Modern.az

“Parlament və Cəmiyyət”: QHT-lər nə deyir? (DEBAT)

“Parlament və Cəmiyyət”: QHT-lər nə deyir? (DEBAT)

Parlament

16 İyul 2011, 09:52



Modern.az ABŞ-ın USAİD təşkilatının “Parlament Proqramı”nın dəstək verdiyi Parlament Jurnalistləri Birliyi ilə
birgə həyata keçirilən parlamentdə qanunvericilik prosesinin ictimai həyata təsir imkanlarının araşdırılmasına dair
layihəni davam etdirir.
Layihənin məqsədi parlamentin fəaliyyətinin cəmiyyətin həyatında əks olunması və əks-əlaqə münasibətlərinin
formalaşmasıdır. Bununla bağlı PJB 50-ə qədər QHT, KİV nümayəndəsi ilə görüşlər keçirərək bu sahədə olan
vəziyyəti müzakirəyə çıxaracaq.

Növbəti müzakirələr QHT rəhbərləri ilə keçirilib. İyulun 13-də Dilarə Əliyeva adına Qadın Huquqlarının
Müdafiəsi Cəmiyyətində QHT rəhbərləri parlament-cəmiyyət münasibətlərinə həsr olunmuş növbəti
müzakirələrə qatııb.  

Tədbirdə Dilarə Əliyeva adına Qadın Huquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu,
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan üzrə bölməsinin rəhbəri Səadət Bənənyarlı
Məhbuslara Yardım Komitəsinin sədri Məmməd Zeynalov, İnsan Hüquqlarını Müdafiə Mərkəzinin
həmsədri Eldar Zeynalov,  Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyin sədri  Nahid Canbaxış,
İnsan Hüquqlarını Müdafiə Mərkəzinin həmsədri Zəlihə Tahirova, Demokratik Təhsisatlar və İnsan
Haqlari İctimai Birliyindən Elçin Abdullayev,  Açıq Cəmiyyət Fondunun nümayəndəsi Fuad Zeynalov,
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin üzvu  Nabat Qəniyeva ,
Media Hüquqları Mərkəzi İctimai Birliyin sədri Mətanət Əliyeva, İnsan Hüquqları və Qanunçuluğun
Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı iştirak edib.

- Qeyri-hökümət təşkilatları insan və vətəndaş, hüquq azadlıqlarının təmin edilməsi sahəsində
vəziyyəti  necə qiymətləndirir? Çünki neçə illərdi ki, siz profesional olaraq bu işlə məşğul
olursunuz? Sizin rəylərinizi bilmək istəyirdik...

Novella Cəfəroğlu – Bu bizim üçün çox vacib bir məsələdir. Çünki Milli Məclis qanunları qəbul etsə də,
onların icra prosesi çox çətin gedir. İlk olaraq qeyd edim ki, qəbul olunan qanunlar əhaliyə çatdırılmır.
Vətəndaşların əksəriyyətinin qanunlardan xəbəri yoxdur. İkincisi, qanun qəbul olunarkən onun mexanizimləri
müəyyən edilmir. Yəni o qanun necə işləyəcək? Onun həyata keçiriləcək mexanizimləri bizdə yoxdur.
Qəbul olunan qanunların aliliyi təmin olunsaydı, cəmiyyət də bilərdi ki, qanunlar işləyir və  qəbul olunan
qanunların bir faydası var. Amma bu gün parlament hansısa qanunu qəbul edir, onun icrasını yoxlamır.
Ölkəmizdə qəşəng qanunlar var. Amma bəzi qanunlar bizi qane eləmir. Bəzi qanunları Avropadan götürüblər.  
Məsələn, “Mülkiyyət hüququ haqqnda” qanun. Burada xeyli çatışmazlıqlar var. Məsələn, qanuna görə,
əgər mülk  qaynanaya məxsusdusa, orada 20 il yaşayan gəlin boşandığı təqdirdə o evdən  nə bir yer ala bilir,
nə imtiyaz.. Bu qanunları Avropadan köçürub bura gətiriblər. Nikah müqaviləsini götürün. Azərbaycanda
kim qızını ərə verəndə, oğlunu evləndirəndə nikah müqaviləsi tələb edir? Azərbaycanda belə  şey olmur axı...  

- Azərbaycan cəmiyyətində qəbul olunmuş qanunlar, dövlətimizdə qanunun aliliyi və sosial ədalət
prinsipi  hansı səviyyədə təsbit olunur?

Səadət Bənənyarlı  - Qəbul olunmuş qanunlar bəzən heç də normal qanunlar olmur.  Sosial hüquqlarla
əlaqadar olan proseslərə fikir verin: son günlər qəbul olunmuş pensiyalar, təqaüdlər  haqqında olan qanunda
çox böyük biabırçılıqlar var. Mən başa düşə bilmirəm ki, millət vəkilləri bu sənədə necə səs veriblər?
Pensiyaların hesablanması haqqında qanuna düzəliş elədilər və qanun qəbul etdilər, imzalandı. İndi belə
çıxır ki, bu qanun 2006-cı ilə qədər təqaüdə çıxan insanlara aid olunub. Qanunda deyilir ki, xidmətçi, yaxud da
aşağı vəzifədə işləyənlər 2006-cı ilə kimi 85 manat pensiya alıb. Amma qeyd edək ki, o dövrdə həkimlər,
müəllimlər, elmlər doktorları, professorlar da təqaüdə çıxanda 85 manat pensiya alırdılar. Bu gün onların
pensiyalarını əmək stajlarının üzərinə gəlməkdənsə, onları bərabərləşdirdilər. Bu günlərdə işləmək üçün
“yaş senzi” məsələsi ortaya çıxanda universitetlərdən professorlar bizə müraciət eləyərək deyirdilər ki,
700 manat əmək haqqı alırlar. “Nəyə görə biz pensiyaya getməliyik”-deyirdilər. 70-75 yaşında professordur,
universitetin kafedra müdridir, deyir ki, “mən niyə təqaüdə getməliyəm? Bu gün işlədiyim yerdə  700 manat alıram”.
Professor deyir ki, “mən 2000-ci ildə pensiyaya çıxmışam,  indi mənim üçün 150 manat pensiya hesablayıblar,
əgər işdən çıxsam onun üstunə 200 manat gələcək. Bu da edəcək 350 manat”. Aldığı maaşın yarıbayarısı.
Millət vəkili qanunu qəbul edəndə onun işləmə prinsipini əvvəlcədən nəzərə almalıdırlar. 

Novella Cəfəroğlu - Cəmiyyətə mükəmməl qanunlar verilməlidir. Yoxsa bizdə qanunlar notarius qaydasında
qəbul edilir.

Səadət Bənənyarlı – Qanunlar qəbul edilən zaman  nəzərə alınmalıdır ki, həmin o insan, vətəndaş  işləyəndə
nə alacaq. Qəbul olunan qanun vətəndaşın vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir, daha pisləşməsinə yox...
Ona görə də qanun işləmir. Bu gün baxın nə baş verir? Bütun universitetləri gedib yoxlasaq, görərik ki,
70-75 və ya ondan yuxarı yaşda olan professorlar fəaliyyət göstərir. Bu həm Prezidentin verdiyi sərəncamları
hörmətdən salır, həm də ki, qanunun özünün işləməməsinə səbəb olur.

Novella Cəfəroğlu – Qəbul olunmuş qanuna görə, prokurorun arvadına ərinin pensiyasının 80-100 faizini
verirlər. Hansı hüquqla bu qanun qəbul olunub? Prokurorun arvadı 1200 manat  almalıdır, mən 120 manat
almalıyam? Biz bundan narazıyıq.

- Bəs hansı sahəyə aid qanunlar cəmiyyətin həyatı üçün daha böyük önəm kəsb edir?

Səadət Bənənyarlı -  Millət vəkili statusunu daşıyan insan yəqin ki, bu millətin qayğısına,dərdinə qalmalı və
onun  marağına xidmət etməlidir. Azərbaycan Avropa Şurasına daxil olan  ərəfədə Azərbaycan qarşısında
qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması tələbi qoyulmuşdu. Buna əməl olundu.
İndi pis, yaxşı... Amma qanunlarda sözsüz ki, boşluqlar da var idi. İndi bəzən bir sıra məmurlar həmin
boşluqlardan məharətlə istifadə edirlər. Amma baxanda Azərbaycanın qanunvericiliyi bu gün çox gözəldir.
Sadəcə olaraq o qanunvericiliyin tətbiqi və onun vətəndaşların maraqlarına uyğun işləməsi mexanizmi  çox
pis səviyyədədir.

Sosial sahədə olan qanunlara nəzər salsaq, görərik ki, onlaın təkmilləşməsinə ciddi ehtiyac var. Azərbaycan
vətəndaşının hamısı bir ümudlə o parlamentə baxır ki, orada onun güzəranını, vəziyyətini, gələcəyini,
qocalığını təmin edən insan əyləşib. İndi sual olunur: o elmlər namizədi, doktor yaxud da heç bir statusu
olmayan müəllim və yaxud həkim deputatların səs verdiyi qanun üzrə verilən məbləğlə yaşıya bilərlərmi?  

Məmməd Zeynalov
– Söhbət qanun yaradıcılığından gedirsə, bu gün qanun yaradıcılığının özündə böyük
nöqsanlar olduğu üçün o problemlər yaranır. Azərbaycan qanunvericiliyindəki bütun qanunlar Rusiyanın
qanunlarından köçürülüb. Nə olsun?  Köçürmə pis şey deyil, köçürmək olar. Amma harda pozitiv məsələlər
var onları çıxardıblar. Burada əsasən insan azadlıqları və konsitutsion hüquqlara aid olan hissəni aş kimi
qarışdırıblar bir birinə. “Sərbəst toplaşmaq  azadlığı haqqında” qanun var. O qanunu götürüb oxuyanda
fikirləşirsən ki, bu sərbəst toplaşmaq haqqında qanundur, yoxsa sərbəst toplaşmamaq haqqında qanun.
Qanunu analiz edəndə ancaq o nəticəyə gəlmək olur. Halbuki, qanunun adı “Sərbəst toplaşma azadlığı haqqında”
qanundu. O qanun hətta Cinayət Məcəlləsində də öz əksini tapıb. Məsələn, Rusiya qanunvericiliyində mitinqlərin
keçirilməsinə mane olanlar cinayət məsuliyyəti daşıyır...

- Qanun yaradıcılığı prosesi necə aparılmalıdır?

M.Zeynalov – qanun yaradıcılığında böyük nöqsan var. Bir az əvvəl bizim həmkarlarımız pensiya haqqında
qəbul edilən qanundan danışdılar. Pensiya haqqında qanunu müzakirə edən zaman mütləq ora pensiyaçı
çağırmaq lazımdır, qanunu təqaüdçülərin müzakirəsinə vermək lazımdı. Sən mənim müqəddəratımı mənsiz
necə həll edə bilərsən? Amerika və Avropanın qanunvericiliyində belə bir klassika var. Əvvəlcədə qanun 
layihəsini buraxırlar mətbuata. Bütun maraqlı təbəqələr bu müzakirələrdə iştrak etməlidir. Bu müzakirələrdə
hazırkı pensiyaçı, beş ildən sonra pensiyaya çıxacaq şəxs maraqlıdır. Ona görə də onlar qruplar şəklində
iştrak edirlər. Hətda qanun layihəsi  parlamentdə qəbul olunanada onların iştrakı təmin olunur, onlar gəlirlər
orda çıxış edirlər. Amma bizdə çox təssüf ki bu müşahidə olunmur.  

- Azərbaycanın qanun yaradıcılığı  sferasında cəmiyyət üçün effekt verə bilcək qanunlar
kollegiyası formalaşıbmı? Hansı qanunun qəbul edilməsində və yaxud da mövcüd qanunların
təkmilləşdirilməsinə ehtiyac var?

Məmməd Zeynalov – Qeyd edim ki, Azərbaycan qanunvericiliyində qanunların 99 faizi Avropa
standartlarına uyğun olan modern qanunlardır. Amma təssüf ki problemlər də az deyil. Məsələn, mənim
fikirmcə, vergilərlə bağlı qanunu Vergilər Nazirliyinə tapşırmaq olmaz. Bizdə Milli Məclis vergilərə dair
qanun hazırlayır, sonra onu baxılması üçün verir Vergilər Nazirliyinə... Söz yox ki, mən Vergilər Nazirliyiyəmsə,
özümə uyğun qanun layihəsi hazırlayaram.. Ona görə də qanun yaradıcılığı prosüsində mütəxəsislər olmalıdır.

Eldar Zeynalov –  Bizdə parlamentin fəaliyyəti daha çox hazır gələn qanunlara səs verməkdən ibarət olur.
Bizdə bir sıra qanunları Avropa Komisisyasının ekspertlərinə göndərirlər. Daha sonra bildirirlər ki, bu
qanun beynəlxaq ekspertizadan keçib. Amma Avropa Şurasının qanunla bağlı tövsiyələri heç vaxt dərc
olunmur. Mən Venetsiya Komissiyasından bunun səbəbini soruşanda dedilər ki, bu tövsiyələrin qapalı olması
şərtdir və ona görə  açıqlanmır. Bu rəyin qəbul-edilib edimədiyini də heç kim bilmir. Digər tərəfdən
normativ-hüquqi aktlar qanunla məhdudlanmır. Bəzən daha çox nazirliklərin qəbul etdiyi belə sənədlər
qanundan çox işlənir. Bu normativ aktları isə əhalinin əldə eləməsi çətindir. Məsələn, ötən il koloniyalarda
saxlanma şəraiti barədə qanuna dəyişiklik edilib. Amma bu sənədi indiyə qədər heç bir yerdə çap etmirlir.
Bizdə bəzən qanun nazilriyin hər hansı normativ sənədindən aşağı saxlanılır. Avropa Məhkəməsinə daxil olan
şikayətlərin 3 faizinə baxılır. Amma Konstitusiya Məhkəməsındə rəsmi statistikaya görə, 1900 şikayətdən
yalnız 15-nə baxıblar. Bu yalnız 1 faizdən çoxdur. Belə çıxır ki, Avropa Məhkəməsinə üç dəfə daha tez düşmək
imkanı var.

Nahid Canbaxış  -  Bu gün Dağlıq Qarabağ müharibəsinin iştirakçıları, orada yaralananlar, şəhid olanlar  
ən çox 1974-75-76-ci illərdə doğulanlardır. Mən diqqəti Milli Məclisin pensiya artımı ilə bağlı qanunda
əks olunan staj məsələsinə yönəltmək istərdim. Mən Dövlət Sosial Müdafiə Fondun sədri Səlim Müslimova
dedim ki, hansı səbəblərdən yalnız və yalnız staja görə bu  pensiyaları artırırsınız? Bəs bu kateqoriyadan
olan insanların pensiyaları niyə artırılmır? Mənə deyir ki, “sizin stajınız varsa, sizin pensiyanız artırılacaq”.
Mən Qarabağ döyüşçüsüyəm, Qarabağ əliliyəm. Mənim stajım yoxdur. Mən 16 yaşımda döyüşüb
yaralanmışam, mənim nə stajım olacaq. Fondun sədri mənə deyir  ki, “sənin stajın olsun, gəl sənin
pensiyanı artırım”. Belə çıxır ki, mənim stajım yoxdur deyə, inflyasiya və bahalıqda mənə verilən o müəyyən
olunmuş 139 manatla öz ailəmi dolandırmalıyam. Ancaq bu günki bazar qiymətlərini nəzərə alsaq, o məbləğ
bir nəfərin bazar təminatını təmin edir. Əgər biz nəqliyyatların qiymətlərinin artması ilə bağlı hazırda Tarif
Şurasında olan məsələləri diqqətə alsaq, Prezidentin özünün dediyi kimi, bu artımdan sonra müəyyən qədər
inflyasiya da olacaq. Bütun bunların hamısı şərtdir. Odur ki, qanunvericiliyin özündə də birbaşa boşluqları
yaradan, qanunların hazırlamasında iştrak edənlərdən məsələn elə biri Dövlət Sosial Müdafiə Fondudur.

Səidə Qocamanlı – Nahid bəyin dediyi kateqoriyalara bizim Çernobıl əlillərimiz də daxildir. Söhbət ondan
gedir ki, bu adamlar indi Azərbaycanda cəmiyyətin çox cüzi bir hissəsini təşkil edirlər. Bu faktdır ki, vaxtında
həmin insanlar çox böyük qəhrəmanlıq göstəriblər. Qanuna görə, onlara ildə bir dəfə pulsuz istirahət hüququ
verilib. Onlar üçün hətta Nabranda istirahət yeri tikilib. Bizə bir şikayətçi müraciət etmişdi. Ona bu hüquqdan
yararlanmağa imkan vermirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona deyiblər ki, “bu il sənin növbən deyil, başqa adam
göndərməliyik sən gələn ilə qaldın, çünki sən keçən il getmişdin”. Radiasiyadan çıxmış insanlar heç olmasa
ildə bir dəfə, heç olmasa elementar olaraq, 10-15 gün öz havasını  dəyişməlidir. Belə şeylər həm də
korrupsiya ilə bağlıdır. Çernobıl əlilləri, 20 yanvar əlilləri ilə bağlı problemləri Milli Məclis yenidən 
gündəmə gətirməlidi.

Nahid Canbaxış – Qanunvericilyə görə, sabahkı  pensiyamızı indidən yığmalıyıq.  KİV-lərdə əmək
haqları aşağıdır. Elə qəzetlər var ki, 200-250 manat maaş verir. Müstəqil qəzetlərin güzaranı hamımıza
bəllidir. Əmək müqavilələri bağlanmır. Biz 20-30 ildən sonra nə pensiya alacağıq. Bu çox aşağı rəqəm
olacaq. Odur ki, jurnalistika sahəsində çalışanların çoxu, məcbur olub bu sahədən gedirlər. Elə bir işlərdə
işləmək istəyirlər ki, sabah o qarantiyanı əldə edə bilsinlər. Bu gün 100 manat maaş verən redaksiya var.
Qalan hissəsi qonorlar şəklində hesablanır. Qanunlarda  boşluqda bundadır.

- Söhbətdən belə anlaşılır ki, qanunların cəmiyyətə çatdırılması sahəsində hansısa problemlər var.  
Sizcə,  qəbul olunan qanunların vətəndaşa çatdırılmasında “əks-əlaqə”  prosesi necə gedir?

Səidə Qocamanlı -  İnsanları maarifləndirmək, cəmiyyətə qanunları çatdırmaq lazımdır. İş yerlərində
broşürlar paylanmalıdır. Qanunlar qəbul edilən kimi internetdən əlavə, qəzetlərdə dərc olunmalıdır.
Aidiyyatı olan nazirliklər həmin təqaüdçuyə, əlilə pulsuz olaraq qanunları  paylamalıdırlar.

Novella Cəfəroğlu – Xalq qanun qəbul olunmamışdan onu müzakirə etməlidir. Onun müzakirəsində
iştirak etməsə, qəbul edilən qanunun cəmiyyətə çatdırılması çətin olur. Milli Məclis “Məişət zorakılığı haqqında”
qanun qəbul edib. Çox yaxşı qanundur.  Rayonlara səfərlərə gedirik. Kimdən soruşursan bu qanundan
xəbərləri yoxdur. Nə polisin, nə icra hakimiyyətinin, nə vətəndaşın. Çünki bu qanun əvvəlcədən ictimai
müzakirəyə çıxarılsaydı, indi öz yerini tapacaqdı.

Zəlihə Tahirova - Mənim fikrimcə, istənilən nazirliyi, komitəni pisləməklə iş bitmir. Atalar misalı var “ağlamayan
uşağa süd vermirlər”. Mən başa düşmürəm bu cəmiyyət niyə öz huquları üçün “ağlamır”? Biz hər şansdan
istifadə eləməliyik. Əsas odur ki, struktur var: parlamentimiz işləyir. Sadəcə iş görmək lazımdır. QHT-lər də
imkan daxilində aktiv olmalıdır. Bunun üçün formalaşdırılmış bir struktur yaradılmalı və sistemli diskusiyalar,
dialoqlar aparılmalıdır. Bu mədəniyyəti insanlarda yaşatmaq lazımdır.

Məmməd Zeynalov  - Hər şeydə nöqsanlar ola bilir. Bir var bilməyərəkdən səhv edəsən, bir də  var
bilərəkdən. Mən bir misal çəkmək istəyirəm: parlamentdə vəkillər haqqında qanun qəbul olundu. Bu gün
Azərbaycanda Vəkillər Kollegiyasının 900-ə yaxın üzvü var. İstintaq altında olan şəxslərin sayı isə 3 mindən
yuxarıdır. Qanun isə Vəkillər Kollegiyasının üzvü olmayan şəxsin cinayət işində vəkil olmasına icazə vermir.
Bu absurddur. Bəs bu üç min istintaq altnda olan şəxsi 900 vəkil arasında necə bölmək olar?  Digər
tərəfdən qanuna görə, hakim bir cinayət işini bitirməmiş, ikinci cinayət işi ona verilmir. Çünki qarışdıra bilər.
Eyni ilə də bir vəkil əlində  10 nəfərin cinayət  işini saxlayır. Bu işi ona qatır, o biri işi digərinə qatır, məhkəməyə
getməyə vaxt tapa bilmir, çünki başqa məhkəmə prosesində olur.

Bu gün gedirsən vəkilin yanına deyir 100 manat müqavilə bağlamalısan, 500 manat da mənə verməlisən.
Qanunda var ki, maddi imkanı olmayan insanlara dövlət vəkil ayırmalıdır. Müqaviləni bağlayandan sonra
sən o vəkili tapa bilərsənmi? Avropa standartlarında belədir ki, hüquqi təhsili olan adam vəkil ola bilər.

Elçin Abdullayev - Hökümət təbii ki, maraqlıdır ki, hər hansı bir qanun qəbul olunursa, o işləsin. Amma
biz o kontekstdən yanaşırıq ki, hökümət yoxdur. Bizim vətəndaş cəmiyyətinin də borcu, funksiyası var.
Kim o qanunları təhlil elədi, qoydu ki, bu qanun yenidən işlənsin? Nəticə, təhlil yoxdur. Qəbul olunan
qanunu yenidən parlamentin gündəliyinə təqdim edilməsi sistemləşdirilibmi? Xeyr. Qanunun özü sistemləşdirilib.
QHT-lər bununla bağlı məhkəməyə müraciət ediblərmi, vətəndaş etirazı yaradıldımı?
Proses soyuduqdan sonra artıq təsiri olmur, odur ki, məsələni kütləviləşdirmək lazımdı. Bu gün ölkədə
2 min QHT qeydiyyatdan keçməyib. Onlardan üçünü məhkəməyə apara bilmirsən. Təsəvür edin ki,
qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir işlə bağlı Avropa Məhkəməsinə ardıcıl olaraq 50 məktub getsə,
bu hansı rezonans doğurar. Mən əminliklə deyirəm ki, hər hansı bir proses sistemli şəkildə aparılsa, mütləq
nəticəsi olacaq. Proses kütləvi olsa, böyük nəticəsi olacaq. Onsuz da bizim siyasi mübarizə aparmaq
meydanımız yoxdu, heç olmasa hüquqi müstəvidə kütləviləşdirmək lazımdı. Bir proseslə bağlı 100
məhkəmə sənədi  ortaya qoysaq, Avropa da onu aparıb qoyacaq dövlətin qabağında.

Mətanət Əliyeva  –  Mən hesab edirəm ki, Azərbaycanda qəbul olunan qanunlar yetərli deyil. Birinci
özümüzdən başlamaq istəyirəm. Neçə illərdir QHT-lər və media “Diffamasiya haqqında” qanunu qəbul
elətdirə bilmir. Bu gün də həmin qanunun qəbulunu hakimiyyət ləngidir. Azərbaycanda cinayət məsuliyyəti
adı altında məsuliyyətə cəlb olunan jurnalistlər məhz “Diffamasiya”haqqında qanunun qəbul olunmamasına
görə türmələrə düşürlər. Siyasi, təhqiqat yazılarına görə, sırf informasiyalara görə, jurnalistlər jurnalist
fəaliyyətinə görə şərəf və ləyaqət maddəsi ortaya qoyulur cinayət məhsuliyyətinə cəlb olunur. Kifayət
qədər qanunların qəbuluna ehtiyacımız var. İkinci bir məsələ, parlamentdə qəbul olunan qanunların
cəmiyyət üçün  məlumatlılıq səviyyəsi ilə bağlıdır. Vətəndaş ən azı məlumatlı olduğu halda özünü müdafiə
edə bilir. Bu gün dövlət büdcəsindən parlamentin katibliyinə kifayət qədər böyük bir məbləğdə pullar
ayrılır ki, bütun qanunlar Azərbaycan və rus dillərində Milli Məclisin saytında yerləşdirilsin. Biz parlamentin
saytına daxil olanda qəbul olunan qanunların rus və ingilis dilindəki versiyasını demirəm, Azərbaycan dilində
tapa bilirikmi? Yox!
Digər tərəfdən məhkəmədə vətəndaş iddia qaldırır. Ancaq vətəndaş ona lazım olan qanunu tapa bilmir.
Parlamentin katibliyi qanun qarşısında məhsuliyyət daşıyır. Vətəndaşın dövlət sirri olmayan məlumatı almaq
hüququ var.
“Məişət zorakılığı haqqında" qanun ən son qəbul olunan qanunlardan biridir. Gəlin Milli Məclisin saytına
daxil olaq, görək tapa bilirik, üstəlik konvensiyalar ratifikasiya olunur. Katiblik məsuliyyət daşıyır ki, qəbul
olunan qanun saytda yerləşdirilsin. Ən azı beynəlxalq təşkilatlar Azərbaycan parlamentinin saytını monitorinq
edəndə məlumatlı olmalıdırlar. Mənim məlumat almaq hüququm var. İxtiyarım da var ki, parlamentin saytından
məlumat  ala bilməyəndə mən parlamenti verim məhkəməyə. Onda çox əcaib bir mənzərə yaranacaq.
Azərbaycanda qanunların təbliği məsələsi çox zəifdir. Biz nə qədər sadə vətəndaşa məlumat versək,
maarifləndirsək bir o qədər də cəmiyyətdə aktivlik səviyyəsi yüksələcək.

- Qanun yaradıcılığında  QHT-lərin öz rəyini bildirməsi nə dərəcə vacibdir? İctimai rəyin
öyrənilməsinin qanun yaradıcılığı prosesində hansı təsirləri ola bilər?

Zəlihə Tahirova  - Mənə elə gəlir ki, həm parlamenti, həm də QHT-ləri birləşdirə biləcək bir
struktur olmalıdır.

Novella Cəfəroğlu – Milli Məclisdə olan  müzakirələrə QHT-si olan deputatlar və onlara yaxın olan
adamlar çağırılır. Biz hər hansı bir qanun layihəsini əldə etmək üçün mütləq hansısa tanış bir deputata
müraciət edirik. Ona görə parlamentin üzvlərinin özləri çıxarılan qanununun ictimai müzakirəsində maraqlı
olmalıdırlar. Bir də ki, parlamentin özünün televiziya kanalı olmalıdır. Həmin televiziya kanalı təkcə qəbul
olunan qanunları yox, qəbul olunmaq üçün hazırlanan qanun layihələrini ictimai müzakiryə təqdim etməliri.
Biz öz təkliflərimizi həmişə Milli Məclisə göndəririk. Verdiyimiz təkliflərin bəziləri qəbul olunur, bəziləri isə qəbul
olunmur.

Fuad Zeynalov – Ümumiləşdirəndə hakimiyyət  bölgüsu vacib amildir. Bir müddət əvvə konfransların birində
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli öz çıxışında bildirdi ki,
"bizim qəbul elədiyimiz qanunlar bütun müasir standartlara cavab verir". Mən hörmətli millət vəkilimizin sözləri
ilə razıyam.
Adicə misal üçün götürək, QHT-nin qeydiyyat məsələsi 40 gün ərzində baş tutmalıdır. Tədbirdə fikirlər
səsləndi ki, bəzən QHT-nin qeydiyyata alınması prosesində illərlə vaxt sərf olunur. Əli Hüseynli qeyd etdi ki,
"illərlə yubadılırsa, gedin Ədliyyə Nazirliyinə müraciət edin, həmin orqanı məhkəməyə verin". Parlament
nümayəndəsi, komitə sədri belə bir mesaj verir cəmiyyətə ki, gedin aktiv olun. Qanunların cəmiyyətə
çatdırılmasına gəlincə, insanlar bir çox qanunları bilməkdə ümumiyyətlə maraqlı deyillər, cəmiyyətdə biganəlik
var, televiziyada "Parlament saatı" verlişi var, baxmırlar, qəzetlər çıxır, heç kim oxumur. İnsanlar yalnız özlərinə
aidiyyatı olan qanunları oxuyurlar. Gömruk, Daxili İşlər orqanları haqqında qanun onlar üçün maraqsızdı. Millət
vəkillərinin ictimai qəbul otaqları var idi. Olmazmı həmin bu ictimai qəbul otaqları vasitəsi ilə əhaliyə vacib olan
məsələləri çatdırsınlar? Həmin o aksiyalar 5 ildən bir seçkilər ərəfəsində yox  bütun il boyu keçirilməlidir.
Qaldı ki, QHT-lərin dəvət olunub-olunmamasına mən özüm də bir neçə dəfə iştrak eləmişəm. Amma bu
çox təssüf ki, təsadufi və istisna hallarda olur. Qanunvericilik müzakirə olunarkən QHT-lər dəvət olunmalıdır.
Milli Məclis nəzərə almalıdır ki, hər hansı bir qanun müzakirə olunanda QHT-lərin də bir neçə nümayəndəsi
olsun, özünə qeydlər götürsün. Çünki hər şeyi millət vəkilləri bilmir.

Novella Cəfəroğlu – mənim xahişim odur ki, bu layihə çərçivəsində QHT-lər, media nümayəndələri və
deputatlarla birgə böyük bir dəyirmi masa keçirils,  işin xeyrinə olar.

Nabat Qəniyeva – Qanunların əhaliyə çatdırılmasında QHT-nin təbi ki, müəyyən qədər rolu var. Gərək
qanun mükəmməl ola ki, onu cəmiyyətə çatdıra biləsən. Biz rayonlara gedirik, "Məişət zorakılığı haqqında" 
qanunu orda camaata çatırmaq istəyirik. Amma cəmiyyətdə maarifləndirmə işi çox zəifddir. Kənddə yaşayan
bir qadına deyəndə ki, sənə qarşı zorakılıq olanda sən polisə müraciət etməlisən. Deyir ki, “yox polisə
müraciət eləmək olmaz, ayıbdır”.

Deyirlər qanunların az təbliğ olunmasında QHT-lərin də günahı var. Mən əgər o qanunu müzakirə üçün tapa
bilmirəmsə, hansı maariflənmədən söhbət edə bilərəm. Biz bir müddət əvvəl sosial işçilər haqqında bir məsələnin
müzakirəsi ilə  bağlı internetdə axtarış aparanda gördük ki, sosial işçi haqqında hətta institut da yaradılıb.
Amma həmin inistitut haqqında bir kəlmə də olsun informasiya yoxdur.

Zəlihə Tahirova  - Ona görə də Milli Məclislə diskussiya, dialoq  aparmaq üçün ehtiyac var. Bu işdə cəmiyyət
də bir az aktiv olmalıdır.

- Bəs QHT-lər qanunlar haqqında ilk informasiyanı hardan alır?

Novella Cəfəroğlu – Burada olan QHT rəhbərlərinin hamısı məlumatları internetdən, informasiya
agentliklərindən alır. Əsasən Modern.az saytından. Bu sayt parlamentin fəaliyyətini detallı şəkildə
işıqlandırmağa çalışır. Ona görə də zəruri informasiya təminatı baxımından faydalı portaldır.

Səidə Qocamanlı – Mən də internetdən xəbər alıram. Çünki mən baxıram saytlara görürəm ki,
Modern.az saytı parlamentin işinə böyük önəm verir.

Mətanət Müslimqızı – Mən istərdim ki, dövlət qanunlarının internet arxivi yaradılsın. Artıq avropanın
14 ölkəsində belə addım atılıb. Dövlətin qanunlarının internetdə arxivləri var.

Eldar Zeynallı –  Qanunların çox hissəsini internetdə tapmaq olmur. Məsələn mən “Hərbi tribunllar
haqqında” qanunu axtarmışm. İnternetdə bu qanuna əlavə və dəyişikliklər barədə məlumatlar olsa da,
həmin qanun yoxdur.

- Siz öz dairənizdən seçilən deputatla əlaqələri necə qurusunuz? Siz dairənizdəki deputatla işinizi 
neçə qurursunuz? Seçici  deputata müraciət edə bilirmi?

Səidə Qocamanlı- Yaşadığım dairədən millət vəkili Aytən Mustafayevadır. Onu tanıyıram. Aytən xanıma
səs vermişəm. İndi onun fəaliyyəti apardığı işlə ölçüləcək. Yaşadığım bina 20 yanvar gecəsi gülləbaran edilib.
Bu izlər indiyə qədər qalıb. Bu 16 mərtəbəli binanın vəziyyəti ilə bağlı müraciət etmək istəyirik.  

Novella Cəfəroğlu - Bizim dairənin deputatı Etibar Hüseynovdur. Mən iki-üç qonşuma onunla əlaqə
qurmaq üçün kömək etmişəm. Ünvanını öyrənib onlara vermişəm. O adamlar ona məktub yazdılar. Bir neçə
nəfər belə bir-birlərinə veriblər. İndi bizim həyəti yaxşı təmir ediblər. Mən bilirəm ki, bunu icra başcısı edib.
Çünki o gələndə deputat yox idi. Deputat da çıxışında bir yerdə deyidi ki, "mən etmişəm". İcra başcısı ilə
deputatın mübahisəsi düşüb. Seçicilər deputata məktub yazırlar.

Mətanət Müslümqızı - Siz seçici-deputat münasibətinə toxundunuz. Yadıma gəlir ki, Ağdaş rayonunda
orta məktəbdə oxuyanda dəhşətli qətl hadisəsi baş vermişdi. Sosialist Əməyi Qəhrəmanı Zəminə Aslanova
Ağdaş rayonundan parlamentdə deputat idi. Bir ailənin 11 üzvünü qətl hadisəsi ilə bağlı tutmuşdular. Zəminə
Aslanova üç-dörd ay Ağdaşda yatdı, demək olar ki, o ailəni qurtardı. Onun böyük hakimiyyəti var idi.  İcra
başçısını da, prokuroru da işdən çıxartdırdı.   .

- Azərbaycan parlament təsisatı  bir formalaşdırılmış təsisat kimi oturuşa bilibmi?

Səidə Qocamanlı-  Çox böyük fəxarətdir ki, Azərbaycanın öz müstəqil parlamenti var. Biz artıq Moskvadan
asılı deyilik. Əvvəlki kimi Mərkəzə, Leninin babaya, mavzoleyə məktub göndərmirik. Bizim ən böyük fəxarət

yerimiz odur ki, öz bayrağımız, öz parlamentimiz, öz müstəqilliyimiz var. Ona görə də onlara irad tutmaq da
bizim ixtiyarımızdadır. Çünki biz həmin o, müstəqil ölkənin azad vətəndaşları olmaq istəyirik və biz öz
hüququmuzdan istifadə etmək istəyirik.  Biz gərək mübarizə aparaq ki, bu ölkənin, millətin  ən layiqli,
gözəl, savadlı huquqşunası, iqtisadcısı, alimi, müəllimi gedib əyləşsin həmin  partlamentdə.

Novella Cəfəroğlu – Səidə xanımla tam razıyam ki, parlamentimiz var. O, parlamentin yaranmasında burda
oturanların hamısının böyük zəhməti var və həmin o parlamentin yaradıcılarından biri də bizik. Parlamentin
formalaşmasında bizim hamımızın əli olub. Həmən o bayraq qəbul ediləndə polislər küçədə bizi  bayraqla
döyürdülər.

Parlamentin olmağı çox gözəldir. Parlamentdə çox yaxşı, çox dəyərli insanlar var. Amma yerində olmayanlar
da az deyil.  Mən istəyirəm işləyən parlament olsun. Orda olan qanunlar xalq üçün işləsin. Mən normal
parlament görmək istəyirəm. Parlamentə o insanlar əyləşsin ki, Azərbaycanın politikasını apara bilsinlər,
qanunvericiliyi apara bilən insanlar əyləşsin orda.

Zəlihə Tahirova - Mən istəyirəm ki, parlamentdə qadınların sayı çoxalsın. Çünki qadınların böyük potensialı var...



 

 

 

 

 

 

 

 

 

 
Xaqani Səfəroğlu
Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır