Modern.az

İşğal altındakı Xocavənd rayonu (FOTOLAR)

İşğal altındakı Xocavənd rayonu (FOTOLAR)

6 Avqust 2011, 12:59

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII  nömrəli qanununa əsasən Dağlıq Qarabağ  Muxtar Vilayəti (DQMV) ləğv edilib. Bu Qanunla keçmiş DQMV ərazisindəki Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Rayonun ümumi sahəsi 1458 kv km, əhalisi 41725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstün­lük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var.Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir.

Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd ərazisində çoxlu sayda (72) dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir.

Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir.  1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib.

2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənilər tərəfindən işğal olunub.

Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.

Modern.az saytı işğal altındakı Xocavəndə rayonundan şəkillə təqdim edir.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?