Modern.az

Ömürlük məhkumun bacısı: “Atam qardaşımın xiffətindən öldü, anamın da gözü tutuldu” - MÜSAHİBƏ

Ömürlük məhkumun bacısı: “Atam qardaşımın xiffətindən öldü, anamın da gözü tutuldu” - MÜSAHİBƏ

Hadisə

9 Fevral 2018, 15:16

Modern.az saytı ömürlük məhkumlar barədə silsilə yazılara davam edir.

 

Onlar kimdir, nəçidirlər, niyə ömürlük məhkumluq həyatına məruz qalıblar? Bu haqda onların ailə üzvlərinin söhbətindən məlumat alacaqsınız.

 

Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir…” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar...

 

Azadlıqdan məhrum edilən şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu cəza ömürlükdürsə, vəziyyəti daha da ağırlaşdırır.


“Ömürlüklər” layihəsinin bu həftəki qonağı Əli Quliyevin bacısı Minayə Quliyevadır.


Əli Cahangir oğlu Quliyev 1989-cu ilm 5 sentyabr tarixində həbs olunub, haqqında 1991-cil 12 noyabr tarixində ölüm hökmü çıxarılıb.

Əli Quliyev 1989-cu ildə Xırdalanda zavod direktorunu qətlə yetirən beş nəfərlik dəstəinin üzvü kimi həbs olunub. 
Məhkəmə dəstə üzvlüərinin hamısına ölüm hökmü kəsib. Dəstə üzvlərindən 3-ü artıq dünyasını dəyişib, 2-si hazırda sağdır.

Mərhum prezident Heydər Əliyevin ölüm hökmünü ləğv etməsindən sonra, Ə.Quliyev barəsindəki cəza da dəyişdirilərək, ömürlük həbslə əvəzlənib. Əli Quliyev 1989-ci ildən bəri Qobustan cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayır.


Modern.az saytı
Əli Quliyevin bacısı Minayə xanım ilə söhbəti təqdim edir:

- Minayə xanım, qardaşınız haqqında məlumat verərdiniz...


- Onun həbs olunduğu vaxtdan 27 il keçib. O vaxt hələ 30 yaşı vardı. Ailədə dörd bacı,iki qardaş olmuşuq. Üstündən illər keçsə də, qardaşımla keçirdiyim zamanlar xatirimdədir. Hamı onu ağıllı birisi kimi tanıyırdı. Dərslərini çox yaxşı oxuyardı.Ali savadlı idi. İncəsənət Universitetini bitirmişdi.
Əli həbs olunmazdan əvvəl 11 il insan sağlamlığına zərərli hesab olunan “ Təcrübə-Sənaye” zavodunda baş operator işləyib. O dərəcədə uğurlu, məsuliyyətli, istedadlı idi ki, tezliklə hər kəsin rəğbətini qazanmışdı. Sexdə əmək kollektivi Şurasının sədri seçilmişdi, yaxşı işlədiyinə görə şəkli zavodun “ Şərəf” lövhəsinə vurulmuşdu. Sonra isə Kommunist Partiyasına üzv olması üçün namizədliyi irəli sürmüşdü. Ancaq bəzi səbəblərə görə alınmamışdı.
 

- Onun həbs olunduğu anı xatırlayırsınız?..

- Mən hələ də inana bilmirəm ki, o, belə səhvi necə edib. Onu tanısanız, siz də inana bilməzsiniz. Ancaq səhvsiz insan da yoxdur. Səhv edib. İndi çox peşmandır. Səbirsizliklə həbsdən çıxacağı günü gözləyir. O ailəsinə çox bağlı adam idi. Bir qızı, bir oğlu var.

- Ailəsinin ona münasibəti necədir?

- Həyat yoldaşı ilə ayrılıblar. Ancaq buna baxmayaraq hələ də ünsiyyətləri qalır. Qızı ilə oğlu yanına tez-tez gedir desəm, yalan olar. Oğlu indi Rusiyadadır, qızı ailə həyatı qurub. Ancaq onlar da atalarını gözləyirlər. Bir gün qayıdacağına ümid edirlər.

- Bəs özü necə?

- Qardaşım çox pozitiv bir insandır.Artıq haradasa 60 yaşı olacaq, amma ona baxanda, onunla danışanda elə hiss edirəm ki, sanki həmin o cavan Əlidir. Heç vaxt ümidini itirmir. Hər dəfə onunla danışanda deyir ki, narahat olmayın, tezliklə mən sizin yanınızda olacam. Əgər ümidi olmasaydı, indiyə kimi sağlam qalmazdı. Onu həyatda tutan elə ümididir.


- Hər nə qədər acı da olsa, gəlin həmin o hadisələr baş verən vaxtlara qayıdaq. Eşitdiyimizə görə, atanız bu hadisələrdən sonra ağır xəstəliyə tutuldu...

- Əvvəla onu deyim ki, atam mərhum prezident Heydər Əliyevin yaxın dostlarından biri olub. Atam düz 54 il “Azərneftyağ” İstehsalat Birliyində çalışıb. Heydər Əliyevin başçılığı altında müəəssisədə aparılan iqtisadi islahatlarda iştirak edib. Həmişə deyərdi ki, “bizi Heydər Əliyev xilas edəcək”. 1989-cu ildə qardaşım həbs olunandan sonra atam güclü sarsıntı, stress keçirdi. Şəkər xəstəliyinə tutuldu. Sonradan hər iki ayağı amputasiya edildi. Həmişə ümid edirdi ki, oğlunu son dəfə azadlığa çıxanda görəcək. Amma çox dözə bilmədi. Rəhmətə getdi.

- Amma ananız hələ də oğlunun yolunu gözləyir...

- Elədir. Anamın artıq 80 yaşı tamam oldu. Deyir ki, “oğlumu bir dəfə görüm,ondan sonra başımı qoyub ölə bilərəm”. Qardaşım qədər o da ümidlidir. Hətta əminliklə deyir ki, oğlunu görəcək. Əlinin də tək arzusu budur. Deyir ki, həbsxanadan çıxan kimi ilk işi anasını qucaqlamaq olacaq. Baxmayaraq ki, öz ailəsi, qızı, oğlu var. Ən çox elə anası üçün darıxır. Anam Qaratel Quliyeva ikinci qrup əlildir. Gözlərindən biri təmamilə görmür, ikinci gözü çox zəif görür. Bəlkə də oğlunu azadlıqda görsə, gözünün nuru da gələr...

- Məhkəmənin qəbul etdiyi hökm ilə heç vaxt razılaşmamısınız?

- Çox sərt hökm çıxarıldı qardaşıma. Səmimi desəm, mən heç bir məhkəmədə iştirak etməmişəm. Orada nələr baş verib, danışa bilməyəcəm. Amma qərarla razılaşmıram. Mətbuatda da deyilir ki, Qobustan həbsxanasında saxlanan və 2000-ci ilə kimi ömürlük həbs cəzası alan məhbusların məsələsinə yenindən  baxılmalıdır. Ölüm hökmü ləğv olunandan sonra qardaşımın işinə məhkəmədə yenidə baxılmalı idi. Bundan sonra məhkəmə onun ömürlük və ya 15 il müddətinə həbs olunmasına qərar verməli idi. Ancaq belə olmadı.
Qardaşım qeyri-məhkəmə qaydasında ömürlük həbs cəzasına məhkum edildi. Hüquq prinsipi kobudcasına pozuldu. Bundan başqa, yəqin ki bilirsiniz, SSRİ Ali Məhkəməsinin Plenumunda məhkəmə hökmü çıxarılarkən yüngülləşdirici halların nəzərə alınması hakimlər üçün vacib sayılırdı. Bu Azərbaycan qanunvericiliyində də var idi. Amma qardaşıma hökm çıxarılarkən heç bir yüngülləşdirici hal nəzərə alınmadı.

- Yəqin ki, əfv ərizəsi ilə çıxış etmisiniz...

- Dəfələrlə. Həm mən, həm bacım, rəhmətlik atam. Amma hələ ki nəyəsə nail ola bilməmişik.

- Qardaşınız nədənsə narazılıq edirmi?

- Xeyr, elə bir ciddi şikayəti yoxdur. Qardaşıma orada da böyük hörmət edirlər. Qardaşım cəza çəkdiyi bütün bu illər ərzində rejim qaydalarını pozmayıb, nümuməvi davranışlar sərgiləyib. Həmçinin onu da deyim ki, ona nümunəvi davranışlarına görə həvəsləndirmə tədbiri olaraq təşəkkürlər, əlavə telefon danışıqları, uzun müddətli ailəvi görüşlər hədiyyə edilib. Çox sakit insandır, namaz qılır. 2005-ci ildə yaxşılaşdırılmış saxlanılma şəraitinə keçirilib.
Amma təbii ki, kim həbsdə olmaq istəyər? Ailəsindən ayrı qalması, atamızın rəhmətə getməsi və onun yanında ola bilməməsi, anasına maddi və mənəvi kömək edə bilməməsi və təbii ki övlad həsrəti... Bütün bunlar onu çox sarsıdır, çox əziyyət verir.

- Onunla tez-tez görüşürsüz?

- Həftədə bir dəfə, şənbə günləri. Onda da cəmi beş dəqiqə vaxtımız olur. Açığı bundan narazıyam. Onunla daha çox danışmaq istəyərdim.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub