Modern.az

Xocalı soyqırımı abidəsinin rəsmi protokola salınması təklifinə deputatların münasibəti

 Xocalı soyqırımı abidəsinin rəsmi protokola salınması təklifinə deputatların münasibəti

3 Dekabr 2009, 10:33

Modern.az saytı Bakıdakı Xocalı soyqırımı abidəsinin Azərbaycana səfərə gələn xarici ölkə rəsmilərinin ziyarət etməsi üçün rəsmi protokol qaydalarına salınması məsələsinə deputatların münasibətini öyrənib.

Millət vəkili Aynur Quliyeva hesab edir ki, torpaqlarımızın işğal altında olması faktorunu nəzərə alaraq ölkəmizə gələn qonaqlar protokol qaydasına uyğun olaraq Xocalı soyqırımı abidəsinin  önünə əklil qoymalıdırlar: “Düzdür, rəsmi protokola əsasən əcnəbi qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Bundan başqa, Azərbaycana gələn əcnəbilərə bütün səviyyələrdə erməni soyqırımı barədə məlumatlar verilir. Ancaq  Xocalı soyqırımı abidəsinin rəsmi protokola salınmasına da ehtiyac var”.

Deputat son vaxtlar Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı müzakirələrə toxunaraq qeyd edib ki, indi düşmən olkənin müxtəlif dairələrində bu uydurma məsələnin törədilməsində Azərbaycana da böhtanlar ünvanlanir: “Məsələ Ermənistan parlamentində müzakirə olunacaq. Biz bütün dünyanın gözü önündə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı məsələsini hər vaxt, hər yerdə səsləndirməliyik. Əks halda, erməni informasiya maşını bu məsələni beynəlxalq səviyyədə unutduracaq, hətta bizi soyqırımı törədən kimi dünyaya təqdim edəcək”.

Deputat Asim Molazadə isə deyir ki, rəsmi protokol qaydasına uyğun olaraq Şəhidlər xiyabanını ziyarət edən əcnəbi qonaqlar Azərbaycan gəncliyinin bu müharibə nəticəsində məhv olduğunu görür: “Bunun onlara kifayət qədər təsiri var. Ona görə  də protokolun genişləndirilməsi barədə düşünmürəm. Sadəcə bu kampaniyanı Azərbaycanın xaricində aparmaq lazımdır. Xocalı soyqırımına beynəlxalq diqqəti cəlb etmək və Xocalı üçün ədalət tələb etmək daha güclü nəticə verə bilər. Bu istiqamətdə “Xocalıya ədalət” kampaniyasını daha düzgün məsələ kimi qiymətləndirirəm. İstərdim ki, dünyada yaşayan hər bir azərbaycanlı bu kampaniyada fəal iştirak etsin. Etiraf edək ki, XX əsrin ən dəhşətli hadisəsi olan bu məsələni beynəlxalq dünyanın diqqətinə istədiyimiz şəkildə çatdıra  bilməmişik. İndiyədək bu məsələyə ədalət tapılmayıb. Bu soyqırımı törətmış canilər cəzalarını almayıblar. Ona görə də “Xocalıya ədalət” kampaniyası daha effektli olar”.

Dıgər millət vəkili, “Qarabağın Azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü Həvva Məmmədova isə hesab edir ki, Şəhidlər xiyabanında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı muzey yaradalmalıdır: “Rəsmi protokol qaydasına uyğun olaraq Şəhidlər xiyabanını ziyarət edənlər bu muzeylə də tanış olarlar. Buna böyük ehtiyac var”.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu