Modern.az

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO  

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO    

4 İyun 2018, 13:11

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar.

Jurnalist Etibar Cəbrayıloğlunun imzası oxuculara yaxşı tanışdır. 1991-ci ildən media sahəsində çalışan tanınmış həmkarımız əvvəllər «Press-fakt», «Bu gün», «Azərbaycan gəncləri», «Yeni Müsavat» qəzetləri, «Hesabat» jurnalı kimi populyar nəşrlərdə yazıb-yaradıb. Vaxtilə “Yasamaldan məktublar” adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmış Etibar Cəbrayıloğlunı bu dəfə layihəmizin hədəfi oldu.

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub. 
1986-88-ci illərdə hərbi xidmətdə olub. 
1991-96-cı illərdə Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.

1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan “Çeşmə” qəzeti ilə fəal əməkdaşlıq edib. “Elin səsi” qəzetində müxbir, “Lənkəran” qəzetində redaktor müavini olub. 
1996-ci ildən Bakıya köçdükdən sonra “Press-fakt” qəzetində müxbir, şöbə müdiri, “Bu gün” qəzetində baş redaktor müavini, “Yeni Müsavat” qəzetində informasiya şöbəsinin müdiri, “Yeni Yüzil” və “Cümhuriyyət” qəzetlərində baş redaktor müavini, “Politika” qəzetində baş redaktor, “Üç nöqtə” qəzetində şöbə redaktoru, “Hesabat” jurnalında koordinator, “Gün səhər” qəzetində şöbə redaktoru, baş redaktor müavini, “Biz+” jurnalında baş redaktor müavini, “Haqqın nuru” qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.

2007-ci ildən “Ədalət” qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.

2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır.

2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-da təcrübə keçib.

2012-ci ildə “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

“Ədalət”, “Hetrik-news”, qəzetləri, Modern.az və Qol.az saytları ilə sıx əməkdaşlıq edir.

Ailəlidir, 1 oğlu və 1 qızı var.     

Etibar Cəbrayıloğlu oxşarını da şübhəsiz ki, tanıyanlar var, amma öz çevrəsində. Tanımayanlar da Modern.az sayəsində baxıb tanısınlar.  Etibar Cəbrayıloğlunun oxşarı da elə jurnalistikada çalışır.


Söhbət "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışan Bəxtiyar Məmmədovdan gedir.

Bəxtiyar Miryusif oğlu Məmmədov 1990-cı ildə respublikada keçirilmiş rus dili olimpiadasının qalibi kimi M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna müsabiqədənkənar daxil olub və həmin institutu 1995-ci ildə fərqlənmə diplomu ilə bitirib. 

Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə "Supersport" qəzetində başlayıb. Qəzetin şöbə müdiri və texniki redaktoru olub. 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan "İdman" qəzetində şöbə müdiri vəzifəsində işləməyə başlayıb. Qəzetin baş redaktor müavini, baş redaktorun əvəzi vəzifələrində çalışıb və həmkarlar ittifaqı təşkilatının sədri olub. 10-dan artıq kütləvi və elektron informasiya vasitəsi ilə əməkdaşlıq edib. Azərbaycan və rus dillərində məqalələri dərc olunub.

 

2009-cu ildə Bakı Metropolitenində "Metro" qəzetinin redaksiyasına müxbir vəzifəsinə qəbul olunub. 2010-2016-cı illərdə qəzetin redaktor müavini vəzifəsində çalışıb. 2016-cı ildən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışır.

 

Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı sahəsində dövlət siyasəti ilə bağlı 2 kitabın əsas müəlliflərindən biri olub. Bir neçə kitabın redaktoru olub. 2012-ci il noyabrın 5-də Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Etibar Cəbrayıloğlu ilə Bəxtiyar Məmmədovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..








A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir