Modern.az

Göyçayda körpü yenə uçdu: Rəsmilər təbii qarşıladı

Göyçayda körpü yenə uçdu: Rəsmilər təbii qarşıladı

Aktual

1 İyul 2018, 11:02

İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, iyunun 30-da həmin ərazidə çökmə baş verib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. 

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Körpüdə bərpa işlərinə başlanıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavaba olaraq bildirib ki, çökmələrin olması təbiidir: 

“Körpünün yanaşma yolunun 30 metrlik hissəsini sel suları yuyub dağıtmışdı. Həmin hissəyə 15 metr hündürlükdə qrunt tökülərək doldurulub və yolda hərəkətin bərpa olunması üçün işlər qısa müddətə icra olunaraq üzəri asfaltlanıb. Həmin hissə tökmə qrunt olduğu üçün müəyyən kiçik miqyaslı çökmələrin olması təbiidir”. 

AAYDA rəsmisi deyib ki, körpünün əsaslı təmirinin tam başa çatdırılması gözlənilsəydi, 2 ay müddətinə yol bağlanmalı idi: 

“Çünki qruntun getdikcə təbii kipləşməsi ola bilər. Əgər tam olaraq qruntun kipləşməsini gözləsəydik onda 2 həftəyə deyil, ən azı 2 aya körpü ilə hərəkət bərpa olunmalı idi. Körpü ilə hərəkət bərpa olunarkən də məlumat verilmişdi ki, körpüdə bərpa-tikinti işləri hələ bitməyib və bir müddət davam edəcək. Çünki bu çərçivədə görüləsi işlər çoxdur”.

Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.

 

Xatırladaq ki, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

 

Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.

 

 

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191440 manat, “Elnicat” MMC tərəfindən 356400 manat, “Azpod” MMC tərəfindən 950400 manat, “Attinak” MMC tərəfindən 1372800 manat, “ATF” MMC tərəfindən 316800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır