç vaxt xoşlamırdı.

Onu aldatmaq, ona yalan danışmaq olmazdı. Adamın gözlərindən oxuyurdu. Təmiz insanlara baş əyərdi, onların qarşısında səcdəyə gedərdi. Soruşurdum ki, nə bilirsən ki filənkəs necə adamdır? Cavab verirdiki, Fəxrəddin, bax onun gözləri necə təmizdir, simasından nur yağır.

Təəssüflər olsun ki, Cavid çox müəmmalı bir şəkildə yoxa çıxdı, xəbər tutduq ki, itkin düşüb. Allah böyükdür, Allahın möcüzələrinin dəfələrlə şahidi olmuşuq. Cavid ola bilərki sağ olsun, xarici dövlətlərin birində yaşasın. Mən qeyd edim ki, o, həm də bir az küsəyən idi. Ola bilsin ki hamıdan küsüb, başqa yeri seçib. Gün o gün olsun ki,  vaxt gəlsin Cavidin gəlişindən onun övladı, nəvələri də sevinsin. Mən bunu arzulayıram”.

Turan Qarayeva Cavid Qarayevin qardaşı qızıdır. O, uşaqlığında uzun müddət əmisi ilə birgə yaşayıb. Turan xanımın sözlərinə görə, əmisinin qəşəng əl qabiliyyəti də var imiş, gözəl rəsm əsərləri də çəkərmiş:

“9 yaşım vardı. Novruz Bayramını qeyd edirdik. Həmin vaxt Şəkidə nənəmgildə qalırdım, məktəbə gedirdim. Atam Ağdamdan gəldi bizi götürdü, qayıtdıq doğma torpağımıza. O qədər xoşbəxt idim ki, artıq 1 ay idi Ağdamı görmürdüm. Yol boyu sevincdən göz yaşlarımı saxlaya bilmirdim.

Şəhər mərkəzində çox az adam qalırdı, o canlı şəhər az qala xarabalığa çevrilmişdi.Atam Cavid əmini çox istədiyimi bildiyi üçün məni nənəmgilə apardı. Təxminən bir saat əmimlə söhbətləşdim, həyətdə oynadım. Evə qayıdanda əmimlə sağollaşdıq,arxamca adımı çəkib elə möhkəm ağlayırdı ki, təxminən 50-70 metr uzaqdan (yolunbaşından) səsini eşidirdim. Hələ də qulağımda səslənir, onun hönkürtü ilə “Turan” deyib ağlamağı.

Həmişə məni rəhbərlik etdiyi “TİR” mərkəzinə aparıb tüfənglə düzgün nişan almaq qaydasını öyrədirdi. Bəzən də ləvazimatları nənəgilə gətirib nişangahları darvazaya asardı. Uşaqlar arasında yarış keçirib, qazanana hədiyyə verərdi. Çox qəşəng əl qabiliyyəti var idi, rəsm çəkərdi.

Bir dəfə məni yanına çağırın dedi ki, səni maraqlı filmə aparacam.  O, Amerikan istehsalı olan “Qəzəbli, pis, yaxşı” filmi idi. Ümumiyyətlə bütün müharibə mövzulu filmlərə Cavid əmimlə birlikdə baxmışam”.


Qeyd edək ki, qızı Aynur xanım iki uşağı ilə birlikdə hazırda Saatlı rayon Hacıqasımlı kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir, həm də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. O, bir sıra sosial layihələrin müəllifi olmaqla yanaşı,  şairlik fəaliyyəti ilə də məşğuldur. Aynur bizimlə zaman-zaman atası üçün yazdığı şeirlərini bölüşdü:

Yoxluğun dilək ağacı,
Budağından asılmışam.
Bu dünyanın yox bucağı,
O bucağa qısılmışam.

Yoxluğun bilinməyən
Dərdlərimin ilacı,
Dini yox, imanı yox,
Nə qardaşdı, nə bacı.


Yoxluğun dərd otağım,
Pəncərəsiz, qapısız.
Əriyib yox oluram,
Çarəsiz və əlacsız.

          ***

Yenə köhnə şəkillər
Gedirəm dünənimə.
Hardasan tənha insan,
Gəl ömrümə, günümə.

Yaddaşımda hər cığır,
Məni sənə aparır.
Sənsizlik əzablarım.
Məni məndən qoparır.

Xoşbəxtəm xəyallarda,
Əllərindən tuturam.
Bu ömür bizim deyil,
Öz ömrümü tapıram.

Varlığına sığınıb,
Yoxluğunda itirəm.
Gözləmək son təsəllim,
Bax beləcə bitirəm..

          ***

Ən sadiq kişilər uzaqlardadı,
Uzatsan əl çatmaz, donar əllərin.
Gözlərsən bir ömür bitənə kimi,
Sozsuz cığırları yorar gözlərin...

Xəyala söykənib isinmək olmaz,
Yuxuyla həyatı qarışdırarsan.
Uzaqdan səsinə səs verən olmaz,
Özün də özündən uzaqlaşarsan.

Ən sadiq kişilər uzaqlardadır,
Səsin tanımazsan, üzün görməzsən.
Özün də bilməzsən, haralardadır,
Əlin çatanı da sevə bilməzsən.


Atasının yoxluğunda hər kölgəyə diksindiyini deyən Aynurun timsalında bütün itkin ailələrinin həsrətini dindirəcək xəbərlər alması diləyi ilə...

 

Nəzrin Cavid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı