Modern.az

“Qətl edilmiş 8 ailə” - Hüseynovların soyqırımı - Xocalı DƏHŞƏTİ  

“Qətl edilmiş 8 ailə” - Hüseynovların soyqırımı - Xocalı DƏHŞƏTİ   

19 Fevral 2018, 12:19

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu vəhşi cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda son nəfərinədək qətlə yetirilmiş 8 ailənin yaxınları ilə əlaqə saxlamağa çalışıb.  

“Qətl edilmiş 8 ailə”dən daha birindən - Hüseynovlar ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Hüseyn Hüseynovun ailəsinə divan tutulub. Belə ki, onun özü, həyat yoldaşı Əzizə Hüseynova, qızları Xoşbəxt və Süsən Hüseynovalar, oğlu Zöhrab Hüseynov hamılıqla məhv ediliblər.

Hüseynovlar  ailəsindən sağ qalan yeganə övladı Vidadi Hüseynov  o qanlı-qadalı hadisələrin ürək ağrısı ilə xatırlayır.


“Hərəmiz bir tərəfə dağıldıq”

“Xocalı faciəsi baş verən vaxt 26 yaşım vardı. Xocalıdakı bütün kişilər kimi mən də həmin gecə postda idim. Daha doğrusu, hər axşam növbəli şəkildə postda olurduq. Çünki Xocalıda sakit bir gün, sakit bir gecə yox idi. Hər gün atışma səsləri gəlirdi. Ona görə də rayon rəhbərliyi postda növbə tutmağımız barədə göstəriş vermişdi. Bu, özünümüdafiə postu idi. Fevralın 25-dən 26-na keçən gecə postda mənim növbəm idi.
Faciə günü isə ailəmin yanına qayıtmışdım, bir yerdə idik. Elə o gün bizim sonuncu dəfə birgə olduğumuz tarix oldu. Ondan sonra ailə bütövlüyümüz məhv oldu. Hərəmiz bir tərəfə dağıldıq”.

Vidadi Hüseynov deyir ki, həmin gecə insanlar çox çarəsiz vəziyyətdə idi:

“Dediyim kimi, Xocalıda hər vaxt atəş səsləri eşitmək olardı. Amma fevralın 25-i gecəsi saat 11-dən başlayaraq  atışma daha da gücləndi. Xocalı hər tərəfdən mühasirədə idi. Ortada tək qalmışdı. Qətliam başlayan anda hərə bir tərəfə dağılışmışdı. Həm də vəziyyət bunu tələb edirdi. Xankəndi tərəfə gedən körpü vardı, hamımız ora gəldik. Artıq Xocalının baş tərəfində güclü döyüş başlamışdı. Aləm bir-birinə dəymişdi. Faciə zamanı  80 yaşlı xalam ermənilərə girov düşmüşdü. O girovluqdan geri qayıdandan sonra erməni vəhşiliklərini ağlaya-ağlaya danışırdı. Gözünün qabağında elə hadisələr baş vermişdi ki! Hamilə qadınlarımızın, qızlarımızın başına elə oyunlar açmışdılar ki!”.

“Daşbulaqdan Xocalıya gəlmişdik”

“Atam yaşlı insan idi. Atam da, anam da heç yerdə çalışmırdı. Sadəcə,  təsərrüfatla məşğul idilər. Özümüzün həyətyanı sahəmizdə heyvandarlıqla məşğul idik. Özümüzü dolandıra bilirdik. Bacılarım da təhsil almamışdı. Ən balaca bacımın 13 yaşı vardı. Biz Xocalıda bir ilə yaxın qaldıq. Xocalının Daşbulaq kəndindən  gəlmişdik. Biz Daşbulaq kəndində yerləşən məktəbdə oxumuşuq. Amma bacılarım məktəbdən yarımçıq çıxmalı olmuşdu. Sumqayıt hadisələri yenicə baş vermişdi. Daşbulaq kəndində hər gün atışma olurdu. Neçə-neçə ev yanmışdı. Orada ermənilərlə sıx yaşayırdıq. Onlar bizi, biz də onları görürdük. Hər şeyimiz bir idi. Məktəb direktorumuz erməni idi. Son vaxtlarda ayrı-seçkilik halları daha da baş qaldırmışdı. Bir gün əmimlə məni postdan tutub kolxoza apardılar. Kolxozda bizə dedilər ki, gedin azərbaycanlılara deyin ki, Daşbulaqdan çıxsınlar. Əks halda bizi diri-diri yandıracaqlarını deyirdilər. Ermənilər bizim evimizi, ot tayalarımızı yandırırdılar. O vaxtlar bizə kömək Xocalıdan gəlirdi. Bir gün isə Daşbulağa ermənilər kütləvi hücum etdilər. Biz də hamılıqla Xocalıya üz tutmalı olduq. Elə Xocalıda məskunlaşmağa başlayanda vəziyyət lap da pis oldu”.

“Tənhalıq sıxırdı məni”

Vidadi Hüseynova doğmalarından danışmaq çox ağırdı:

“Həmin gecə çox dəhşətli gecə idi. Xocalılar meşəyə tərəf üz tutur, ermənilər ora da hücum edirdilər. Məcbur olub yenidən geri qayıdırdıq. Uşaqlar bir tərəfdən, qadınlar da digər tərəfdən qışqırıb ağlayırdılar. 3 günə Ağdama gəlib çıxa bilmişdim. Hər aynda ata-anamı ,bacı-qardaşımı axtarırdım.

Xocalı faciəsindən bir il sonra əmim qızı ilə ailə həyatı qurdum. Niyə belə tez ailə qurduğumu soruşursuz. Mənə çox çətin idi. Bütün doğmalarım bir gecənin içində qurda-quşa yem olmuşdu. Hər yer üstümə gəlirdi. Tənhalıq sıxırdı məni. Amma bu evlilik dəbdəbəli toyla baş tutmadı. Heç toy da etmədim. Eləcə evləndik.
Bu gün 54 yaşım var. Elə bilirəm ki, faciə bu gün olub. Olanları, yaşananları itirdiklərimi heç vaxt unuda bilmərəm. Bu, qeyri-mümkündür. Bəlkə yaşım imkan verməyəcək bir daha torpaqlarıma ata yurduma baş çəkməyə, amma yenə ümidliyəm. Ümidimi itirməmişəm. Faciədən sonra Xocalıdan Ağdama gəlmişik. Əl-ayağım donmuşdu. Xəstəxanada kimdən ailə üzvlərimi soruşdumsa, “gördüm” deyən olmadı. Faciə gecəsi çox qohumlarım şəhid olmuşdu. Xalamın yoldaşı deyirdi ki, həmin gecə evimizə bomba atmışdılar. Heç bir səs də gəlməmişdi. Bəlkə də ailəm o evdə yanıb külə dönmüşdü. Amma o vaxtdan bu günə kimi yenə də gözüm yoldadır. Ailə üzvlərimi axtarıram. Bəlkə onları tapa bildim”.

Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

XX əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir