Modern.az

Fındığı atdım xarala... (REPORTAJ)

Fındığı atdım xarala... (REPORTAJ)

Reportaj

29 Sentyabr 2011, 11:48

Qəbələ rayonundakı fındıq bağında gördüklərimiz...

Fındıq bağlarını ilk dəfə görəndə elə bildim ki,  yeniyetmə cağlarımda seyr etdiyim hind filmlərindəki ucu-bucağı görünməyən yaşıllıqlar məhz elə buralardır. Bir mahnıda azı 5 dəst paltar dəyişən hind kinosunun ulduzları da elə bu fındıq kollarının dibində bir-birilərinə eşqnamə oxuyub, ölənədək bir yerdə olacaqlarına dair əhd-peyman bağlayıblar.  

Bir nöqtədən rişələnib boy atan, uzandıqca da budaqları, yarpaqları qonşu kolun yaşıl qolları ilə qovuşmağa can atırmış kimi ona doğru əyilən fındıq ağaclarının (hərçənd, mən buna daha çox nəhəng kol deyərdim – N.H) bu mehribanlığı, inanın ki, insanda hətta adamın özü üçün də bir qədər gözlənilməz olan qəfil sentimental, romantik və olduqca maraqlı bir əhval-ruhiyyə yaradır.   
Məni qınamayın, özün öz hisslərinə elə aldanırsan ki, elə bu dəqiqələrdə kolların arxasından qaşlarının ortası xallı bir gözəlin və qol əzələləri həmin gözəlin beli yoğunluğunda olan  yaraşıqlı bir oğlanın çıxacağına bəndsən. Əvvəldən bir qədər duyğusal adamsansa, hətta ürəyin də döyünməyə başlayır. Aha... ayaq səsi... kimsə gəlir... və...

Hə... bu gələn... yox, yox, burda nağıl bitdi. Bu gələn başı yaylıqlı, beli şallı, bir əli torbalı, o biri əli vedrəli, bir tərəfində əri, o biri tərəfində uşaqları olan ev, daha doğrusu, bayaqdan gözəlliyini vəsf etdiyimiz fındıq bağının sahibəsidir. Müxtəsəri, bağının məhsulunu yığmağa gələn adi bir kənd arvadıdır.  Yüz il qala, sənin onun gəlişindən üçcə dəqiqə əvvəl fikirləşdiklərini ağlına belə gətirməyən bu arvadı həmin anlarda bu il bu ağaclardan nə qədər fındıq yığacağı maraqlandırır. Yeri gəlmişkən, yerli camaat fındıq ağacına “topa” da deyir – məsələn, buralarda bir-birinin bağının enini-boyunu bilmək istəyəndə soruşurlar ki, neçə topa fındığın var?  Bu sualın cavabında 40, 50, 100 deyən də var. Bir topa, dediyimiz kimi, bir ağac anlamına gəlir və bir agacda, adətən,  20-30 yoğunlamış kol gövdəsi olur.  

9 ay göyə, üc ay yerə dikilən baxışlar

Fındıq bağları ilə tanınan bölgələrdə  maraqlı bir deyim var. Daha doğrusu, bu bölgənin sakinlərinə deyil, qıraq yerlərdən olanlar üçün maraqlı olan bir deyim -  “9 ay göyə baxırıq, üç ay yerə”.

Tapmacalıdır, hə? Bu tapmacanın açması isə belədir ki,  fındıq kollarının bol və sağlam  məhsul gətirməsi üçün fındıq yığımınadək onları yaxşıca suvarmaq lazımdır. Suyun qıt olduğu kənd yerlərində, ucqarlarda isə su məsələsi əməlli-başlı problemdir. Ona görə də ümid qalır bircə xudavəndi-aləmin rəhminə. Bu çarəsizlikdən də ilin 9 ayı kənd camaatının gözü bolluca yağış ümidilə sirli-sehirli asimana dikilir. Elə ki, vaxt-vədə yetişir, senytabr ayının ilk həftəsi gəlir, artıq yağış, necə deyərlər, öz aktuallığını itirir. Belə ki, bu vaxtdan fındıq yığımı başlayır. Və bir az da əhatəli götürsək,  noyabr ayı da daxil olmaqla, düz üç ay fındığı yerdəki ot-ələfin arasından ayırd etmək üçün baxışlar göylərdən sürüşüb yerə dikilir. Axırıncı fındığını da yerdə tələf olmağa qoymayan kəndlilər bu müddət ərzində məhsul, ruzi-bərəkət yetirdiyinə görə minnətdarlıq dolu baxışlarını anamız torpaqdan əskik etmir, nəzərləriylə onun hər qarışına tumar çəkirlər.

“Çatax”... “puça”... “qarzax”... “cıbrıxlamaq”...

Fındıq yığımının çox maraqlı özəllikləri var. Burada iş topanın budaqlarını silkələməkdən başlayır. Yeri gəlmişkən deyək ki, fındıq yığımı 3 mərhələdə başa çatır – birinci, ikinci və üçüncü silkələmə. Ən yaxşı, keyfiyyətli, iri və saf-sağlam fındıq, adətən, ikinci silkələmədə olur.

Deməli, evin kişisi ardıcıllıqla topanın budaqlarını silkələyir, külfət – arvad və fındığı tanıyan, onu ayırd etmək yaşında olan uşaqlar isə böyükdən kiçiyə əyilib dolu kimi başlarına tökülən fındığı yerdən dənləyib torbaya yığırlar. Silkələmə zamanı fındıqların böyük hissəsi yaşıl köynəyində, onu hamıdan gizlədirmiş kimi bağrına basan yaşıl qönçədə düşür. Amma bir də görürsən qönçənin ləçəklərini aralayıb açıq qəhvəyi qabığında özünü torpağa atan fındıqlar da olur. Aydın məsələdir ki, onları da yerdən yığmaq lazımdır. 2, 3, 4, bəzən 5 qöncə birləşərək, yazbaşı yığılan boynubükük bənöşvə dəstəsinə bənzəyir. Yaşıl rəngli bu dəstəyə yerli sakinlər “çatax” deyirlır. Sizə deyim ki, bu çataxlar olduqca gözəl görünür. Onu yerdə görüb götürmək isə toyda gəlinin buketini havada qamarlamaq qədər əyləncəlidir.  Çataxdakı fındığın hər birinin sağlam olduğunu görüncə, adam lap fərəhlənir. Amma bəzən əksinə də olur. Çataxdakı fındıqlar, daha doğrusu, yaşıl qönçələr bir-birinə qısılmış, xırda, qaramtıl rəngə çalır. Belə çataxlarda fındığı qönçənin içindən dartıb qopartmaq güc tələb edir. Bax belədə deyirlər ki, özünü incitmə, tulla getsin, onsuz da həmin fındıq puçadır – yəni sağlam fındıq deyil, içi boşdur.  

İri torbalar ağzınadək dolduqdan sonra kişi-qadın, fərqi yoxdur, gücü çatan hər kəs torbanı kürəyinə alıb evə yollanır. Evin, adətən, bu ərəfədə boşaldılan aynabəndində fındıqlar düz ortaya tökülür. Üst-üstə qalaqlanan fındıq təpə formasını alır. Və axşamüstü ailə üzvlərinin yeməyə, çaya cavabdeh bir üzvündən başqa qalanları döşəmədə özlərinə yer edib, altlarına da bir döşəkcə atıb yığışırlar bu təpənin ətrafına. Və ondan-bundan qeybət edə-edə, birinin inəyindən, o birinin adamvuran danasından danışa-danışa başlayırlar fındığı yaşıl köynəyindən - qabığından çıxartmağa – bu prosesə “fındıq cıbrıxlamaq” və ya “curuqqullamaq” deyirlər. Fındıq bir tərəfə, yaşıl köynəyi isə o biri tərəfə qalaqlanır. Bu dəfə iki təpə yaranır. Fındıq içindən azad edildikdən sonra sürətlə cürüməyə başlayan həmin yaşıl köynək təpəsinə çöx maraqlı bir ad veriblər buranın sakinləri – qarzax. Qarzaxlar iri kisələrə yığılıb bağın işlək olmayan - gözdən, ayaqdan uzaq bir küncünə tökülür. Və tədricən torpaq rəngini alaraq torpağa qarışır - elə hardan rişələnmişdisə, ora da qayıdır.

Vaxtilə ev, maşın... indisə əyin-baş, cer-cehiz...

Fındıqçılıqla  məşhur olan bölgənin sakinləri üçün bu məhsul, sözün həqiqi mənasında, göydəndüşmə  ruzidir. Demək olar ki, heç bir xüsusi qulluq görmədən, suvarılmadan, yada düşəndən-düşənə yüngülvari dibi bellənən  fındıq kolları sayından asılı olaraq, hər mövsümdə orta hesabla yarımton, bir ton məhsul verir. Sakinlər istəklərinə uyğun olaraq, məhsulun cüzi hissəsini özlərinə saxlamaqla qalanını, bəzən də hamısını elə kəndin içində ayrılmış xüsusi məntəqələrə təhvil verirlər. Kiloqramına görə müəyyən edilmiş qiymətlə dərhal da pullarını alırlar.

Amma deyəsən, fındıqçılığın daha əvvəlki ləzzəti qalmayıb. Bu il kiloqramı manat yarımdan qəbul edilən fındıq, sakinlərin dediyinə görə hörmətdən düşüb. Vaxtilə bir fındıq mövsümünə ev tikdirərdilər, maşın alardılar, qısası, kəndli üçün çətinliklə yoluna qoyulan işlərdən birini aşırardılar. İndisə fındığın pulu il ərzində yığılan borclarını ancaq ödəyir, uzaqbaşı, əyin-başa, bir də cer-cehizin yüngül-yaraq şeylərini almağa güclə çatır. Hər mövsümdə fındığın qiymətini artırmağa cəhd edən kəndlilər məyusluqla üzləşirlər. Bazara nırx qoyanlar deyirlər ki, yerdən yığırsız da, daha nə istəyirsiz, yerdən yığılan məhsulun qiyməti bundan artıq olmaz ki... Düz sözə nə deyəsən. Amma burda unutmaq olmaz ki, yerdən yığdığımız bu fındıq sabah çərəz kimi milli süfrəmizin ən maraqlı elementini təşkil edəcək. Axı baharın gəlişini qeyd etdiyimiz milli bayramımız olan Novruzda bayram ovqatlı süfrəmizin ən hörmətli, ən vacib neməti olan fındıqdan cürbəcür şirniyyatlar hazırlanır, bayram payı  sorağı ilə qohum-qardaşın qapısına torba atan uşaqların gözünü oxşayır. Odur ki,   eyb etməz, tərəzidə qiymətini tapmasa da, təki süfrəmizdəki yerini, sanbalını itirməsin. Məhsulumuz bol olsun!




Nüşabə Hüseynli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!