Modern.az

Milli Məclisin komitə sədri: “Bəzən sərt qanunvericilik təşəbbüsləri ilə çıxış edə bilmirik” - MÜSAHİBƏ

Milli Məclisin komitə sədri: “Bəzən sərt qanunvericilik təşəbbüsləri ilə çıxış edə bilmirik” - MÜSAHİBƏ

Müsahibə

15 Mart 2018, 14:05

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Əvvəlcə deputatlıq fəaliyyətinizdən danışaq. Seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz, ayda neçə dəfə görüşürsünüz?

- Seçildiyim Oğuz-Qəbələ seçki dairəsi üzrə seçicilərimlə mütəmadi olaraq rayonda həm ərazilər üzrə, həm qərərgahımda,  həm də komitə sədri kimi Milli Məclisdə olan qəbul günlərimdə daim görüşlərim olur. Onları dinləyir, problemlərinin həll olunmasına çalışıram, eyni zamanda təkliflərini də qəbul edirəm.

- Bir çox hallarda seçicilərin deputatdan xüsusi istəkləri də olur ki, bu da doğru qarşılanmır. Hətta övladına toy etmək, qızına cehiz almaq istəyən seçici də deputatın qapısını döyür.  Sizə də ötən üç il ərzində bu cür müraciətlər olubmu? Ümumiyyətlə, seçiciləriniz tərəfindən Sizə daha çox hansı məsələlərlə bağlı müracilətlər olur?

- Bilirsiniz, nə deputat haqqında qanunvericilikdə var ki, deputat maddi yardımlar etməlidir, nə də deputat sahibkarlıq fəaliyyəti ilə məşğuldur ki, siz deyən maliyyə tutumlu yardımlar göstərsin. Deputatın vəzifəsi qanunvericlik işləri ilə məşğul olmaqla yanaşı, seçicilərlə görüşüb onları narahat edən məsələləri müvafiq icra hakimiyyəti orqanları qarşısında qaldırmaq və onların həllinə nail olmağa çalışmaqdır. Ancaq təbii ki, siz deyən “ənənələr” də var ki, bəzən seçicilər maddi yardımlar əldə etmək üçün parlamentə, deputatlara üz tuturlar. Əlbəttə ki, belə hallar olduqda çalışırıq ki, imkanlarımız daxilində seçicilərimizə, vətəndaşlarımıza əlimizdən gələn köməyi edək.


- Müraciətlər öz həllini tapırmı?

- Əlbəttə, istər seçicilərin, istər idarə və müəssisələrdən olan şifahi və yazılı müraciətləri müvafiq qanunvericilik aktlarına uyğun olaraq öz həllini tapır.

- Adətən millət vəkilləri ilə yerli icra hakimiyyətləri, bir sıra dövlət orqanları və məmurlar aralarında soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Mən siz deyən problemlərlə nə rastlaşmışam, nə də o barədə eştmişəm. Əksinə, mənim seçildiyim ərazi üzrə hər iki rayonun - Qəbələ və Oğuz rayonu İcra Hakimiyyəti orqanları müraciətlərimizə operativ yanaşırlar və yaxından köməkliklər edirlər. Nəinki yerli, hətta mərkəzi icra hakimiyyəti orqanları da müraciətlərimizlə yaxından maraqlanır və köməkliklər edirlər. Ümumiyyətlə, qanunvericilik orqanı ilə icra hakimiyyəti orqanları arasında sıx və qarşılıqlı əməkdalıq mövcuddur ki, bu da seçicilərin problemlərinin həll olunmasında müsbət rol oynayır.

- Milli Məclisin yaz sessiyası ərzində hansı qanun layihələrinin qəbulunu vacib sayırsınız? Boşluqlar olan qanunlarımız varmı?

- Sessiyalar üzrə qanunvericilik işlər planı Milli Məclisin plenar iclaslarında qəbul olunur və ona uyğun olaraq işlər həyata keçirilir. Vacib olunan qanunlar təbii ki, iş planlarına salınır. Qəbul olunası daha vacib sənədlər də mütəmadi olaraq parlamentin iş fəaliyyətində öz həllini tapır.


- Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədrisiniz.  Bu gün cəmiyyətdə ailədaxili münaqişələrin daha pik həddə çatdığının, intihar hallarının çoxaldığının şahidi oluruq. Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaranması da elə sizin qaldırdığınız məsələlərə dövlət tərəfindən həssas yanaşılmasıdır. Ümumiyyətlə, ölkəmizə mükəmməl ailə və uşaq qanunvericiliyi var. Və bu qanunvericilik  zamanın tələbi və sosial sifarışın nəticəsi olaraq daim təkmilləşir. İstər cənab Prezident tərəfindən, istər müvafiq dövlət orqanları tərəfindən istərsə də deputatlar tərəfindən təklif olunan qanunvericilik aktları müzakirə olunur və dəyərləndirilir. Hətta Milli Məclis vətəndaş cəmiyyəti institutları və vətəndaşlar tərəfindən təklif olunan qanunvericilik təşəbbüslərinə daha maraqla baxır və müzakirələr aparır. Ailədaxili münaqişələr müxtəlif səbəblərdən yaranır. Bunun üçün şüurlarda da inkişaf lazımdır, milli mənəvi dəyərlərin təbliğinə böyük ehtiyac var, insanlarda xüsusilə, gənclərdə dözümlülük  təfəkkürü formalaşmalıdır. Bunun üçün də maarfləndirmə işləri daha effekti aparılmalıdır.

- Son vaxtlar Azərbaycanda azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması hallarına da rast gəlinir. Geniş ictimaiyyət tərəfindən böyük narazılıq və hiddətlə qarşılanan bu olaylardan sonra qanuna dəyişiklik edilməsi barədə təkliflər səsləndirilir. Kimisi cinayətkarın ömürlük azadlıqdan məhrum edilməsini, kimisi edam olunmasını, kimisi axtalanmasını təklif edir... Bəs siz nə deyirsiniz?

- Cəmiyyətdə belə mənfi ünsürlərə qarşı münasibətin olması təbiidir. Qanunvericilikdə də azyaşlılara qarşı zorakılıq əməlləri Cinayət Məcəlləsi ilə tənzimlənir. Belələri yaxalandıqda onların cəzasını qanun çox ağır dərəcədə verir, eyni zamanda məhkumluq həyatında da onların cəzası ağır olur. Bir sözlə, uşaq qanunvericiliyimiz demək olar ki, mükəmməldir və bunun əsasında uşaqların hüquqları dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. Bəzən qoşulduğumuz insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalar bizə imkan vermir ki, siz deyən kimi sərt qanunvericilik təşəbbüsləri ilə çıxışlar edək. Bu baxımdan insanlar da özlərinin, uşaqlarının təlükəsizliklərinin qorunması baxımından ayıq olmalıdırlar. Valideyinlik məsuliyyəti hər şeydən üstün olmalıdır.

-  “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi parlamentə daxil olubmu? Qanun layihəsində hansı vacib məqamlar öz əksini tapacaq...

- Bəli. Artıq cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü ilə 6 mart 2018-ci il tarixində Milli Məclisə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi təqdim olunub. Hesab edirəm ki, cənab Prezident tərəfindən uşaq qanunvericiliyinə təqdim olunan bu sənəd sosial sifarişin nəticəsidir. Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması ilə bağlı məsələlərin qanunvericilik aktlarında təsbit olunmasına çox böyük ehtiyac var idi. Qanun layihəsində uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün vacib olan bütün detallar öz əksini tapıb. Qanun layihəsi ilə həmkarlarımız da tanış olduqdan sonra geniş müzakirələr keçiriləcək və güman edirəm ki, cəmiyyətimiz üçün çox vacib olan bu bu qanun layihəsi parlamentarlarımızın böyük əksəriyyətinin dəstəyi ilə qəbul olunacaq.


- Dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına rast gəlinir. Bu ayinlərə körpələr, yetkinlik yaşına çatmayan uşaqlar cəlb edilir. Bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Bilirsiniz ki, ölkəmiz tolerant olkədir və bu siyasətimiz ən qabaqcıl ölkələrə belə nümunədir. Ölkəmizdə "Dini etiqad azadlığı haqqında” qanun var və təbii ki, bu qanuna müvafiq olaraq dini cərəyanların, təriqətlərin yayılmasına qadağa yoxdur. Ölkəmizdə müxtəlif müsəlman və qeyri-müsəlman dini icmalar fəaliyyət göstəririlər. Siz dediyiniz məsələdə də yenə valideyinlər diqqətli olmalı, onların hələ də tam formalaşmayan fiziki quruluşunu və zehniyyatın mənfi təsirlərdən qorumalıdırlar. Digər bir tərəfdən uşaq qanunvericiliyinə görə uşaqlara zorakılıq əlamətlərini göstərmək, təbliğ etmək və onların sağlamlığına təhlükə yaratmaq qadağandır.

 

- Bir az da parlamentdəki həmkarlarınızla münasibətdən  danışaq. Milli Məclisdə kimlərlə dostluq edirsiniz? Hansı xanım deputatı özünüzə yaxın hesab edirsiniz?

- İndi verdiyiniz sual şəxsi sualdı. Adətən belə suallara cavab vermirəm. Ancaq cavabım sizə çox vacibdirsə bilin ki, mən iş yoldaşlarımla, deputat həmkarlarımla, ümumiyyətlə ünsiyyətdə olduğum hər bir şəxslə xoş davranmağa çalışıram və bundan məmnunluq duyuram. Güman edirəm ki, suallarınıza ətraflı cavab verə bildim. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi