Modern.az

Eks-nazir: “Nəyin bahasına olursa olsun, makroiqtisadi sabitliyi qorumaq vacibdir” - MÜSAHİBƏ  

Eks-nazir: “Nəyin bahasına olursa olsun, makroiqtisadi sabitliyi qorumaq vacibdir” - MÜSAHİBƏ   

31 Avqust 2018, 09:56

Dövlət, ictimai-siyasi xadim, eks-maliyyə naziri Əvəz Ələkbərov Modern.az-a  müsahibə verib.

- Əvəz müəllim, dünyada iqtisadi, siyasi proseslər davam etməkdədir. Təbii, dünyadakı proseslər ölkələrə də təsirsiz ötüşmür. Baş verən proseslərə sizin  münasibətinizi bilmək maraqlı olardı.

- Bəli, bizdən və ölkəmizdən asılı olmayan səbəblər üzündən dünyada çox ağır siyasi və iqtisadi təlaşlar, sarsıntılar, hərbi üstünlük uğrunda mübarizələr baş verir. Çox açıq demək lazımdır ki, Azərbaycan Respublikasının dövlət siyasəti olduqca düşünülmüş, balanslaşdırılmış ölkəmizin imicini qoruyan, vətəndaşlarımızın mənafeyini müdafiə edən istiqamətə köklənir. Azərbaycan bütün dünya dövlətləri ilə əməkdaşlıq edir və ölkənin marağı ön plandadır. Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin Azərbaycana son səfərini və aparılan danışıqları yüksək dəyərləndirirəm. Biz həm imicimizi artırırıq, həm də iqtisadi sahədə nailiyyətlərimizi yüksəltmək əzmindəyik.

- Rusiya  və Türkiyədə milli valyutanın ABŞ dollarına və avroya nisbətən qiymətdən düşməsi fonunda ölkəmizdə bu işlərin aparılması üşün hansı tədbirlər görülür. Mütəxəssis kimi fikrinizi bilmək istərdik?

- Bizim üçün həm Rusiya, həm də Türkiyə strateji və iqtisadi baxımından çox vacib ölkələrdir. Orada gedən proseslər bizim ölkəmiz üçün maraqlı, həm də istəsək də, istəməsək də onlarda baş verən iqtisadi və digər proseslər bizə az da olsa təsirini göstərir. Həmin ölkələrlə bizim iqtisadi işlərimiz var və orada çoxlu azərbaycanlılar da yaşayırlar. Həmin ölkələrdə müvafiq işlər görülür. Azərbaycanda son gedən proseslər dəqiq təhlil olunmalı, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi Strateji Yol Xəritələrinin icrasına tam əməl edilməli, qeyri-neft sektorunun inkişafına bir daha diqqət artırılmalı, ölkədən çıxan valyutaların mümkün qədər minimuma endirilməsinə nail olunmalı, nəyin bahasına olur olsun makro-iqtisadi sabitliyi qorumaq vacibdir. Bu hökümətdən və bütün vətəndaşlarımızdan asılıdır. Vergi ödəmə və kredit mədəniyyətimiz məsuliyyətli şəkildə artmalıdır.


- Siz həm də təhsil sahəsində çalışırsınız. Yaxın günlərdə yeni tədris ili başlayır. Gözləntiləriniz nədir?

- Tədris sahəsində islahatlar uğurla gedir, yeni tədris ilinə hazırlıqla bağlı əldə etdiyim məlumata görə, məktəblərin tikintisi, əsaslı təmiri, avadanlıqlarla təchiz olunması, tədrislə bağlı digər işlərin görülməsi gündəmdədir. Konkret mən işlədiyim Azərbaycan Dövlət İqtisad Universitetində isə işlər uğurla gedir, müəllimlərin peşə səviyyəsinin artırılmasına uğurla nail olunur, müəllimlərin differensial əmək haqqı sisteminin daha dərinləşməsinə nail olunur, yüksək statuslu xarici universitetlərə inteqrasiya davam edir, universitetin imicinin yüksəlməsi üçün vacib işlər görülür.


- Universitetdəki fəaliyyətiniz sizi qane edirmi?

- Azərbaycanda dədə-baba sözü var: “Bəy verən atın dişinə baxmazlar”. Şarl de Qolun bir kəlamı da yadıma düşür: “Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır”. Milli lider Heydər Əliyevin bir kəlamı daim yadımdadır: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Bu sadaladığım dünyəvi məsləhətlər baxımından əlbətdə prestij bir universitetdə ən qabaqcıl və vacib kafedraya rəhbərlik etmək mənə xoşdur. Mən işdən yorulan deyiləm, bildiklərimi gələcək nəslə ötürə bilirəmsə, deməli bu da bir xoşbəxtlikdir. Universitetdə gedən proseslərə dəstək verə bilirəmsə, bunu kollektiv görür. Hər yerdə olduğu kimi hər şey insanın ürəyincə olmur. Bu baxımdan dövlət, ictimai-siyasi xadim kimi və bir alim kimi kafedramızın və “Professorlar klubu”nun işinə daha ürəklə can yandırmaq olar. Bu tək məndən asılı deyil. Əgər mən Universitetdə lazımamsa, gərək hər yerdə obyektiv söz deyim və illərlə qazandığım adımı itirməyim.

- Yay istirahətindən qayıtmısınız.  Dincələ bildinizmi? İstirahət vaxtınızdan səmərəli istifadə etdinizmi?

- Hər il olduğu kimi, xaricdə müalicə xarakterli istirahət etmişəm. Bədii ədəbiyyat oxumuşam, bilyard oynamışam, çoxlu musiqilərə qulaq asmışam və ailə üzvlərimə daha artıq diqqət göstərmişəm. Həmişə formada olmaq üçün həm idman etmək və dincəlmək vacibdir. Çox sevdiyim xalq yazıçısı Çingiz Abdullayevin 65 romanından bir-neçəsini oxumamışdım, ona vaxt tapdım. Şair Ramiz Rövşənin yazdığı şerlərə göz gəzdirdim, doyunca dunya və azərbaycan musiqilərinə qulaq asdım. Dünya şöhrətli müğənnilər İbrahim Tatlısəs, Hadisə, Anne Lorak, bizim müğənnilərdən Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülüstan Əliyeva, cavan müğənnilərdən isə Günay İbrahimli, Mütəllim Mütəllimov və nəhayət Damlanın mahnılarını dinləmişəm.


- Yeri gəlmişkən cavan müğənnilərin ünvanına mətbuatda iradlar səslənir. Sizin ona münasibətiniz?

- Əlbəttə, cəmiyyətimizdə tənqid də olmalıdır. Musiqi, sənət, profesionallıq bir yerdə dayanmamalıdır. O da daim inkişaf etməlidir. Məsələn: təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm. Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin. Mən onun böyük gələcəyini görürəm. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi