Modern.az

Milli Məclis 2010-ci ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclis 2010-ci ilin dövlət büdcəsini təsdiqlədi

26 Noyabr 2009, 12:28

HÖKUMƏT ELM, SƏHİYYƏ VƏ BƏZİ SAHƏLƏRƏ AİD XƏRCLƏRİ ARTIRDI  

Modern.az xəbər verir ki, noyabrın 26-da Milli Məclis “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin təsdiqlənməsi üçün iclas keçirib.

Qeyd edək ki, parlamentdə qanun layihəsinin müzakirəsi noyabrın 13-də başa çatmışdı, deputatların təkliflərinin dəyərləndirilməsi üçün hökumətə on gün vaxt verilmişdi. 

Milli Məclisin “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqləmək üçün keçirilən iclasında spiker Oqtay əsədov deyib ki, gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələri bir neçə gün ərzində parlamentdə geniş müzakirə edilib və müzakirələrdə çıxış edən deputatlar layihə barədə fikir və təkliflərini söyləyiblər. Sonra hökumət üzvləri Milli Məclisdəki müzakirələr nəticəsində 2010-cu ilin dövlət büdcəsi layihəsinə və büdcə zərfinə daxil olan digər layihələrə edilən dəyişikliklər barədə məruzə ediblər. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2010-cu il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 76 deputat çıxış edib. Layihə barədə fikir və təkliflər təhlil olunub və bəzi düzəlişlər edilib. Yeni layihədə elm və təhsil, səhiyyə və bir neçə digər sahələr üzrə xərclər artırılıb. Nazirin sözlərinə görə, büdcə zərfində nəzərdə tutulan elm xərcləri 3 milyon, səhiyyə xərcləri 4 milyon, tarixi abidələrin qorunması, kino sahəsinin inkişafına tələb olunan xərclər 6,3 milyon, Milli Məclis və Hesablama Palatasının xərcləri 1 milyon manat artırılıb. Amma bu, o demək deyil ki, büdcə xərcləri artırılıb. Yəni, hökumət büdcə zərfində dəyişiklik etməklə bəzi sahələrin xərclərinə əlavələr edib. Nazirin çıxışından sonra parlament “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsini və büdcə zərfinə daxil olan bütün sənədləri təsdiqləyib. Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin layihəsi də təsdiq olunub. Gələn il Fondun gəlir və xərcləri 1757,216 milyon manat səviyyəsində müəyyənləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsinin gəlirləri 10 015 milyon manat, xərcləri isə 11 264 milyon manat olacaq. Gələn ilki dövlət büdcəsində 1 249 milyon manat həcmində kəsirin yaranacağı gözlənilir.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir