Modern.az

Müslüm Maqomayevin məşhurlaşdırdığı Kor Əhəd - Əfsanəvi qarmonçalanın həyat hekayəsi Modern.az-da - SÖHBƏT  

Müslüm Maqomayevin məşhurlaşdırdığı Kor Əhəd - Əfsanəvi qarmonçalanın həyat hekayəsi Modern.az-da - SÖHBƏT   

27 Fevral 2018, 09:16

Bir neçə gün öncə Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmonçalan Kor Əhədin 125 illik yubileyi qeyd edildi. Kor Əhəd irsinin tədqiqatçıları filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və Kor Əhədin nəticəsi, Azərbaycan Milli Konservatoriyasının doktorantı, musiqiçi Aleksandriya Sevinc Sultanzadə fon Brüseldorff  Modern.az saytı ilə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik.


- Gülhüseyn müəllim, mətbuatda son zamanlar əfsanəvi qarmonçalan Kor Əhəd (Əhəd Əliyev) haqqında yazılar gedir. Bu yazılardan məlum olur ki, siz Əhəd Əliyev haqqında müəyyən araşdırmalar aparırsınız.

- İlk növbədə qeyd edim ki, Kor Əhədlə bağlı araşdırmaları tək aparmıram. Onun nəticəsi Aleksandriya Sevinc Sultanzadə fon Brüseldorff  da bu işlə məşğuldur. Sevinc xanım Amerika Birləşmiş Ştatlarında yaşayır. Vaxtilə - 28 il öncə musiqi təhsili almaq üçün Amerikaya gedib. İki ilə yaxındır ki, Azərbaycandadır. Onun əsasən iki məqsədi var idi. Biri Kor Əhədin 125 illik yubileyi ilə əlaqədar olaraq tədbirlər hazırlamaq, arxivlərdə araşdırmalar aparmaq, digəri isə kitab ərsəyə gətirmək. Bütün bu işləri Aleksandriya Sevinc Sultanzadə fon Brüsseldorf  və mən birgə aparırıq.


- Kor Əhədin nəticəsi Sevinc xanımla yollarınız necə birləşdi?

- Əslində bizi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə nümayəndəsi, əməkdar incəsənət xadimi Sənubər Bağırova tanış etdi. Sevinc xanımla  görüşdük, o, Azərbaycana gəlişinin məqsədini izah etdi. Mən də Kor Əhəd haqqında çox insanlar kimi eşitmişdim. İlk dəfə Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında onun barəsində oxumuşdum. Amma araşdırmalardan sonra həm məndə, həm də Sevinc xanımda Kor Əhədlə bağlı məlumatlar  genişləndi.



- Azərbaycan qarmonunu Kor Əhədin adı ilə bağlayırlar. Lakin zaman-zaman bu düşüncənin əksini ifadə edənlər, ondan qabaq da qarmon ifaçılarının olduğunu deyənlər var. Siz Kor Əhədin həyatını, yaradıcılığını tədqiq edirsiniz. Bu baxımdan hansı fikirlər reallığa uyğundur?

- Hərə musiqiyə müxtəlif yollarla gəlir. Kiminin ailəsində, yaxınları arasında musiqiçi olur, kiminin qohum-əqrəbasında və ya qonşusunda olan musiqiçilər yenilərinə örnək olur. Kor Əhədin musiqiyə gəlişi isə fərqlidir. O, 1893-cü ildə Bakıda dünyaya gəlib. İki yaşına çatanda xəstəlikdən görmə qabiliyyətini itirib və sonra tamamilə kor olu. 1894-1895-ci illərdə Azərbaycana qarmon gətirilirdi. Düzdür, qarmon artıq musiqi aləti kimi istifadə olunurdu. Məsələn, Rafiq İmrani qeyd edib ki, qarmonun Azərbaycana gətirilmə tarixi 150 ildir.  Bu da təxminən 1826-cı ilə təsadüf edir. Yəni Əhədə qədər Kərbəlayi Lətif, Kərbəlayi Abutalıb kimi şəxslər qarmon çalırdılar. Ancaq həmin qarmonlar diatonik-birsəsli idi, yarımtonlar yox idi. Buna görə də həmin qarmonlarda musiqi incəliklərini ifadə etmək olmurdu. Əsasən də muğamlar çətin ifa olunan sənət əsəri olduğuna görə qarmonda onu tam dolğunluğu ilə çalmaq mümkün deyildi. Ailəsi qarmonu Əhədə uşaq oyuncağı kimi, onu ovundurmaq üçün vermişdi. Anası qarmonu Moltanı  bazardan alıb ona oyuncaq kimi verəndə bu alətin gələcəkdə Əhədin həyat tərzinə çevriləcəyini, onu musiqi aləminə gətirəcəyini heç düşünmürdü.

Əhədin fitri istedadı və güclü iradəsi var idi. 5-6 yaşında artıq o, qarmonda nəsə çalmağı bilirdi. Daha sonra onun çaldığını görüb anası, həmçinin, atası özü ilə toylara aparmağa başladı. Əhəd də Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Seyid Mirbabayev kimi xanəndələrə qulaq asırdı. Onların boğazlarında vurduğu zəngulələri qarmonun dilinə köçürməyə çalışırdı. Yəni Kor Əhəd yaradıcılıqla məşğul idi. 20 yaşında ona 14 dilli qarmon aldılar. Əhəd əvvəl qadın toylarına gedirdi, qadın dəf çalanlar onu müşayiət edirdi. Sonra yavaş-yavaş musiqiçi kimi yetişməyə başladı və kişi toylarına da getdi. Lakin bir az da məşhurlaşandan sonra Kor Əhəd hiss edirdi ki, qarmonda musiqini tam dolğunluğu ilə çalmaq üçün nəsə çatmır. Digər tərəfdən onun musiqi təhsili yox idi. O vaxt Azərbaycanda  qarmona texniki cəhətdən düzəliş edən, Bakıda yaşayan malakan  əsilli Arxip Karpuşkin adlı biri var idi. Əhəd Əliyevin təklifi ilə Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparıb və ilk dəfə qarmona yarım tonlar əlavə olunub, bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olub. Qarmonun Azərbaycanlaşdırılmasının ilk təşəbbüskarı Kor Əhəd olub. Bundan sonra xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Zakir Mirzəyev qarmon haqqında ilk dəfə elmi əsər yazıb. Burada qarmonun tarixini, yaranmasını, Azərbaycana gəlməsini, musiqi alətinin mənşəyini ilk dəfə o izah edib. Həmçinin Z.Mirzəyev əsərində qarmona yarım tonların əlavə edilməsinin Kor Əhədə məxsus olduğunu  da qeyd edib. Zakir Mirzəyev Kor Əhədin həyat və yaradıcılığını tam dərin təhlil edib. Düzdür, Əhəddən sonra da qarmon üzərində təkmilləşmə işləri gedib. 150 il bundan qabaqkı qarmonla indiki qarmon arasında sözsüz ki, fərqlər var. Amma bunun kökü dediyim səbəblərə görə,  birbaşa Əhədlə bağlıdır. Zakir Mirzəyevdən sonra qarmonun tarixi, mənşəyi Kor Əhədin həm ifaçı kimi, həm də qarmonda aparılmış konstruktiv elementlərin dəyişdirilməsi yönündəki əməyinə aid qarmon ifaçısı, tədqiqatçı, sənətşünaslıq doktoru Əhsən Rəhmanlı da monoqrafiya yazıb. Onun da monoqrafiyasında Əhəıd Əliyevin yaradıcılığına xüsusi yer ayrılıb. Ümumiyyətlə Əhəd Əliyev bir qarmon ifaçısı kimi həm tədqiqatçılar, həm də publisistlər tərəfindən heç vaxt unudulmayıb. Ən gözəl publisistik əsərlərdən birinin müəllifi “Xalq qəzeti”nin əməkdaşı, uzun illər Kor Əhədin böyük qızı Leyla Əliyeva Sultanzadə ilə dostluq və yaradıcılıq əlaqəsi saxlamış Rafiq Salmanovdur. Onun məqaləsi öz səmimiliyi ilə seçilir.

Söhbətimizə məşhur qarmonçalanın nəticəsi də qoşulur:


- Sevinc xanım, Əhəd Əliyev yalnız  virtouz qarmon ifaçısı olmayıb. O, tarda, sazda, pianinoda , tütəkdə  çaldığı gözəl ifaları ilə məşhur idi.  Həmin alətlərdə çalmağı necə öyrəndi?

-  Kor Əhəd öncə qarmonda, daha sonra tar, saz, tütək və pianinoda çalmağı öyrəndi. 28 il ABŞ-da yaşasam da ürəyim Azərbaycanda olub. Daim dostlarla qohumlarla əlaqə saxlamışam. Heç vaxt yadımdan çıxmaz, mən balaca olanda nənəm Leyla xanım atası haqqında ,yəni mənim ulu babam haqqında çox gözəl söhbətlər edərdi. Və həmişə mənə deyərdi ki, çalışın babanızın xalqımız qarşısında olan xidmətlər iunudulmasın. Daim onun adını uca tutun. Mən nənəmin vəsiyyətlərini heç vaxt unutmurdum və Azərbaycana gəlməyimdə də məqsəd bu il tamam olan 125 illik yubileyini qeyd etmək, onunla əlaqədar  digər tədbirləri həyata keçirmək və Milli Konservatoriyadakı elmi araşdırmaların üzərində işləməkdən ibarətdir. Tədbirin keçirilməsi ərəfəsində nənəmdən mənə yadigar qalan sandığı açdım. Sandıqdan maraqlı şeylər çıxdı. Bunlardan biri Əhədin gənclik şəklidir. Həmçinin, sandıqdan  Leyla xanımın xatirələri çıxdı. O, əl yazısı ilə Azərbaycan, həm də rus dilində xatirələrini dəftərə köçürüb. Amma onu sistemləşdirmək lazımdır.  Mən  belə bir xatirənin olduğundan xəbərdar idim, amma dəftərdə nələrin olduğu heç kimə agah deyildi. Hazırda xatirələrin dərc olunduğu yeni kitab üzərində işləyirik. Kitabın adını hələlik  “Kor Əhədin qarmonu” qoymuşuq.


- Leyla xanımın xatirələrindən bir neçəsini bizimlə bölüşə bilərsinizmi?

- Böyük məmnuiniyyətlə. Leyla xanım  xatirələrində yazıb:  “Bir gün Teyyub (Əhədin şagirdi) bizə gəlib atama dedi ki, “ustad, Üzeyir bəy sizi evinə dəvət edir”. Axşam atamın qolundan tutub Üzeyir bəygilə apardım. Üzeyir bəy bizi çox mehriban qəbul etdi. Süfrəyə çay gəldi. Üzeyir bəy bir qurtum çay içib sağ əli ilə bığını tumarlayaraq atama dedi:

- Oğlan, dünən radioda “Tərəkəmə” çalırdın, çox xoşuma gəldin. Sənin “Tərəkəmə”n başqalarına bənzəmir. Ona görə də belə qərara gəldim ki, səni Opera teatrına dəvət edim. Hə, qoçaq, razısanmı?

Atam bir qədər tərəddüddən sonra Üzeyir bəyə dedi:

-Ay, Üzeyir bəy, mən qarmon ilə operada nə edəcəyəm?

Üzeyir bəy də bığını tumarlayaraq cavab verdi:

-Heç nə, “Arşın mal alan”ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu “Tərəkəmə”ni çalarsan. Bir bunun xətrinə səni ora dəvət edirəm.

Sonra Üzeyir bəy ayağa qalxıb, sağ əlini atamın çiyninə qoyaraq dedi:

-Hə qoçaq razısanmı?

Atam da zarafatla cavab verdi:

-Neynək, bəyin sözündən çıxmaq olmaz”.


Nənəmin  yazdığına görə, Üzeyir Hacıbəyov ikinci dəfə də Əhədi öz evinə çağırıb, lakin nə üçün getdiyini bilməyiblər: “Biz qonşu otağa keçdik. Atam Üzeyir bəyin pianinosunun qarşısına keçdi. Üzeyir bəy gələnə qədər atam pianinoda çalmağa başladı. Hacıbəyov pianinonun səsini eşidib otağa daxil oldu və dedi:

-Əhəd, mən sənin qarmonda, tarda, sazda çaldığını bilirdim, amma pianinoda belə gözəl ifa etdiyini bilmirdim. Bu gün səni çağırmaqda məqsədim operaya solist kimi götürmək  istəyimlə bağlı idi. Ancaq pianinoda belə çaldığını görəndən sonra  artıq səndən soruşmuram. Sabahdan səni  solist təyin etdim””.

Pianino ilə əlaqəli xatirələr Azərbaycan mətbuatında hələki yayımlanmayıb. Bunu ilk dəfə sizə deyirəm. Xatirələrdə çox ağrılı yerlər də var.  Nənəm  yazıb: “Atam bir dəfə ona çay süzəndə dedi ki, “mən sənə baxanda xəcalət çəkirəm”. Səbəbini soruşdum, belə dedi: “Sən dünyaya gələndə mən bir ay ananla danışmadım. Görmədiyim üçün istəyirdim, oğlum olsun və əlimdən tutub məni gəzdirsin. Sən ki, əlimdən tutub məni neçə illərdir gəzdirirsən, mənə həm də oğul kimisən. Buna görə az qala, səndən üzr istəyəm”.
Mən ağladım və atama bunun borcum olduğunu dedim”. 
Yəni belə xatirələr çoxdur.



- Gülhüseyn müəllim, Kor Əhədin tələbələri kimlər olub?

- Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərik. O, Kor Əhədin yanında 6 il dəf çaldı. Gözəl müəllim-şagird münasibətləri olub. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə Məmmədağa Ağayev və Hacıbala Dadaşov ( Kor Hacıbala) onun tələbəsi olub. Həmçinin, Kor Əhədin tələbələrindən Salyanlı Rzanın da adını qeyd edə bilərik. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar. Sonra isə Adil Hüseynov öz qarmon fəaliyyəti ilə meydana gəldi. Teyyub Dəmirovun tələbəsi Abbas Abbasov, sonra Məmmədağa Ağayevin tələbəsi Musa Həsənov var idi. 
Lakin Əhədin ən parlaq tələbəsi Teyyub Dəmirov olub. O “Mən fəxr edirəm ki, hələ kiçik yaşlarımdan böyük ustadım Kor Əhədin yanında dəf çalmışam. Biz harda olmuşuqsa- məclisdə, toyda həmişə Əhədin barmaqlarını izləmişəm. Onun qarmonunu götürüb çalardım. Beləliklə, get-gedə bu yolla Əhədin dincəlməyindən və bir yerə getməyindən istifadə edib qarmon çalmağı öyrəndim. Məni bu yola təhrik edən yalnız müəllimim Əhədin böyük sənəti və qayğısı olub”-,deyə bildirib.

Yubiley gecəsində Teyyub Dəmirovun oğlu xalq tərəfindən böyük sevgi və hörmətə layiq bir ifaçı kimi qəbul olunan Teyyub Teyyubov da bir xatirə danışdı. O dedi ki, bir dəfə hansısa toyda Əhəd  Əliyev istirahətə gedəndə dəf çalan Zeynəb xanım atasına deyir ki, qarmonu götür bir hava çal. Lakin atası “yox mən qorxuram, müəllimim hirslənər” deyib.

“Zeynəb xanım atama deyib ki, qorxma müəllim hirslənsə deyərəm ki, mən demişəm. Beləliklə, atam Teyyub Dəmirov Əhədin qarmonunu götürüb çalır. Səsə qayıdıb gələn Kor Əhəd qarmonun kimin çaldığını soruşur. Bu ifanın Teyyub Dəmirova, yəni öz şagirdinə məxsus olduğunu Zeynəbdən eşidincə çox təəccüblənir və deyir ki, “sən ki belə qarmon çalırsan, onda niyə dəf götürürsən? Bu gündən keç qarmon çal”. Və beləliklə ona xeyir-dua verir”.



- Kor Əhədi məşhurlaşdıran şəxslərlə bağlı da müəmma var. Kimisi Cabbar Qaryağdıoğlu, kimisi Müslüm Maqomayev, kimisi də Üzeyir Hacıbəylinin adını çəkir. Əslində Kor Əhədi məşhurlaşdıran, onu kəşf edən kim olub?


- Əhəd Əliyevi ilk dəfə məşhurlaşdıran Müslüm Maqomayev olub. O vaxt insanlar toydan-toya  tanınırdı.  Kor musiqiçi də o qədər çox deyildi. Onu da deyim ki, qadınlar da toylara getməzdən qabaq qarmonçalanın kim olacağını soruşurdular. Elə musiqi var ki, çalınanda adam oynamaq istəməz, amma elə musiqi də var, çalınanda adam yerində dura bilməz. Əhədin ifaları ikinci kateqoriyaya aid idi. Azərbaycan radiosu da yeni açılmışdı. 1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti - qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb edib. Böyük bəstəkar "Arşın mal alan" operettasındakı toy səhnəsində "Tərəkəmə" rəqsini çalmaq üçün Əhəd Əliyevi solist kimi operaya qəbul edib, ona xüsusi qayğı və diqqət göstərib. Və Üzeyir bəyin təklifi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünə gedən nümayəndə heyətinin tərkibinə Əhəd Əliyev də daxil edilir. Qeyd etmək lazımdır ki, “Şah İsmayıl” operası üzərində işləyərkən Müslüm .Maqomayev Şah İsmayılla Gülzarın ilk dəfə görüşdüyü səhnədə onların “Segah” muğamı üstündəki ifalarını nota alarkən Əhəd Əliyevin qarmonda “Segah” ifasında işlətdiyi xırdalıqlardan istifadə edib.

- Sosial şəbəkə hesabınızda qeyd etmisiniz ki, “Əhəd Əliyev “Segah”ı çalanda mənə elə gəlir ki, elə öz dərdini çalır”. Onun dərdi nə idi?


-  Leyla xanım xatirələrində qeyd edib: “Atamın xətrini Üzeyir bəy çox istəyirdi. Bizim evə Cabbar Qaryağdıoğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Zülfi Adıgözəlov tez-tez gələrdilər. Rəhmətlik Cabbar əmi atamın “Bayat-Qacar” çalmasından çox xoşu gələrdi. Zülfü Adıgözəlov isə atamın “Segah”ını bəyənərdi. Atam “Segah”ı bitirən kimi Qurban əmi tarı atama uzadıb deyərdi:

-Əşi, sən mənim canım, o barmaqları tara da vur!

Sonra atamı qucaqlayıb zarafatyana deyərdi:

-Əşi, bu ərəbi-qiblə haqqı, sən məndən yaxşı ifa edirsən”.


Yəni o dövrdəki sənətkarlar bir-birinə qiymət verirdi. Bu gün təəssüf ki, belə deyil. Əhəd Əliyev ancaq dərd içində boğulmadı. Əgər dərdi var idisə də, onun qəlbində idi. Onun  “Segah”  ifası niyə hamının xoşuna gəlirdi? Mənə elə gəlir ki, Əhəd heç kimə deməyi, ailə üzvlərindən gizlətdiyi dərdini çalırdı. Bu səbəbdən insanların qəlbinə yol tapa bilmişdi. Çünki hərənin qəlbində müəyyən nisgil, dərd var.
 


- Sevinc xanım, Əhəd Əliyevin qızı Leyla xanımın - nənənizin xatirələri haqqında danışdınız.  Ümumiyyətlə onun ailə üzvləri ilə bağlı ətraflı məlumat verə bilərsinizmi?

- Əhəd Əliyevin 5 övladı olub. Onlardan 2-si qız, 3-ü isə oğlan idi. Böyük qızı Leyla xanım-mənim nənəm 1921-ci ildə anadan olub. Ali təhsilli mühəndis idi. Uzun illər dövlət orqanlarında işləyib və axırıncı iş yeri Dövlət Dəmiryolu İdarəsi olub. O, fəxri dəmiryolçu idi. Nənəm Leyla xanımın həyat yoldaşı babam Həsən Yusifoğlu Sultanzadə Şamaxı əsilzadələrindən idi. O, Azərbaycan respublikasının əməkdar mühəndis-energetiki olub. Təsadüfən Leyla xanımın da, Həsən bəyin də anasının adı Fatma idi. Onlar bir-birini çox sevir və hörmətlə yanaşırdılar. 
Həsən bəyin qardaşı qızlarından Təhminə xanımın nəvəsi Cəmilə Gül mənim  xahişimlə Əhəd Əliyevin portretini çəkib. Cəmilə Gül Rəssamlıq Akademiyasında oxuyub, digər tərəfdən də Azərbaycanın ilk okeonaqrafların biri, Azərbaycan  Elmlər Akademiyasının müxbir üzvü, professor Gülün nəticəsidir.
Kor Əhədin ilk nəvəsi mənim atam Çingiz Sultanzadə olub. Leyla xanımın digər  oğlunun adı isə Yusif idi. 
Kor Əhədin digər qızının adı Suğra idi. Suğranın 3 qızı - Rəna, Arifə və Təranə, bir oğlu- Arif var idi. Onlardan yalnız biri-Arifə xanım yaşayır. Kor Əhədin birinci oğlu Kərim müharibədə itkin düşüb. Amma digər oğulları Ənvər və Azərin gözəl ailə həyatı olub. Ənvərin bir qızı və bir oğlu var. Qızının adı Güldanədir. Oğlu isə ulu babamın adını daşıyır. Azərin isə 2 qızı- Fatma və Azadə var. Kor Əhədin nəvələrindən atam Çingiz Sultanzadə, Arifə , Güldanə və Əhəd yaşayır. Nəticələri isə çoxdur.


Mən Əhəd Əliyevin ilk nəticəsiyəm və ailədə yeganə musiqiçi də mənəm. Eyni zamanda, musiqi tədqiqatı ilə məşğul oluram. ABŞ-ın Virciniya ştatında Riçmond Universitetində  bakalavr təhsili almış və vokal şöbəsini bitirmişəm. Hələ universitetdə oxuyarkən bir qrup tələbə ilə Fransa , İtaliya və Almaniyada dünya şöhrətli bəstəkarların əsərlərini ifa etmişəm.  Nyu-York şəhərində Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli yığıncaqda ilk dəfə himnimizi ana dilimizdə, ABŞ himnini ingilis dilində oxumuşam.
2008-ci ilin 10 mayında Nyu-York şəhərində Aleksandr Hamelton sarayında 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının 90 illiyi və Azərbaycan ümummilli lideri Heydər Əliyevin 85 illiyinin qeyd edilməsi üzrə keçirilən konsertdə  fəal çıxışıma görə Azərbaycan-Amerika Dostluq Cəmiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşam. Qeyd edim ki, həmin konsert Azərbaycanın Amerikadakı səfirliyinin və Azərbaycan-Amerika Dostluq Cəmiyyətinin prezidenti Tomris Azərinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi.


Hələ Amerikada olarkən ilk dəfə olaraq elmi vokal pedaqoji çərçivədə Azərbaycan xanəndə və aşıqlarının səs aparatında səsin yaranma, hasil olma, səs tellərinin elmi emprik, fizioloji və funksional xüsusiyyətlərinin tədqiqi məsələsini qaldırdım. Bu zaman mən hələ magistraturada oxuyurdum. Bununla əlaqədar ABŞ-ın Pirinston şəhərində Rayder Universitetinin Vestminister xor kollecində magistr elmi işini müdafiə etmişəm. Azərbaycana gəlişimin ikinci məqsədi isə Amerikada başladığım həmin işin ilk dəfə Azərbaycanda aparılmasını, bu sahənin daha dərindən və əhatəli öyrənilməsini  Azərbaycan Milli Konservatoriyasının doktorantı kimi həyata keçirməkdir. Doktorluq elmi işimin dəqiq adı isə belədir: “Azərbaycan xanəndə və aşıqların səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”.


- Gülhüseyn müəllim, maraqlıdır, Əhəd Əliyevin hansı ifaları qalıb?

- Onun iki əsəri günümüzə gəlib çıxıb. Sazda ifa etdiyi “Cahargah” və qarmonda ifa etdiyi “Segah” bizə yadigar qalıb. Amma araşdırmalarımızdan sonra məlum oldu ki, Əhəd Əliyevin bir valı da var. Düzdür, musiqi aləmində onun bir valı olduğu bilinirdi. 1938-ci ildə, hələ özünün sağlığında Kor Əhədin bir valı  buraxılıb. Valın bir tərəfi “Segah”dır, bir tərəfi “Bənövşə xalq rəqsi”dir, onu başqa adamlar çalıb. Yeni ikinci valı biz Lənkəranın Cil kəndində tapdıq. Valı həmin kəndin sakini Lənkəran Mədəniyyət və Turizm  İdarəsinin əməkdaşı Əli Əkbərov öz evində neçə illərdir ki, qoruyub saxlayırdı. Yubiley gecəsində Sevinc xanıma təqdim etdi və qramafon vasitəsilə səsləndirildi. Qramafonu isə bizə istifadə üçün böyük lütfkarlıqla Azərbaycan Səsyazmaları Arxivinin direktoru Yaqub Mədətov verimişdi.

Kor Əhədin sonuncu çaldığı muğam “Bayatı Qacar” olub. Qızı Leyla xanım yazıb: “1942-ci ildə atam Lənkərana qastrola getmişdi. Orada necə oldusa, xəstələndi. Sonra atamı Bakıya gətirdik. Burada bir müddət yataqda yatandan sonra vəziyyəti getdikcə ağırlaşdı. Hərarəti 39-40 dərəcədən aşağı düşmürdü. Günlərin bir günü dəf çalan Xalıq dayı  bizə gəldi, amma içəri girmədi. Mənə “qızım Leyla, get atana de ki, mənim üçün bir “Bayatı Qacar” çalsın, sonra içəri girim”-, dedi. Mən duruxdum, amma Xalıq dayı narahat olmamağımı bildirdi. Atam “Bayatı Qacar”ı çalmağa başladı və  muğamın zəminxarə hissəsinə çatanda  Xalıq dayının gözlərindən yaş axdı. Bundan sonra Xalıq dayı içəri girdi və atamla görüşdülər. Fevralın 17-də isə atam vəfat etdi”.



- Fevralın 15-də  Beynəlxalq Muğam Mərkəzində Kor Əhədin 125 illik yubiley gecəsi keçirilib. Bununla bağlı bizə daha ətraflı məlumat verə bilərsinizmi?

Gülhüseyn Kazımlı:

- Bəli. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və "Mədəniyyət" kanalının dəstəyi ilə məşhur qarmon ifaçısı Əhəd Əliyevin 125 illik yubileyi keçirildi. Həmin gecənin aparıcısı mən idim və gecəni Leyla xanımın xatirələri əsasında qurmuşdum. Tədbirin  hazırlanmasında Əhədin nəticəsi, mənim tədqiqatçı yoldaşım-Aleksandriya Sevinc Sultanzadə fon Brüseldorffun əziyyəti böyük olub.  Tədbir keçirilməmişdən qabaq çox düşündük və qərar verdik ki, Bakıda korlar üçün musiqi məktəbinə də gedək. Ora gözdən əlillər üçün  38 nömrəli uşaq musiqi məktəbidir. Məktəbdə 200-ə yaxın uşaq oxuyur və onlar pianino, qarmon, tar, kamança kimi müxtəlif musiqi alətlərində çalmağı öyrənirlər. Uşaqlarla yanaşı, müəllimlərdən də bir neçəsi gözdən əlildirlər. Biz onlarla  həmsöhbət olduq. Uşaqlardan Kor Əhədi tanıyıb-tanımadıqlarını soruşduq. Onlar  sualı təəccüblə qarşılayıb dedilər ki “Kor Əhəd bizim babamızdır”. 
O uşaqlar yubiley gecəsində çox yaxından iştirak etdilər. Məktəbin şagirdlərindən biri Məhəmməd Abışov çox fenomenal qarmon ifaçısıdır. Onun keçən il Rəşid Behbudov adına mahnı teatrında solo konserti olub. Onu da yubiley konsertinə dəvət etdik və Məhəmməd Abışovun ifası  tamaşçıların xüsusi rəğbətini qazandı. Tədbir xalq artisti, professor Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının ifası ilə başlandı.  Yubiley gecəsi qarmonçalanların ifasında Əhməd Bakıxanovun “Bayatı-Qacar” rəngi ilə sona çatdı.



Sevinc Sultanzadə:

-Öncə bu tədbirin keçirilməsinə görə , ümumiyyətlə Azərbaycanda mədəniyyətə, xüsusilə muğam sənətinə göstərilən diqqət və qayğıya görə ölkənin birinci vitse-prezidenti, YUNESKO-nun  xoşməramlı səfiri, Heydər Əliyev adına Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Dünyanın heç yerində analoqu olmayan belə gözəl Beynəlxalq Muğam Mərkəzinin,muğamsevərlərin ixtiyarına verilməsi Mehriban xanımın muğam sənətimizə verdiyi böyük qiymətin bir hissəsidir.

Tədbirin təşkilatçısı-Beynəlxalq Muğam Mərkəzinə və onun direktoru, Xalq artisti Murad Hüseynova, informasiya dəstəyi göstərən “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımova öz dərin minnətdarlığımı bildirirəm.

Bu işdə əməyi olan hər bir kəsə, dəyərli məsələhətlərinə görə Xalq artisti,bəstəkar Tofiq Bakıxanova, sənətşünaslıq doktoru,YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə nümayəndəsi,əməkdar incəsənət xadimi Sənubər Bağırovaya, fəlsəfi doktoru, gecənin aparıcısı, mənim tədqiqat yoldaşım Gülhüseyn Kazımlıya və onun həyat yoldaşı, Beynəlxalq Muğam Mərkəzinin redaktoru Validə Kazımovaya da səmimi təşəkkür edirəm.


Gecədə ürəkdən çıxış edən musiqi xadimlərimizə- Xalq Artistləri Möhlət Müslümova , Mələkxanım Eyyubovaya,  Aftandil  İsrafilova, Ənvər Sadıqova, Əməkdar  artistlər  Zakir Mirzəyeva, Fərqqanə Qasımovaya ,Sahib Paşazadəyə, Ehtiram Hüseynova, Cahangir Qurbanova, əməkdar müəllim Qəzənfər Abbasova,  ifaçılar Teyyub Teyyuboğluna , Aydın Əliyevə, Əhsən Rəhmanlıya, “Çeşmə” folklor qrupuna və onun rəhbəri,əməkdar mədəniyyət  işçisi Gülarə Azaflıya, gözdən əlillər üçün  38 nömrəli uşaq musiqi məktəbinin direktoru Əsəb Əliyev və məktəbin şagirdi Məhəmməd Abışova, onun müəllimi Vüsal Qəhrəmanova, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənova, qəzetin əməkdaşı Rafiq Salmanova, qısa müddət ərzində Əhəd Əliyevin yağlı boya ilə işlənmiş potretini çəkmiş mənim bibim nəvəsi Cəmilə Gülə, qohumlarıma və dostlarıma - bu tədbirdə iştirak edən hər kəsə öz səmimi təşəkkürümü bildirirəm.

Bu tədbirin və Kor Əhəd haqqında ilk kitabın ərsəyə gəlməsi üçün keçdiyim yol nə qədər uzun olsa da, onun nəticəsi kimi məni az da olsa qane edir. Qeyd edim ki, bu tədbirlərə 2 ildən çox vaxt sərf etmişəm. Ulu babam Kor Əhəd bu çalışmalara layiqdir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə nənəmin vəsiyyətidir. Üçüncü tərəf də var: O isə mənim övlad borcumdur. Hesab edirəm ki, bu borcun bir hissəsini yerinə yetirmişəm. Yubiley ili davam edir. Tədbirlərimiz isə çoxdur. Düşünürəm ki, bunları da musiqisevər, yaxşı insanların və yaradanın köməyi ilə həyata keçirə biləcəyik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi