Modern.az

Jurnalistlər kitab oxumağa vaxt tapmırlar

Jurnalistlər kitab oxumağa vaxt tapmırlar

2 Dekabr 2009, 10:45

Bir müddət öncə Avropa ölkələrində insanlar üçün ən zəruri əşyaların sıralanması üzrə sosioloji sorğu keçirilmişdi. Məlum olmuşdu ki, Avropada əhali ən zəruri əşyaları sırasında kitaba da önəm verir.
Yəqin ki, Azərbaycanda belə bir sorğu keçirilsəydi, çətin ki, hansısa azərbaycanlı respondent gündəlik zəruru əşyalar sırasına kitabın adını əlavə edərdi.
Son dövrlər Azərbaycanda kitab oxuyanların, mütaliəyə həvəs göstərənlərin sayı azalmaqdadır. Bizdə kitaba qarşı belə laqeyd münasibət nədən yaranıb? Axı kitab oxumaq, mütaliə etmək təkcə maariflənmək deyil, həm də cəmiyyətin sivlizasiyalılıq göstəricisidir.
Müşahidələr göstərir ki, bugünkü gənclərin böyük əksəriyyəti  kitab oxumağa həvəsli deyillər, onlar rep, pop, şou və sair intellekt tələb etməyən əyləncələrə meyillidir.
Azərbaycan jurnalistikasının nümayəndələri necə, kitab oxumağa vaxt tapırlarmı? Modern.az saytı KİV əməkdaşları arasında mütaliəyə vaxt ayırıb-ayırmadıqları barədə sorğu keçirib.

“Media forum” saytının əməkdaşı Könül Şamilqızı bildirib ki, kitab oxumağa vaxt tapır: “Məhdud imkanlar daxilində kitab oxumağa vaxt tapıram. Çünki kitab oxumağa ehtiyac hiss edirəm. İki ay əvvəl türkiyəli yazar Elif Şafaqın “Aşk” əsərini oxumuşam. Hazırda isə Taha Akyolun “Amma hangi Atatürk?” araşdırmasını oxuyuram”.

"Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nadir Azəri kitab oxumağa vaxt tapmadığını deyib: “İşimlə əlaqədar müntəzəm olaraq kitab oxumağa vaxtım yoxdur. Sonuncu dəfə oxuduğum kitabın adını xatırlamıram. Ancaq indi İlham Qəhrəmanlının “Laçın folkloru” kitabını evə tez gedəndə uşaqlar üçün oxuyuram”.

“Trend” İnformasiya Agentliyinin müxbiri Azər Hüseynbala
da mütaliəyə vaxtının olmadığını deyib: “Çox səmimi şəkildə deyərdim ki, son zamanlar kitab oxumağa vaxt tapa bilmirəm. Heç yadımda da deyil ki, axırıncı oxuduğum kitab hansı olub”.

“Olaylar” İnformasiya Agentliyinin redaktoru Elman Cəfərlinin sözlərinə görə, vaxt tapanda mütaliə ilə məşğul olur: “İş qrafikim sıx olsa da, vaxt tapanda kitab oxuyuram. Mütaliəyə əsasən şənbə və bazar günləri vaxt tapıram. Keçən həftə Yunus Oğuzun “Təhmasib şah” və Seymur Baycanın “Körpüsalanlar” əsərlərini oxumuşam”. 

APA informasiya agentliyinin redaktoru Məhbubə Qaraşova bəzi həmkarlarımız kimi kitab oxumağa vaxt tapa bilir: “Düzdür, on il əvvəl olduğu kimi vaxt tapıb kitab oxuya bilmirəm. Bunun səbəbi də iş rejimimin sıx olmasıdır. Ancaq yenə də çalışıram kitab oxumağa vaxt ayırım. İki ay əvvəl  Ramiz Rövşənin “Nəfəs kitabı”nı oxumuşam”.

“Bizim yol” qəzetinin müxbiri Natiq Cavadlı kitabı ancaq işə gəlib getdiyi yolda-avtobusda oxuduğunu deyir: “Vaxtım çox az olur. Ona görə də Bakı-Sumqayıt yollarında, bir də həftəsonu kitab oxumaq imkanım olur.  Sonuncu dəfə Jelevin “Faşizm” və Cəmil Həsənlinin “Azərbaycanın xarici siyasəti. 1918-20-ci illər” əsərlərini oxumuşam”.

“Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy da mütaliəyə ancaq yol gedəndə vaxt tapa bilir: “Kitabı həmişə çantamda gəzdirirəm ki, imkan olan kimi açıb oxuyum. Ya axşamlar, ya da yol gedəndə kitab oxuyuram. Bir müddət öncə Anarın seçilmiş əsərlərini, hazırda isə təkrar olaraq Cəlil Məmmədquluzadənin yaradıcılığını vərəqləyirəm. Çünki buna ehtiyac duydum”.

"Şərq" qəzetinin redaktoru Yusif Nəzərli nadir hallarda kitab oxuduğunu deyir: “Qəzet işi çox vaxt apardığı üçün boş zamanın olmur ki, kitab da oxuyam. Nadir hallarda kitab oxuyaram. Amma hazırda imkan daxilində mütaliə edirəm. Oxuduğum kitab isə Ernest Hemenqueyin “Əlvida silah” əsəridir”.

"Azadlıq" qəzetinin redaktoru Sucəddin Şərifovun sözlərinə görə, əlinə imkan düşən kimi kitab oxumağa çalışır: “Işlə əlaqədar çox oxumağa vaxt olmur. Ancaq imkan daxilində mütaliəyə çalışıram. Bir ay öncə dini mövzuda yazılan Mürtəza Mütəhərrinin “İnsan və taleh. Qəzavü-qədər” əsərini oxumuşam”.

"Üç nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev kitab oxumağa çox vaxt ayırdığını deyir: “Sonuncu dəfə Qurban bayramı ərəfəsində Dostoyevskinin “İdiot” əsərini oxumuşam. Ancaq şənbə və bazar günləri mütaliəyə vaxtım olur. Dünya Ədəbiyyatı Kitabxanasında 65 kitaba abunə yazılmışam”.



Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir