Modern.az

MTN Azərbaycana narkotik vasitələr keçirmək istəyən dəstəni zərərsizləşdirib

MTN Azərbaycana narkotik vasitələr keçirmək istəyən dəstəni zərərsizləşdirib

Ölkə

4 Dekabr 2009, 15:49

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 183 kiloqramdan artıq narkotik vasitə keçirən dəstəni zərrəsizləşdirib. Modern.az-ın məlumatına görə, bu barədə MTN-nin ictimai əlaqələr mərkəzi açıqlama yayıb.
MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin növbəti mərhələsində Azərbaycan vətəndaşları Möhsümov İskəndər Məhərrəməli oğlu və Mirzəyev Vaqif Südeyf oğlunun Rusiya Federasiyasına göndərdikləri 91 kiloqram 300 qram narkotik vasitə olan həşiş Mahaçqala şəhərində aşkarlanaraq götürülüb.
Məlum olub ki, İskəndər Möhsümov və Vaqif Mirzəyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları ilə birlikdə tərəvəz məhsullarının daşınması üçün hazırlanmış taxta platformaların içərisində külli miqdarda narkotik vasitələri Moskva şəhərinə göndərmək üçün Rusiya Federasiyasının vətəndaşı Xasbulatov Maqomedşapinin idarə etdiyi "VOLVO" markalı ağırtonnajlı avtomobilə yükləyiblər. MTN-nin əməkdaşlarının da iştirak etdikləri birgə əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanıb, həmin avtomobil Rusiyanın Mahaçqala şəhərində saxlanılmış və baxış zamanı qeyd olunan narkotik vasitələr aşkarlanaraq götürülüb.
MTN-nin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə daha bir cəhdin qarşısı alınıb. Azərbaycan vətəndaşı Fərəcov Natiq Müzəffər oğlu, hazırda şəxsiyyətəri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Natiq Fərəcovun sifarişi ilə İran vətəndaşları həmin narkotik vasitə olan həşiş qətranını qaçaq yolla Astara rayonu istiqamətindən Pəlikəş kəndinə keçirib, orada Natiq Fərəcova təhvil vermişlər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Fərəcov Astara rayonunun Şüvi kəndi ərazisində saxlanılmış və ondan 16 kiloqrama yaxın narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülüb.
MTN-nin keçirdiyi başqa əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə yeni bir cəhdin qarşısı alınıb. Azərbaycan vətəndaşları Ələkbərov İlham Arif oğlu, Fətullayev Valeh Telman oğlu, İmanov Zamin Xudasat oğlu, şəxsiyyətəri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Müəyyən edilib ki, 2009-cu ilin noyabr ayının əvvəllərində İlham Ələkbərov İran İslam Respublikasının Astara şəhərinə səfər edərək, orada hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfər İran vətəndaşı ilə görüşmüş və onunla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsi barədə razılaşmışdır.
Bundan sonra Ələkbərov yaşadığı Lənkəran şəhərinə qayıtmış, bu cinayətkar razılaşma barədə tanışı Zamin İmanova məlumat vermiş və ona İrandan göndəriləcək narkotik vasitələri almağı təklif etmiş, sonuncu da buna razılığını vermişdir. İlham Ələkbərov bu barədə İranda narkotik vasitələri sifariş verdiyi şəxsi məlumatlandırmış və həmiş şəxsin təklifinə əsasən, İlham Ələkbərov Zamin İmanovla birlikdə İrana gedərək, orada narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirəcək şəxslə görüşmüşlər. Sonuncu 50 kiloqram həşiş və 5 kiloqram tiryək göndərəcəyinə söz vermiş, lakin əvvəlcədən beh qismində onlardan 10 min ABŞ dolları tələb etmişdir. İlham Ələkbərov və Zamin İmanov onun təklifi ilə razılaşaraq Azərbaycan Respublikasına qayıtmışlar. Zamin İmanov tələb olunan pulun bir hissəsini hazırlamış, çatışmayan hissəsini isə İlham Ələkbərovun ona borc verdiyi qızıl zinət əşyalarını satmaqla 10 min ABŞ dolları toplayaraq İranın Astara şəhərinə getmiş və pulu orada sövdələşdikləri şəxsə çatdırıb geri qayıtmışdır.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları İlham Ələkbərovun və Zamin İmanovun sifariş verdikləri narkotik vasitələri motorlu qayıqda Xəzər dənizi ilə Azərbaycan Respublikasının Astara rayonunun Nərimanabad kəndi yaxınlığına gətirmişlər. İlham Ələkbərov dostu Valeh Fətullayevlə birlikdə həmin kəndin yaxınlığında, Xəzər dənizinin sahilində iranlıların qayıqda dövlət sərhədini pozaraq qaçaq yolla gətirdikləri narkotik vasitələrin qablaşdırıldığı kisələri onlardan təhvil almışlar. İlham Ələkbərov və Valeh Fətullayev həmin kisələri kənarda onları gözləyən Zamin İmanovun idarə etdiyi «VAZ-21012» markalı avtomaşının yük yerində gizlətmişlər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş çevik əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvləri yaxalanmış, avtomaşına keçirilmiş baxış zamanı oradan 50 kiloqramdan artıq həşiş və 5 kiloqrama yaxın tiryək aşkar edilərək götürülmüşdür. Keçirilən digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan növbəti qrupun üzvləri ifşa olunaraq yaxalanmışlar. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Həmdəmov Hacıəmin Hacımurad oğlu, Həmdəmov İntizar Hacıağa oğlu, şəxsiyyətləri istintaqla araşıdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Müəyyən edilib ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı faktına görə məhkum olunmuş İntizar Həmdəmov təxminən 2009-cu ilin oktyabr ayında bir nəfər İran vətəndaşı ilə əlaqə yaradaraq, ona qaçaq yolla Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr gətirməsini sifariş vermişdir. Həmin narkotik vasitələrin təhvil alınmasını isə qardaşı oğlu Hacıəmin Həmdəmova tapşırmışdır.
Hacıəmin Həmdəmov da öz növbəsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriləcək külli miqdarda narkotik vasitənin təhvil alınmasını təşkil etmişdir. Bundan sonra həmin iranlı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qətranını qaçaq yolla Astara rayonu istiqamətindən Azərbaycan Respublikasının ərazisinə gətirmişdir. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıəmin Həmdəmov saxlanılmış, baxış zamanı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır