Modern.az

Qarabağ münaqişəsinə dair növbəti bəyanat: danışıqlarda irəliləyiş var

Qarabağ münaqişəsinə dair növbəti bəyanat: danışıqlarda irəliləyiş var

2 Dekabr 2009, 10:20

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçirilən 17-ci iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3+2 formatında görüş olub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov və digər şəxslər iştirak ediblər. Görüşdən sonra həmsədr ölkələrin XİN başçıları birgə bəyanatla çıxış ediblər. (AzərTAc) XİN başçıları bəyanatlarında Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda müsbət dinamikanın olduğunu bildirib, danışıqların intensivliyinin artırılmasına qərar veriblər. Sənəddə vurğulanıb ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsi vacibdir. S.Lavrov, B.Kuşner və C.Steynberq ölkələrinin başçılarının cari il iyulun 10-da Akvildə verdikləri bəyanatı təkrarlayaraq, sabitliyə və sülhə imkan verəcək baza prinsipləri üzrə razılaşmanı başa çatdırmaq üçün Azərbaycanın və Ermənistanın dövlət başçılarına dəstək verməkdə davam edəcəklərini vurğulayıblar. ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda dinamika vardır. Bu, həmsədr ölkələrin xarici işlər nazirlərinin bəyanatında da hiss olunur. Danışıqları daha da intensivləşdirmək arzusu vardır və bunu alqışlamaq lazımdır”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada ermənistanlı həmkarı Edvard Nalbandyan ilə keçirdiyi görüşü şərh edərkən deyib. E.Məmmədyarov bildirib ki, mövqelərin yaxınlaşdırılması vasitəsilə ən azı baza prinsiplərinə dair razılıq əldə oluna bilər. Bu da hərtərəfli sülh müqaviləsinin imzalanmasına əsas yaradar. Baza prinsipləri razılaşdırıldıqdan sonra sülh müqaviləsinin imzalanmasına yol açılacaq. Erməni tərəfinin mövqeyinin konstruktiv olub-olmadığı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, budəfəki görüş işçi xarakter daşıyıb və münaqişənin həlli barədə sənəd müzakirə olunmayıb: “Biz danışıqların formatından danışdıq. Sənəd üzrə sonuncu müzakirələr Münxendə prezidentlər səviyyəsində aparılmışdır. Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri həmin görüşdə qəbul olunmuş təkliflər üzərində çalışmağa başlamışdır”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu