Modern.az

Azərbaycanda 311 min nəfər əlilliyə görə əmək pensiyası alır

Azərbaycanda 311 min nəfər əlilliyə görə əmək pensiyası alır

3 Dekabr 2009, 10:57

3 dekabr tarixi Beynəlxalq Əlillər günüdür. Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda əlil pensiyaçılara dair məlumat açıqlayıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, respublikadakı əlil pensiyaçılara dövlət qayğısı ilbəil artır. 1 noyabr 2009-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 milyon 298 min 850 nəfərin 23,9 faizi (311 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 7,2 faizi (22,4 min nəfəri) I qrup, 83,7 faizi (260,3 min nəfəri) II qrup, 9,1 faizi (28,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7580 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,9 faizi müharibə əlilləri, 95,5  faizi ümumi səbəbdən əlillər, 0,6 faizi isə dövlət qulluqçularıdır.

Fonddan bildirlib ki, əlillərə dövlət qayğısı 2006-cı ilin 1 yanvarından qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda xüsusi ifadə olunub. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu qanunda əlilliyə görə əmək pensiyası növü, xüsusilə fərqləndirilmiş əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəaların əks olunduğu bildirilib. “Bu müddəalar ilk növbədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. Qanunun müvafiq müddəaları ilə I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilib”-deyə Fondun məlumatında qeyd edilib.

Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulduğu bildirilir. Belə ki, qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.

Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib.

Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Belə ki, Qanunun 19-cu maddəsinə  əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə  ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110 faizi məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III  qrup Böyük Vətən Müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.

Qeyd olunmalıdır ki, bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb. 

Ötən dövr ərzində  Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin də sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi  təmin edilib.

Qurumun məlumatına görə, cari ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,6 mln. manat vəsait yönəldilib.  Göstərilən istiqamətdə həyata keçirilən xərclər son 5 il ərzində 2 dəfə artıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir