Modern.az

Kəlbəcərsiz 25 il: “Oranın insanları sözlərinə çox sadiq idilər” - MÜSAHİBƏ

Kəlbəcərsiz 25 il: “Oranın insanları sözlərinə çox sadiq idilər” - MÜSAHİBƏ

Müsahibə

29 Mart 2018, 09:30

Bir neçə gündən sonra Kəlbəcərin işğalının 25 ili tamam olacaq. Necə deyərlər, bir igidin ömründən də uzun olan bu tarixi məsafə bizi Kəlbəcərdən ayırır.

“25 yaşlı kəlıbəcərliyəm” deyən var ki, Kəlbəcər üzü görməyib. Tükündən dırnağınadək Kəlbəcərə bağlı bir nəsil isə artıq bu dünyadan nisgillə köçünü sürüb gedib. 

Kəlbəcər!!!

Bu dəfə səndən əslən kəlbəcərli deyil, ancaq az qala kəlbəcərlilərdən də çox kəlbəcərli olan ulu Borçalıda doğulmuş Əziz Qaralov danışacaq.

Əslində müsahibimizi Azərbaycanda tanımayan yoxdur. Əziz Qaralovu deyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidməti, geoloji planalma ekspedisiyasının rəisini.

O, orta məktəbi Borçalıda bitirib. Uşaqlıq çağları da Borçalıda keçib. 1977-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib, təyinatla bu gün çalışdığı müəssisədə kiçik texnik vəzifəsindən başlayaraq, rəisliyədək yüksəlib.

Gənclik dövrünü, təxminən 20 ilə yaxın ömrünü peşəkar çöl işlərində müxtəlif vəzifələrdə keçirib. Yeddi ilə yaxın müddətdə  Kəlbəcərdə çalışıb. İndi bildinizmi onu Kəlbəcərə bağlayan nədir... Yəqin ki Əziz müəllimlə müsahibə də maraqlı olar...

 

- Əziz müəllim, bir neçə gündən sonra Kəlbəcərin işğalının 25 ili tamam olur. Uzun müddət Kəlbəcərdə çalışan, oranı bütünlüklə sevən bir insan kimi həmin yerlər barədə sizin dilinizdən eşitmək istərdik.

- Kəlbəcər xalqımız və mənim üçün əlçatmaz olan, cənnət hesab edilən, Azərbaycanın təbii sərvətlərlə zəngin olan dilbər guşəsi idi. Oranın yeraltı və yerüstü sərvətləri, adamlarındakı qonaqpərvərlik, insanlıq elə oranın bir xəzinəsi idi. Hər yazın gəlişi ilə mən elatın dağa çıxması, elat mədəniyyətini xatırlayıram. Elat mədəniyyəti nə idi? Sürülər təxminən bir ay yol gedərdi, Salyandakı qışlaq yerindən tutmuş, Dəlidağa qədər bu köç uzanardı. Köç gələndə yağmur olardı. 15-20 gün çiskinli hava sürərədi. Uşaqları salardılar xurcunun içinə, onların üzləri də sanki lalə kimi al qırmızı görünərdi. Xəzinə idi Kəlbəcər özü boyda. Xalqımızın mənəviyyatı orada qorunurdu.

Mən xeyli müddət işimlə bağlı Kəlbəcərin Bəylik kəndində yaşadım. Hə, elat məsələsini davam etdirim.

Oranın ismətli, əli bərəkətli qadınları alaçıq qurardılar. Uşaqları xurcundan çıxarıb, orda yarım saata bütün işləri görərdilər. O vaxt qadınlarımız çox qoçaq idilər...

Onların o yol boyu dost evləri var idi. Orda qurulan alaçıq insana cənnət məkan təsiri bağışlayırdı. Bir həftə içərisində orda qalan insanların həm üz ifadəsi, həm də ruhunda canlanma baş verirdi. Hətta mal-qaranın tükü belə dəyişirdi.

Biz orada çöl işlərində - kəşfiyyat işlərində çalışırdıq. Orada elə mineral bulaqlar var idi ki, içdikcə insana ləzzət edirdi. İqlimi, havası əvəzolunmaz bir yerdi Kəlbəcər... Orda meyvələrin dadı da başqa idi.

 


- Hər bölgənin insanı bir çox xüsusiyyətlərinə görə fərqlənir. Siz də Kəlbəcərdə uzun müddət yaşayıb, oranın insanları  ilə təmasda olmusunuz. Kəlbəcər insanını necə xarakterizə edərdiniz?

- Mənim yaddaşımda qalan ən əsas və deyərdim ki ən həssas məqam onların öz sözlərinə sadiq olmaları idi. Onlar böyüklə böyük, kiçiklə kiçik kimi davranardılar. Böyüyü sayıb, ona hörmət etmək Kəlbəcər insanının ən gözəl cəhəti idi. Mən o vaxt bir ailədə qalırdım. Bu ailədə 11 nəfər uşaq var idi. Onların bəyəndiyim ən gözəl adəti yerdə süfrə salaraq onun ətrafına yığışmaqları idi. Ata evə gələndə balacadan tutmuş, böyüyə qədər hər kəs ayağa qalxardı. O vaxtın insanı ataya-anaya bu cür hörmət edərdi...

- Maraqlıdır, ordan dostlar qazana bildinizmi?

- Mən orda çox yaxşı dostlar qazandım, onlarlarla indi də əlaqələrimiz var. Bir-birimizin xeyir-şər günündə görüşürük.

- Kəlbəcərə bu qədər bağlı olmağınızı bəlkə həm də sizin doğulduğunuz yerlə bağlıdır. Borçalı, Kəlbəcər...


- Mən bir şeyi deyim. Geologiya unikal bir sahədir. Bu elm daşlarla söhbətdir. Mən Azərbaycanın müxtəlif bölgələrində olmuşam. Amma Kəlbəcər öz unikallığını hər zaman qoruyub saxlaya bilmişdi. Buranın təbiəti də sanki insana gözəllik aşılayırdı.  Buranın qışı, soyuğu çox kəskin olurdu. Əlbəttə ki, hər yerin insanı bu şəraitdə yaşaya bilməz, çünki orda insanlar dolanışıq üçün mal-qara saxlamalı idilər. Soyuqda, boranlı qışda bunu bacarmaq da hər kişinin işi deyildi...

Məni Kəlbəcərə ruh bağlayır. Sanki milli kimliyimiz oradadır. Bəzən adam hansısa duyğunu sözlə ifadə edə bilmir. Kəlbəcərlə bağlı da bu düşüncədəyəm.

- Kəlbəcər işğal olunan zaman siz Bakıda idiniz?

- Bəli, 1986-ci ildən Bakıda evim olub. Amma işimlə bağlı rayonlarda yaşamalı olurdum.

- Bəs bu hadisələr baş verən zaman dostlardan kimsə sizdən kömək istədimi?

- Bunu dilə gətirməyi düzgün hesab etmirəm. Bakıya gələn dostlara imkanım çatan qədər kömək etmişdim. Çünki o dostlar da zamanında Kəlbəcərdə olan zaman mənə dəstək olmuşdular. Həm də bəs dost nə üçün lazımdır, dar günün dostu olmalısan. Bayaq da dediyim kimi, Kəlbəcər insanı o qədər dəyərli, insani keyfiyyətləri özündə cəm edirdi ki, belə bir zamanda onlara kömək etməmək, yaralarına həmdəm olmamaq bizə yaraşmazdı...

 


- Siz o vaxt Kəlbəcərdə yeraltı sərvətlərlə bağlı axtarışlar aparırdınız. Sizcə, belə bir sərvətə sahib olan gözəl guşəmizi itirməklə biz nələri itirdik...

- Bayaq da qeyd etdiyim kimi, Kəlbəcərin özü unikal bir geologiyadır. Geologiyaya aid bütün məhfumları özündə əks elətdirir. Kəlbəcərin təbii sərvətləri saymaqla bitməz. İşğal altında bizim 3 qızıl yatağımız qaldı. Bunlar Söyüdlü, Vejnəli, Qızılbulaq yataqlarıdır ki, hazırda ermənilər bu qızıl yataqlarını vəhçicəsinə istismar edirlər. Söyüdlü yatağı Zaqafqaziyada ən böyük qızıl yatağıdır. Bu Kəlbəcərlə Basarkeçər rayonu ərazisində yerləşir. Bu qızıl yatağının ehtiyatı hal-hazırda 370 min tondur. Bu yataqda mən də geofizik kimi çalışmışam. Adətən dövlət sərhədləri suayrıcından keçirdi. Xəritədə həmin o suayrıcı keçən xətt var. Yatağın təxminən 80%-ə qədəri Azərbaycan əraizisinə düşür. 20% isə Basarkeçərin ərazisi idi. O vaxtlar dövlət xəritələrimiz var idi. Zaqafqaziyanın dövlət xəritəsi Tiflisdə saxlanılırdı. Hansı ki, bunlara dəyişməz xəritələr deyirlər. Oranın da rəhbəri erməni idi. Bizim də yataqlar balansa veriləndə, ehtiyat çox olanda yatağın hesabatı Moskvaya verilirdi. Həmişə onlar o sərhədləri suayrıcı ilə deyil, yollarla, cığırlarla göstərirdilər. Onlar o sərhədləri yanlış qeyd edirdilər. Sonra ulu öndər Heydər Əliyevin qətiyyətli təkidi ilə bu xəritə arxivdə tapıldı və həqiqət ortaya qoyuldu.

Sovet dönəmində Kəlbəcərdə Zod yatağı var idi. Həmin yataq o vaxt onların Metallurgiya Komitəsinin balansına verildi. Bizim ərazimizə daxil olan ən zəngin 8 zona idi. Burda tək qızıl deyil, başqa elementlər də çıxarılırdı. Həmin vaxt Zoda dəmiryolu çəkildi. Həmin dəmiryolu metal konsentrantlarını daşımaq üçün idi. Şaxta qazılırdı. Təsəvvür edirsiniz, ermənilərin yeraltı mağaraları Azərbaycanın ərazisi olan Kəlbəcərin Dəmirçidam kəndinin altına qədər gəlib çıxırdı. Bizim yataqlarımızı, sərvətlərimizi özlərininki kimi istismar edirdilər.

O vaxt, mən orada işləyən zaman, söhbət 1988-89-cu illərdən gedir, yeraltı mağaralarda işlər görürdük. İş aparılan zaman ordan ölçü götürmək mümkün olmurdu. Çünki, yeraltında ermənilərin böyük genaratorları işləyirdi. Ancaq istirahət günü bunu müəyyən etmək mümkün olurdu. Biz o vaxt məsələ qaldırdıq ki, bunların qarşısını almaq üçün işlər görməliyik. Daha sonra biz müraciətlər də etdik. Bu o vaxt SSRİ üçün əlbəttə ki, “iqtisadi cib” idi. SSRİ-yə qızıl lazım idi, onun üçün fərqi yox idi ki, bu qızıl Azərbaycanındır, ermənilər qanunsuz istismar edir və s. Bu gün də həmin yataq ermənilər tərəfindən vəhşicəsinə istismar edilir.

Tutqun çayı boyunca qızıl yataqları var idi. Bunlar Qızılitən, Qalaboynu, Zərqulu, Qazıxanlı yataqları idi. Bu ərazilərdə civə yataqları var idi. Burda eyni zamanda, zinət əşyalarının hazırlanmasında istifadə olunan zəngin bəzəkli daşlar vardı.

Kəlbəcərin təbii ki, ən böyük sərvəti onun İstisuyu idi. Həm böyük, həm də kiçik İstisu. Böyük İstisu Kəlbəcər şəhərinin yaxınlığında yerləşirdi. Burdan istirahət mərkəzi kimi istifadə edilirdi. Bura başqa yerlərdən il ərzində 50 min adam müalicəyə gəlirdi. Buranın illik debiti 600 mln. litr, suyunun temperaturu isə 60 dərəcəyə yaxın idi. Müalicəvi əhəmiyyətinə görə Çexiyadakı Karlovi Varıdan belə üstündür.

Tutqu boyu kəndlərdə Qoturlu dərə deyilən bir yer var idi. Çox adam buranın niyə belə adlandırlmasını bilmirdi. Ora bədəndə olan yaraları müalicə edən yer olduğunu görə belə adlandırılmışdı. Orda Əsriklə Tutqun çayı arasında sol sahilində böyük sahəni əhatə edən mineral su yatağı vardı.

Eyni zamanda Zülfüqarlıda Kiçik İstisu vardı. Ora da insanlar mülalicə almaq üçün gəlirdilər. Elə yer var idi ki, orada suyun istiliyi 70 dərcəyə yaxın idi.


- Kəlbəcər özünün bitki örtüyü, təbiətinin gözəlliyi ilə də hər kəsi valeh edib. Bu məsələ diqqətinizi çəkibmi?

- Kəlbəcərin bitki örtüyü oranın oksigen mənbəyi idi. Cökə çiçəyinin ətri insanı valeh edirdi. Bu cür dilbər guşəmizi necə xatırlamayım ki... Hətta çayını dəmləyib içərdik, arılar ondan bal çəkərdi. Oranın qırmızı moruğunun dadı damağımızdan gedərmi...

Hələ kəkliotu ilə dəmlənən çayı demirəm, sanki içildiyi zaman bütün ağrıları azaldardı. Oranın heyvanlar aləmi də zəngin idi.

Fındıq, fıstıq ağaclarının kölgəsində dincəlmək ayrı bir zövq verirdi. Kəlbəcərin gül-çiçəyinin qoxusu da insanı valeh edirdi. Orada bitən bənövşənin ətrindən heç yerdə yoxdu...

Oranın adət-ənənələri də başqa idi. Toylarda indiki bizim toylar kimi bir mahnı çalınanda 15-20 adam oynamazdı ortalıqda. Hər kişinin özünün oyun havası vardı. Əlində fındıq çubuğu tutmuş bir nəfər də toya nəzarət edərdi. Toya bir həftə qalmış dost-tanış gedib ağaclardan kəsib çadır qurardılar. Və bu çadırlar da başdan-başa xalçalarla örtülü olardı. Bir nəfər atın üstünə minib, bütün kəndi toya dəvət edildiyi sorağını yayardı. Toylar 3 gün davam edərdi... Belə gözəl adət-ənənələri olan bir yer idi Kəlbəcər... 

Mənim arzumdur ki, Kəlbəcər azad olunsun, orada özümə bir ev tikim. Mən dünyanın müxtəlif yerlərində oluram, amma Kəlbəcər kimi səfalı yer görməmişəm.

Bizim məşhur geoloqumuz vardı, o vaxt o tövsiyə etdi ki, Bakının su təchizatı Tərtərdən çəkilsin. İndi Böyük Qafqazın bütün çayları bulanıqdı.  Amma Tərtər ərazisində sular  o qədər təmiz, şəffaf idi ki, onun təmizlənməsinə belə ehtiyac yoxdur. İnsanın orqanizminə mineral lazımdı, o da yalnız Kəlbəcərin sularında idi...

 


Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?