Modern.az

Uşaqların ucuz və keyfiyyətli dincəlməsinə imkan varmı? (ARAŞDIRMA)

Uşaqların ucuz və keyfiyyətli dincəlməsinə imkan varmı? (ARAŞDIRMA)

Reportaj

27 İyul 2011, 17:38


“Hər gün istidən əldən düşmüş halda işdən evə çatanda qızım soruşur ki, nə vaxt gedirik dincəlməyə? 10 yaşı var, hər gün əylənmək, dənizə getmək istəyir. Biz isə həftə sonunda  zorla imkan tapıb çimməyə gedə bilirik. Uşaq bütün günü evdə əlində pult televizorun qarşısındadır, ya da kompüterdə oynayır, çox darıxır”.

Dərdini bizimlə bölüşən Səbinə xanım deyir ki, onun özü uşaq ikən yayda qətiyyən əziyyət çəkməyib. Çünki valideynləri onu həmişə uşaq düşərgəsinə qoyublar. Ordakı rejim sayəsində nizam-intizamlı olmağı öyrənib. Həm də düşərgədə tanış olduğu uşaqlarla indiyədək əlaqə saxlayır.

Məktəblilərin heç 1 faizi düşərgəyə gedə bilmir

Bakıda uşaq düşərgələrinin az olması  Səbinə kimi bir çox valideyni pis vəziyyətdə qoyub. Axı Azərbaycanda hər il 1 milyondan çox məktəbli tətilə çıxır. Bakı üzrə bu göstərici təxminən 400 mindir. Amma onlardan heç 1 faizinin də düşərgələrdə dincəlmək imkanı olmur. Çünki uşaq istirahət düşərgələrin özləri yox səviyyəsindədir. Ölkə üzrə cəmi 10-a yaxın düşərgə fəaliyyət göstərir ki, onlarda dincəlmək üçün azı 200 manat tələb olunur. 

Ukraynada “Artek”, Rusiyada “Oqonyok”, Azərbaycanda  “Qağayı”...  Bunlar vaxitlə SSRİ-nin  ən populyar uşaq düşərgələri idi. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalanları isə digər səfalı rayonlarımızda olub.

Düşərgələrin sayı bəlli deyil

İndi isə ölkədə nə qədər düşərgə qaldığı bəlli deyil. Dövlət Statistika Komitəsindən aldığımız cavaba görə, bu qurum uşaq düşərgələrinin statistikasını aparmır. Odur ki, çarə ayrı-ayrı nazirliklərdəki düşərgələrin sayını öyrənməyə qalırdı.

Belə də etdik. Araşdırma nəticəsində bəlli oldu ki, hazırda məktəblilərin dincəlməsi üçün 10-a yaxın istirahət düşərgəsi fəaliyyət göstərir. Onlardan 4-ü ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərir, qalanları isə özəldir.

Dövlət düşərgələrə sahiblik etmir

Düşərgələrin fəaliyyətinə hansı qurum nəzarət edir? Araşdırma zamanı bu suala konkret cavab tapmaq mümkün olmadı. Təhsil Nazirliyinin Tərbiyə və Məktəbdənkənar Müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimovun Modern.az-a açıqlamasına görə, indi uşaq istirahət düşərgələrinin təşkilinə bu nazirlik birbaşa cavabdeh deyil:

"SSRİ dönəmində bu məsələyə Həmkarlar İttifaqları baxırdı. Bu qurum məktəblilərin yay istirahətinin təşkilində Təhsil Nazirliyinin köməyindən istifadə edirdi. Artıq bu fəaliyyət dayandırılıb. İndi heç düşərgələrin özləri də qalmayıb. Onların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb. Ola bilər ki, gələcəkdə qaçqın və məcburi köçkünlər başqa məkanlara yerləşdirildikcə, həmin düşərgələrin də fəaliyyəti bərpa olunsun”.

Valideyn yay məktəbi üçün müraciət edə bilər

Nazirlik təmsilçisi sayta açıqlamasında onu da qeyd edib ki, əvvəllər məktəblərdə də yay istirahət düşərgələri  təşkil olunurmuş. Lakin indiki iqlim dəyişikliyi ilə əlaqədar məktəbdə düşərgə təşkil etmək məqsədəuyğun olmaz:

“Bu cür  istidə məktəbin bir otağında 15 uşağı bir yerdə yatırtmaq düz olmazdı. Amma onun ekvivalenti olaraq rayonlarda yay məktəbləri, müxtəlif tədbirlər təşkil edilir. Belə yay məktəbləri Sumqayıt, Lənkəran, Zaqatala və digər rayonlarda var. Qeyd edim ki, həmin yay məktəblərini valideynlərin müraciəti əsasında bələdiyyələr, icra hakimiyyətləri  təhsil şöbələri ilə birgə təşkil edirlər. Paytaxtda da valideynlər Təhsil şöbələri, Həmkarlar İttifaqları Konfederasiyasına müraciət edə bilərlər. Belə yay məktəblərində şagirdlərə yemək verilmir və onlar yalnız günün müəyyən hissəsini orada olurlar”.

Sumqayıtda məktəb-düşərgələr bağlanıb  

Yeri gəlmişkən, ötən ilə qədər Sumqayıtın 46 məktəbində düşərgələr fəaliyyət göstərirmiş. Məktəbdə düşərgələrin işi ilə tanış olmaq üçün Sumqayıta da baş vurduq. Məlum oldu ki, ötən ilə qədər mövcud olan bu praktikaya bu ildən son qoyulub. Bu ilə qədər yay vaxtı hər məktəbdən 50 şagird istirahət üçün düşərgələrə göndərilirmiş. 20 günlük istirahət zamanı uşaqları müxtəlif ekskursiyalara – muzeylərə, tarixi yerlərə, şəhərin görməli yerlərinə, parklara, hətta Qubaya gəzintiyə də aparırlarmış. Düşərgə müddətində şagirdlər üçün müxtəlif oyunlar, idman yarışları, görüşlər, intellektual debatlar, kompüterlə məşğul olmaq və s. maraqlı tədbirlər təşkil olunurmuş.

Amma Sumqayıt İcra Hakimiyyətinin Təhsil şöbəsindən aldığımız məlumata görə, bu ildən etibarən belə düşərgələrin təşkili qadağan olunub. Halbuki, həmin düşərgələrdə 2500-ə yaxın şagirdin dincəlməsinə imkan yaranırdı.

Düşərgələrin çoxu Şüvəlandadır

Fəaliyyətdə olan düşərgələrin axtarışına çıxarkən yolumuzu ilk olaraq reklam olunan, elanları daha çox yayılan çox Çingiz Mustafayev adına düşərgədən - Şüvəlandan saldıq.

Uşaq düşərgəsinin Daxili İşlər Nazirliyinə aid olması ilk olaraq onun yerləşdiyi ərazidən hiss olunur. Çünki düşərgə məhz kənddəki  həbsxana ilə üzbəüzdə yerləşir. Düşərgə əksər istirahət mərkəzləri kimi sovet dövründən qalıb. O vaxtlar ilk kosmonavt Yuri Qaqarinin adını daşıyan pioner düşərgəsinə indi milli qəhrəman Çingiz Mustafayevin adı verilib. Düşərgənin həyətində hər iki qəhrəmanın büstləri qalır.

Ç.Mustafayev adına düşərgədə hələ də sovet rejimi qalır

Bu düşərgədə qrafik ciddidir. “Sakit saat” vaxtı ayaq üstə kimisə tapmaq olmaz. Uşaqlar yatmazdan əvvəl mütləq paltarlarını səliqə ilə çarpayılarının yanından asmalıdırlar. Düşərgənin direktoru Raqif Şirəliyev etiraf edir ki, burda hələ də sovet dövründən qalma rejim tətbiq olunur:

“Amma uşaqları belə rejimə öyrəşdirmək asan olmur, vaxt aparır. Xüsusilə də vaxtla yeməyə öyrəşmirlər. Düşərgəmizdə ciddi olaraq gündə 3 dəfə yemək, 2 dəfə də qəlyanaltı verilir. Axşam yatmazdan əvvəl qatıq içirlər. Uşaqlar hər gün dənizə getmək istəyirlər. Amma buna icazə verilmir. Bizim basseynimiz var, amma təmirsiz olduğuna görə işlətmirik”.

Azərbaycanın hər yerindən uşaqların axışıb gəldiyi bu düşərgədə bəziləri dözə bilmir. Ona görə də bir neçə gündən sonra valideynləri gəlib onları aparır. Amma elələri var ki, 6-7 il ardıcıl olaraq məhz bu düşərgəyə gəlir.

Nağıl və kino axşamları, diskotekalar təşkil olunur

Düşərgə hər biri 21 günlük 3 növbədə işləyir. Hər növbədə 100 uşaq qəbul etmək imkanı var. Birinci növbədə nisbətən az uşaq olsa da, iyul və avqustda düşərgə demək olar tam dolu olur.

Əyləncələrə gəlincə, uşaqlar üçün nağıl axşamları, diskotekalar təşkil olunur. Tez-tez kukla teatrının tamaşaları olur. Ayda bir dəfə ANS əməkdaşlarının xüsusi tədbiri  keçirilir. Düşərgənin təmirli və son model avadanlıqla təchiz olunmuş film klubu da var. Bura 3 həftəlik putyovkanın qiyməti 240 manat, DİN işçilərinin uşaqları üçünsə 120 manatdır.

Şüvəlanda olarkən, burada digər uşaq düşərgələrinin olduğunu da öyrəndik. Bunlardan biri -  “Cırtdan” Uşaq İstirahət Mərkəzi Gənclər və İdman Nazirliyinin balansındadır. Nazirlikdən aldığımız məlumata görə, mərkəz 2000-ci ildən bu qurumun balansına verilib. 2005-ci ildə fəaliyyətini dayandırıb. Bu ildən tamam yeni görkəmdə işə başlayıb. Aprelin 15-də düşərgənin təmtəraqlı açılış mərasimi baş tutub.

Hər il 1000-dən çox uşaq “Cırtdan”da dincələ bilər  

Mərkəzin direktoru Samir Babayev bizi yeni təmir olunmuş düşərgə ilə tanış etdi. 2 mərtəbəli əsas korpusda 112 çarpayı yerlik yataqxana otaqları, 100 nəfərlik yeməkxana, trenajor zalı, hər mərtəbədə həkim otağı, tərbiyəçi-müəllim otaqları, sanitar qovşaqlar, duş otaqları, foyedə televiziya izləmə yerləri, təsərrüfat və s. köməkçi otaqlar yaradılıb. Mərkəzin bütün binalardakı otaqları kondisionerlər və mebel avadanlıqları ilə təchiz edilib. Yaradıcılıq binasında konfrans zalı, kompüter tədrisi otağı, şahmat və stolüstü oyunlar otağı, təsviri-incəsənət otağı, digər dərnək otaqları və köməkçi otaqlar var. Bunlarla yanaşı, qonaq otaqları da var.

Mərkəzin 1 hektarlıq ərazisində süni ot örtüklü futbol meydançası, basketbol-voleybol meydançası, açıq üzgüçülük hovuzu, bədən tərbiyəsi məşqləri üçün kiçik meydança mövcuddur. Bundan əlavə, açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün 55 oturacaq yerlik səhnə, 6 ədəd açıq havada köşk-çardaqlar (besedka) yaradılıb.

Türkiyədən gəlib Şüvəlanda dincəliblər

Burda şəraitə uyğun olaraq dincəlməyin  qiyməti də bahadır. Belə ki, “Cırtdan”da dincəlmək istəyənlər  2 həftəlik putyovka üçün  210 manat ödəməlidirlər. Burada artıq 2 növbə uşaqlar dincəlib. Hətta iyulun əvvəlində düşərgədə Türkiyədən gələn gənclər də dincəliblər.

Şüvəlanda olanda öyrəndik ki, burada Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” düşərgəsi də var. Amma bu məkan yay ərzində cəmi 15 günlüyünə  fəaliyyət göstərir. Və bu düşərgəyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) yollayış almaq mümkündür.

Həmkarlar İttifaqlarının hesabına 1200 uşaq pulsuz dincəlib

Ümumiyyətlə, AHİK-ə məxsus 4 uşaq istirahət mərkəzi var. Bu təşkilatın Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov deyir ki, 2010-cu ilin yay mövsümündə 3 növbəli dörd uşaq istirahət düşərgəsi fəaliyyət göstərib. Bunlardan ikisi Nabranda (Xaçmaz rayonu) Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının düşərgəsi olub. “Xidmət-İş” Həmkarlar Federasiyasının bir düşərgəsi və nəhayət qeyd ediyimiz kimi Milli Elmlər Akademiyasının Şüvəlanda bir düşərgəsində uşaqların yay istirahəti təşkil edilib.

“Ötən il bu istirahət ocaqlarında 2400 uşaq dincəlib. AHİK vasitəsilə alınan yollayışların qiyməti daha ucuz - 103 manat olub. Uşaqların yarısı – 1200 nəfəri ümumiyyətlə pulsuz putyovka alıblar. Pullu istirahət edənlər isə qiymətin cəmi 15%-ni ödəyiblər. Bu zaman xərclərin 50%-ni Dövlət Sosial Müdafiə Fondunun sağlamlığın bərpası və digər tədbirlərin həyata keçirilməsi üçün ayrılan vəsait hesabına, qalan hissəsi isə müəssisələrin və onların həmkarlar ittifaqı komitələrinin ayırdığı məbləğ hesabına ödənilib”.

Gənclər və İdman Nazirliyi də yay istirahət düşərgələrinin təşkilində iştirak edir, amma uşaqlar üçün deyil, gənclər üçün olan düşərgələrin. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova  bildirib ki, yay düşərgələrinin təşkil edilməsi ilə bağlı gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrə nazirliyin hər zaman dəstəyi olur.

Düşərgə ərazisində qoyun otarılır

Araşdırma zamanı bəlli oldu ki, əvvəllər mövcud olan uşaq istirahət məkanlarının əksəriyyətində indi qaçqınlar məskunlaşıb. Belə düşərgələrdən biri Pirşağıdakı “Lokomotiv”dir. Əraziyə ilk baxışdan görünür ki, burda sovet vaxtından heç nə dəyişməyib – hətta mərkəzin adı da kiril əlifbası ilə yazılıb. Düşərgənin geniş ərazisi tamamilə baxımsız hala düşüb. Mərkəzin ərazisində yerləşən tarixi abidə - hamam və onu tikdirən Kəbleyi Vəliməmmədin büstünün ətrafı səliqəsiz haldadır. Ot basmış ərazidə yaşayan insanlar burda kənd təsərrüfatı ilə məşğul olur, toyuq, qoyun saxlayırlar. Düşərgənin kənarında isə xırda satış köşkləri, yeməkxanalar işlədilir.

Düşərgələr yox, yay məktəbləri

Yay düşərgələrini axtardığımız vaxt daha çox yay məktəbləri ilə rastlaşdıq. Belə məlum oldu ki, Azərbaycanda  ənənəvi düşərgələrdən daha çox  bir neçə günlük, uzağı bir həftəlik kurs tipli düşərgələr daha çoxdur. Bu cür məktəblər adətən QHT-lər tərəfindən təşkil olunur və pulsuz olur. Belə düşərgələrdə hansısa təbəqəyə məxsus uşaqlar dincəlmək imkanı qazanırlar.

Məsələn, iyunun 24-27-də “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə Şüvəlanda “Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiya layihəsi” çərçivəsində yay düşərgəsi baş tutub. Düşərgədə sağlam uşaqlarla yanaşı, müəyyən fiziki qüsuru, xəstəliyi olan məktəblilər də dincəliblər. Bu düşərgəyə qatılan 30 uşağa onların hüquqlarına dair təlimlər keçirilib. Ötən il “NUR” təşkilatı qaçqın və məcburi köçkün uşaqlar üçün Qubada oxşar düşərgə təşkil edibmiş.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə konkret olaraq bildirdilər ki, qurum hər il yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay məktəbləri təşkil edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə  diabetli uşaqlar üçün Gəncədə yay məktəbi təşkil olunub. 15 günlük düşərgədə yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaq istirahət edib.

Azərbaycan Uşaqlar Birliyi iyunun 20-26-da insan alverinin qarşısının alınması üzrə yeniyetmələr üçün yay məktəbi təşkil edib. Səbail Rayon İcra Hakimiyyətinin aztəminatlı ailələrindən olan yeniyetmələr üçün Quba rayonunda “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi təşkil edib. Məlum oldu ki, belə düşərgə artıq 5-ci ildir təşkil olunur və bu dəfə Bakı Türk Liseyinin Quba filialındakı düşərgədə 160 uşaq istirahət edəcək.

“İREX” təşkilatının Lənkəran İcma Məlumat Mərkəzi Amerika Sülh Korpusunun könüllüləri ilə birgə Lənkəran Xüsusi İnternat məktəbində məktəblilər üçün 5 günlük yay düşərgəsi təşkil edib.

Bilgəhdəki düşərgələrdən birində isə “Məslək” Əqli və Fiziki Qüsurlu Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə sosial cəhətdən həssas uşaqların istirahəti təşkil olunub. Qurumun rəhbəri Vəfa Seyidova deyir ki,  burada xüsusi təbəqəyə məxsus (müəyyən sağlıq problemi olan, qaçqın, əlil və s.) uşaqlar üçün düşərgə keçirilir. Çox gözəl şəraiti olan bu mərkəzdə iqlim şəraiti imkan verdiyi halda hər gün uşaqları dənizə aparılır, asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif növ əyləncələr təşkil olunur.  

Göründüyü kimi, indi uşaqların pullu düşərgələrdə istirahətindən daha çox pulsuz, ayrı-ayrı qurumlar tərəfindən təşkil edilən məktəblərdə istirahətinə daha çox imkan var.

Xarici ölkələrdə düşərgələr saysız-hesabsızdır

Amma keçmiş sovet respublikalarından fərqli olaraq Rusiyada düşərgələrin sayı çoxdur və ildən-ilə artır. Təkcə Sankt-Peterburqda 40-a yaxın uşaq düşərgəsi var. Avropada da uşaqların düşərgədə dincəlməsi geniş yayılıb. Bu düşərgələr növləri, fəaliyyət istiqamətləri, şəraiti və təbii qiyməti ilə fərqlənir.

Azərbaycanın imkanlı valideynləri uşaqlarını əsasən xaricdəki dil öyrənmək düşərgələrinə göndərirlər. Bu cür düşərgələrdə 2 həftəlik dincəlmək 1000-1500 avroya başa gəlir. Almaniyada Höte İnstitutunun nəzdində düşərgənin 2 həftəsi 1000 avro, İspaniyada “EnfoCamp”da 1050 avroya, Londonda 1500 avroyadır.

Dünyada uşaqlar üçün macəra tipli düşərgələrdə mövcuddur. Məsələn, Rusiya və bəzi Avropa ölkələri üzrə (İspaniya, Bolqarıstan, Fransa, Xorvatiya) “Casusların uşaqları”, “Qaya şəhərinin sirri”, “Robinzoniada” kimi düşərgələr fəaliyyət göstərir. İki həftəlik yollayışı 1000-1200 dollar olan bu düşərgələrdə uşaqlar əsasən ekstremal ekskursiyalara, dağ və meşələrə gəzintilərə çıxırlar. Mağaralarda, qayalar dibində çadırlar qurub orada qalırlar.

Ümumiyyətlə, müxtəlif ölkələrdə uşaq düşərgələrinin müxtəlif növ və istiqamətdə olur. Məsələn idman düşərgələrində uşaqlara üzməyi, at sürməyi, aykido və karate kimi döyüş üsullarını öyrədirlər. Polşanın Putsko şəhərində 2 həftəlik düşərgədə  vindserfinqi öyrənmək mümkündür.

Qəribə görünsə də, bəzi ölkələrdə hətta dini təmayüllü düşərgələr də var. Tatarıstanda 20-yə yaxın müsəlman düşərgəsi var. Burda uşaqlar əylənməklə yanaşı, Quranı, müsəlman qaydaları və İslam normalarını öyrənirlər.

Bakıda milli düşərgə də olub

Araşdırma zamanı o da bəlli oldu ki, Bakıda milli düşərgə də olubmuş. Belə ki, bir neçə il əvvəl "Xabad Or Avner” məktəbinin nəzdində təhsil alan yəhudi şagirdlər üçün elə bu məktəbdəcə yay düşərgəsi təşkil olunub. Burada 50-dən çox şagirdin istirahəti təşkil edilib. Bu zaman uşaqlara oyunlarla yanaşı, yəhudi mədəniyyəti, tarixi və ənənələri il bağlı məlumatlar verilib. Ərazisi 1,5 hektar olan “Xabad Or Avner” məktəbinin 30 siniflik tədris korpusu var. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompüter otaqları müasir avadanlıqla tam təchiz edilib. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilib, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Lakin məktəbdən bildirdilər ki,  bu yay onlar düşərgə təşkil etməyiblər.

İstirahət məkanları da bahadır

Düşərgələr bir yana qalsın, indi Bakıda uşaqların heç ümumi istirahət yerlərində dincəlməsinə də imkan yoxdur. Paytaxtda uşaqların istirahəti üçün cəmi bir neçə məkan var. “Park Bulvar”, “Olimpic Star” və bu kimi mərkəzlərdə birdəfəyə dincəlmək azı 20 manata başa gəlir. Çünki attraksionlara oyunların qiyməti 0,5-5 manat arasındadır. Attraksionların qiymətinə yemək, su və dondurma xərclərini də əlavə etsək, məbləğ artmış olacaq.

Böyüklərlə istirahət ucuz başa gəlir

İndi Azərbaycanda valideynlər övladlarını daha çox özləriylə istirahətə aparırlar. Həm ölkə daxilində, həm də xaricdə uşaqlar üçün qiymətlərdə güzəştlər olur. Əksər hallarda 6-7 yaşına qədər uşaqlar üçün istirahət pulsuz, 12 yaşına qədər olanlar üçün müəyyən güzəştlər nəzərdə tutulur.

İstənilən halda, ailəvi istirahətə gedəndə bir uşağa çəkilən xərc ölkə daxilində 200 manatdan baha olmur. Bəlkə də bu səbəbdən valideynlər mövcud bir neçə düşərgəyə uşaq göndərməkdənsə, ucuz variantlar axtarıb ailə büdcəsinə uyğun yerlərə üz tuturlar.

Sonda onu da qeyd edək ki, Təhsil Nazirliyi düşərgələr olmasa da, yay məktəblərinin təşkili ilə bağlı Dövlət Proqramının hazırlanması üçün təkliflər planını hazırlamaq niyyətindədir.


“Cırtdan” mərkəzinin direktoru Samir Babayev.

“Cırtdan”ın yeməkxanasında 100 nəfər nahar edə bilər.

Ç.Mustafayev adına düşərgə. Bu avtobusla uşaqları dənizə aparırlar.

Ç.Mustafayev adına düşərgədə yatmaq vaxtıdır.

“Lokomotiv”in adı da sovet dövründən qalıb.

İndi burda uşaqlar yay-qış yaşamalı olur.

Ərazi baxımsız hala düşüb.

Fərəh Sabirqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub