Modern.az

“Xarici ölkələrin birində reportyor olacağımı düşünürdüm”

“Xarici ölkələrin birində reportyor olacağımı düşünürdüm”

4 Dekabr 2009, 22:38

55 YAŞINI TAMAM EDƏN TELEJURNALİST QULU MƏHƏRRƏMLİNİN MODERN.AZ-A MÜSAHİBƏSI “Öz təcrübəmdən deyirəm, böyük şəxsiyyətlərlə görüşərək onlarla təmasda olmaq, jurnalistin yetkinləşməsi üçün bir fürsətdir, mənə inanın…”

 

Qısa arayış:

1954-cü ilin noyabrında Zəngilanda doğulub, Şuşa şəhər 3 saylı orta məktəbini bitirib. 1973-78-ci illərdə BDU-nuun Jurnalistika fakültəsində təhsil alıb. 1978-ci ilin noyabrından 2000-ci ilin əvvəllərinədək AzTv-də çalışıb. “Qitələr Hadisələr”, “Azərbaycan dünya meredianlarında” (1982-1984), “Yer kürəsi: Müharibə yoxsa sülh” kimi publisistik verilişlərin redaktoru, aparıcısı və müəllifi olub. 1993-95-ci illərdə aparıcılıq etdiyi “7 gün” analitik informasiya proqramı onu daha çox məşhurlaşdırıb. 1995-ci ildə gündəlik “Səhər” musiqili-informasiya proqramını yaradaraq, uzun illər ona rəhbərlik edib.

“Təfsilat”, “Gerçəklik” kimi müəllif verilişlərini yaradıb. Hazırda “Xəzər” Televiziyasında çalışır.

- Jurnalistka peşəsinə gəlişiniz və o günlərin xatirələri barədə nə deyə bilərsiniz?

- Orta məktəbin yuxarı siniflərində oxuduğum illərdə bir sıra-“Şuşa”, “Gənclər”, “Pioner” kimi qəzetlər üçün məqalələr yazırdım. Və elə həmin illərdə artıq 8-9-cu siniflərdə olduğum zaman jurnalist olacağımı özlüyümdə qətiləşdirdim.

- Jurnalist olaraq bugünkü karyeraya yiyələnməyiniz sizdə nə kimi hisslər doğurur?

- İnsan bir qədər tanınanda və məşhur olanda, bu ona bir qədər zövq verir. Tanıdığın və tanımadığın şəxslərlə rastlaşanda insanlar sənə öz sevgi ehtiramlarını bildirirlər və bu insana əlbəttə xoş təsir bağışlayır. Tanınmağın digər çatışmayan cəhəti isə insanların sənə yerli-yersiz daha çox müraciət etməsidir ki, mənəvi cəhətdən daha çox yüklənir və daxildə bir yorğunluq hiss edirsən.

Söhbət jurnalistka karyerasından gedirsə, bildirmək istəyirəm ki, ilk dəfə bu peşəyə gələrkən xarici ölkələrin birində reportyor olacağımı düşünürdüm. Lakin 90-cı illərin əvvəllərində AzTv-də müəyyən bir fərqli demokratik mühitin yaranması müsbət mənada mənim planlarımı qismən başqa istiqamətə yönəltdi. Belə ki, həmin dövrdə bir az yaradıcılığı, təşəbbüskarlığı olan şəxs işlədiyi sahədə qabağa gedə bilirdi. Mən də o dövrdə fərqlənənlərdən biri oldum. Məmməd Murad AzTv-nin o zamankı sədri idi. Hesab edirəm ki, o, milli televiziyamızın rəhbərləri arasında ən demokratik və islahatçi şəxs olub və beləliklə telemühitimizə yeni nəfəs, yeni ruh gətirib. Bu faktdır ki, məhz onun şəxsi səyləri sayəsində onlarca peşəkar jurnalist meydana çıxdı və bu hadisəni televiziyamızın tarixində bir mərhələ hesab edirəm. 

- Fəaliyyətinizin böyük bir hissəsi AzTv ilə bağlı olub. Azərbaycan Televiziyası sizə nələri bəxş edib və öz növbəsində sizdən nə qazanıb?

- İctimaiyyət arasında tanınmağım, müəyyən karyeraya və ictimai mərtəbəyə çatdığım üçün AzTv-yə minnətdaram. Obrazla desək, mən məhz bu televiziyada boya-başa çatmışam və jurnalist kimi yetişərək püxtələşmişəm. AzTv həmçinin mənim öz peşəmin mütəxəssisi kimi formalaşmağımda tramplin rolunu oynadı. Bunu bəlkə də, o zaman televiziyada yaranmış şərait və mənim sənətimə olan dərin şəxsi rəğbət, zəhmətsevərliyim kimi məsələlərdə imkanların üst-üstə düşməsi də adlandırmaq olar.

Əlbəttə ki, mənə bu sahədə qayğı göstərən insanlar da çox olub. Məmməd Murad, Babək Hüseynoğlu kimi insanlar mənim yaradıcılığım üçün münasib imkanlar yaradıblar. Məsələn, mən respublikamızın televiziya tarixində ilk siyasi icmalçıyam ki, o zamankı sədr Babək Hüseynoğlu tərəfindən rəsmən həmin vəzifəyə təyin olunmuşam. “Səhər” proqramını da jurnalist həyatımdakı uğurlarımdan hesab edirəm ki, bugün də yayımlanmaqda davam edir.

- 55 yaşı qocalıq saymaq olarmı?

- Fikrimcə yaş məsələsi çox şərti anlayışdır. Düşünürəm ki, əgər insanın fiziki yaşlılığını damarlarında axan qanın qüvvəti müəyyən edirsə, mənəvi yaşını onun düşüncə tərzi təyin edir. Əgər hadisələri zamana uyğun qiymətləndirə, gedişatını daban-dabana izləyə bilirsənsə və özündan əvvəlki nəsildən geri qalmırsansa, demək mənən gəncsən, gəns olaraq da qalacaqsan. Bu mənada belə insanlardan mən Şirməmməd Hüseynovu ideal hesab edirəm. Onun 85 yaşı olmasına baxmayaraq, bəzən görürsən axşam saatlarında telefonla zəng edib müəyyən qəzet və xəbər saytlarındakı məqalələrlə tanış olub-olmadığımı soruşur, onlara rəy verməyimi istəyir. Belə kəsləri nə qədər çox yaşı olsa da, bizləri öz ardınca apara və hər kəsə örnək ola biləcək insanlar hesab edirəm.

- Qulu müəllim dünyanı dərk etməyə başlayandan bəri həyat məramınız və məqsədiniz nədən ibarət olub?

- İnsanın müəyyən həyat məramına yiyələnməsi təbii ki, onun müəyyən ictimai çevrəyə daxil olmasından sonra formalaşır. Ümumiyyətlə insan özünü dərk edəndə öz həyat yolunu müəyyən edə bilir. Mənim üçün həmin dövr mərhələ-mərhələ olsa da, institutda təhsil aldığım illər əsas rol oynayır. Əgər həyatımda tutduğum vəzifə və işlərimi maksimum vicdanla yerinə yetirərmişəmsə və bununla da insanlara, xüsusən də ümdə vəzifəm olan tamaşaçılar qarçısında ləyaqətlə icra etmişəmsə, bu elə mənim məramım, həyatdakı amalım, məqsədim olub. Mənim üçün önəmli olan insanın ictimai əxlaqıdır. Bir adam pis ola bilər, lakin həmin adamın istimai düşüncəsi, ictimai əxlaqı parlaqdırsa, o, dəyərli adamdır.

- 55 yaşında vətən qarşısında borcunuzu nə dərəcədə ödədiyinizi düşünürsünüz?

- Fikrimcə vətən, millət, valideyn qarşısında borcları ümumiyyətlə ödəmək çətindir. Bu məsələləri düşünəndə, insan doğrudan da həyəcanlanır. İşlədiyim bütün yerlərdə, sfera və dairələrdə daim çalışmışam ki, üzərimə nə düşübsə, onu artıqlaması ilə görüm. İctimai əxlaqı, ictimai idealları çox vaxt öz fərdiyyətimdən üstün tutmuşam.

- Asudə vaxtlarınızda nə edirsiniz?

- Asudə vaxtım əsasən bazar günləri olur. Bağ evimdə istirahət etməyi xoşlayıram. Nəvəmlə söhbət etməyi, ona ayrıca vaxt ayırmağı sevirəm. Yaxın dostlarımla görüşməyə xüsusi önəm verirəm.

- Sevimli məşğuliyyətiniz?

- Əgər vaxt taparamsa, balıq tutmağı xoşlayıram. Bağda işləmək, əkdiyim ağaclara qulluq etmək mənə zövq verir.

- Ədəbiyyata münasibətiniz, ən çox sevdiyiniz milli yazıçı və şairlərimiz, dünya ədəbiyyatından sizə daha çox yaxın olanlar kimlərdir?

- Bədii ədəbiyyat, oxumaq mütləq lazımdır. Dünya ədəbiyyatından mənə daha yaxın olan simalar var ki, onlardan Folkner, Markes, Çingiz Aytmatov və başqalarıdır. Klassiklərimizdən tutmuş müasirlərimizədək, bütün hamısının yaradıcılığına müraciət edirəm. Mütaliəsiz mümkün deyil. Çünki, təfəkkürün qidası və nəfəsi mütaliədədir. Məhz, bədii ədəbiyyatı oxumaqla insan dildə gedən prosesləri izləyə bilir ki, bu, çox vacib amildir.

- Şəxsi həyatınızdan nə deyə bilərsiniz, ovladlarınız sizin gözləntilərinizə cavab verə bilibmi?

- İki qızım var. Hesab edirəm ki, onlara normal tərbiyə verə bimişəm və yaxşı təhsilə yiyələnə biliblər. Böyük qızım Tibb İnstitunu bitirib, uşaq həkimidir. Kiçik qızım Bakı Slavyan Universitetinin Regionşünaslıq fakültəsini bitiriib, rus dilindən tərcümələr edir. Həyat yoldaşım da özüm kimi jurnalistdir. Düşünürəm ki, biz bir valideyn olaraq cəmiyyətimiz üçün faydalı kəslər yetişdirmişik.

- Azərbaycan gənclərinə nəyi məsləhət görər və arzu edərdiniz?

- Son zamanlarda gənclərimiz haqqında daha çox düşünməyə başlamışam. Bu gün Azərbaycanda maraqlı gənclik formalaşır ki, onlar zəngin informasiyaya malik, yeni düşüncəyə, xarici ölkələrdə təhsilə yiyələnmiş gənclərdirlər. Yaddan çıxarmayaq ki, xalqımızın zəngin tarixi, mədəni keçmişi və çoxlu görkəmli şəxsiyyətləri var. Bu gənclər də məhz onların övladlarıdırlar. Bizim gəncliyin edə bilmədiyi və sahib olmadığı ağılı, bacarığı bugünkü Azərbaycan gəncliyi nümayiş etdirməli, dünyaya geniş çıxış tapmalı, başqa sözlə desək, dünya ilə nəfəs almalı və nəhayət bizim etdiyimiz səhvləri təkrar etməməlidirlər.

Əlvan RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir