Modern.az

Ağac üzərində möcüzələr yaradan SƏNƏTKAR: “Dünyaya bu sənəti mən tanıtmışam” - MÜSAHİBƏ

Ağac üzərində möcüzələr yaradan SƏNƏTKAR: “Dünyaya bu sənəti mən tanıtmışam” - MÜSAHİBƏ

29 Aprel 2018, 09:46

Dünyanən heç bir ölkəsində ağac üzərində xəttoyma sənəti ilə məşğul olmurlar. Bu sənət Azərbaycana məxsusdur.

Müsahibimiz Seyfəddin Məmmədvəliyev ağac üzərində oyma sənətinin Azərbaycanda ən tanınmış ustadıdır. Şərq ölkələrindən gələn mütəxəssislər belə etiraf edirlər ki, Seyfəddin Məmmədvəliyev bu sahədə yeganə sənətkardır. Onu yaratdığı sənət nümunələri bir-birindən maraqlı, baxımlı və rəngarəngdir.

Azərbaycan klassiklərinin - Nizami, Xaqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk edib. Füzuliyə aid ilk əl işi hazırda Türkiyədə muzeydə saxlanılır.

Ümumiyyətlə, ağac üzərində yaratdığı əsərlərin sayı 40-dan çoxdur. Onların arasında Türk dünyasının görkəmli şairi Əlişir Nəvai, Böyük Moğol İmperiyasının hökmdarı Babura aid əsərlər də var. Baburun  portreti həkk olunan ağac lövhənin kənarında onun türkçülüyün qüdrətilə bağlı dediyi sözləri də həkk edilib.

Modern.az xəttat Seyfəddin Məmmədvəliyevlə söhbəti təqdim edir:

- Nə vaxtdan Əlyazmalar İnstitutunda fəaliyyət göstərirsiniz?

- 1964-cü ildən bəri bu işlə məşğul olmağa başlamışam. Artıq 54 ildir ki, davam edirəm. İşimi çox sevirəm. Vəzifəm fotolabarotoriyada qədim kitabların üzünü fotoya köçürmək və ya lentə təqdim etməkdir.

- Qədim kitabların əlifbası sizə çətinlik törətmir?

- Əksinə, bu əlifba ilə işləmək mənə daha çox zövq verir. Yaradıclıqla məşğul olmaq istəyən insanların imkanlarını artırır. Qədim kitabların hamısı bildiyiniz kimi, ərəb əlifbası ilə qələmə alınıb.

- Bəs necə oldu ki, qədim yazıları ağac üzərinə köçürməyə qərar verdiniz?

- Yadımdadır, bir gün fikirləşdim ki, bu yazılara ən çox qədim başdaşılarda, qədim məscidlərin binalarında rast gəlmək olar. Onda düşündüm ki, bu yazıları görəsən ağac üzərinə həkk edə bilərəmmi? Bir ağac parçasının üzərində Quran ayəsindən bir cümlə yazdım: “Allah hər şeydən xəbərdardır”. 
Gördüm ki, çox yaxşı alındı. Bu da mənə cəsarət verdi. Qərar verdim ki, bu işi davam etdirim. O vaxtlar Əlyazmalar İnstitunun direktoru mərhum Cahangir Qəhrəmanov idi. Onun da xoşuna gəldi və mənə təklif etdi ki, Quran ayələrini yox, Azərbaycan klassiklərini işləyim. Bu təklifi bəyəndim. Elə ilk vaxtlardan bəri işlədiyim əsərlər hər kəsdə maraq oyadırdı, mənim üçün də bu yenilik idi.

- İlk işləriniz hansı klassiklərə həsr olunmuşdu?

- Təbii ki, işlərimi ilk növbədə Azərbaycanın ən görkəmli klassikləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani və İmadəddin Nəsimiyə ithaf etmişdim. Bu sənət mənimlə yaranıb. O vaxta kimi ağac üzərində bir dənə olsun iş görülməmişdi. Buna görə də, işim çox maraqla qarşılandı. Ondan sonra mənə müraciət edənlər, müsahibə almaq istəyənlər, işimi yüksək qiymətləndirənləri gördükcə, daha həvəslə fəaliyyətimi davam etdirdim.

- Ardıcıl olaraq klassiklərin əsərlərini işləmisiniz. Bu sizi heç yormur? Bildiyimizə görə, bir sənət nümunəsini yaratmaq üçün sizə aylarla vaxt lazım olur...

- İşi sevirsənsə, heç bir çətinlik sənə mane yarada bilməz. Mən ardıcıl olaraq 15 nəfər Azərbaycan klassikinin adını işləmişəm. Müxtəlif ölkələrə - Səudiyyə Ərəbistanına, Tunisə dəvət olunmuşam. Türkiyədə müsəlman sənətkarların sərgisi keçirilmişdi. Orada da əl işlərim nümayiş olunmuşdu.

- Sizə yəqin ki, bu sənət ilə bağlı müraciət edənlər də olub...

- 4-5 nəfər tələbəm var. Mənə öyrənmək istədiklərini deyən heç kimin xahişini geri çevirməmişəm. Tələbələrimin işləri də mətbuatda çap olundu. Elə oldu ki, yarışlarda da yer tutdular. Təbii ki, bu məni də sevindirir. İndi də öz peşələrini davam etdirirlər. Ümid edirəm ki, bu sənəti onlar da kiməsə ötürəcək.

- Hazırda neçə əl işiniz Əlyazmalar İnstitutunda saxlanılır?

- Təxminən 17 əl işim institutda qalırv. İki əl işim Almaniyaya aparıldı. Biri 16-cı əsrin məşhur rəssamı Sultan Məhəmmədin iş yerini işlədiyim nümunə, digəri isə hazırladığım rəhldir. Mənim hazırladığım rəhl digərlərindən çox fərqli idi. Rəhli yumru formada hazırlamışdım. Bundan başqa da dediyim kimi, 17 əl işim buradadır. Bəzilərinin də şəkli qalıb.
 

- Bu sənət Azərbaycanda yaranıb demək mümkündürmü?

- Təsadüfi deyil ki, əsasən, Şərq ölkələrindən gələn qonaqlara Bakının ən görməli yerləri arasında həmişə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun adını deyirlər. Bura gələnlər də ilk olaraq mənim əl işlərim ilə tanış olurlar. Azərbaycanda bu sənəti mən yaratmışam. Bu mənim üçün ayrı qürurdur. Məndən əvvəl ağac üzırində heç kim bir hərf belə yazmayıb ki, ondan ya nəsə örnək götürüm, ya məsləhət alım. Əyani sübut da göz qabağında olan işlərimdir. Heç bir yerdə, muzeydə də rast gəlməzsiniz.

- Bir əl işinizin uzun müddət vaxt apardığını qeyd etdik...

- Mənim bir şüvəlanlı dostum var, o, mənə demişdi ki, Məhəmməd Füzulinin “Fars” divanında Allahı təriflədiyi bir qəzəli var. Mən də həmin o qəzəli tapdım. Orada bir məscid minbəri hazırladım, 6 dəfə Məhəmməd Füzulinin adını işlədim. O işi mən 7 aya bitirmişəm. Özü də dizimin üstündə. Ən minimumu 2 aydan çox çəkir.  Bir-iki dəfə alimlər, xəttatlar olub, gəlib yaratdığım əl işlərinə baxanda təəccübləniblər. Deyirlər ki, bunları yaratmağa illərlə vaxt lazım olar. Onlara da çox maraqlı gəlir ki, taxtanın üzərinə bir dənə də olsun hərf yapışdırılmayıb. Bütün hərflər bircə-bircə oyulub, çıxarılıb, cilalanıb və  indiki formaya gəlib. İşimi bitirdikdən sonra da ona nə lak, nə də rəng vururam, yediyimiz qoz ləpəsindən istifadə edirəm. Əzildikdın sonra yağı parçanın üzərinə çıxır.

-Bəs heç əl işləriniz köhnəlmirmi? Axı ağac parçasıdır...

- Bu sualı mənə tez-tez verirlər. Bizim institutda 9-cu əsrdən bəri qalan kitablar, kağız parçaları var. Hər dəfə deyirəm ki, əgər 9-cu əsrdən qalan kağız parçası varsa, mənim yaratdığım əl işi də illərlə, əsrlərlə qalacaq. Təbii ki, əgər sındırmasan, nəm yerdə saxlamasan.
 

- Əl işləriniz heç satışa çıxarılıbmı?

- Mən həmişə demişəm ki, zövqü olanın pulu olmur, pulu olanın isə zövqü olmur. Satışa çıxarılsalar əyəri nə qədər olar, deyə bilmərəm. Bəzən olur ki, əl işini almaq istəyən kimsə çox ucuz qiymət verir, deyir ki, ağacdır da. Ancaq unudur ki, onun üzərində nə qədər zəhmət çəkilib. Bir az başı çıxan insanlar isə əksinə, deyirlər ki, işlərini dəyərindən ucuz qiymətə satırsan. İşlərimin arasında dəyəri 3000 manat ola əsər də var, 5000 manat olan da...  Təbii ki, bu təqribi qiymətlərdir, dəqiq nəsə demək olmur.

- Bəs yaratdığınız əl işlərinizin arasında sizə ən dəyərli olan hansıdır?

- Deməzdim ki, hansısa işimi digərindən fərqləndirirəm. Mənim üçün hamısı dəyərlidir. Məsələn, Məhəmməd Füzuli haqqında 5 əl işi işləmişəm. Hər biri də fərqli kompozisiyaya malikdir. Mənə elə gəlir ki, dünyada Füzuli qədər böyük şair olmayıb. Eyni zamanda, dahi Nizami Gəncəvi. Mənim bir işim var idi, Nizami Gəncəvi haqqında yaratmışdım, sonradan gördüm ki, ona layiq deyil. Yenidən həmin kompozisiyanı işlədim. Onların hamısı Azərbaycanı dünyada tanıdan dahi insanlardır. Ona görə əl işlərimin hamısı mənim üçün eyni dərəcədə dəyərlidir. Belə bir misal çəkim: bir anadan soruşsan ki, “hansı övladını daha çox istəyirsən?”,  cavabı “hamısını” olar.
 

- Əl işləriniz sadəcə Azərbaycan klassiklərinə və Quran kəlamlarına həsr olunub?


-
 Xeyr, Azərbaycan klassiklərindən əlavə, türk dünyasında tanınan şəxsiyyətlər barəsində də yaratdığım nümunələr var. Babur şah, Atatürk, Əlişir Nəvai və başqalarını qeyd edə bilərəm.
 

- Bu sənəti inkişaf etdirmək, tanıtdırmaq fikriniz var...

- Əlbəttə ki bu sənətin banisi mənəm, istərdim ki, yaratdığım sənət davam etsin, daha da inkişaf etsin, bununla məşğul olanların sayı artsın. Təmənnasız olaraq kim məndən bu sənərtin sirlərini öyrənmək istəyibsə, ona kömək etmişəm. Bundan sonra da elə olacaq.

- Yeni bir sənət nümunəsi üzərində işləmək fikriniz varmı?


Bəli, hazırda mənim yeni bir planım var. Bir rəhl işləmək istəyirəm, amma bu, digərlərindən fərqli olacaq. Ellipsis formasında işləyəcəm, üzərində ya Azərbaycan klassiklərinin kompozisiyaları, ya da dini yazılar həkk olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı