Modern.az

Qızmar istidə asfalt döşəyənlər - Hüquq müdafiəçisi: “Bunun bir adı var: istismar!”

Qızmar istidə asfalt döşəyənlər - Hüquq müdafiəçisi: “Bunun bir adı var: istismar!”

29 İyun 2018, 16:44

İyunun 27-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda aparılan təmir şəhərdə nəqliyyatın hərəkətini iflic edib. 41 dərəcənin üzərində temperatur və şəhərdə saatlarla davam edən tıxac vətəndaşların narazılıq və narahatlığına səbəb olub. Hətta saatlarla tıxacda gözləməkdən təngə gələn vətəndaşlar çarəni mənzil başına piyada getməkdə görüblər.

 

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Modern.az-a çıqlamasında təmirin yaya təsadüf etməsini universitet və orta məktəblərin tətilə çıxması ilə əlaqələndirib:

 

“Təmir işləri barədə qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində Agentliyimiz özbaşına qəbul etməyib. Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır. İndi həmin yolda çalışan işçilər, təmirin daha sərin aylarda edilməsinin tərəfdarıdılar. Amma bu işlər payız və ya yaz aylarında aparılsaydı, o zaman deyəcəkdilər ki, bəyəm bunu gözləyib məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi?! Biz də bunu gözlədik. Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzər alındı ki, birdən kimsə istirahətə, rayona gedər maneəçilik yaşatmayaq”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

 

Xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) temperaturun kəskin yüksələcəyilə bağlı xəbərdarlığına baxmayaraq, iyunun 27-dən başlayaraq, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda təmir başlandı. Eyni zamanda şəhərin müxtəlif nöqtlərində aparılan tikinti işləri dayandırılmadı.

 

Bəs orada çalışan işçilərin hüquqlarının qorunması niyə təmin olunmur?

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Modern.az-a deyib ki, hazırda temperaturun yüksək olmasına baxmayaraq, şəhərin müxətlif yerlərində müxtəlif qurumlar tərəfindən təmir işləri aparılır:

 

 “Əmək Məcəlləsinə görə, nəinki 41 dərəcədə, ümumiyyətlə hava şəraiti-isti, külək, soyuq işçinin sağlamlığına təhlükə yaradırsa, ziyan gətirirsə, işlər dayandırılmalıdır. Amma nəinki AAYDA, digər qurumlar, tikinti şirkətləri də buna əməl etmirlər.

Ümumilikdə temperaturun yüksəlməsi saat 11-dən 17-ə qədər mümkündür. Həmin vaxt müşahidə aparmaq lazımdır ki, iş davam edir, yoxsa dayanıb. Mən əminəm ki, heç yerdə iş dayandırılmır. AAYDA-ya gəldikdə yolları bağlayıb camaatı incitməklə məşğuldur. Ümumiyyətlə, işəgötürənlər belə havada ya işi dayandırmalıdır, ya da əlavə tədbirlər görülməsini təmin etməlidir. Yəni ola bilər ki, haradasa qəza olub və o qəzanın nəticələri mütləq şəkidlə aradan qaldırılmalıdır. Bu halda işləyən işçilərə lazımi şərait yardılmalıdır. Açıq havadırsa, çətirlər qurşadırılmalıdır, işçilərə sərinləşdirici içkilər, həsir şlyapalar verilməlidir, tez-tez fasilə olmalıdır.

 

Bunları edən varmı? Əminəm ki, bu da yoxdur. Mən hələ bir dənə də olsun iş yeri görməmişəm ki, işçilərlə bağlı bu cür qabaqlayıcı tədbirlər görsünlər. Bunun da bir adı var: istismar! Əslində bizim sığorta şirkətləri bu işə qarışmalıdır. İşçiləri onlar sığortalayır. Hər hansı işçiyə ziyan dəyəndə isə onların cibi zərər görür. Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət nəzarətini həyata keçirir. Yoxlamalara məhdudiyyət qoyulduğundan, onlar yalnız “temperatur 41 dərəcəni keçəndə işlər dayandırılmalıdır” tövsiyə xarakterli məlumat verə bilirlər. Çünki yoxlamalara maratorium qoyulub”.

 

S.Məmmədov bildirib ki, bu kimi hallar işəgötürənlərlə işçilər arasında əmək müqaviləsi bağlanmadığından baş verir:

 

“İşçi müqaviləsiz işləyir və bu kimi hallarda öz hüquqlarını müdafiə edə bilmir. Çünki qaydanı işəgötürən qoyur. Hansısa etiraz zamanı “xoşun gəlmir, çıx” eşidə bilərlər”.

 
Hüquq müdafiəçisi çıxış yolu kimi, qanunun tətbiq edilməsini istəyib:

“Qanun var, onun tələblərinə riayət edilsə bəs edir, əlavə tədbir və təkliflərə ehtiyac qalmır. Çünki qanunda kifayət qədər cərimə və cəzalar nəzərdə tutulub. İşçinin 41 dərəcə temperaturda, açıq havada işlədilməsi qanunun kobud surətdə pozulmasıdır. Buna əməl olunmadığı halda insanın sağlamlığına dəyən zərər nəticəsində ölüm faktı olarsa, bu, cinayət məsuliyyəti yaradır. Adətən bu kimi hallar özbaşınalıq hökm sürən, müqaviləsiz işlədilən yerlərdə baş verir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?