Modern.az

Vahid Əhmədov: "Kənd Təsərrüfatı Nazirliyinin strukturu təzədən qurulmalıdır"

Vahid Əhmədov: "Kənd Təsərrüfatı Nazirliyinin strukturu təzədən qurulmalıdır"

Parlament

28 İyul 2011, 12:12

Nəyə görə hazırda Azərbaycanda qiymətlər bu dərəcədə yüksəkdir..?

“Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin strukturunda böyük problemlər var. Kənd Təsərrüfatı Nazirliyinin strukturu təzədən qurulmalıdır,  bizdə hələ də sovet dövrünün strukturu qalıb”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtisadçı ekspert Vahid Əhmədov bildirib. Deputat deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin yerlərdə olan bölmələri faktiki olaraq ləğv edilib.

“Əvvəllər heç olmasa yerlərdə bölmələr var idi. Yerli İcra Hakimiyyətinin tərkibində kənd təsərrüfatına baxırdılar, müəyyən planlar verirdilər, əkin sahələrinə fikir verirdilər. İndi o bölmələr yoxdur. Yəni parakəndəlikdir, kim nə əkir, kim nə becərir, baxan yoxdur.
Halbuki, torpaqlarla ciddi məşğul olmaq lazımdır, torpaqların əkilməsi, onların vaxtlı vaxtında suvarılmasıı, kultivasiyası ciddi məsələlərdir. Elə ona görə də kənd təsərrüfatında ciddi problemlər var”.

Millət vəkili deyir ki, onun hesablamalarına görə, kənd təsərrüfatına ildə təxminən 500-600 milyon manat vəsait yatırmaq lazımdır ki, bu sahədə 5-10 faiz artıma nail olunsun.

“Biz hətta taxılla da özümüzü təmin edə bilmirik. Dövlət başçısı belə göstəriş verib ki, “Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində Azərbaycan özünü ərzaq məhsulları təmin etməlidir. Yəni kənd təssərrüfatında işlər çoxdur, işləmək lazımdır, suvarma sistemi, torpaqların kultivasiyası qaydaya salınmalıdır. Baxmaq lazımdır ki, harda nə əkmək, becərmək olar. Məsələn, Azərbaycan özünü taxılla tam təmin edə bilər. Əgər vaxtlı-vaxtında taxıl əksələr, becərsələr, hər hektardan heç olmasa 30-35 sentner götürsələr, bu sahədə heç bir problem olmaz”.

İqtisadçı ekspert deyir ki, işləyən əhalinin 40 faizə yaxını kənd təsərrüfatı ilə məşğul olur. Bu sahəyə çox ciddi diqqət ayrımalıdır. 

“Kənd təsərrüfatı elə bir sahədir ki, onu plansız idarə edmək olmaz. Əvvəl daxili tələbata baxmaq lazımdır. Daxili təlabat hesablanmalı, ortaya qoyulmalıdır. Fermerlərlə daxili təlabata uyğun iş aparmaq lazımdır ki, daxili tələbata uyğun əksinlər. İkincisi insanlar əgər bu sahədə hər hansı bir ziyan çəkirlərsə, məhsulu satmaqda əziyyət çəkirlərsə, hökümət onlara dotasiya verməli, kömək etməlidir. Onların meyvəsini, tərəvəzini, soğanını, kartofunu almalıdır. Hökümət ehtiyat yaratmalıdır ki, Azərbaycanda gərgin vəziyyət olanda, bu ehtiyatdan istifadə edilsin. Nəyə görə hazırda Azərbaycanda qiymətlər bu dərəcədə yüksəkdir..? Çünki hökümətin ehtiyatı yoxdur. Ehtiyat olanda bazara buraxırsan, qiymətləri müəyyən qədər aşağı salırsan”.

V.Əhmədov fermerlərin problemlərinə diqqət çəkib: “Məhsulunu yetişdirən fermer onu Bakıya gətirib çıxarana qədər yüz yerdə incidirlərsə, bu insandan əlavə vəsait tələb edilirsə, fermer neynəməlidir..? Məsələn, Qubada bir neçə il dalbadal yetişmiş meyvələr zay oldu, çaya tökdülər, satmadılar. Fermerin əsas işi meyvəni yetişdirməkdir. Onu satmaq, paylamaq işində dövlət orqanları maraqlı olmalı, iş qurmalıdır, satışla məşğul olan özəl təşkilatlara şərait yaradılmalıdır. İndi bazarlarda inhisarçılıq var, bazara girmək mümkün deyil.
Pambıqçılıqda da eyni vəziyyət yaranıb, məhsulu sata bilmirlər. Bəzi məmurlar bir-iki şirkət yaratdılar, pambığı ancaq onlar aşağı qiymətə aldılar. Artıq insanlar pambıq əkməkdən imtina etdilər. İndi də belə vəziyyət başqa sahələrdə də yaranır. Ona görə də dövlət bunların hamısını nəzarətdə saxlamalıdır, fermerlərə dotasiya verməlidir”.

Ekspert deyir ki, indi elə bir dövlət yoxdur ki, orada kənd təsərrüfatına subsidiya verilməsin.

“Bizdə də verilir, amma onların verilməsi, ailəyə, fermerə çatdırılması çox böyük zəhmətlər hesabına, müəyyən əyri yollarla başa gəlir. “Aqrolizinq”ın yaradılması çox müsbət haldır. Yəni pis-yaxşı, bölgələrdə də “Aqrolizinq”lər yaradılır. Fermerlər texnikanın icarəsində əziyyət çəkmirlər. Düzdür, bu məsələdə qiymət amili var, texnikanı baha qiymətə icarəyə verirlər, o da sərf etmir” - deyə V.Əhmədov bildirib.

Millət vəkilinin fikrincə,  kənd təsərrüfatında ən ciddi problemlərdən biri birləşmə metodunun, prinsipinin olmamasıdır.
“Hərənin bir-iki hektar sahəsi var, onu əkib-becərmək var, biri var gedib 2 hektar sahəni becərmək üçün traktor götürəsən, biri də var ki, 200 yüz hektar sahəni becərmək üçün texnika alasan. Yəni femerlər arasında birləşmə mexanizmini də yaratmaq lazımdır. Düzdür, Milli Məclisdə bu istiqamətdə müəyyən qanun layihələri işlənilir.
Bölgələrdə texnika ilə bağlı problemlər faktiki olaraq aradan qaldırılıb. Ancaq burada qiymət siyasətinə baxmaq lazımdır.
Gübrələrlə əlaqədar ciddi problemlər var, mən hətta Baş nazirə də müracitə etmişəm. Baş nazir müəyyən orqanlara da göstəriş verib. Gübrənin keyfiyyətində də problem var. Məsələn, biz meyvə ağaclarına ildə 3 dəfə dərman çiləyirdik, indi 15-20 dəfə çiləyirik.
Müvafiq dövlət qurumundan xahiş etmişəm ki, Azərbaycan daxilində gübrələr yoxlanılsın. Problemlər çoxdur...”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü