Modern.az

Ucarlı jurnalistlər: "Əhali bu problemdən çox əziyyət çəkir..."

Ucarlı jurnalistlər: "Əhali bu problemdən çox əziyyət çəkir..."

Reportaj

5 Oktyabr 2011, 10:42

Deputatın seçicilərlə görüşüb-görüşmədiyini KİV nümayəndələri də bilmirlər


Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu dəfə Ucardan jurnalistlər adı çəkilən aran rayonunun sosial-iqtisadi vəziyyəti, əhalinin dolanışığı, təhsil, səhiyyə sistemi, qarşıya çıxan problemlər, məmurların insalara münasibəti və  s. barədə danışıblar.

İlk müsahibimiz APA-nın baş direktoru Vüsalə Mahirqızı oldu. O, Azərbaycanın hansısa rayonunda vəziyyətin digərindən fərqləndiyini hesab etmir. Onun sözlərinə görə, bütün rayonlarda olan sosial-iqtisadi problemlər Ucarda da var: “Ucarda təbii sərvətlər məsələsi problemdir. İqlim və şərait baxımından rayon o qədər də münasib deyil. Ona görə digər rayonlardan fərqli olaraq, Ucarda kənd təsərrüfatı, heyvandarlıqla məşğul olmaq daha çox zəhmət tələb edir və rayon əhalisi çox əziyyət çəkir. Çünki mütəmadi olaraq su, kanalların təmizlənməsi problemi yaranır. Bəzən su üstündə günlərlə növbələr olur. Bütün bunlar da pambıq əkinində problemlərin yaranmasına gətirib çıxır. Ümumiyyətlə, bizim rayonda əkinçiliklə məşğul olmaq çox çətin sahə sayılır”.

V.Mahirqızı rayon əhalisinin müəyyən hissəsinin, xüsusilə cavanların Rusiyada işlədiyini bildirib. Ancaq müsahibimiz son illər bu sahədə müəyyən irəliləyişlərin olduğunu düşünür: “Rusiyada müəyyən qədər pul qazanmış adamlar dönüb bölgədə fermer təsərrüfatları yaradırlar. Bu da əlavə iş yerlərinin açılmasına səbəb olur. Amma çox təəssüf ki, başqa rayonlarla müqayisədə Ucarda özəl müəssisələrin, yeni iş yerlərinin açılması o qədər də sürətlə getmir. Bu, hər halda rayondan çıxan tanınmış adamların rayona daha çox investisiya yatırmaması ilə bağlıdır. Hesab edirəm ki, Ucarda doğulan Rusiyada və yaxud Azərbaycanın özündə başqa sahələrdə pul qazanmış imkanlı insanlar rayona daha çox investisiya yatırmalıdırlar. Bizdə bu inkişaf digər rayonlarla nisbətdə o qədər də yüksək deyil”.

Ucar rayonun Lək kəndindən olduğunu deyən Vüsalə Mahirqızı son illər rayonda qaz probleminin sürətlə həll olunduğunu vurğulayıb. Müsahibimiz Ucarın bütün böyük kəndlərinə qaz verilişinin sürətlə bərpa olunduğunu qeyd edib: “Bizim kəndimizdə sovet dönəminin bitdiyi zamanlarda qaz çəkilişləri var idi, amma ittifaqın dağılması ilə çəkilişlər də yarımçıq qaldı. Amma keçən ildən başlayaraq bizim kəndimizə də qaz verilməyə başladı. İşıqda müəyyən fasilələr olur, amma çalışırlar ki, qış vaxtı işığı bütünlüklə versinlər. Hesab edirəm ki, bütün kəndlərə qaz verildikdən sonra işıq məsələsində problemlər olmayacaq”.

“Amma rayonda su ilə bağlı ciddi problemlər var. Ancaq kanalların təmizlənməsi zamanı su problemi olmur” deyən V.Mahirqızı Ucarda su probleminin həmişə mövcud olduğunu bildirib:
“Çünki rayonda daim quraqlıq olur, əkin üçün hər gün isə su lazımdır. Dağ rayonlarında belədir ki, bitkini əkirlər və suvarmağa ehtiyac qalmır. Buna dəmyə əkinçilik deyilir, dəmyə əkinçilikdə yağan yağışlar kifayət edir və sulamağa ehtiyac qalmır. Bizim zonada belə bir şey yoxdur. Yağıntının illik miqdarı çox az olduğuna görə mütəmadi sulamağa ehtiyac var. Ona görə tez-tez su növbələri yaranır, bəzən hətta o növbələr qovğalara çevrilir”.

Vüsalə Mahirqızı rayonun sosial problemlərindən birinin də bankomatların az olması ilə əlaqələndirib. O qeyd edib ki, bütün Ucar rayonu ərazisində yalnız iki bankomat qoyulub:

“Burada əhalinin böyük hissəsi təqaüd alan insanlardır. Onlar gözləyirlər ki, ayın sonu gələcək və aldıqları o təqaüdlə müəyyən minimal sosial problemlərini həll edəcəklər. Həmin təqaüdlərin alınması üçün bəzən insanlar kəndlərdən, rayonun mərkəzinə həftələrlə gəlib-getməli olurlar. Bankomatların qarşısında uzun növbələr yaranması nəticəsində insanlar günlərlə pul gözləyirlər”.

Həmkarımız deyir ki, rayonda kəndarası yollar o qədər də yaxşı deyil. Amma son illər yolların təmir olunması məsələsində də irəliləyişlərin olduğunu qeyd edib.

“Məsələn, bizim kəndimizə ötən ildən etibarən yaxşı yol salınıb, kəndarası yollar düzəldilib. Son vaxtlar bu məsələlərlə ciddi şəkildə məşğul olurlar”.

Müsahibimiz Ucarın təhsil sahəsində olan göstəricilərinə görə öndə olan rayonlardan biri olduğunu deyir. O hesab edir ki, bu zonada digər yerlərdən fərqli olaraq, insanların şəraiti normal olmadığına görə, onlar daha çox uğuru oxumaqda, universitet qazanmaqda, rayondan çıxıb paytaxta və ya başqa şəhərlərə gedərək özünə karyera qurmaqda görür.

“Bizim rayonumuz təhsil sahəsindəki göstəricilərinə görə öndə olan rayonlardandır. Məsələn, hər il bizim kəndimizdə olan iki məktəbdən heç olmasa 5-10 nəfər ali məktəbə qəbul olunur. Savadlı müəllimlərimiz var. Mən özüm də o müəllimlərin əsəriyəm. Ümumiyyətlə, rayonda təhsilə çox ciddi yanaşırlar. Ona görə gənclərin arasında oxumağa çox ciddi meyl var”.

Rayon təhsilindən ürək dolusu danışan həmkarımız səhiyyə sistemi barədə məlumatsız olduğunu bildirib. Səbəbini isə uzun müddətdən bəri Ucardan çıxması ilə əlaqəndirib.

“Respublikanın hər tərəfində səhiyyə necədirsə, yəqin bizdə də elədir. Elə də fövqəladə bir şey yoxdur”.

“Rayonda iki əmim yaşayır. Ailə üzvlərim burda yaşadığı üçün Ucarla o qədər də sıx əlaqədə deyiləm. Amma ümid edirəm ki, bizim rayonumuzun da icra başçısı insanların probleminin həllinə kömək edir” deyə V.Mahirqızı əlavə edib.

Rayonun deputatlarının sakinlərlə münasibətinə gəlincə isə Vüsalə Mahirqızı ona müraciət edən insanların millət vəkilləri ilə bağlı ürəkaçan sözlər söyləmədiyini vurğulayıb.

“Deputatların vəziyyəti belədir ki, onlar müəyyən insanların harayına yetişə bilir, müəyyən insanların yox. Bəzən insanlar imkanı xaricində olan şeylər istəyirlər. Məsələn, məni tanıyanlar elə hesab edirlər ki, məni burada 3-5 nəfər tanıyırsa, hər şey edə bilərəm. Mənim səlahiyyətlərim varsa, bunun çərçivəsində nəsə edə bilərəm. Deputatlar da həmçinin öz səlahiyyətləri çərçivəsində olan şeyləri edə bilərlər. Amma mənim məlumatım var ki, onlar rayonun müəyyən tədbirlərində iştirak edirlər”.

Ucardan orta məktəbi bitirəndən-2000-ci ildən çıxan “Xəzər” televiziyasında “Xəbərlər”in müxbiri Yusif Kərimli bildirib ki, 10 il əvvəl rayonda sosial-iqtisadi vəziyyət, camaatın dolanışığı, qazancı necə idisə, indi də eyni vəziyyətdir: “Bir az infrastruktur yenilikləri var, şəhərin görkəmi dəyişib. Parkların əgər əvvəllər sovetdən qalma görkəmi var idisə, indi ağ mərmərdən nə isə düzəldiblər. Sırf infrastruktur yeniliyi var. İnsanların xarakteri, xasiyyəti, yaşayış tərzi, davranışı heç nə dəyişməyib”

Yusif Kərimlinin sözlərinə görə, əhali kənd yerlərində kənd təsərrüfatı, şəhərdə isə taksi sürməklə dolanışığını təmin etməyə çalışır: “Taksi ilə nə pul qazana bilərsən? Şəhərdə mənim iş yerimdən “Gənclik”ə 1 kilometr, ya da kilometr yarım məsafə var. Ora qədər getsən 3 manat verəcəksən, amma Ucarda şəhərin o başından bu başına gedirsən 1 manat pul verirsən. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar var. Amma işsiz əhali də var. Faktiki olaraq gənclərin çoxu işsizdir. Əsgərlikdən qayıdan oğlanlar var ki, iş axtarırlar. İş axtaranların çoxu da ali təhsilli deyil, təhsil almayan gənclərdir. 100 nəfərlə danışıramsa, onun 95-nin ali təhsili yoxdur, amma iş axtarırlar və özləri də bilmir ki, nə iş axtarırlar”.

Həmkarımız eyni zamanda Ucarın qaz, işıq, su problemlərindən də danışıb.

“Əvvəllər insanlar istilik baxımından zülm çəkirdi. Təsəvvür elə, evə gəlirsən hava soyuq, evin içi soyuq, yatmaq üçün yorğan-döşək soyuq, yemək soyuq… Amma indi o barədə vəziyyət yaxşıdır. Həftənin bəlli günləri var, səhv etmirəmsə ikinci günləri, həftədə bir dəfə qazın verilişini dayandırırlar. O da təmir işləri ilə əlaqədardır. İşığın verilməsində, o cümlədən su ilə bağlı rayonun problemi yoxdur”.

“Kəndarası yollar sovetdən qalmadır, yaxşı deyil. Dağınıq, tökünükdür. Kənd əhalisi özü cibindən pul xərcləyib çınqıl alır ki, gediş-gəliş nisbətən rahatlaşsın. Amma əsasən torpaq yollardır. Kəndin mərkəzindən keçən bir dənə yolun asfalt örtüyü var. O asflat da yeni çəkilən deyil, sovetdən necə qalıbsa, elədir. Rayon mərkəzində də son 5 ildə bir neçə dəfə yol çəkilişinin şahidi olmuşam. Amma hələ də iş gedir. Bilmirəm, balaca rayonun yolları niyə bu qədər vaxt aparır? Axırıncı dəfə  Ucarda bu yay olmuşam, yenə də hər tərəf qazıntı, söküntü vəziyyətdə idi” - deyə jurnalist əlavə edib.

Yusif Kərimli rayon təhslinin ölkə təhsilindən elə də fərqlənmədiyini qeyd edib. O hesab edir ki, Ucarda şagirdlər təhsilə yiyələnə bilirlər, amma 10 və ya 11-ci sinifdə mütləq repetitor yanına getməlisən: “Rayonda brendə çevrilmiş müəllimlər var. Konkret olaraq hamı bilir ki, riyaziyyatdan ən güclü müəllim Xeybər müəllimdir və ya tarixdən Mübariz müəllimdir. Hamı onların yanına gedir. Onlar həm orta məktəbdə dərs deyir, həm də evlərində uşaq hazırlayırlar. Bu adamlar bizim vaxtımızdan abituriyent hazırlaşdıran müəllimlərdir. Yəqin uşaqların oxumağa marağı azalıb. Çünki bizim vaxtlarımızda daha çox uşaq universitetə qəbul olurdu, indi belələrinin sayı azalıb. Bizim vaxtımızda internet, gəzmək üçün əlavə vəsait yox idi, ona görə fikrimizi dərsə verirdik. İndi gənclərin beynini qarışdıran o qədər şey var ki... Bəlkə də buna görə təhsil zəifləyib”.

Həmkarımız rayon mərkəzində xəstəxanın olduğunu və burda əhaliyə tibbi xidmətlərin göstərildiyini bildirsə də, eyni vəziyyətin kənd yerlərində mümkün olmadığını söyləyib. Onun sözlərinə görə, kənd yerlərində xəstəxana problemi var.

“Ucarda səhiyyə sitemi yaxşıdır. Arayış almaq lazım idi, pulsuz aldım. Bəlkə məni tanıdılar, çəkindilər deyə bilmirəm. Kənd yerlərində xəstəxana problemi var, həkim çatışmazlığı var. Bu da Azərbaycanın bütün rayonlarında var, tək Ucarda deyil. Mərkəzi xəstəxanaya hər kəs gəlir. İndi o xəstəxanaya əlavə korpuslar tikilir. Uşaq xəstəxanası artıq hazırdır”.

Yusif Kərimli də digər həmkarı kimi rayon icra başçısı və ya deputatın əhali ilə maraqlanıb-maraqlanmadığı barədə məlumatsız olduğunu bildirib: “Ümumiyyətlə hansı rayonun icra başçısı insanların arasında olur? Ən yaxşı halda həftədə bir televiziyalara özlərini göstərmək üçün “açıq mikrofon günü” keçirirlər. Rayonlardan gələn görüntülərə baxram, indiyədək eşitməmişəm ki, icra başçısı çıxıb camaatla gəzsin, problemlərini dinləsin.

Qohumlarımdan, dostlarımdan eşitməmişəm ki, icra bbaşçısı və ya millət vəkili gəlib insanların arasında olsun, problemləri ilə maraqlansın”.

Ölkədə aparılan korrupsiyaya qarşı mübarəzinin Ucarda necə hiss olunduğunu isə Yusif Kərimli belə izah edib: “Bakıda polis hansısa dostumuzu saxlayanda və ondan pul almayanda gəlib sevinə-sevinə deyir ki, “məndən pul almadı”. Bu insanları o qədər təəcübləndirir ki, necə yəni  polislər ondan pul almayıb… Amma rayonda bu dəfə 15 gün qaldım, insanlarla söhbət etdim, sırf korrupsiya ilə bağlı heç bir söz demədilər ki, filan yerə getdik polis saxlayıb pul almadı və s”.

“Xəzər” televiziyasında “Xəbərlər”in aparıcısı Anar Nəcəfli Azərbaycanın hər rayonunda olduğu kimi Ucarda da infrastrukturla bağlı yeniliklərin olduğunu qeyd edib. Deyir rayon mərkəzindəki yollara yeni asfalt örtüyü döşənib, evlərin fasadları yenilənir, yeni parklar salınır. Amma həmkarımız eyni zamanda Ucarda insanların, xüsusilə gənclərin xeyli hissəsinin işsiz olduğunu bildirib:
“Kəndlərdə insanlar əsasən kənd təsərrüfatı, heyvandarlıqla məşğul olurlar. Hansısa meyvə və ya tərəvəz məhsulları yetişdirirlər və onun da çox hissəsini Rusiyaya satırlar. Yəni oradan insanlar gəlir, məhsulları alıb Rusiyaya daşıyırlar. Amma belə şərait rayon mərkəzində olmadığına görə, orada iş kasadlığı var. Çox az insan tapılar ki, rayonda hər hansı fəaliyyətlə, ticarət, alver, sahibkarlıqla məşğul olsun və ya fermer kimi fəaliyyət göstərsin. Mərkəzdə nə qədər iş yeri ola bilər ki? Ona görə də Ucarda gənclər, 30 yaşdan yuxarı kişilər dolanışıq üçün Rusiyaya üz tuturlar və orda qazandıqlarını ailələrinə göndərirlər”.

A.Nəcəfli Ucara mavi yanacağın və elektrik enerjisinin verilməsində problemlərin olmadığını bildirsə də, su ilə bağlı yaxşı danışa bilməyib.

“Rayona qaz, işıq normal verilir. Su ilə bağlı isə əvvəllər problemlər var idi. Yəni su saatla verilirdi, amma hazırda bilmirəm, elə problem qalıb yoxsa yox. Kəndarası yollara gəlincə, burada da vəziyyət normaldır. Düzdür elə yerlər var ki, orada yol yoxdur, ancaq torpaq-çınqıl örtüyüdür. Indi belə yolların çoxunda da asfaltlama aparılır. Bundan əlavə, rayon mərkəzində kanalizasiya xətləri çəkilib və indi onların qoşulma prosesləri gedir. Əvvəllər Ucarda kanalizasiya yox idi və evlərin yanından ümumi arx-kanal çəkilmişdi, onların da çoxu tutulduğundan işləmirdi. Amma indi bu problem də aradan qalxır” - deyə jurnalist əlavə edib.

Ucarda təhsil sisteminin yaxşı olduğunu deyən Anar Nəcəfli bildirib ki, “əgər biz orada təhsil alb bu səviyyəyə çatmışıqsa deməli rayonda yaxşı təhsil sistemi var”.

Müsahibimiz hal-hazırda da Ucarda şagirdlərin təhsil sahəsində yaxşı nəticələr göstərdiyini deyir:
“Mən 1998-ci il məzunuyam, 2 nömrəli Ucar orta məktəbini bitirmişəm. Orta məktəbi biz bitirən ili demək olar ki, məktəbdən məzunların 90 faizi universitetə daxil olmuşdu. Hazırda da belədir. Ucar hətta respublika üzrə yaxşı nəticələr göstərir”.

Səhiyyə sahəsinə gəlincə, həmkarımız Ucarda insanlara normal tibbi xidmətlərin göstərildiyini bildirib. Amma buna baxmayaraq jurnalist eyni zamanda rayon xəstəxanalarında həkim və tibb bacısının çatışmadığını da vurğulayıb: “Əhaliyə tibbi xidmətlər göstərilir, hər bir rayonda olduğu kimi, bizim rayonda da Mərkəzi xəstəxana fəaliyyət göstərir. Düzdür, bəzi çatışmazlıqlar var. Məsələn, bu yaxınlarda bizim telekanalda belə material getmişdi ki, rayon mərkəzi və kəndlər də daxil olmaqla Ucarda 40 həkim və 70 tibb bacısı çatışmır. Yəqin bu çatışmazlıq da aradan qaldırılacaq”.

Çoxdandır rayona getməyən Anar Nəcəfli Ucar rayonunun icra başçısının və deputatın əhali arasında olub olmadığından məlumatsızdır.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır