Modern.az

“Hər gecə Şuşaya gedirik” - Bayram Səfərovun qızından Şuşa XATİRƏLƏRİ - VİDEO  

“Hər gecə Şuşaya gedirik” - Bayram Səfərovun qızından Şuşa XATİRƏLƏRİ - VİDEO  

8 May 2018, 10:25

Bu gün Azərbaycanın mədəniyyət beşiyi – Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı ili tamam olur.

O Şuşa ki, 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə işğal olunub.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...

 

Modern.az saytı Şuşanın işğal günündə şuşalılarla həmsöhbət olub. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızı Gülnar Səfərova  Modern.az-a 26 ildir ki, Şuşasızlığın nə demək olduğunu xatırladıb. Gülnar Səfərova deyir ki, Şuşa işğal olunanda 12 yaşı var idi.

 

“Biz uşaqlıq yaşamadıq”

“O vaxtlar məktəbli idim. Yadımdadır ki, 4-cü sinfi Şuşada başa vura bilmədim. O qədər pis olmuşdum ki!... İndi evdə övladlarıma Şuşa ilə bağlı xatirələrimi danışanda işğal tarixini ürək ağrısı ilə xatırlayıram. “Siz şükür edin ki, müstəqil ölkədə yaşayırsız. Amma biz uşaqlıq görmədik” deyirəm. İnanın, biz şirin yuxuda olanda valideynlərimiz bizi evin zirzəmisinə aparırdılar ki, atəşə tuş gəlməyək. O qədər başımızın üstündə havaya atəş açılıb ki!.. Balaca qardaşım qulaqlarını tutub yatırdı. Mənfur düşmənlər bizə uşaqlıq yaşamağa imkan vermədilər”.

 

“Atəşfəşanlıq mənə Şuşanı xatırladır”

Gülnar Səfərova Şuşa ilə bağlı daha bir acı xatirəsini bizimlə bölüşüb:

“Şuşadan mənə daha bir acı xatirə qalıb. Elə bilirəm ki, bu, həmişə belə olacaq. Ən gözəl günlərimizdə, müqəddəs bayramlarımızda təşkil olunan atəşfəşanlıq mənə acı xatirə yaşadır. Biz Şuşada olanda başımızın üstündə o qədər atəş açılmışdı ki!.. Amma bu atəş xoşbəxtliyimizin simvolu deyildi. Gecələr düşmən silahları səmamızı işığa yox, zülmətə boyayırdı. Ona görə də hər atəşfəşanlığı görəndə o günlər yadıma düşür. Atəşfəşanlıq mənə Şuşamızı çarəsiz formada xatırladır. Bir anlıq Şuşaya, qaçaqaç, didərgin vəziyyətlərimizə qayıdıram”.

 

“Övladlarım Şuşa eşqi ilə yaşayır”


Müsahibimizin sözlərinə görə, böyütdüyü övladları da özü kimi Şuşaya getmək barədə düşünür:


“Bir hadisə olanda hər kəs evindən nəsə götürməyə çalışır, ya da bu barədə düşünür. O zaman biz ancaq canımızı necə xilas etmək barədə düşünmüşdük. 3 övladım var. Elə bir gün olmur ki, evimizdə Şuşa xatırlanmasın. 2016-cı ilin aprel döyüşlərində uşaqlarım çantalarını yığıb “biz Şuşaya gedirik, Şuşanı geri qaytaracağıq” deyirdilər.

“Uşaq yaddaşı ağ kağızdır” deyirlər. Bir də uşaqlar həmişə ata-anasını xoş, gülərüz görəndə  çox sevinir. Amma mənim yaşıdlarıma bu nəsib olmadı. Evdə atamı-anamı həmişə narahat gördüm. Onların qayğısı təkcə ailə, uşaq qayğısı olmadı.. Onlar həm də vətən qayğısı ilə yükləndilər. Bu qayğı, bu həsrət bu gün də yaşayır. Evimizin hər guşəsində Şuşa var. Şuşada doğulmayan övladlarım belə hər gün Şuşaya qovuşmaq həsrəti ilə yaşayır”.

 

“Heç vaxt Şuşanı itirmək qorxusu ilə yaşamadıq”

12 yaşında Şuşanı tərk etmək məcburiyyətində qalan Gülnar xanım həmin günlərdə atasının səngərlərdə olduğunu belə xatırlayır:

“Hər gecə atam, əmilərim evdə olmurdu. Onların günü səngərlərdə keçirdi. Evimizdə heç vaxt Şuşanın itirilməsi qorxusu olmayıb. Yadımdadır ki, həmin narahat gecələrdən biri idi. Ağlamağa başladım və atama dedim ki, “bu gecə getməyin, evimizə “Alazan” düşəcək”. Atam dedi ki, “qorxma, evimiz ocağın (pir) yanındadır. Sizə heç nə olmayacaq”. Doğrudan da, həmin gecə evimizə “Alazan” raketi düşdü. Xoşbəxtlikdən bizə heç nə olmadı. Bu acı xatirələr heç vaxt məni tərk etməyəcək. Dünyanın ən xoşbəxt bölgəsinə getsək də, Şuşa bizim üçün həmişə əvəzolunmaz qalacaq. Şuşa bir başqa yerdir. Şuşanın hər bir qarışını uşaq təxəyyülümlə xatırlayıram. Təəssüf ki, indi Şuşa bizim üçün əlçatmazdır. Amma  xəyallarımızda, yuxularımızda hər gecə Şuşaya gedirik. Ümid həmişə var. Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi