Modern.az

Fuad Muradov: “Azərbaycanın lehinə çıxış edən avropalı siyasətçilər erməniləri müdafiə edənlərdən 2 dəfə çox oldu”

Fuad Muradov: “Azərbaycanın lehinə çıxış edən avropalı siyasətçilər erməniləri müdafiə edənlərdən 2 dəfə çox oldu”

20 İyul 2011, 16:32


“Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi həm  siyasi, həm də ictimai məsələdir. Bu, Azərbaycanda əhalinin bütün təbəqəsini narahat edir. Eyni zamanda bu, böyük dövlətlərin də hansısa bir maraq dairəsindədir. Bu, elə bir məsələ deyil ki, bir neçə tərəf öz fikrini deyəndən sonra hansısa dəyişiklik baş versin. Burada ictimayyətin aparıcı qüvvəsi olan media, dövlət adamları, ölkədə tanınan ictimai xadimlərin fikirləri, məsələnin çözülməsi istiqamətində baxışları cəmiyyətə təqdim olunmalıdır”.

Bu fikirləri Modern.az saytına “Avronest” PA Enerji komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.

O, qeyd edib ki, cəmiyyətdə müxtəlif təbəqədən olan insanların bu məsələyə yanaşması fərqlidir:
“Burda əsas fikirlər cəmiyyət tərəfindən müzakirə olunmalıdır. Bu fikirlərin də əsas istiqaməti ondan ibarətdir ki, dövləti təmsil edən şəxs, ölkə başçısı öz fikrini qətiyyətlə bildirib. Bu fikir də ondan ibarətdir ki, Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycanın torpaqlarıdır. Qarabağda yaşayan Azərbaycan və erməni icmasına isə Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində yüksək  muxtariyyət məsələsi müzakirə oluna bilər. Bu, həm Madrid prinsiplərində əks olunub, həm də o deməkdir ki, artıq biz Azərbaycan olaraq, öz qonşularımızla qonşuluq şəraitində yaşamalıyıq. Təbii ki, bunun əleyhinə olanlar ermənilərdir. Biz hər zaman qonşuluq prinsiplərinə sadiq qalmışıq. Burada təbii ki, başqa fikirlər də ola bilər. Bu gün məsələnin həlli istiqamətində iş gedir. Məsələnin həllinin nəticəsi olaraq biz təbii ki, ermənilərlə birlikdə yaşamalıyıq. ATƏT-in Minisk qrupu artıq status-kvonun dəyişməsi ilə bağlı öz fikrini bildirib. Statusun dəyişməsi isə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi, bu ölkənin silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonları boşaltması, məcburi köçkünlərin geri  qayıtmasıdır. Nəticə olaraq Azərbaycan və erməni icması birlikdə həmin torpaqlarda  yaşayacaqlar. Burada təbii ki, ictimayyətin, ictimai xadimlərin, ölkədə tanınmış insanların fikirləri çox vacibdir”.

Deputat deyir ki, məsələnin bu şəkildə getməsindən son zamanlar ermənilər çox narahat olublar:
“Bu narahatçılıq bütun  istiqamətlərdə özünü göstərir. Avropa parlamentinin qətnaməsi, 4-7 iyulda Avropa parlamentində olan dinləmələr... Avropa parlamentarilərinin fikri ədalət tərəfə, Azərbaycanın ədalətli mövqeyi tərəfə ciddi şəkildə dəyişib. Bu isə erməniləri narahat edir. Artıq deyilir ki, Ermənistan tərəfi işğalçıdır, Azərbaycan torpaqları işğal olunub. İşğal olunmuş torpaqlar azad olunmalıdır. İki icma biri-birilə dil tapıb yaşamalıdır. Bu fikirlər Avropa siyasətçiləri tərəfindən deyilir. Son dinləmələrdə Azərbaycanın lehinə çıxış edən avropalı siyasətçilərin sayı erməniləri müdafiə edənlərdən 2 dəfədən də çox olub. Bu isə vəziyyətin bizim xeyrimizə dəyişdiyini göstərir.

Ancaq burada elə  qüvvələr var ki, onlar çalışırlar proses uzansın və heç bir dəyişiklik baş verməsin. Bu yaxınlarda 13 yaşlı uşağın, ondan qabaq 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı olan faktların hamısı ona yönəldilib ki,  regionda vəziyyəti gərginləşdirsinlər. Problemin həllinin qabağını almağa cəhd göstərsinlər. Ona görə düşünürəm ki, burda səslənən fikirlərin Avropada, beynəlxalq təşkilatlarda çox ciddi şəkildə müzakirə olunmasına çalışmalıyıq”.

F.Muradov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məsələnin beynəlxalq sənədlərdə “Naqornıy Karabax” kimi yer almasına da münasibət sərgiləyib: “Reallıq ondan ibarətdir ki, istər Abxaziya, istərsə də Dağlıq Qarabağ heç vaxt böyük ölkələr tərəfindən müstəqil dövlət kimi qəbul olunmur və olunmayacaq da. Bu, artıq bir reallıqdır. Bunun üçün də səylər göstərilir ki, tərəf kimi Dağlıq Qarabağ danışıqlarda iştirak etsin. Amma Dağlıq Qarabağın Azərbaycan icması da mövcüddür. Artıq bütün beynəlxalq ictimaiyyət, bütun ölkələr  bu məsələyə tam aydın baxırlar. Separatçılıq meyliləri Avropanı çox qorxudur”.

İflasa uğrayan Kazan görüşündən sonra deputatın belə optimist olmsının səbəblərini də soruşduq. Müsahibimiz   dedi ki, təbii ki, Kazan görüşündən gözləntilər çox idi:
“Mən düşünürəm ki, biz məsələyə bir az başqa cür baxmalıyıq. Təsəvvür edək ki, bu görüşlər keçirilmir, ATƏT-in Minisk qrupunun həmsədrləri yoxdur. Onda biz hansı nəticələri gözləyə bilərik, hadisələr hansı istiqamətdə cərəyan edə bilər, məsələnin bu tərəfini də düşünmək lazımdı. ATƏT-in Minisk qurupunun həmsədrləri gözlədiyimiz effekti ola bilsin verə bilmir. Amma düşünmək lazımdır ki, bu həmsədrlər olmasa, onda bu məsələdə kim vasitəçilik edəcək. Məlumdur ki, Fransa, Rusiya, Amerika BMT-nin Təhlükəsizlik Şurasının üzvudurlər. Biz deyə bilərik ki, ATƏT-in tərkibinə baxaraq bura başqa ölkələri cəlb edilməlidir və məncə bunu etmək zəruridir. Bu ölkələr Almaniya, Norveç və digər ölkələr ola bilər. Dağlıq Qarabağ məsələsi ümummilli bir məsələ olduğundan bütün cəmiyyətin, medianın, ictimai xadimlərin, dövlət qurumlarının nümayəndələrinin bu istiqamətdə mövqeyi bir nöqtəyə vurmalıdır. İnşallah yaxın zamanlarda məsələ həll olunandan sonra yenə də bir çox məsələlər qalacaq, yenə də böyük ölkələrin vasitəçiliyinə ehtiyac duyulacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir