Modern.az

Süfrəyə balıq başı düzülən, ailə üzvlərinin sayı qədər xoruz və toyuq kəsilən yəhudi bayramı

Süfrəyə balıq başı düzülən, ailə üzvlərinin sayı qədər xoruz və toyuq kəsilən yəhudi bayramı

28 Sentyabr 2011, 11:39

Bakıdakı yəhudi sinaqoqundan reportaj

Azərbaycanda tarixən mövcud olan tolerant mühit bu gün daha da möhkəmlənib. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudilər yüz illərdir Azərbaycanda əmin-amanlıq şəraitində yaşayarlar.

Azərbaycanda yaşayan azsaylı xalqlardan biri olan yəhudilərin ölkəmizə nə vaxt gəldikləri barədə müxtəlif fikirlər var. Tarixçi Musa Kalankaytuklu dağ yəhudilərinin Qafqaza gəlməsini e.ə. 1-ci əsrə aid edir. Digər məlumatlarda isə dağ yəhudilərini Sasani hökmdarı I Xosrov Nuşirəvannın (531-579) Qafqaza köçürdüyü göstərilir.

Hazırda Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur.

Dağ yəhudiləri ölkədəki yəhudi diasporu arasında çoxluq təşkil edir. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri hesab edirlər. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olub. Elə Midiyada olarkən onlar tatlarla qaynayıb-qarışıb və bunun təsiri nəticəsində dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Avropa yəhudiləri isə Azərbaycanda 19-cu əsrdən məskunlaşmağa başlayıb, Avropa yəhudilərinin əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır.

Gürcü yəhudilərinin icması sayca kiçikdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmləndirərək öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini yaradıblar. Bakıda hazırda 3 yəhudi sinaqoqu fəaliyyət göstərir.

Hər bir xalqın özünəməxsus tarixi, dini bayramları var. Yəhudi xalqına məxsus çox sayda bayramlar mövcuddur. Onlardan biri yəhudilərin bu gündən qeyd edəcəkləri yeni il – Roş-ha-şanadır.

Yəhudi xalqı bu bayramı Yom Küpürdən 10 gün əvvəl qeyd edir. Roş-ha-şana ivrit təqviminin yedinci ayının ilk iki günü müşahidə olunur. Bu bayram insanlar, heyvanlar, hüquqi əlaqələr üçün yeni ildir. Artıq yəhudi xalqı 5772-ci ilə qədəm qoyur. Roş-ha-şana sentyabrın 28-i axşam 19:10-da başlayacaq. Bu saatdan etibarən hər bir yəhudi ailəsi evində şam yandıracaq. Şamların yandırılmasının ardından isə yeni il- Roş-ha-şana başlamış olur, bundan sonra ailə bayram süfrəsi arxasında əyləşib, şam edir. Bu bayram hər il fərqli təqvimdə qeyd olunur, yəni ay təqviminə görə, Roş-ha-şananın qeyd olunmasında 18 gün fərq müşahidə olunur. Təbii ki, hər il bayramın başlandığı saat da dəyişir. Məsələn, ötən il Roş-ha-şana 18:50-dən etibarən qeyd olunmağa başlayıb. Yeni il bayramı iki gün – ayın 29 və 30-da qeyd olunur. Bu bayramda yəhudi ailələri bir-birinin evinə gedir, bayramlaşır, öz təbriklərini dostlarına, qohumlarına çatdırırlar. 

Yəhudi xalqının bu bayramı haqqında ətraflı məlumat əldə etmək üçün Bakıda yerləşən dağ yəhudilərinin sinaqoquna getdik. Sinaqorun rəhbəri Mark Mlexov və sinaqoqun nümayəndəsi Melix Yevdayevlə söhbət etdik. Onlar bu bayramın tarixinin qədim olduğunu söylədilər.

Hər bir yəhudi ailəsi evində bayram süfrəsi açarkən bir sıra şərtlərə əməl etməlidir. Belə ki, təzə ilin sona kimi müvəffəqiyyətli keçməsi üçün bu gün süfrəyə xüsusi mənası olan bir sıra nemətlər düzülür. Bunlardan birincisi balıq başıdır. Ancaq bu, hər hansı balığın başı ola bilməz. Yəhudi xalqına halal buyrulan pullu balıqlardan hər hansının başı ola bilər. Bayram günü süfrəyə balıq başının qoyulması yəhudi xalqının hər zaman irəliyə can atan xalq olmasına işarədir. Çünki balıq hər zaman irəliyə can atan, irəlidə olmaq istəyən bir məxluqdur.
Melix Yevdayevin sözlərinə təzə ildə süfrəyə balığın verilməsi ilə yəhudi xalqına kim olduqları və harda olmaları bir daha onlara xatırladılır.  Bu bayramda süfrəyə bal və alma qoyulur ki, bunun da xüsusi mənası var. Bu bayram günü ailə üzvlərindən almanı bala batırıb yemək tələb olunur. Bu o deməkdir ki, qarşıdan gələn yeni il bal kimi şirin keçsin. M.Yevdayevin sözlərinə görə, yəhudi xalqının nümayəndəliri həmin gün bir-birlərini təbrik edəndə “iliniz şirin olsun” deyir.  

M.Yevdayev deyir ki, bayram günü balın yanında başqa meyvə verilə bilməz. Amma burda almanın bir mənasının olub-olmamasına gəlincə, müsahibimiz bildirdi ki, bu barədə tarixdə dəqiq məlumat yoxdur.
“Biz keçmiş nəsillərdən belə görmüşük və gələcək nəsillərə də belə ötürürük. Amma almanın xüsusi mənası varmı, onu bilmirəm” deyən M.Yevdayev daha sonra qeyd etdi ki, bayram günü narın süfrəyə verilməsi də xüsusi məna daşıyır. Nar artım mənasını verir, yəni yəhudi xalqının nar kimi artması arzusunu ifadə edir. Nar eyni zamanda Allah qarşısında savab işlərin sayının narın dənələri qədər çox olması arzusunu da ifadə edir.  

Süfrədə olan digər nemətlərə gəlincə isə bunlar toyuq, yumurta, lobya, ispanaq, pırasadan ibarət olur. Roş-ha-şanada ailə üzvlərinin sayı qədər toyuq və xoruz kəsilir. Daha doğrusu ailədəki qadınların sayı qədər toyuq, kişilərin sayı qədər isə xoruz kəsilir və qohumlara, dostlara paylanılır. M.Yevdayevin sözlərinə görə, əvvəllər bu adət daha çox icra olunurdu, amma son zamanlar unudulmaq üzrədir. Roş-ha-şana günü eyni zamanda kasıb ailələrə də kömək edilir. Belə ki, imkanlı şəxslər 50, 100 toyuq kəsib maddi vəziyyəti aşağı olan ailələrə paylayır.

Roş-ha-şanada hər bir yəhudi evində xüsusi olaraq bayram çörəyi hazırlayır. M.Yevdayevin sözlərinə görə, bu çörək adi çörəkdən fərlənir. Yumurta, qəndlə hazırlanan çörək hörük şəklində hazırlanır, üzərinə yumurta vurulduqdan sonra künçüt səpilir. Bayram günü ilk olaraq ailə başcısı həmin çörəkdən kəsərək düza batırıb yeyir, daha sonra bunu digər ailə üzvləri də təkrarlayır.

M.Yevdayev qeyd etdi ki, yəhudi inancına görə, təzə ildə Allah-təala hamıya-bütün yaratdıqlarına gələcək ili necə keçirəcəyini müəyyən edir. Yəni hər bir insanın gələcək ili ötən ildə etdiyi əməllərə görə müəyyən olunur. Roş-ha-şananın 10-cu günü yəhudilər Yom (gün) Küpürü (günahların bağışlamnması) qeyd edir. Allah-təala insanlara günahlarının bağışlanması üçün on gün vaxt verir. Yom Küpürdə bütün yəhudi xalqı 24 saatlıq oruc tutaraq, Allaha günahlarının bağışlanması üçün dua edir, ibadətlə məşğul olur. M.Yevdayevin sözlərinə görə  bu gün yəhudi xalqı üçün ən ağır günlərdən biridir. Dua və ibadətdən əlavə yəhudi xalqı Yom Küpürdə xeyirxah işlər görməklə öz günahlarını azaltmağa çalışır. Məsələn zəkat verilir, kasıblara yardım olunur.

Yəhudi xalqının bayramlarının çox olduğunu deyən M.Yevdayev qeyd etdi ki, hər altıncı günü yəhudilərdə bayramdır.
“Allah-təala dünya və Adəmi xəlq edəndə 6 günə xəlq edib, 7-ci gün istirahət edib. Müsəlmanlarda istirahət günü cümə günüdür, xristianlarda isə bazar günüdür. Ancaq bizdə altıncı (şabat) günü istirahət günüdür. Yəni Allah-təalanın istirahət etdiyi günü biz bayram kimi qeyd edirik. Həmin gün bütün bayramların bayramıdır”.

Sinaqoqun rəhbəri Mark Mlixovun sözlərinə görə, hazırda bu ibadətgah kasıb ailələrə yardım paketləri hazırlayır ki, hər bir yəhudi ailəsinin evində bayram süfrəsi açılsın. Mark Mlixov sinaqoq və Roş-ha-şana haqqında məlumat verərkən qeyd etdi ki, bu bayramın tarixi 3500 il bundan əvvələ dayanır. Nəsildən-nəsildən keçərək bu günə gəlib çatan bayram qəlbin və ruhun təmizlənməsi üçün insanlara bir fürsərdir. 
“Təzə ildən sonra on gün günahların bağışlanması başlayır. Hər bir insan ötən ildə kimlərəsə etdiyi pisliklərinə görə onlardan üzr istəməli, özündən üzr istəyənləri isə bağışlamalıdır. Hətta ən qatı düşmənin olsa belə”. 

M. Mlixov bildirdi İsarildə olan “Nesif xışbon” (ruhun hesabatının aparılması) insanları vadar edir ki, öz əməllərinə qarşı hesabat aparsın.
“Təzə ili insan yeni fikirlərlə, təzə ruhla qarşılamalıdır. Fikirlərini də xeyirxahlığa doğru yonəltməlidir, burda əsas məqsəd insanlara məhəbbət, xeyirxahlıqdır. Nəinki yəhudilərə, eləcə də digər xalqların nümayəndələrinə. Ömrümüz boyu dünya xalqlarının arasında yaşamışıq, onların bizə hörməti olub. Düzdür, tarixdən məlumdur ki, yəhudi xalqına qarşı pis fikirdə olan xalqlar olub. Amma ümumiyyətlə bütün xalqların hörmətini görmüşük, biz də onlara qarşı daim hörmət bəsləmişik”-deyən həmsöhbətimiz iki min ildən çoxdur ki, Azərbaycanda yaşadıqlarını söylədi. Onun sözlərinə görə, bu sinaqoqun tikiləməsi də yəhudi xalqına olan hörmətin nümunəsidir.

Mark Mlixovla söhbət zamanı o, bizə sinaqoq haqqında da məlumat verdi və burda yaradılan şəraitlə yaxından tanış etdi. İlk olaraq 120 nəfərlik ibadət zalına baş çəkdik. İbadət zalının ortasında yəhudi xalqının müqəddəs kitabı olan Toronu (Tövrat) oxumaq üçün yer ayrılıb. Ravvin burda dayanaraq torunu oxyur, ibadətə gələn insanlar da oxuyaraq ona cavab verir. İbadət zalında təbii ki, şam yansırılması üçün də yer ayrılıb. M.Mlixovun sözlərinə görə, ibadətə gələn hər bir yəhudi iki ədəd şam yandıraraq ibadətinə başlayır.

İbadət zalı iki hissəyə ayrılıb, birinci və ikinçi mərtəbəni ayırmaq üçün xüsusi pərdədən istifadə olunub, ikinci mərtəbədə qadınlar, birinci mərtəbədə isə kişilər ibadət üçün toplaşır.

Sinaqoqda kitabxana, oxu zalı, sagirdlər üçün sinif və yeməkxanadan əlavə üç otaq var. M.Mlixolva söhbət zamanı məlum oldu ki, burda 14 tələbəyə dini dərslər, yəhudi tarixi öyrədilir.

Sinaqoqun mindən çox üzvi olduğunu deyən həmsöhbətimiz daha sonra burda olan kitabxana haqqında məlumat verdi.
“Burda çox sayda qədim kitab var. İstəyirik ki, bu kitablardan muzey yaradaq. Bura gələn insanlar yəhudilərin Azərbaycana neçə gəldiyini, burdakı yaşayışları, təhsilərini bu kitablar vasitəsilə öyrənsin”.

Sinaqoqda olan oxu zalı burada təhsil alan uşaqların ixtiyarındadır. Zalın giriş hissəsində 150 illik yaşı olan şkaf var. M.Mlixov bildirdi ki, bu şkafda yəhudilərin rulon şəklində olan qədim kitabları saxlanılır. O qeyd etdi ki, yəhudilərin əsas kitabları ində də keçmiş qayda ilə yazılır. Bayramlarda da həmin kitab oxunur. Oxu zalında kitabların az olmasının səbəbini öyrənmək istəyəndə M.Mlixov bildirdi ki, bura təzə köçdükləri üçün kitablar tam olaraq yığılmayıb.

Sinaqoqda olan hər otağın giriş hissəsində divara üzərində dua olan dəmir vurulmuşdu. M.Mlixov bildirdi ki, bu Allahı hər zaman xatırlamaq üçündür. Hər kəs otağa daxil olanda və çıxanda üzərində duanın həkk olunduğu dəmiri öpərək “qurban olun sənə Ttanrı, yadımdasan” deyir. Bu ifadəni yatanda, yuxudan duranda və bir çox işlərə başlayanda təkrar etmək yəhudi xalqının dini inancıdır.    

M.Mlixov bildirdi ki, həftənin 6-cı gün yəhudi xalqı ibadətlə məşğul olur, dua edirlər. Həmin gün maşına minmək, işləmək, televizora baxmaq, hətta telofonla da danışmaq olmaz. İnsanlar bu günü günahlarının bağışlanmasını diləyir və istirahət edir. 

Azərbaycanda doğulan hazırda xarici ölkələrdə yaşayan yəhudilər də yeni sinaqoqun açılmasını sevinclə qarşılayıb. M.Mlixov bildirdi ki, xaricdə olan yəhudilərlə onlar sıx əlaqə saxlayırlar. “Əlaqə saxlamaq lazımdı, çünki həm də bizim böyük ravvimiz də ordadır”.

Sinaqoqu gəzərkən iki ədəd nəzir qutusuna rast gəldik. M.Mlixov bildirdi ki, bura yığılan nəzirlər kasıb ailələr verilir.
“İmkansız ailənin üzvi rəhmətə gedəndə onun bütün yas xərclərini sinaqoq qarşılayır. Hazırda da gördüyünüz kimi Yeni ilin gəlişi şərəfinə kasıb ailələrə yardım paketləri hazırlamışıq. Paketin içində toyuq, balıq, 1 kq düyü, 1 kq qənd, 1 çay, 1 kiçik banka bal, iki alma, 1 bayram çörəyi və iki şam var”.

Dağ yəhudilərinin bu yeni sinaqoqu mayın 5-də açılıb. M.Mlixovun sözlərinə görə, sinaqoq dini ayinləri, ibadətləri yerinə yetirməklə yanaşı,  həm də mədəniyyət evi kimi də fəaliyyət göstərəcək. Hələki sinaqoq yalnız dini ibadətləri yerinə yetirmək üçün istifadə olunur...






Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı