Modern.az

Nardaranlı qızın inanılmaz HƏYAT HEKAYƏSİ - O, hansı yollardan keçib Avropa İttifaqının sülhməramlı nümayəndəsi oldu - FOTOLAR

Nardaranlı qızın inanılmaz HƏYAT HEKAYƏSİ - O, hansı yollardan keçib Avropa İttifaqının sülhməramlı nümayəndəsi oldu - FOTOLAR

6 Aprel 2018, 11:02

Onunla Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Qənbərovla görüş zamanı tanış olduq. Söhbət əsnasında Bakının Naradaran kəndindən olduğunu öyrəndim. Xarici görünüşünə baxanlar onun Nardarandan olduğuna inanmır, amma o, düz Bakının göbəyində - Buzovnada dünyaya göz açıb, Nardaranda böyüyüb boya-başa çatıb. İndi Avropanı qarış-qarış gəzən bu xanım, illər əvvəl, həm də 17 yaşında zorla ərə verilib. Narkotik asılılığından əziyyət çəkən, həm də şizofren xəstəsinin həyat yoldaşı olub, ondan qız övladı dünyaya gətirib...

Barəsində eşitdiklərimizdən doğan ilkin təəssüratlar bu xanıma qarşı bizdə maraq oyatdı. Beləcə onunla həmsöhbət olmaq qərarına gəldik. İnanırıq ki, zorla hicab bağlamağa məcbur edilən və sonra baş örtüyünü açmağa özündə cəsarət taparaq Avropaya üz tutan bu xanımın həyat hekayəsi sizin də marağınıza səbəb olacaq.

Beləliklə, Modern.az saytı yeniyetmə yaşından böyük yükü çiyinlərində daşıyan Leyla Qasımova ilə müsahibəni təqdim edir:

- Leyla xanım sizi tanıyaq...

- 1988-ci ildə Bakı şəhərində, Buzovnada doğulmuşam. Babam axund, alim olub. Sovet İttifaqından əvvəl İranda təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra repressiyanın qurbanı olub. Ailə olaraq həm mühafizəkar, həm də qatı dindar olmuşuq. Bu mühitdə böyüməyimə baxmayaraq, orta təhsilimi rus bölməsində almışam.

- Dindar ailədə doğulduğunuza görə yəqin siz də dindarsınız. Yoxsa sonradan ateist olmusuz?

- Xeyr, ateist deyiləm. Sadəcə dinə sırınan xurafatı qəbul etmirəm. Din tam fərqli məfhumdur mənim üçün. Tövrat, Zəbur, İncil, Quranı oxuyuram. Onlar arasında müqayisələr aparıram. Gəldiyim qənaət budur ki, dini bölmək düzgün deyil. Çünki biz hansı ölkədə doğulacağımızı-müsəlman, yoxsa xristian olacağımızı özümüz seçmirik, eləcə də digər dinlərin üstün olduğu ölkələrdə.

- Amma belə anlaşılır ki, İslamı da qəbul etmirsiniz...

- Əsla belə deyil. Özüm müsəlmanam, namaz qılıb, oruc tuturam. Sadəcə radikal deyiləm. Bütün dinlər, məzhəblər mənim üçün eynidir. Məsələn, xristianla söhbət edəndə oxşarlıqların olduğunu görürəm. Buna görə də dərinliklərə gedib ayrı-seçkiliklər aparmağın tərəfdarı deyiləm.

Elə bir ailədə böyümüşəm ki, orada qız uşaqlarının təhsil alması yaxşı hal hesab olunmurdu. Qız uşağı ən yaxşı halda 9 il oxuya bilərdi. Bundan sonra onun missiyası ərə getmək, uşaq doğmaq idi. Əksərən qızlar 5-6-cı sinfə qədər oxuyurdular.

- Ailənin tək övladısınız?

- İki bacım, bir qardaşım var. Evin ortancılıyam.

- Mühafizəkar ailənin qızı kimi təhsil alan yeganə övladsınız?

- Mən ilkəm. Amma digərləri də məndən sonra müəyyən zaman keçdikcə fasiləylə, təyiq altında təhsillərini tamamlaya biliblər. Mən də, bacım da 9-cu sinifə qədər oxumuşuq. Sonradan mübarizəylə təhsilimi davam etdirdim.

- Ailədə ən çox kim idi sizin təhsil almanıza qarşı çıxan?

- Hamı. Xüsusilə əmim heç vaxt razı olmurdu bizim təhsil almağımıza. Hər addımda qadağa vardı.

- Nə idi qadağalar?

- Qadağaların sərhəddi yox idi. Qız mütləq başını bağlamalı idi. Biz evdən başıbağlı çıxırdıq, məktəbin qapısında başımızı açırdıq. Əks təqdirdə məktəbə buraxmırdılar bizi. Bu da bizim üçün müsbət amil idi. Əmimin biri deyirdi ki, “qızın məcburi şəkildə başını bağlaması İslama ziddir”. O biri əmim deyridi “yox, bağlamalıdır”. Elə bir ailə idik ki, təkcə ata-ananın sözü keçmirdi. Bütün əmilər, dayılar bizim üstümüzdə söz sahibi idilər. Yəni bir insanın taleyini bütün nəsil həll edirdi. Yekun qərar bu olmuşdu ki, örtüyü məktəbin qapısında açın, qapıdan çıxanda bağlayın evə gəlin. Rus bölməsində oxuduğumdan mənə başımı bağladığıma görə zarafatla ad da qoymuşdular: “Krutaya monaşka” deyirdilər. Və o gün gəldi, məni təhsil aldığım 26 nömrəli Buzovna orta məktəbindən çıxarıb məcburi ərə verdilər.

 

- Siz də nəsildəki digər azyaşlı qızların aqibətini yaşadınız...

- Təəssüf! 2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra məcburi ərə verildim. İstəmədən, zorla, göz yaşlarımla. Günlərlə ağladım məktəbdən ayrıldığıma. Amma ailə quracağım oğlanın ailəsi söz verdi ki, təhsil almağıma icazə verəcəklər.

- Kim idi ərə getdiyiniz adam?

 - Anamın uzaq qohumularından idi. İçərişəhərdə yaşayırdılar. Onlar da mühafizəkar ailə idi. Söz verdilər oxuyacam, amma toydan sonra oxumaq istəyimə narazılıq etdilər. İki il fasilədən sonra 10-cu sinfə getdim, 11-ci sinfi oxumağa qoymadılar. Sənədlərim gecə məktəbinə verildi. Bir təhər 11 illiyi bitirdim. Yoldaşım həmişə təhsilli olacağımdan narahat idi, buna görə icazə vermirdi. Nə isə iki ildən sonra bunlar mənim oxumağıma razılıq verdilər. Böyük ümidlə ki, “onsuz da universitetə daxil ola bilməyəcəksən”.

Yoldaşımın zərərli vərdişləri var idi. Hər dəfə deyirdi ki, sənədlərini cıracam, qoyamayacam oxuyasan. Qorxumdan sənədlərimi gizlətmişdim böyük şkafın altındakı xalçanın altında. Çünki sənədlərimə bir şey olsaydı, universitet arzularım puç olacaqdı. Nə deyirdi sakitliklə qəbul etməyə çalışırdım. Sinif yoldaşlarım imtahana gedəndə mən artıq ana olmuşdum. Dəhşət idi mənim üçün. Amma heç nədən vaz keçmirdim. Çox yalvar-yaxardan sonra yoldaşım razılaşdı. Evə müəllim gəlirdi mənimlə məşğul olmaq üçün. Evdəkilərin yanaşması bu idi ki, “onsuz da qəbul olunmayacaqsan, başını qat”.
Bir əlimdə südəmər körpə, bir əlimdə kitab-dəftər müəllimə qulaq asırdım. Mənim üçün çox ağır idi. Yoldaşım o qədər laqeyd adam idi ki, heç nə vecinə deyildi. İstəyəndə yeyib-içirdi, istəyəndə yatırdı. Yəni onun üçün həyat yoldaşının əziyyət çəkməsinin heç bir önəmi yox idi. Təhsil almağıma razılaşanda mənə dedi ki, “4 ay vaxtın var, ondan sonra bu evə müəllim gəlməyəcək”.
Bəxtimdən həmin ili-2008-ci ildə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanları iyun ayının axırında təşkil etdi.

Qayınanam, qayınlarım istəmirdilər ki, mən oxuyum. Bilirdilər ki, oxusam, ailənin sonu olacaq. Qayınanam həmişə deyirdi ki, “oxusan, oğlumdan ayırlacaqsan”. Ona görə çalışırdı ki, hər yerdən yolumu bağlasın. Amma bir yolu ki, Allah açır, onu heç bir bəndə bağlaya bilməz, bilmədi də.


- Danışdıqlarınız həqiqətən ağrılıdır. Bəs ailəniz sizi bilə-bilə, göz görə-görə belə bir oğlana necə vermişdi?

- Mən onunla ailə qurana qədər belə ailə olduqlarını bilmirdik. Zöhrabın narkoman olduğunu nişanlanandan sonra öyrəndim. Üzüyü qaytarmaq istəyəndə isə hamı mənə qarşı çıxdı. Bizim ailə kimi bir ailədə üzük qaytarmaq bütün nəslə üzqarası idi. Mən beləcə nəslin adı pisə çıxmasın deyə məcburi ərə verildim.

Ayırlandan çox sonra bildim ki, o həm də şizofreniya xəstəsi olub. Mərkəzi Neftçilər Xəstəxanasında Qarayev soyadlı bir həkim yoldaşımın sənədlərində şizofreniya xəstəliyini qeyd etmişdi. Həmin vaxt mənə aydın oldu ki, bu xəstəliyin üzərinə narkotik asılılığı gələndə dözülməz olubmuş.

- Bu cür vəziyətdə imtahanlara necə hazırlaşa bilirdiniz?

- Mən bir halda müəllimlə oturub dərsimi öyrənə bilərdim: evlər yığışdırılmalı, yemək-içmək hazır olmalı idi. Bütün gecəni səhərə qədər dərs oxuyurdum, səhərə yaxın bir-iki saat yatırdım. Artıq növbəti gün və qayğılarım başlayırdı.

İngilis dili müəlliməm bizimlə qapıqonşu idi. Evdə səs yüksələndə gəlib qapımızı döyürdü. Həmişə mənə deyirdi ki, “bu oğlan bu məhəllənin ən pis oğlanı idi, səni necə veriblər buna?”. Hamı təəccüb edirdi. Cavab verə bilmirdim qismət deyib keçirdim....


- Neçənci ildə ailə qurmusunuz?

- 2005-ci ildə toyumuz oldu. Sinif yoldaşlarım imtahana girəndə mən ana olmuşdum. Zəng edib dedilər ki, “Leyla biz imtahana gedirik”. Mən də dedim qızım olub. Bəlkə də bu da mənim imtahanım idi... 17 yaşımda artıq ana olmuşdum.


- Və bu əziyyətin nəticəsi olaraq siz universitetə daxil oldunuz...


- Bəli. Böyük çətinliklə də olsa, hazırlaşıb imtahan verdim və 480 bal topladım. Onda keçid balı 350 idi.


- Bayaq dediniz evdə universitetə daxil olacağınıza inanmırdılar deyə, hazırlaşmağa icazə verdilər. Amma hər halda universitetə daxil olma ehtimalınızı da dəyərləndirməmiş deyildilər..

- Əlbəttə, şərt qoyulmuşdu. Universitetə daxil olsam, mütləq ödənişsiz və qiyabi ixtisas olmalı idi. Həmin fakültədə oğlan oxumamalı idi.

- Hansı universiteti, hansı ixtisası seçdiniz ki, orada oğlan oxumurdu?

- 2008-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum, özü də qiyabi. Bilirsiniz qiyabidə oğlanlar adətən olmurlar. Bircə oğlan vardı qrupda, o da gəldi, əsgəlik vaxtı getdi. Beləcə yoldaşım dərsə gedəndə məni universitetin qapısından ötürüb, qapısında da gözləyirdi. Bütün bu basqılara rəğmən ən çalışqan tələbə olmuşdum. Əvvəl rüşvət vermədiyimə görə mənə hörmət etmirdilər, amma sonra dekanın ən sevdiyi tələbə oldum. Tələbə biletimdə ilk kurslarda başıbağlı, son kursda başıaçıq idim. Çünki nişanlanan kimi başımı bağlamağa vadar etmişdilər.2004-cü ildən 2009-cu ilədək hicab bağlamışam.

- Ailədə münasibətləriniz necə idi? Şiddət vardımı?

 

 

- Şiddət ilk gündən vardı. 1 il sonra şiddət daha da artdı. 2009-cu ildə münasibətlər elə  həddə çatdı ki, həyat dözülməz oldu. Mən bir yana, uşağa da şiddət göstərirdi. Qayınanam anamı çağırıb dedi ki, “sənin qızın qəbirə gedəcək, mənim oğlum da həbsxanaya. Qoy bunlar ayrılsınlar”. 2009-cu ildə ayrılmağımıza qərar verildi və mən atamgilə qayıtdım. Bütün universitet bilirdi ki, biz ayrılırıq. Gəlirdi universitetin qapısında, dekan, müəllimlər, hamısı bir-birinə dəyirdi. Artıq intihar həddinə çatmışdım.

- Amma indi güclü qadın təsiri bağışlayırsınız. Əminlik, özgüvən...

- Bu qədər ağrılardan sonra güclü olmaq məcburiyyətindəyəm...

- Sonra nə baş verdi, rəsmən ayrıldınız?

- Anası deyəndən sonra məni atamgilə gətirdilər. Rəsmi nikahımız vardı, amma hələ kağız üzərində evliydik. Bir ildən sonra hələ də əmimin yanına gəlir, peşman olduğunu bildirir, hətta ağlayırdı. Əmim sonda dedi ki, “bu artıq neçənci dəfədir, olmaz”. Bütün bunlardan sonra atamla əlbəyaxa davaya çıxdı, məni zorla geri aparmaq istəyirdi. Həmin vaxt atam Həcc ziyarətinə gedirdi. Dava o həddə oldu ki, atamın qolunu sındırdı. Təsəvvür edin, atam qolu sınıq halda Həccə getdi. Mən ilk dəfə 3 günlük gəlin olanda döyülmüşəm. Bunu heç anama da deməmişdim. Hətta qollarımda izləri də qalırdı (qəhər onu boğur, göz yaşlarına hakim ola bilmir)

- Acı xatirlərinizi oyatsam da, soruşmaq məcburiyyətindəyəm. Üç günün çiçəyi burnunda gəlinin şiddət görməsinin səbəbi nə idi?

- Dayımın toyuna getmişdik. Dayım məndən soruşdu ki, “necəsən, incitmirlər səni?”. Yəni hər bir dayının soruşa biləcəyi sual idi. Bu da həmin vaxt narkotik qəbul etmişdi. Demə bizə qulaq asırmış. Mən uşaq idim, bu cür halları da ailədə görməmişəm, yaşamamışam. Ailəmizdə heç siqaret çəkən olmayıb, o ki qaldı narkotik ola. Toydan sonra evə gəldik. Məndən soruşdu ki, “səndən nə soruşurdu dayın, o niyə elə dedi sənə?”. Dayımın dediyini söylədim. Yəni heç nə yox idi onun soruşduğunda. Bu, bərk əsəbiləşdi. O vaxt səsli kondisioner vardı evdə, qoşdu onu, qapını bağladı. Qardaşıgil qonşu idi bizimlə. “28 May” tərəfdəki balaca, taxta evlər kimi bir evdə yaşayırdılar. İndi “Part 21” yerləşir həmin yerdə. Kondisioneri yandırdı və başladı məni döyməyə. Səsimə qonşuluqdakı qardaşı gəldi. Qardaşı qapını nə qədər döysə də, açmadı. Stolun üzərində billur qablarda meyvə, şəkərbura, paxlava vardı. Onu mənim üstümə atanda yerə düşüb çilik-çilik oldu. Bu məni döydükcə, qardaş qapını sındırır ki, “Zöhrab aç qapını”. Bu da açmır. Qırılmış qabdan kiçik hissəsini götürüb qolumu kəsdim. Çünki bunu etməsəydim məni döyə-döyə öldürəcəkdi. Qanı görüb qorxdu, qapını açdı. Qolumdakı yara çox da böyük deyildi. Qardaşı tez bağladı qolumu. Nə isə su verdilər, birtəhər özümə gəldim.

- Münasibətlər nə qədər davam etdi?

- Onunla təxminən 2005-ci ildən 2009-cu ilin ortalarına qədər ailəli olduq. 2010-cu ilin  avqust ayında rəsmən ayrıldıq. Birgə yaşadığımız günlərdə elə bir gün olmamışdı ki, mən ağlamayım.

- Ailənizin xəbəri yox idimi bütün olanlardan?

- Ailəmizdəkilərə heç nə demirdim. Bir dəfə atamgildə olanda başmağı götürüb başıma necə çırpdısa, anam şok oldu. Dedi bu nədir belə? Və yalnız onda anam qismən mənim vəziyyətim barədə məlumata sahib oldu. Qayınanam məni hər dəfə hədələyirdi ki, heç kimə heç nə deməyim. Oğlunun halından xəbərdar idi. Biz evlənməmişdən qayınanama deyiblər ki, “oğlunu evləndir, düzələcək”. Düzəlmədiyini görəndə də mənə deyirdi “sən onsuz da ayrılıb gedəcəksən, kiməsə nəsə deyib oğlumu biabır eləmə”.
Amma elə qayınanamın təklifilə biz ayrıldıq. Ayrılandan sonra ailə həyatı mənim üçün qapandı. Özümü tamamilə iş həyatına həsr etdim, təhsilimi davam etdirdim. Evdəkilərə də dedim ki, təhsilimi xaricdə davam etdirəcəm. Ailədə də mənə sual verirdilər ki, “kim səni maliyyələşdirəcək ki, xaricdə oxuyacaqsan?”. Deyirdim mən yol tapacam. Təhsil aldığım müddətdə ingilis dili, İELTS kurslarına getdim. Vaxt çatdı İELTS-dən imtahan verdim, qəbul olundum, Mançestr Universitetindən də dəvət aldım. Qaldı təqaüd məsələsi. Bundan sonra Təhsil Nazirliyinə müraciət etdim, müsahibə mərhələsindən keçdim və təhsil təqaüdü aldım.


- Beləcə sizə yol göründü...

- Bəli, artıq hər şey hazır idi. Getməyim üçün heç bir maneə qalmamışdı. Bu ərəfədə təsadüfən yolda keçmiş həyat yoldaşımı gördüm. Məndən halallıq aldı. “Məni bağışla, mən öz qızımın arxasında dayana bilmədim. İnanıram ki, sən bunu bacaracaqsan” dedi.

- Bəs ailədəkilər, əmilər, dayılar necə qarşıladılar xaricə getmək qərarınızı?

- Evdə sənədlərimin hazır olduğunu, gedəcəyimi bildirəndə dayım razı olmadı. Əmim ümumiyyətlə məndən küsdü ki, “qız hara, xaricdə oxumaq hara?!”. Çünki ailədə ilk inqilabı mən etdim. İlk mən şiddətə dözməyib boşandım, “qız təhsil almaz” dedilər, nəsildə universitetə daxil olan ilk mən oldum və xaricə gedən də ilk mən idim. İki gün qalmış əmimlə sağollaşmağa getdim. Əmim ata-anama dedi ki, “siz də hər şeyi satın, Leyla ilə birgə gedin İngiltərəyə”. Dedim hara gedirlər?! Əmim dedi ki, “sən bizim ailəmiz üçün “pozorsan”. Deyəcəklər Rəsulun qızı haradadır, xaricdə. Bu bizim üçün biabırçılıqdır”. Dedim necə istəyirsiz düşünün. Yola düşəndə çantamda bir Quran vardı, bir də Azərbaycan bayrağı. Sanki onların ikisi mənə güc verirdi. Geridə qalanlara aldırmadan qarşımda açılan yolla getdim.

- Özünüzdə necə güc tapdınız, boşanmış qadın, azyaşlı qızınız, sizi qınayan ordu qədər adam...

- Çox çətin idi. Amma bacardım. Bilirsiniz, təzə boşananda iş axtarırdım. Müraciət etdiyim yerlərdə, kollektivlərin əksəriyyətində kişilər idi. Heç kimə ayrıldığımı demirdim. Çünki “boşanmışam” deyən kimi insanların mənə yanaşması tamam dəyişirdi. Ona görə də gizlətməyə çalışmışam. Hətta məni subay qız bilib elçi düşənlər də olurdu. Deyirdim yox ərə getmək fikrim yoxdur. Amma əsl səbəbi bilmirdilər.

- Bəs bu müddətdə uşağın aqibəti necə oldu?

- Uşaq məndə qaldı. Onsuz da ata uşaqla maralanmırdı. Yəni maraqlanmaq iqtdarında belə deyildi. Çünki psixoloji problemləri vardı. Əmisi, nənəsi maraqlanırdı, soruşurdular. Atasının səhhəti pis idi. Şizofreniya xəstəliyi elədir ki, bir müddət tutur, sonra yaxşılaşır. Bir növ mövsüm dəyişikliyi də bu xəstəliyə ciddi təsir edirdi. Nə isə getdim xaricə. Mən xaricə gedəndə qızım anamla qaldı.

 

- İngiltərə ilə bağlı xatirələriniz necədir? İlk vaxtlarda çətinlikləriniz olmamış deyildir...

- Bilirsiniz, mənim üçün asan heç nə olmayıb. Məni motivasiya edən təhsil almağımla bərabər, həm də Azərbaycanı təmsil edəcəyim idi. Təhsil aldığım müddətdə bir çox təşkilatlarda təmsil olundum, ölkəmizi təmsil etdim. Qarabağ münaqişəsilə əlaqədar Minsk qrupunun müzakirələrində iştirak edirdim. Eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətilə sıx əlaqədə idim. Azərbaycanın Qarabağdan olan istedadlı nümayəndələrilə müsahibələr edib TEAS-a göndərirdim. Orada olduğum müddətdə Şahzadə Çarlzın təşkilatında Mançetrdə qızlar məktəbində biznes sahəsi üzrə treninqlər keçirdim. İngiltərədən Children İnternasional Summer Village adlı proqram üzrə rəhbər seçilmişdim.

- Təhsilinizi hansı ixtisas üzrə davam etdirirdiniz?

- Magistratura təhsili alırdım. İxtisasım təhsilin idarə olunması idi. Amma əlavə, ixtisasdankənar fənlər də vardı ki, orada qadın, gender bərabərliyi və insan resursları öyrənilirdi. Qadın hüquqlarının alçaldıldığı, şiddətin üstünlük təşkil etdiyi bir ailədən gəldiyim üçün bu sahələrin hamısı mənim üçün doğma idi.

 - Neçə il təhsil aldınız İngiltərədə?


- Təhsil müddəti 1 il idi, amma il yarım qaldım orada. Təhsilimi başa vurduqdan sonra Azərbaycan həqiqətlərini, Xocalı genosidini dünyaya çatdırmaq üçün beynəlxalq tədbirlərdə iştirak edirdim. Yəni o müddətdə sadəcə oxuyub vaxt keçirmədim. Hər gün üzərimdə işləyirdim, yeniliklər axtarışındaydım.


- Bəs harada yaşayırdınız?

- Müxtəlif ölkələrdən olan tələbələrlə birgə ev tutmuşduq, orada qalırdıq. Təhsil aldığım müddətdə Polşada 10-cu iqtisadi forum keçirilirdi. Qeydiyyatdan keçdim, İngiltərədən Polşaya yollandım. 360 nümayəndənin iştirak etdiyi Forumda 40-dan çox ölkə, o cümlədən Ermənistandan da nümayəndələr vardı. Panel müzakirəyə Qarabağ münaqişəsini qaldırdım. Onda Qafqazdan danışırdılar, heç Azərbaycan məsələsinə toxunan yox idi. Mən məsələni qaldıranda erməni nümayəndələr ayağa qalxdı və dedilər ki, “biz kolleqamızla razıyıq. Qarabağ münaqişəsi tezliklə, özü də sülh yolu ilə öz həllini tapmalıdır”. Düzü onların bu cür münasibətini gözləmirdim. Daha sonra 2015-ci ildə Eupoean Caucasus House adlı təşkilata üzv oldum. Eyni zamanda, Azərbaycanla əlaqələr qurmağa çalışdım, Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlığa başladım. Məni İşğal Olunmuş Ərazilərdə Abidələrin Müdafiə Təşkilatının sədri Faiq İsmayılovla tanış etdilər. Onunla əməkdaşlığa başladıq. Beləcə bütün diqqəti Qarabağ münaqişəsinə yönəltdim. Çünki Bakıda bizim yaşadığımız yerə yaxın məcburi köçkünlər yaşayırdılar. Həmin vaxt diqqətimi çox çəkmişdi. Bayaq da qeyd etdiyim kimi, mən orta məktəbi rusca oxumuşam. Onda  fərqinə varmasam da rus müəllimlərinin bizə münasibətini sezmişdim. Bizə həmişə deyirdilər ki, “Azərbaycan bölməsindəkilərin hamısı “çuşkadır”, “mədəniyyətsizdirlər” və s. Bunlar yaddaşıma hopmuşdu və mənə pis təsir edirdi. Çünki mənim ailəm Azərbaycan ailəsidir və bu münasibət məni məyus edirdi. O dövrdə erməni əsilli müəllimlər də vardı. Əslində onlar bizə qarşı mehriban idi, nəinki ruslar. Ruslar bizə qarşı aqressiv idilər, həmişə Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırdılar. İndi başa düşürəm ki, bunların kökü nədir, haradan qaynaqlanırdı. Artıq Qarabağ münaqişəsi, Sumqayıt hadisələri, Xocalı soyqırımını dərindən öyrəndikcə anlayıram ki, bütün bunlar rusun Azərbaycana qarşı Ermənistan vasitəsilə yürütdüyü siyasətin təməlləri imiş ki, müəllimlər də bizdə o fikirləri formalaşdırmağa çalışırdılar.

 

- Və Azərbaycana qayıtdınız...

- Azərbaycana qayıtdım və Avropa Parlamentinin deputatları ilə əlaqələr qurmağa başladım. İlk mənə yardım edən Avropa-Azərbaycan Əməkdaşlıq Komitəsinin sədri Səccad Heydər Kərim oldu. Azərbaycana gələndə 2016-cı ilin sentyabr ayında onunla görüşdüm. Həmin vaxt Azərbaycanla Avropa İttifaqının əlaqələri pozulmuşdu. Əlaqələrin bərpası üçün danışıqlar aparılırdı. Səccad Kərimə e-mail yazdım. Razılaşdı və görüş təyin edildi. Prezidentlə görüşdən sonra mənimlə görüşdü. İlk tədbirim Avropa İttifaqında sülhdən danışan təsviri incəsənət və Suriya qaçqınlarına yardım adlanırdı. Orada müharibənin Azərbaycan qaçqınına və üç münaqişə zonasındakı insanlara, təbiətə, ətraf mühitə dağıdıcı effektini əks etdirən əsərlər nümayiş olunurdu. Eyni zamanda, qaçqınların sülh mövqeyinin tərəfdarı olduğu bildirilirdi. Layihədə Kaşmir, Suriya, Dağlıq Qarabağ münaqişlərindən bəhs edilirdi. Tədbirdə hər üç ölkənin rəsmiləri iştirak edirdi. Növbəti tədbirim “Münaqişə zonasında qadının monoloqu” adlanırdı. Bu isə foto-sərgi idi. Çatdırmaq istədiyim əsas fikir bu idi ki, insanlar fərqli məkanlarda oxşar taleləri yaşayırlar. Azərbaycanda tanınmış fotoqraflar Alev Litvinin, Rafiq Qənbərovun, Mirnaibin fotoları vardı. Yenə də dövlət rəsmiləri tədbirdə iştirak edirdi. İstəmədən də olsa mən ermənilərlə də qarşılaşırdım. İlk dəfə erməni ilə İngiltərədə, rus cəmiyyətində tanış olmuşdum. Hamı bir-birinə özünü təqim edib əl uzadırdı. Bu özünü “Mən Ermənistandanam” deyə təqdim edəndə bir anlıq duruxdum. Televiziyada Xocalı, müharibə ilə bağlı gördüyüm kadrlar kino lenti kimi gözümün önündən keçdi. Hiss etdim ki, bir neçə dəqiqə ermənin əli uzaqlı qaldı. Erməni mənə dedi ki, “narahat olma, bunlar siyasi məsələlərdir. Mən erməni olsam da, müharibəyə qarşı münasibətim neqativdir. Biz hətta ölkəmizi tərk edirik ki, hərbi xidmətə getməyək”.

Hazırda Avropa İttifaqının Ermənistan və Azərbaycan cəmiyyəti arasında sülhməramlı nümayəndəsiyəm. Ötən il ilk dəfə proqrama qoşulanda atam mənə dedi ki, “getmə, ermənilər səni zəhərləyəcəklər”. Bundan əvvəl Fransaya gedəndə ermənilərdən uzaq durmağımla bağlı məni tənbeh etmişdi. Amma görüşəndən sonra analdım ki, onlar da sülhü dəstəkləyirlər. Sadəcə bəzi qüvvələr bunun reallaşmasına imkan vermirlər. Bütün bunlardan sonra qarşıma məqsəd qoydum ki, konflikt zonasındakı cəmiyyətlər arasında sülhün bərqərar olmasına çalışım. Yəni əlimdən gəldiyi qədər. Mənim prizmamdan yanaşdıqda pis insan yoxdur. Onu pisliyə vadar edən şəraitdir.

- Bütün sadaladıqlarınız Nardarandan hıcabla çıxan bir qızın həyata keçirdiyi böyük işlərdir. Amma maraqlıdır, İngiltərədən Vətənə qayıtdıqda sizə münasibət necə oldu?

- Hazırda qohum-əqraba arasında ən hörmətli şəxsəm (gülür). O vaxt getməyimə etiraz edən əmim, bir ay sonra yazdı. Ehtiyaclarımı soruşurdu, “bəlkə sənə pul lazımdır” və s. Daha sonra videoroliklərimi izlədilər. Leyla siyasi arenada, siyasi xadimlərlə bir arada Azərbaycan həqiqətlərindən danışır. Artıq Azərbaycana gələndən sonra mənə sadəcə Leyla kimi yox, şəxsiyyət kimi yanaşırdılar. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, bizdə qızların oxuması müəyyən sinfə qədər idi. Amma məndən sonra qızların oxumağına icazə verildi. Dayım qızları peşə məktəblərinə getdilər. Hətta kiçik qızlara məni örnək göstərirlər ki, “Leyla o ağır şəraitdə oxudu, siz də oxuya bilərsiniz”. Mən sevinirəm ki, ailəm, kiçik qızlar üçün inam yaratmışam. Artıq “qız uşağıdır, oxumasın” söhbətləri müzakirə mövzusu deyil.

 

- Söhbətə başlayandan əmi müzakirə mövzüsudur. Sizin təhsil almağınza qarşı çıxan əminiz özü təhsilli
dir?

- Yox, əmim biznesmendir, təhsilli deyil. Həmişə bizə deyirdi ki, “oxumaya-oxumaya biznes qurmuşam, pul qazanıram. Siz də oxumadan nələrəsə nail ola bilərsiniz”. Həmişə ona başa salmağa çalışırdım ki, qız üçün təhsil önəmlidir. Sən kişi olaraq hansısa ağır işləri görərək pul qazana bilirsən. Amma mən onu edə bilmərəm. Mənim aləmimdə əgər təhsilsiz olsaydım, hər şey başqa cür olardı. Məhz təhsil məni daha güclü etdi, öz ayaqlarım üzərində durmağı bacardım. Məhz bütün əldə etdiklərim təhsilimə bağlıdır.

 

- Bəs öz qızınız necə, oxuyurmu? Onun tərbiyəsilə kim məşğul olur?

- Bəli, qızım oxuyur, 6-cı sinifdədir. O da mənə baxıb motivasiya olur. Özüm məşğul oluram tərbiyəsilə, səfərdə olanda anamla qalır.

- Anasının başına gələnlərdən xəbəri varmı?

- Hamısını bilir. O balaca idi, 3 yaşı vardı. Bütün proseslər onun gözü qarşısında baş verirdi. Nə qədər də onu kənar tutmağa çalışırdım, mümkün olmurdu. Məhkəmələr, atasının gəlişləri, davalar və s. Bütün bunları ondan gizlətmək mümkün deyildi. Hətta onun gözü qarşısında döyülürdüm...


- Müsahibə vaxtını müəyyənləşdirəndə, bir dəfə İrandaydız, sonra İngiltərədə... Gərgin fəaliyyətdəsiniz. Ümumiyyətlə, bu günə qədər haralarda çalışmısınız?

- Ayrı-ayrı təşkilatlarda, Təhsil Nazirliyində Tədris resursları şöbəsində çalışmışam. Qısa müddətlik də olsa, Təhsil Nazirliyində nazir müavini Ceyhun Bayramovla çox yaxşı münasibələr qurduq. Parlamentdə, “Avronest”in tədbirində iştirak etdim. Hazırda Avropa İttifaqının sülhməramlı nümayəndəsiyəm, gənc siyasi liderlər proqramının üzvüyüəm. Eyni zamanda, “Avropa-Qafqaz evi”nin İngiltərə-Azərbaycan üzrə mütəxəssisiyəm. İşğal olunmuş ərazilərdə abidələrin müdafiəsi üzrə koordinatoru və layihə rəhbəriyəm. Öz layihələrimi yazıram, Avropa parlamentinin deputatları ilə əlaqələr qurmuşam. Layihələrimi onlarla bölüşürəm, az da olsa Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışıram.

- Bir qız övladı tək böyüdürsünüz. Sosial təminatınızı təmin edə bilirsinizmi?

- Bəli, ödəyirəm, həm də öz gücümə. Çünki daim çalışıram.

- Bütün bunları yaşayan biri kimi xanımlara mesajınız nədir? Bu gün ayrı-ayrı evlərdə sizinlə eyni taleni bölüşən xanımlar az deyil...

- İstəyim odur ki, hər bir valideyn öz uşağına mütləq təhsil versin. Çünki təhsil insana güc, qüvvət verir. Heç bir şeydən qorxmasınlar. Mənim inandığım bir şey var: təhsil bütün qorxuları dəf etməkdə insana güc, stimul verir. Həyatımın dolanbac yollarını düşünəndə özümü çox güclü hiss edirəm, heç bir şeydən qorxmuram, heç kimdən çəkinmirəm. Bizim cəmiyyətdə əsas problemlərdən biri də insanların öz fikirlərini deməkdən, haqlı mövqelərini sərgiləməkdən çəkinmələridir. Öyrəndiklərimə əsaslanaraq deyə bilərəm ki, hər bir insanın subyektiv fikri var. Onu isə səsləndirməkdən çəkinməməlidir. Xaricdə bu baryerlər götürülüb, bizdə isə hələ də o çəkingənlik qalır. Bu da insanları geri çəkən məsələlərdəndir. Mən əmilərimdən, dayılarımdan yaşca dəfələrlə kiçik olmama rəğmən öz mövqeyimi sərgiləməkdən, özümü ifadə etməkdən çəkinmirdim. Hamı deyəndə ki, “oxumayacaqsan”, məndə elə bir hiss vardı oxuyacam. Mən heç vaxt neqativ fikirləşməmişəm. Mən hazırlaşan vaxt “birdən universitetə daxil olmaram” fikrini ağlıma gətirməmişəm. Qarşımda yalnız bir məqsəd vardı: oxuyacam və universitetə daxil olacam. İngilislərdə belə bir fikir var: “Müsbət düşünmək sükutlu duadır”. Qəlbimdə olan inam Allaha olan inamdır. Həmişə bir iş üçün yola çıxanda Allaha inanıram və heç nədən qorxmuram. Əgər alınmayan bir işim olubsa, ondan da bir xeyir görmüşəm. İlk Bakıda magistraturaya imtahan verirdim. Qapıda sənədin surətin təqdim etim, çünki əsli kitabxanada qalmışdı. Amma məni içəri buraxmadılar. Çünki əslini istəyirdilər. Təxminən 6-7 aydan sonra xaricə sənəd verdim və daxil oldum. Yəni həyatda keçdiyim çətin yollar mənə neqativ təsir göstərməyib. Hamısı mənim üçün bir təcrübə olub.

- Bəs övladınızın həyatını necə qurursunuz? Gələcəkdə kimsə onun da həyatına müdaxilə edə bilər düşüncəsi varmı sizdə?

- Qətiyyən. Kimsə buna cürət etməz. Və mən də buna yol vermərəm. Mən özüm ailədə çərçivələr içərisində böyüdüyüm üçün öz qızıma sərbəstlik vermişəm. Hətta müəllimləri də bunu deyir. Təbii ki, çərçivələr daxilində. Amma çərçivələr onun subyektiv fikirlərini ifadə etməyə mane olmur.

- Qızınız hicablıdır?

- Xeyr.

- Əmilər, dayılar onun başını bağlamağa cəhd etməyiblər ki?

- Yox, mən bağlamıram. Mən bağlamıramsa, onu da kimsə məcbur edə bilməz buna.

- Necə oldu birdən-birə başınızı açdınız?

- Universitetdə də hicablı idim. Hətta ayrılana qədər. Ayrılandan sonra iş üçün hara müraciət edirdimsə, mənə problemlər yaranırdı. Başıbağlı işə götürmədikləri üçün məcburi hicabı açdım. Onu anladım ki, baş bağlamaq sadəcə bir adətdir. Qadın başıaçıq halda öz namusunu, qeyrətini qoruya bilirsə, baş örtməyə ehtiyac yoxdur. Məhəmməd səlavatullah deyir ki, “Qadınlarınıza deyin ki, öz təhlükəsizliyiniz üçün bir yerdən başqa yerə keçərkən başlarını örtsünlər”. Əgər mən başıaçıq şəkildə öz təhlükəsizliyimi təmin edə bilirəmsə, indiki islamafobiyanın yayıldığı aləmdə baş bağlamaq mənim təhlükəsizliyimi pozur, nəniki məni qoruyur.

- Bəs evdə başınızı açdığınıza münasibət necə oldu?

- O həyatımda elə bir dönəm idi ki, artıq kiminsə müdaxiləsini qəbul etmirdim. Çünki ilk dəfə mənim taleyim onların verdiyi qərarla alt-üst olub. Artıq ikinci dəfə işlərimə müdaxilə etməyə çəkinirdilər.


- Bəs yenidən ailə qurmağı düşünürsünüz? Nə qədər sosial rifahınızı öz gücünüzə təmin etsəniz də, ailə, həmdəmə mütləq gərək duyur insan...

- Mənim üçün ailə həyatı tam bağlanıb.

- Məncə bu qədər sədd çəkməyin ailə məsələsinə. Bir də gördünüz sizi olduğunuz kimi qəbul edən, hətta dəstək olan biri çıxacaq qarşınıza ki, ailə qurmaq istəyəcəksiniz.

- Bilmirəm. Amma həyatda hər baxımdan yalnız özümdən güclü biri ilə ailə qura bilərəm, zəiflə yox. İndiki halda elə bir insan qarşıma çıxmayıb.

- Bəs sevgisiz yaşamaq çətin deyil? Boşluq hiss etmirsiniz həyatınızda?

- Məndə sevgi Allahadır. O sevgi mənə güc verir. Boşluğa gəldikdə, Allah o boşluğu hiss etməyimə imkan vermir. Mən günə Quran ayələrinin sədası  altında  yoqa ilə başlayıram. Onlar mənə güc-qüvvət verir. Bir az pis çıxacaq, amma məni evdə oturtmağa çalışan, geri düşüncəli biri ilə heç vaxt ailə qurmaram. Mənim indiki vəziyyətimdə işimi qəbul edən az adam tapılar. Çünki daim səfərlərdə oluram, kişi həmkarlarım daha çoxdur. Bunu cəmiyyətimizdə hər adam qəbul etmir.

- Çox da kəskin düşünməyin. Bu gün Azərbaycan siyasi arenasında öz sözünü deyə bilən, kifayət qədər yüksək vəzifədə çalışan bacarıqlı, nüfuzlu xanımlarımız var. Hansı ki, həm parlamentdə təmsil olunurlar, həm də yüksək vəzifələrdə. Hətta ölkə başçısının xanımı da bu gün yüksək postda Azərbaycanı təmsil edir. Yəni sizin çəkindiyiniz tendensiya xeyli geridə qalıb.

- Doğrudur. Amma mənim qarşıma çıxanlar məni dəyişməyə, evdə oturtmağa çalışırlar. Bəlkə də düşüncəm bundan qaynaqlanır. Məni olduğum kimi qəbul etmək istəmirlər. Amma bilməlidirlər ki, mən o çərçivələri sındırıb çıxmışam. Yenidən həmin həyata qayıtmaq mümkünsüzdür.

- Hədəfiniz nədir?

- İşlərimi davam etdirmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, cəmiyyətlərarası sülhə nail olmaq.

- Deyir “general olmaq istəməyən əsgər əsgər deyil”. Özünüzü hansısa yüksək vəzifədə görürsünüzmü? Yəni belə istəkləriniz varmı? Yoxsa fəaliyyətinizi ölkə xaricində qurmağı planlaşdırısınız?

- Azərbaycanda kənarda, yüksək vəzifələrdə Azərbaycanı təmsil etmək istəyərəm.

- Uğurlar. İnşallah növbəti görüşdə arzuladığınız vəzifə sahibi kimi müsahibə alarıq sizdən!.

- Təşəkkür edirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi