Modern.az

Klinikalar müayinə və müalicəni bahalaşdırır, bəs xəstə vətəndaş neyləsin...  

Klinikalar müayinə və müalicəni bahalaşdırır, bəs xəstə vətəndaş neyləsin...   

2 Aprel 2018, 10:46

“Səhiyyə inkişaf edir” avazı yaxşıdır, bahalıqdan ölməyi seçən vətəndaşlarımız olmasa...

“Azərbaycan səhiyyəsi sürətlə inkişaf edir”. Rəsmilərin tez-tez səsləndirdiyi bu fikirlərin avazı yaxşıdır, bahalıqdan dolayı ölməyi seçən vətəndaşlarımız olmasa... Tez-tez sosial şəbəkələrdə kömək məqsədilə paylaşılan elanlara rast gəlirik. Adətən elanlarda əməliyyata lazım olan vəsait toplanmazsa, şəxsin həyatını itirəcəyi bildirilir. Hazırkı bazar iqtisadiyyatı şəraiti dövlətin özəl klinikaların qiymət siyasətinə qarışmasına imkan vermir. Amma sağlamlığının hansısa klinikadan asılı olduğunu bilən, cibi orada müayinə və müalicə olunmağa imkan verməyən vətəndaş çarəsizcəsinə ölümünü gözləməyə məhkumdur...

Xüsusilə 21 fevral və 21 dekabr 2015-ci il devalvasiyalarından sonra ölkədə tibbi xidmətin qiyməti əndazəni aşıb desək, vəziyyəti daha yaxşı təsvir etmiş olarıq.

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bahalaşmanın bütün dünyada getdiyini bildirib:

“Hər kəs bilməlidir ki, bütün dünyada tibbi avadanlıqlar, tibbi xidmətlər, müayinə reaktivləri, alətlər, ləvazimatların qiyməti qalxıb. Dolların manata nisbətən məzənnəsinin bahalaşdığını da nəzərə alsaq, Azərbaycanda özəl tibb klinikalarında qiymətlərin artmasını başadüşülən şəkildə qəbul etmək lazımdır. Amma bütün bunların yükünün vətəndaşların üzərinə düşəməsinə imkan verməməliyik, qarşısını almaq üçün yollar var”.

Deputat vəziyyətdən çıxış yolu üçün bir sıra təkliflər səsləndirib:

“Özəl klinikalar ayrı-ayrı sosial qrupların müayinə və müalicəsilə bağlı kampaniyalar keçirə bilərlər. Güzəştli şərtlərlə, yaxud pulsuz - şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş uşaqlar, Qarabağ əlilləri, aztəmiantlı yaşlı insanlar üçün kampaniyalar təşkil edə bilərlər. Bu da əslində bir sahibkar kimi onların öhdəliklərinə daxildir. Digər tərəfdən, tibbi xidmətlərin ucuzlaşdırılması üçün dövlət öz dəstəyini verə bilər. Mümkündür ki, müəyyən vergi güzəştləri tətbiq olunsun, yaxud müəyyən dövr üçün klinikalarda tibbi xidmət vergidən azad edilsin, eyni zamanda, enerji daşıyıcıları ucuz qiymətə satılsın. Bütün bunların nəticəsində isə əhaliyə göstərilən xidmətin qiyməti aşağı düşər.

Onu da deyim ki, dövlətin özəl klinikaları vergidən azad etməsi yaxşı bir addım olardı. Çünki bunların hamısı sosial layihələrdir və tibbi xidmət də sosial sahədir.

Son nəticədə dövlət büdcəsinə ödənilən vəsait sahibakrın yox, vətəndaşın cibindən gedir. Bu mənada vergi güzəştləri, vergi endirimləri etmək vacibdir”.
 


M.Quliyev icbari tibbi sığortanın tətbiqinin özəl klinikalara şamil edilməsinin tərəfdarıdır:

“Növbəti ildən icbari tibbi sığortaya keçəndə bunun tətbiqini təkcə dövlət tibb müəssisələrinə deyil, həm də özəl klinikalara aid etməliyik. Çünki sağlam rəqabətin formalaşması üçün bu, lazımdır.

Bütün dünyada özəl klinikaların xidməti, komfortu daha yüksək olur. Bu mənada biz sığorta imkanlarını da özəl kliniklara şamil etsək, həm özəl klinikalarda bizim vətəndaşalrımız sığortalı müayinə və müalicə olunar, həm də dövlət müəssisələrində sıxlıq yaranmaz. Həmçinin, dövlət müəssisəsi ilə özəl klinika arasında sağlam rəqabət formalaşar. Amma dövlətin özəl klinikadakı qiymətləri tənzimləməsi, yaxud hər hansı şəkildə diqtə etməsi bazar iqtisadiyyatı siyasətinə uyğun deyil. Bu, özəl tibb faəliyyətinin Azərbaycanda məhdudlaşmasına, yaxud iflasına gətirib çıxara bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir