Modern.az

“Uzaq sahillərdə”nin KADRARXASI: “Nodar Şaşıqoğlu o qədər populyarlaşdı ki, filmdən sonra ən azı 10 qadınla evlənib-boşandı” - FOTOLAR

“Uzaq sahillərdə”nin KADRARXASI: “Nodar Şaşıqoğlu o qədər populyarlaşdı ki, filmdən sonra ən azı 10 qadınla evlənib-boşandı” - FOTOLAR

Reportaj

7 Mart 2018, 08:59

Modern.az saytı Azərbaycan kino tarixinə möhür vurmuş, eləcə də müasir ekran əsərlərinin aktyor  və çəkiliş heyətinin söhbətləri əsasında ərsəyə gələn “Kadrarxası” layihəsini davam etdirir.

Bu dəfə “Kadrarxası”nda “Uzaq sahillərdə” filminin texniki heyətində çalışmış Şahin Qalabəyli danışır.

Arayış: Şahin Qalabəyli 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbdə müvəffəqiyyət qazanmadığından anası onu kinostudiyada sənətlə məşğul olmağa məcbur edib. Ş.Qalabəyli Azərbaycanın ədəbiyyatşünas alimi, 1937-ci ildə siyasi dustaq kimi həbs olunan, 1941-ci ilin dekabrında siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında verilən hökmdən dərhal sonra qətlə yetirilən Salman Mümtazın nəvəsidir.

Şahin Qalabəylinin ata babası “Şuşa qalası”nın qalabəyi olub. Qalabəyli soyadı da babadan yadigar qalıb onlara. Şuşa qalasının açarı əslən Qalabəyovlar nəslindən olan Şahin müəllimdə olub. Ş.Qalabəylinin anası Şəhla Mümtazzadə (soyadı Əsgərova olsa da, atasının soyadını götürüb) “xalq düşməni”nin qızı olduğuna görə oxuduğu universitetdən kənarlaşdırılıb.

Görkəmli ədib Mehdi Hüseyn çıxılmaz vəziyyətdə qalan Şəhla xanımı kinostudiyada işləməyə dəvət edib. Uzun müddət kinsotudiyada çalışan Şəhla xanım oğlu Şahinin məktəbə marağının olmadığını görüb onu 1956-cı ildə kinostudiyaya gətirir. Ş.Qalabəyli ilk olaraq mikrofonçu kimi bəxtini sınayır. Daha sonra səslə işləməyə başlayır. 9 illik orta məktəbdən sonra Ş.Qalabəyli əsgərliyə yollanır. 3 il hərbi xidmət keçib yenidən kinostudiyaya qayıdır. Əsgərlikdən sonra Şəhla xanım oğlunu orta məktəbin 10-cu sinfinə qədər oxumağa, İncəsənət İnstitutuna daxil olmağa sövq edir. Sonrakı illərdə isə o, Ümummittifaq Kino İnstutunda təhsilini davam etdirir. Hazırda Azərbaycan Film Fondunda çalışır. Ailəlidir, bir övladı var.

 

Quruluşçu rejissor Tofiq Tağızadə tərəfindən 1958-ci ildə ekranlaşdırılan “Uzaq sahillərdə” filmi Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizədən bəhs edir. Film prokata çıxdığı zaman 27,8 milyon tamaşaçı tərəfindən izlənib. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında nümayiş etdirilib. Ekran əsərinin musiqisinə görə dahi bəstəkar Qara Qarayevə II mükafat verilib.

İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan film baş qaərəman Mehdi Hüseynzadəni canlandırmış aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə rol alıb.

Filmin ssenari müəllifləri İmran Qasımov və Həsən Seyidbəyli, quruluşçu rejissoru Tofiq Tağızadə, quruluşçu operatoru Əlisəttar Atakişiyev, quruluşçu rəssamı Cəbrayıl Əzimov və Kamil Nəcəfzadə, bəstəkarı Qara Qarayev, direktoru Teymur Hüseynov, dirijoru Niyazidir. Görkəmli Rasim Ocaqov bu filmdə ikinci rejissor kimi çalışıb.

Rollarda Nodar Şaşıqoğlu (Mehdi Hüseynzadə), Yuri Boqolyubov (Veselin), Anjelika (Aqniya Yelikova), Ələsgər Ələkbərov (Ferrero), Lev Bordukov (Karranti), Andrey Fayt (Mazelli), Adil İsgədərov (Rosselini), Salman Dadaşov (Agent), Hacımurad Yegizarov (Partizan) və başqaları çəkilib.

 


Kinostudiyanın “qaynayan” vaxtları...

 

Müsahibimiz Şahin Qalabəyli ilə birlikdə xəyalən o vaxtkı kinostudiyaya səyahət edirik:


“O vaxt kinostudiya “Hökumət evi”nin yanında yerləşirdi. 1964-cü ildə əsgərliyə getdim, 1967-ci ildə qayıtdım. “Baksovet”dən yuxarıda Çəmbərəkənddəki Seyidzadə küçəsində yaşayırdıq. Kinostudiyada işləyəndə gördüm yolum uzaqdır, getdim telestudiyaya. Maaş çox olduğundan əksəriyyət orada da işləyirdi. Həmin vaxt Kamil Rüstəmbəyov “Aygün” filmini çəkirdi. İşçi çatmırdı deyə məni də dəvət etmişdi. İki il o film üzərində işlədik. Həm telestudiya, həm də kinostudiyada işləyirdim. Papağımı qabağıma qoydum, düşündüm. Müəyyən etdim ki, təhsilim olmadığı üçün səsyazma ilə qabağa gedə bilməyəcəm. Çünki kimya, fizikanı bilmirdim. Gördüm ki, biliklərim kifayət etmir. Ona görə də Moskvada Ümumittifaq Dövlət Kino İnstitutuna daxil oldum.  Oxumayan, məktəb sevməyən adam, oxudum. 
1958-ci ildən kinostudiyada çalışdım. O vaxt kinostudiya balaca idi, cəmi 300 nəfər işləyirdi. Amma möhtəşəm filmlər çəkilmişdi. Mən ora gələndə artıq “O olmasın, bu olsun” filmini bitirmişdilər. Daha sonra “Uzaq sahillərdə”, “Kölgələr sürünəndə”, “Onun böyük ürəyi” filmləri çəkildi. Mən “Uzaq sahillərdə” filmində əvvəl işıqçı, sonra mikrofonçu oldum. Texniki işlərdə yavaş-yavaş qalxırdın, 5 manat almaqdan ötrü imtahan verməli, dərslərdə iştirak etməli idin. Özü də kadrların əksəriyyəti xaricilər idi. Əsas rejissorlar, operatorlar, səs rejissorları azərbaycanlılar idi. Amma texniki işçilər Leninqraddan, Kiyevdən gəlirdi. Həmin vaxt təxminən 20 nəfər azərbaycanlı gənc texniki heyətə qoşulmuşduq. Onu da qeyd edim ki, xaricilərin çoxu təlim-tərbiyədə olduqca nümunəvi idilər. Bizə içki içməyə, siqaret çəkməyə icazə vermirdilər”.


“Uzaq sahillərdə” çəkiləndə gecələr Bakıda camaat yatmırdı”

Müsahibimiz deyir ki, Azərbaycanın görkəmli dramaturqu və kinossenaristi İmran Qasımovun yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı «Uzaq sahillərdə» romanı dövrünün ən populyar əsərlərindən idi:


“O romanı oxumayan yox idi. Əsərin ekranlaşdırılmasına qərar veriləndə rejissorluğu Tofiq Tağızadəyə tapşırdılar. Bu film Tağızadənin ikinci filmi idi. Buna qədər “Görüş” filmini ekranlaşdırmışdı. Tofiq müəllim o qədər gözəl, o qədər səmimi insan idi ki, onunla işləməyə hamı can atırdı. Mən onunla 3 film işləmişəm. Çox sadə, hamı ilə yola gedən, özü də şəhər adamı idi. Azərbaycan dilini gözəl bilirdi, özü də Bakı ləhcəsiylə danışırdı. Həm də rus dilini əla bilirdi. Özü də müharibədən gəlmişdi. Biz o vaxt kimlərlə işlədiyimizin fərqinə varmırdıq. Cəbhədən gəlmiş adam, Moskvada instituta daxil olub, oxuduqdan sonra Bakıda işləməyə başlamışdı...

“Uzaq sahillərdə” filminin çəkilişləri vaxtı şəhərdə camaat yatmırdı, səhərə qədər bizimlə idilər. Onlar üçün hər şey mözücə idi - alman forması, əsgərlər, aktyorlar. Ona qədər “Məşədi İbad” çəkilmişdi, Bakıda çox film çəkilməmişdi axı.

Filmdəki bəzi kadrlar “Tarqovı”da, Filarmoniya tərəfdə, Tağıyevin mülkündə lentə alınıb. Ümumilikdə çəkilişlər Pribaltikada, Soçidə (dəniz səhnələri) və Azərbaycanda gerçəkləşib. “Tarqovı”dakı çəkilişlərdə olan küçə indi də qalır. Landaunun evi olan küçə, haradakı “Dom Moda” var. Mehdinin getməyi-gəlməyi hamısı orada çəkilib. Oxuyan qız vardı onun səhnəsini, körpünün üstündəki addım səhnələrini kinostudiyanın pavilyonunda çəkmişdik. Filmin son səhnələri Ağsuda lentə alınıb”. 

 


Çəkiliş meydanında qalmaqal...

 

Ş.Qalabəyli bildirir ki, Ağsudakı çəkilişlər həm maraqlı, həm də qanqaraldan hadisələrlə yadda qalıb:


“Orada alman əsgərləri olan səhnələri çəkirdik, motosiklüt sürənlər gəlirdi, “QAİ”nin işçiləri idilər. Onlara alman formaları geyindirmişdik. Mehdini tutmağa gedirdilər. Onlardan biri gəldi, Əlisəttar müəllim kameranı işə saldı. Bu vaxt fəhlə diqqət etmədi, zondla kameranı bağladı. Həmin vaxt motosiklin biri əməlli-başlı aşdı. Əlisəttar o anı tutmaq istədi, amma kamera bağlandığından alınmadı. Bu vaxt Əlisəttar müəllim bərk əsəbiləşdi, özündən çıxdı. O dərəcədə ki, fəhləyə bir sillə vurdu, sonra itələdi. Aləm dəydi bir-birinə. Əlisəttar Atakişiyevi çəkiliş meydanından qovdular. Filmlərdə belə hallar çox olur. Əlisəttar Atakişiyev işinin professionalı idi, iki diplomu vardı, həm operatorluğu, həm də rəssamlığı bitirmişdi. İşinin öhdəsindən layqincə gələn, savadlı, bacarıqlı adam idi. Ona görə inciklik, küsmək olmadı, filmdən ayrıldı”.

 

“Qocalar evi”ndə sona çatan ömür...

 

Filmin davamının, güllənmə epizodunun çəkilməsi Arif Nərimanbəyova həvalə olunur:

“Amma o, dedi ki, mənə pul da lazım deyil. Qanun-qayda vardı da, neçə faiz çəkirdinsə, onun qonorarını alırdın. Arif müəllim bundan imtina etdi. Hətta titrlərdə adının getməsinə belə razı olmadı. Filmdə ikinci operator Rasim Ocaqov idi. Amma hələ tək çəkə bilmirdi. Bu filmdən sonra Rasim “Onun böyük ürəyi”ni Əjdər İbrahimovla çəkdi.

Əlisəttar bütün filmlərdə quruluşçu operator, quruluşçu rəssam kimi iştirak edirdi. “O olmasın, bu olsun” filmindəki bütün dekorasiyalar onun əl işləridir. Azərbaycan kinosunda həm rejissor, həm rəssam, həm operator, həm də ssenarist yalnız Əlisəttar Atakişiyev idi. Özü də sırf anadilli idi. Əlisəttar müəllim həmişə bizimlə Azərbycan dilində danışırdı, bilməyənlərə də öyrədirdi. Mən onunla birlikdə 4 film işləmişəm. Mözücə kimi adam idi. Sonra mən Moskvada oxuyanda, o da orada yaşayırdı. Bizim plyonkalar Leninqradda yuyulurdu. Orda növbədə dayanmaq çox çətin idi. Nə isə orada rüşvət məsələsinə görə ilişdirmişdilər onu. Çox keşməkeşli həyat yaşadı, 5 il qazamatda yatdı. Çox mərd adam idi. Həm də çox yaraşıqlı, səliqəli biri idi. Ən bahalı paltolar, kostyumları geyinirdi, çox da zövqlü idi. İki dəfə ailə qurmuşdu. Birinci xanımından bir oğlu olmuşdu, indi də səhv etmirəmsə Moskvadadır. İkinci arvadı Stanislavskinin nəvəsi və gözəl xanım idi. Bizimlə bir məhəllədə olurdular. Mən Şeyx Şamil küçəsində, o da Lermontov küçəsində yaşayırdı. Rasim İsmayılov da Əlisəttarla qonşu idi. Rasimgil də 4 qardaş idi, hamısı kinoda çalışırdı. Əlisəttar müəllim elə Moskvada “Qocalar evi”ndə də dünyasını dəyişdi. Bu yaxınlarda kinostudiya onun qəbrini bərpa etdirdi”.

 


Bir anda gələn populyarlıq

 

İllərini kinoya həsr edən müsahibimiz “Uzaq sahillərdə”nin aktyor seçimlərindən danışır:


“Kinostudiyada aktyor şöbəsi var. “Uzaq sahillərdə”nin ekranlaşdırılması qərarı veriləndən sonra aktyor seçimləri başladı. Əvvəl seçimlər Azərbaycan daxilində aparıldı. Bütün qeydiyyatda olanlar, teatrda çalışanların hamısı nəzərdən keçirildi. Bilirsiniz, prosesin özü çox uzundur. Əvvəl şəkillərlə axtarışlar başlayır, sonra sınaq çəkilişlərinə start verilir. Burada istənilən nəticələr olmadığından Moskvaya, Leninqrada sifariş verildi. İndi asandır. O vaxt bu işlərin hamısı üçün adamlar ölkələrə göndərilirdi. İndi internet üzərindən hər şey mümkündür. Səhv etmirəmsə, elə ilk olaraq Nodarı seçmişdlər Mehdi Hüseynzadə rolu üçün”.


Yeri gəlmişkən, Nodar Şaşıqoğlu müsahibələrinin birində “Uzaq sahillərdə” filmindən danışarkən bunları deyib:

"Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.

İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.

Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, “elə bizə sən lazımsan. Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər”.

Nodar Şaşıqoğlu “Uzaq sahillərdə”nin ona gətirdiyi uğurla birgə Bakıya həmişəlik bağlanır. “Uzaq sahillərdə” filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkilir. Məcnun aktyorun ən sevimli rolu olur. Bu obrazı bir də ona görə sevir ki, film rus dilində də səsləndirilir və N.Şaşıqoğlu səsləndirmədə öz səsilə danışır. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. N.Şaşıqoğlunu bütün digər filmlərdə aktyor Əli Zeynalov səsləndirib.

 

Şahin Qalbəylinin sözlərinə görə, filmdən sonra Nodar Şaşıqoğlu o qədər populyarlıq qazanır ki, şöhrət onun həyatını da məhv edir:


“Bu filmdən sonra onda qadınlara qarşı düşkünlük yaranmışdı. O qədər pərəstişkarları vardı ki, hamısı ilə də münasibət qururdu. Hətta Tibilisinin küçələrində gəzə bilməmişdi.

Ən azı 10 qadınla evlənib-boşanıb. Nodar Şaşıqoğlu mərhum Heydər Əliyevlə çox yaxın olub. Axırıncı qadınla boşananda Heydər Əliyevə zəng edib. Heydər Əliyev ona deyib ki, “ya evlənmə, ya boşanma, ya da boşanandan sonra evi növbəti qadına vermə”.

Burda məşhur bir adamın xanımı ilə 2 il yaşadı. Böyük səs-küyə səbəb olmuşdu o münasibət. Amma o gözəl aktyor idi. 80 yaşında saatlarla səhnədə olmaq, "Kral Lir" kimi mürəkkəb obrazın öhdəsindən gəlmək, monoloqlar səsləndirmək hər kəsin bacaracağı iş deyildi”.

Yeri gəlmişkən, N.Şaşıqoğlu hətta 5000 avro ödəniş edə bilmədiyinə görə "Ginessin rekordları kitabı"nın bir addımlığından geri dönüb.

 


Filmə bilet almaq istəyənlərin növbəsi “Azneft”ə qədər uzanırdı”

 

N.Şaşıqoğlunun filmlə bağlı xatirələrindən:

“Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumu həyata keçirmək üçün Aleksandrisk Teatrına üz tutdum. Sənətə bu teatrın Çerkasov, Simonov kimi aktyorlarının ifasında "İvan Qroznı", "Birinci Pyotr" kimi möhtəşəm filmləri görüb gəlmişdim. Teatra gəlib bildirdim ki, burada işləmək mənim çoxdankı arzumdur. Məşq zalında soruşdular ki, nə ifa edə bilərəm. Qiraət mənim ikinci peşəm olduğu üçün bu, çətin olmadı. Onu da deyim ki, mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam. Aleksandrisk Teatrında ilk rolum Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. Çoxlu əsas rollar oynadım. Amma ordakı məşqlərimə tez-tez Bakıya gəlişim mane olurdu. Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə - şeir oxumağa gəlirdim.

Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. Çox çətin idi”.

1927-ci il martın 13-d Batumidə doğulan N.Şaşıqoğlu 2013-cü il aprelin 12-də Bakıda vəfat edib. 1983-cü ildə Azərbaycan SSR xalq artisti adı alan aktyor, sonralar, Azərbaycan və Rusiyanın xalq artisti adına layiq görülür. Və yaddaşlara “Uzaq sahillər”dəki Mixaylo ilə əbədi həkk olunur...

 

Yelikoyeva və Nodarın gizli “sevgisi”...

 

Müsahibimiz Şahin Qalabəyli bildirir ki, N.Şaşıqoğlunun rəsmi ad-soyadı Nodar İzzətoviç Şaşıq imiş:


“Biz sadəcə titrlərdə belə yazmışdıq. Nodar aktyor Ülvi Rəcəbin qardaşı oğlu idi. Batumidə yaşayırdılar, acar idilər, amma İslamı qəbul etmişdilər. Həmin vaxt Moskva teatrında çalışırdı. Anjelika rolu üçün Aqniya Yelikoyevanı da oradan dəvət etdilər”.


Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb. 

Aqniya Yelikoyeva, yaxud Anqnyuşa, onu yaxın dostları belə çağırırdılar, gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan, maraqlı yoldaş olub. Aktrisa SSRİ dağılan ərəfədə - 90-cı illərin əvvəllərində Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb. Onun haqqında olan ən son məlumat budur.


Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.

N.Şaşıqoğlunun dəliqanlı xarakteri məlum olduğundan çəkiliş meydançasında çoxlarını Nodarla Aqniyanın (Anjelika) münasibətlərinin necə olacağı düşündürürmüş. Ancaq Nodar bu haqda belə yazır: 
“Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi”.


Həyatda qarşılaşdığı gözəl qızlara biganə qalmayan Nodar Şaşıqoğlu “Uzaq sahillərdə” filmindəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri haqda medianın suallarını cavablandırarkən bunları da əlavə edib:

“Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”. 

Aqniya Yelikoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.

 


“Vaqif Mustafazadə mənimlə mikrofonçu işləyirdi”

 

Şahin Qalabəyli bildirir ki, hətta “Uzaq sahillərdə” filmində bir ailədən 3 nəfər rol alıb:


“SSRİ xalq artisti Yuri Boqolyubov var idi, o Veselini oynayırdı. Onun atası da, anası da filmdə çəkilmişdi. Atası Nikolay idi, anasının adını xatırlmıram. Ağsudakı çəkilişlərdə bir yer var ki, camaat partizanlara yemək aparan yerdə güllələnir. Kişiyə deyirlər ki, “get denən Mixaylo”nu təhvil versinlər, yoxsa güllələyəcəyik”. Bax o Veselinin atası idi. Çiynində səhənglə güllələnən qadın da anası idi. Hacımurad Yegizarov da həmin səhnədə var. Yekə bir maşın da vermişdilər bizə, onu da orada aşırdıq. Bəlkə də qalıqları hələ də Ağsu dolaylarında qalır.

Sonra Andrey Fayt vardı Mazellini oynayırdı. Sonralar Əlisəttar müəllimlə “Bir qalanın sirri”ndə də çəkildi. Göygöz Kosanı oynayırdı. Ümumiyyətlə, çox güclü qruppa ilə çalışırdıq. Filmin bəstəkarı görkəmli şəxsiyyət Qara Qarayev idi. Bəlkə də o filmdən sonra belə güclü qrup yığılmamışdı. Filmin çəkilişləri belə idi ki, çəkiləcək hər metrə görə normalar müəyyənləşdirilmişdi. Plana görə maaş verilirdi. Plan verilməyəndə maaş da olmurdu. “Uzaq sahillərdə”ni təxminən il yarıma təhvil verdik. O vaxt çətin idi. Çəkilişlər bitəndən sonra ağ-qara lenti burada, rəngli lentləri Leninqrada, Tibilisiyə aparıb yuyurduq.

Mənim 60 il stajım var. Hələ indiyədək nə xəstəliyə görə, nə də istirahətə görə məzuniyyətə çıxmışam. Kino elə bir sahədir ki, ya gərək bir ildən sonra çıxıb gedəsən, ya da özünü kinoya fəda edəsən. Çox çətindir. 18 saat davamlı işləmək düşünün nə deməkdir. Yatmırdım deyə rəngim ağappaq idi. Kim məni görürdü deyirdi “xəstəsən?”. 
Rəhmətlik Vaqif Mustafazadə mənimlə birgə mikrofonçu işlədi. Altı aydan sonra “mən yazığam, əllərim ağrıyır” deyib, çıxıb getdi. Əyani olaraq da sizə göstərdim o vaxtın apartlarını. Rauf Hacıyevin oğlu Fuad Hacıyev Vaqif müəllimdən dözümlü çıxdı (gülür). O beş il işlədi. Bu iş belədir, vurğunusansa, davamı gəlirdi. Mən 17 il sexdə işlədim. Gördüm ki, daha texnikanı darta bilmirəm inzibatçı oldum. İnstitutu oxuyandan sonra film direktoru oldum. Texniki məsələləri biləndən sonra film direktoru olmaq çox asan idi”.

 

“Hünərimiz nəydi rejissora nəsə deyək?..”

 

Müsahibimiz “Uzaq sahillərdə”də ekspromt səhnələrlə bağlı fikirlərini də bizimlə bölüşür:

“Bütün səhnələr əvvəlcədən yazılır. Planda göstərilir ki, bu gün harada, nə çəkiləcək. Hamının əlində ssenari olurdu. Kadrların nömrəsi, “xlapuşka” var idi. Səs yazılır, “xlapuşka” vurulur. Məsələn orada yazılır: 46 dubl 1. Kamera o dublu çəkir. Səslə də deyilir, “xlapuşka” vurulur. Sonra səslə kadr birləşəndə sinxronluq olmalıdır. Əgər səhnələr olursa belə, bunu rejissorla aktyor həll edir. Mən texniki heyətdə olmuşam deyə, bu barədə fikir bildirə bilmirəm. Kinoda bir qanun var. Heç yadıma gəlmir ki, film çəkiləndə rejissor bizə salam verib, onunla söhbət edim, hansısa aktyorla söhbət edim. Tofiq Tağızadə çəkiliş meydanına daxil olanda hamı işinin başında olurdu. Kimin nə hünəri vardı, artıq nə isə edə, nə isə deyə? Artıq nəsə desəydim tutub qovardılar məni (gülür). Hətta “Onu bağışlamaq olarmı?” filminin çəkilişlərində məni qovmuşdular. Tənəffüs idi. Mənim də başım nəyəsə qarışmışdı. Sən demə çəkiliş başlayıb. Mən sadəcə 3 dəqiqə gecikmişdim. Tərlanı erməni aktyor Tonuns oynayırdı. Dili də pəltək idi bir az. Yeri gəlmişkən “O olmasın, bu olsun” filmindəki Həsən bəyi oynayan Mustafa Mərdanov da həyatda pəltək idi. Amma başqası səsləndirirdi deyə, bilinmirdi. Nə isə gəldim, quruluşçu rejissor Rza Təhmasib dedi “von ot syuda” . 13 gün işdən kənar qadım. Həmkarların gücü, xahiş-minnətilə məni qaytardılar işə. Amma dedilər ki, Təhmasibə yaxın getmə. Görsə, deyəcək niyə qovmamısız bunu? O vaxt 300 manat maaş alırdım. Dilənçi maaşı idi, amma başqa harada işləyəcəkdim?

1958-ci ildə Azərbaycana Camal Abdul Nasir gəlmişdi. Onun səsini mən yazmışdım. Çox az adam buraxırdılar o olan yerə. O vaxt heç telestudiya da yox idi. Prezidenti operator və səs operatoru da müşayiət edirdi. 
Bülbülü evində çəkəndə, yaxud Nazim Hikmət gələndə o səsləri mən yazmışdım. Bizim adımız getmirdi tirtlərdə. İndi sürücünün də adını yazırlar. Amma o vaxt yazmırdılar.

Bir də “Səhər” filminin çəkilişlərində yaddaqalan hadisələr olub. 300 dənizçi gəlmişdi çəkilişə. Balaxanı qəbirstanlığında idik. İnqilabdan bəhs edən film idi. Camaatın acığına gəldi ki, niyə gəlib qəbiristanlığı tapdalayırsız? Bizi əzişdirdilər, möhkəm döydülər. Camaat bizi gecə ilə qovdu”.

 


“Bordukovu 15 gün çəkilişə konvoy gətirib-apardı”

 

Ş.Qalabəyli deyir ki, “Uzaq sahillərdə” filmində yaddaqalan çox məqamlar var.


“Gündəlik çəkilişlərdə mütləq maraqlı anlar - dava da, qırğın da, sevinc də olurdu. İndi hamısını xatırlamaq olmur.

“Əsl dost” filminin çəkilişləri gedirdi. Sonda dəniz sahilində bir səhnə qalmışdı. Nodar dedi “ölsəm gəlmərəm, soyuqdan donuram”. Gedib “İnturist”də gizlənmişdi, çıxımırdı. Filmin direktoru Dudayev yekəpər kişi idi. Getdi onun əl-qolunu bağlayıb meydana gətirdi.

“Uzaq sahillərdə” sevgi də yaşanıb. Hətta kimlərinsə yoldaşı gəlib çəkiliş meydanında qırğınlar salıb. Nodar Şaşıqoğlu xanımlara qarşı çox həssas idi. Bunu hamı bilirdi.

Bir də işlədiyim filmlərdən “Ögey ana”nın çəkilişləri yadımdadır. Çəkilişlərdə bizi İsmayıllının Qalacıq kəndindən qovdular. Daha kənddə toyuq-cücə qalmamışdı. Təsəvüvr edin, birdən-birə 100 adam düşür kəndə ac, nə yeyirik doymuruq, mer-meyvə, kartof, toyuq-cücə, hamısnı oğurlayırdıq. Əlimizdən zara gəlmişdilər (gülür).

Bir maraqlı məqamı da diqqətinizə çatdırım. Bunu mənə uşaqlar danışmışdı, şəxsən şahidi olmamışam. Soçi çəkilişlərində gündəlik pulları vermirdilər. Orda bir aktyor vardı Karrantini oynayan Lev Bordukov. Çox yeyib-içən oğlan idi. Gedib şəhərin baş poçt idarəsinə. Telefonçu qızı tovlayıb deyib ki, “çəkiliş üçün təcili teleqramma vurmalıyam”. Qız razılaşıb. Teleqramda filmin direktoru Teymur Hüseynova deyir ki, “aktyorların pulunu verməsəniz “qara pişik bandası” (Stalinin ölümündən sonra SSRİ-ni qorxuda saxlayan quldur dəstəsi) ilə iş birliyinə girəcəm”. Teleqram Teymur Hüseynova çatanda, gedir milisə. Araşdırılır, qısa zamanda qızı tuturlar. Qız nə qədər desə də ki, aktyor ondan xahiş edib eşidən olmur, işdən qovurlar.

Bordukov çox itoynadan idi. Bir gün yenə Soçidə sərxoş olur. Yolla gedəndə görür “Soçi KQB” yazılıb. Bunun da alman formasının cibində Kanarisin şəkli olur. Başlayır yanındakına ki, “axşam türk sualtı qayığı gəlib bizi apacaq”.Qapıçı da bunu eşidir. İçəri salırlar. Kimdən soruşanda deyir, “Mən Amerika kəşfiyyatçısıyam”. Kanarisin şəklin tapanda Moskvaya zəng edirlər ki, “biz kəşfiyyatçını tutmuşuq, bəs gəlin həll edin”. Moskvadan deyirlər ki, “səhərə kimi qalsın, təyyarə ilə göndərərsiniz”. Sərxoş adam səhərə qədər yatır. Bir də ayılır ki, səhərdir. Özünü öldürür ki, mən çəkilişə getməliyəm. “KQB-şnik”lər deyir nə çəkiliş?! Deyir “mən aktyoram, “Uzaq sahillərdə” filmində çəkilirəm”. Zəng edirlər mehmanxanaya. Heyət də bunu gözləyir. Deyirlər ki, göndərin gəlsin. KQB-şnik”lər deyir nə gəlmək, təyyarə gəlir bunu Msokvaya aparmağa. 15 sutka verməli idilər ona, başını qırxmalı idilər. Rejissor yalvardı-yaxardı ki, çəkilişdi başını qırxmayın. Düz 15 gün onu konvoyla çəkiliş meydanına gətirib-apardılar”.

 

P.S 76 yaşlı, şux qamətli, mavi gözlü müsahibimiz foto və video çəkilişlərinə qarşı kompleksli olduğundan birgə foto çəkdirmək şərəfinə nail ola bilmədik...

Müsahibənin təşkilinə və fotolara görə Azərbaycan Film Fondunun baş mütəxəssisi Rəşad Qasımova dərin təşəkkürlər...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir