Modern.az

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq çağırışı

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq çağırışı

Təhsil

3 Dekabr 2009, 17:58

Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi üçün “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Payız-qış mövsümündə təbii qaza olan tələbatın artmasını nəzərə alan “Azəriqaz” İB tərəfindən istehlakçılara verilən təbii qazın miqdarının artırılması təhlükəsiz qaydalarına əməl olunmadığı hallarda arzuolunmaz hadisələrə də yol aça bilər. Modern.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin əhaliyə ehtiyatlı olmaqla bağlı çağırışında bildirlib.
"Məlumdur ki, istehlakçıların təbii qazdan istifadə qaydalarına düzgün riayət etməmələri dəm qazından zəhərlənmə hallarına, qaz sızmasından partlayışa, yanğına və digər bədbəxt hadisələrə zəmin yaradır. Bu səbəbdən abonentlərdən ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zaman diqqətli olmaları və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyyə olunur. “Qazdan istifadə Qaydaları”na riayət etməklə abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir. Qaz iyi hiss etdikdə isə dərhal bütün kranlar bağlanmalı, mənzilin havası dəyişdirilərək Mərkəzi Qaz Qəza Xidmətinə - 104 nömrəli telefona xəbər verilməlidir. Qaz cihazlarını nəzarətsiz qoymaq, kiçik yaşlı uşaqlara, xəstələrə, qocalara qaz cihazlarını etibar etmək həyat üçün təhlükəlidir. Mənzillərdə qaz borularından digər məişət xidmətləri üçün istifadə etmək düzgün deyil. Qaz cihazları olan otaqda tez alışan məhsulların yerləşdirilməsi və saxlanılması qəti qadağandır. Bütün qaz boruları və qaz cihazlarının profilaktik xidmətlər üçün əl çatan və görünən yerlərdə quraşdırılması məqsədəuyğundur. Təbii qazla işləyən sobaların qaz xəttində əl catan yerdə iki ədəd kran (sobanı qazla təchiz edən xətdə tənzimləyici kran, ondan qabaq isə yarımaçılan nəzarət kranı) quraşdırılmalıdır. Yerli isitmə sobaları köcürmə (təxliyə) yollarında (pilləkən qəfəslərində, dəhlizlərdə, qapıların qabağında və s.) quraşdırıla bilməz. Hamam otaqları da ciddi təhlükəsizlik tələblərinə uyğunlaşdırılmalıdır. Belə ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü 2,5 metrdən az olmamalıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq mütləq müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz edilməli, otaqda havadəyişmə sistemindən əlavə nəfəslik olmalıdır. Hamam otağının qapısının aşağı hissəsində havanı dəyişmək üçün 0,02 kvadratmetr sahəsi olan dəlik olmalıdır (Bu, bir neçə dairəvi deşik və yaxud 0,4X0,5 metr ölçüdə jalüz şəklində ola bilər). Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq edilməsi üçün əlçatan yerdə quraşdırılmalıdır. Ən əsası isə, qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının havadəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli və işlək vəziyyətə gətirilməlidir. Uzun müddətə evi tərk etdikdə qaz cihazlarının bütün ventilləri bağlanmalıdır. Abonentlər və ya kənar şəxslər tərəfindən qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması qəti qadağandır. Təhsil, səhiyyə, uşaq evləri və digər müəssisə və təşkilatlarda qaz sobalarından istifadə edilməsi üçün məsul şəxslər təyin edilməli və təlimatlandırılmalıdırlar. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məsələləri “Azəriqaz” İB tərəfindən daimi nəzarətdə saxlanılır, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir, alınmış nəticələr təhlil olunur. Araşdırmalar göstərir ki, bədbəxt hadisələr bir qayda olaraq, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar baş verir. Belə hadisələr vətəndaşlar tərəfindən bilavasitə mənzillərdə özbaşına yenidənqurma işləri aparılarkən daxili qaz xətlərinə müdaxilə edilməsi, qaz xətlərinin mətbəx otaqlarından eyvanlara cəkilməsi, qeyri-qanuni olaraq ayrı-ayrı cihazların quraşdırılması və istifadə olunması ilə bağlıdır". 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi