Modern.az

“Köpək bürcü”nü görə bilən yazıçıya məktub

“Köpək bürcü”nü görə bilən yazıçıya məktub

14 Sentyabr 2011, 12:36

Salam, Əyyub Qiyas!

Neçə illər bundan qabaq “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli sənin “Qara işıq” kitabını vermişdi mənə ki, oxuyum. Bəlkə, ağlıma nəsə batdı, bu kitabdan nəsə yazdım. O kitabı oxumuşdum oxumağına, nəsə yazmağa gələndə, nə illah eləmişdimsə, yox ki, yox! Heç nə alınmamışdı. Alınmamışdı da, qardaş, güclə deyildi ki. Alınmamışdı. Əsərin bəlkə də daxili ritmini, gedişini, ləngərini tuta bilməmişdim. Onunla da hər şey ölmüşdü. İnanırsan, o kitab indi də məndə - Siyəzəndə qalır. Hər dəfə onu görəndə əsəbiləşirəm düzü. Əsəbiləşirəm ki, niyə axı mən bu romanı neçə dəfə oxumuşam, amma hər dəfə nəsə yazmaq üçün kompüteri yandırandan sonra uzağı beş – altı cümlədən o yana keçə bilməmişəm. İndi də keçə bilmirəm. Qardaş, incimə, sənin romanın o əlyazmaları yazanı dəli elədiyi kimi, ilk oxuyan vaxtlarda məni də dəlixanalıq edəcəkdi az qalsın. Bəlkə də elə ona görə o kitab hələ də məndə evdə bir küncdə qalıb.

Sonradan elə oldu ki, səndən heç nə oxuyası olmadım. Bircə “Ulduz” jurnalında “Sonuncu büt”dən parçalar oxumuşdum. Əsərin qəhrəmanı mənə çox doğma idi. Həddən artıq doğma. Vallah, Məmmədağa Rüfət deyildi, bəlkə də Rüfətin qardaşı idi, amma Rüfət deyildi. Heç bəlkə də Məmmədağa Rüfət də ola bilməzdi. Düzdür, Rüfət qəribədir, ilk baxışdan adama qəribə gəlir, amma Məmmədağanın yeri başqadır. Bəlkə, bu onunla əlaqədardır ki, mən Məmmədağaları daha çox görmüşəm, Rüfətlər bir az mənə yaddır. Bilmirəm. Bilmirəm, bəlkə də mən Məmmədağaların əhatəsində böyümüşəm. Bəlkə də. Bəlkə də yox, mən həqiqətən də Məmmədağaların əhatəsində böyüməmişəm. Sadəcə olaraq Məmmədağalar artıq bizim hər birimizin içində var.   Onlar – o Məmmədağalar ki, sallağı oturub başlarından areodromu əksik etməzdilər. Onlar – o Məmmədağalar ki, həyatı kitablardan, müəllimlərdən yox, elə həyatın özündən oxumuşdular. Bilmirəm, indi Məmmədağalar nə qədərdir? Amma bir onu bilirəm ki, Məmmədağa düzdür Rüfət kimi məşhur ola bilməzdi, amma ən azından Məmmədağa Rüfət kimi anasını qocalar evinə yola salmazdı. Məmmədağanın bir yastığa baş qoyduğu qadının səsi – sədası heç vaxt başqa yerdən gəlməzdi.

Və əslində “Köpək bürcü”ndə Leylanın demək istədiyi “yaxşı kişi” obrazı məhz elə Məmmədağa idi. Hər obraz kimi sovet dövründə yaşamış tənqidçilərin sözü olmasın Məmmədağanın da mənfi xüsusiyyətləri var. Amma Məmmədağa məişət etibarı ilə azərbaycanlıdır. Bir az da “qabaqkı”lardandır. Onların öz dünyaları var. Onlar şəraitləri özləri özləri üçün yaradırlar. Onlar üçün kimsə gəlib şərait yaratmır. Onlar heç vaxt gizli oyunların aktyoru rolunda çıxış edə bilmirlər. Düz  - düzənquludur onların həyatı. 

Əyyub Qiyas!

Aramızda bir on yaş fərqimiz olsa da, birinci dəfə Sumqayıtda görüşəndə, oturub o dar zaman kəsiyində söhbət edəndə mənə elə gəldi ki, öz yaşıdımla söhbət edirəm. O yaxınlıq, o doğmalıq hardan qaynaqlanırdı, bilmirəm, amma həmin an bircə onun fərqinə vara bildim ki, sən yalandan özünü dahi kimi göstərmək istəsən bu səndə alınmayacaq. İş orasıdır ki, sən çoxlarından fərqli olaraq ortaya bir meçə psixoloji roman nümunəsi qoysan da, bununla qətiyyən qürrələnmirsən, hirsin – hikkən düzü- dünyanı bürüyüb getmir. Sakit, başını aşağı salıb işini görürsən.

Çünki, Muradla Rüfətin gördüyü it bürcünü hamı görmür!

Başqaları göyüzünə baxanda ancaq və ancaq aydın səma, topa buludlar görür. Ayrı nəsə görəcəklərini gözləmə onlardan! Görməyəcəklər! Görə bilməyəcəklər! Heç onu Məmmədağa da görməyəcək! Hərçənd ki, Məmmədağa da özünə görə yaxşı oğlandır! Rüfət də heç vaxt Muradı qucaqladığı kimi Məmmədağanı qucaqlamayacaq. Qucaqlaya bilməyəcək! Baxmyaraq ki, onlar bir şəhərin havasını udublar! Bir ananın qarnından çıxıblar. Bir atanın belindən gəliblər.

Əyyub Qiyas!

Maraqlıdır, görəsən sənin qəhrəmanların necə bu qədər öz ritmləri ilə yaşamağı bacarırlar? Qeys var e orda, ona baxanda adam özünü unudur. “Nəyəm”i yox, “nə olacağam”ı düşünmək istəyir. Gözləri dolur istər – istəməz. Neçə - neçə elə oğlanlar var bir vaxtlar hər şeyi olduğu halda, indi gecələməyə yer də tapmır özünə.  

Həm də yeri gəlmişkən soruşmasam ürəyim partlayar, sən niyə imkan verdin ki, Qeys Orxanı öldürsün? Adam da oxucuya yeni bir Orxanın yaranacağını xəbər vermək üçün o cür sevgini yarımçıq qoyar? Özü də elə bir sevgini ki, o sevgi Azərbaycan mühitində rast gəlinən nadir nüsxələrdən biri idi.

Qeysin onsuz da həyatı puç idi də. O, Həsən Səbbahın əshabələri kimi bir yalançı Cənnət düzəltmişdi özünə. Onun üçün bu Cənnəti yaradanlar var idi. Orxansa yalançı Cənnət istəmirdi. O, Mehridə görmüşdü Cənnəti. Amma sən ona imkan vermədin. Əşşi, nə isə, özün bilərsən, işinə qarışmaq kimi də çıxmasın, amma gərək elə eləməyəydin.

Əyyub Qiyas!

Çox qəribədir ki, mən ilk andan hansı ovqata köklənirəmsə axıra qədər də o ovqatla davam edirəm. Sən özün də Allah şahidisən. Bu yaxınlarda Zaur Qəriboğlunun kitablarının təqdimatında gördün ki, mən ancaq Cəlil Cavanşirdən danışırdım. Bilmirəm nədən idi, amma o anda mən Cəlilə köklənmişdim. İndi də bu saat ancaq və ancaq “Köpək bürcü” altında yaşayanları düşünürəm. Düşünürəm, görəsən Rüfət dəlixanadan çıxandan sonra neynəyəcək? Düşünürəm, görəsən Rüfət dəlixanadan çıxandan sonra evə gələndə oğlunu evdə görəndə hansı hissləri keçirəcək? Xoşbəxt olacaqmı? Ümumiyyətlə, Rüfət və Rüfətkimilər xoşbəxtliyin nə olduğunu bilirmi?

Xoşbəxtlik bambaşqa şeydir, Əyyub Qiyas, bambaşqa şey! Modiliani də, Bax da, Şopen, Mircavad da, Namiq Abdullayev də mən inanıram ki, KÖPƏK BÜRCÜNÜ görə bilirdilər, amma bu dünyanın xoşbəxtliyi KÖPƏK BÜRCÜnü görənlərin bədbəxtliyi üzərində qurulmursa gəl, mənə nə istəyirsənsə onu da de!

Əyyub Qiyas!

Yaz görək, Rüfəti daha hansı vəziyyətlərə salacaqsan?! Sözün yaxşı mənasında yazıq Rüfət! Hələ nələr çəkəcək sənin əlindən kim bilir?!

Amma bir şey də var ki, sizinki yazıçı – qəhrəman müstəvisindən çıxıb artıq. Rüfəti dəlixanadan çıxardana kimi, hələlik!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?