Modern.az

Övladlarını britaniyalı kimi böyüdən Ermənistanın yeni 1-ci ledisi - FOTOLAR

Övladlarını britaniyalı kimi böyüdən Ermənistanın yeni 1-ci ledisi - FOTOLAR

10 Aprel 2018, 14:51

Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçıarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

 

Rubrikanın budəfəki təqdimatı Ermənistanın yeni birinci ledisi Nune Sarkisyan barəsindədir.

Nune Sarkisyan 1954-cü ildə Yerevanda anadan olub. Onun atası jurnalist, anası isə müəllimə ixtisasına sahib olublar.

“Biz zəngin olmasaq da, geyim və qidalanma problemimiz olmayıb. Mən heç vaxt məhrumiyyətlərlə üzləşməmişəm. Uşaqlığım pis keçməyib”-deyə Nune Sarkisyan hələ 2016-cı ilin oktybarında Qərb mediasına müsahibəsində deyirdi.

 

O, əri - dünən prezidentlik andı içmiş Armen Sarkisynala hələ məktəb vaxtı tanış olub. İlk tanışlıq zamanı Nunenin 14, Armenin isə 15 yaşı olub. Məktəb vaxtından başlayan sevgi münasibətləri universitet illərində də davam edib. Nune Sarkisyan gələcək həyat yoldaşı ilə birlikdə Yerevan Dövlət Universitetinə daxil olub.

Armen fizkika, Nune isə xarici dillər üzrə təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Armen Sarkisyan xarici universitetlərdən müəllim işləmək üçün dəvətlər alıb. Kembric Universitetindən fizika müəllimi kimi işləməyə razılıq alana qədər o, 13 digər təklifi geri çevirməli olub. Çünki hələ Sovet İttifaqı çökməmişdi və xaricə çıxmaq üçün müəyyən prosesdurlardan keçmək lazım idi.

 

1985-ci ildə Sarkisyanlar ailəsi Böyük Britaniyaya köçən zaman artıq Armen və Nune evli idilər. Onların 2 oğlu – Vartan və Hayk anadan olmuşdu.

“1985-ci ildə mənim 30 yaşım var idi. Londona gələndə ilk dəfə idi ki, SSRİ hüdudlarını tərk etmişdim. Mən Londona vurulmuşdum. Ərimə ömrümüzün sonuna qədər burada yaşamağımızı arzuladığımı deyirdim. Həmin vaxtlar Londonda daimi qalmaq perspektivimiz real görünmürdü”-deyə Nune Sarkisyan xatırlayır.

 

1989-cu ildə onlar yenidən Yerevana geri dönürlər. Lakin 2 ildən sonra Sovet İttifaqı çökür və Ermənistan müstəqillik qazanır. 1992-ci ildə isə artıq Böyük Britaniyanın müəyyən dairələrində tanınan Armen Sarkisyan prezident Levon-Ter Petrosyanın sərəncamı ilə Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunur. Nune 2-ci dəfə uşaqları ilə birlikdə Londona qayıdır.

1996-cı ildə isə Armen Sarkisyan qısa müddətə də olsa, Ermənistanın baş naziri təyin olunur. 1996-1998-ci illər ərzində Ermənistanın gələcək birinci ledisi Yerevandakı əri ilə Londonda təhsil alan oğulları arasında var-gəl edir. Ərinin xəstəliyinə görə, baş nazir postundan istefa verdiyini deyən Nune, onun 2-ci dəfə Londona səfir göndərildiyini əlavə edir. Lakin fövqəladə səfir müddəti yekunlaşdıqdan sonra Armen Sarkisyan 2003-cü ilə qədər diplomatik və siyasi fəaliyyətdən kənarda qalır və bizneslə məşğul olur.

 

Bir müddət sonra Armen Sarkisyan növbəti dəfə Ermənistanın Böyük Britaniyadakı səfiri təyinatını alır. Nune Sarkisyan “Daily Mail” dərgisinə müsahibəsi zamanı ərinin kraliça Yelizaveta qarşısında təzim etdiyi fotonu göstərir: “Armen siz səfirlər arasında çempionumuzsunuz. Çünki artıq 3-cü dəfədir ki, bizə qayıdırsınız”-deyə kraliçanın ərinə dediyi sözləri Nune Sarkisyan təkrarlayır.


Nune Sarkisyan hazırda uşaqlar üçün kitablarla yazmaqla məşğuldur. Bu vaxta kimi onun 14 kitabı işıq üzü görüb. Kitablardan 10-u ermənicə, 3-ü rusca çıxıb. Sonuncu “Sehirli düymələr” kitabı isə ingilis dilinə nəşr olunub.

 

Nune Sarkisyanın sevimli hobbilərindən biri isə öz nəvələrini əzizləməkdir. Oğlu Vartanın amerikalı qızla nikahından 6 yaşlı Savanna və 4 yaşlı Armen adlı övladları var. Vartan hazırda kibertəhlükəsilzik sahəsində ixtisaslaşan beynəlxalq  şirkətin prezidentidir. 


Kiçik oğlu Hayk isə atasının üzvü olduğu biznes şəbəkələrində təmsil olunur.

 

Maraqlıdır ki, Nune Sarkisyan övladlarının özlərini britaniyalı kimi hiss etdiklərini deyir.

“Mənim övladlarım özlərini britaniyalı kimi hiss etsələr də, öz kökləri ilə də qürur duyurlar. Bizim Yerevanda öz evimiz var. Orada bacım yaşayırdı, lakin biz Londondan ora tez-tez gəlirdik”-deyə Nune Sarkisyan deyir.

Amma bununla belə o, ən sevimli şəhərinin məhz London olduğunu vurğulayır.

Maraqlıdır ki, məhz bu açıqlamalar Armen Sarkisyanın inauqurasiya mərasimi öncəsi erməni mətbuatının qəzəbinə səbəb olmuşdu. Mediada övladlarının özünü britaniyalı hiss etdiyi, sevimli şəhərinin Yerevan deyil, London olduğunu açıqlayan Nune Sarkisyanın birinci lediliyə layiq olmadıqlarını yazırdı.

Yeni prezident Armen Sarkisyanın Böyük Britaniya dairələri ilə sıx əlaqələri var. Belə ki, 2013-cü ildə məhz Armen Sarkisyanın təşkilatçılığı ilə şahzadə Çarlz Yerevana səfər etmişdi.

 

Yeni birinci ledi Nune Sarkisyan öz karyera və ambisiyalarını ailə mənafeyinə qurban verdiyini deyir.

“Mənim həyatımda ağır məqamlar olsa da, bunu hiss etdirməməyə çalışmışam. Həmişə məndən tələb olunduğu üçün üzüm təbəssümlü olub. Qəmli sifət heç vaxt fayda vermir”.

Birinci ledi əri ilə münasibətlərinə də toxunub.

 

“Armen də, mən də güclü şəxsiyyətlərik. Xarakterlərin toqquşması ola bilsə də, mən ona lider olmağa imkan vermişəm. O, bunu çox dəyərləndirir. Deyir ki, mən olmasaydım, o heç vaxt bu qədər uğur qazana bilməzdi”.

64 yaşlı Nune Sarkisyan Ermənistan tarixinin 4-cü birinci ledisi olacaq.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu