Modern.az

Bakının məşhur qonaqları - Finlandiya prezidentini ölkəmizə gətirən səbəb, Moskvadan verilən “məxfi tapşırıq” - VİDEO

Bakının məşhur qonaqları - Finlandiya prezidentini ölkəmizə gətirən səbəb, Moskvadan verilən “məxfi tapşırıq” - VİDEO

10 Sentyabr 2018, 09:11

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Budəfəki yazımızda 1956-1981-ci illərdə Finlandiya prezidenti olmuş Urho Kekkonenin Azərbaycan səfərinə toxunacağıq.

Urho Kekkonen Finlandiyanın görkəmli siyasi xadimi və uzun müddət prezidenti olaraq adını ölkəsinin tarixinə yazdırıb. Onun hakimiyyəti İkinci Dünya Müharibəsindən sonra gərginləşən SSRİ-Qərb münasibətləri dövrünə də təsadüf edib.

Urho Kekkonenin nailiyyətləri sırasında 25 illik davamlı prezidentlik tarixi ilə yanaşı,  hakimiyyəti dövründə parlamenti 3 dəfə buraxması da yer alır. Ümumiyyətlə, ona Finlandiya tarixinin ən güclü siyasətçiləri sırasında birinci yeri vermək olar. O, dövlət başçısı seçilməzdən əvvəl əvvəl ədliyyə naziri, daxili işlər naziri, parlamentin sədr müavini, sədri və baş nazir vəzifələrini də tutub.



Gələcək prezidentin həyat tarixçəsi

Finlandiyanın məşhur siyasi xadimi, ölkənin 8-ci prezidenti Urho Kekkonen 3 sentyabr 1900-cü ildə doğulub.

1918-ci ildə Finlandiyada vətəndaş müharibəsi başlayanda 17 yaşında olan Urho Kekkonen komunistlər əleyhinə ağların tərəfində savaşa atılıb, partizan alayının tərkibində döyüşlərdə iştirak edib. Və nəhayət 1918-ci ilin mayın 16-da Helsinkidə keçirilən qələbə paradında vuruşduğu ağların tərəfindən iştirak edir.

1919-cu ildə liseyi bitirdikdən sonra təcili orduya çağırılır. 1921-ci ildə isə çavuş kimi xidmətini başa vurub, jurnalistlik fəaliyyətinə başlayıb. Elə həmin il Helsinki Universitetinin hüquq fakultəsinə daxil olan U.Kekkonen 1926-cı ildə oranı bitirib. Oxuduğu dövrdə tələbə hərakatında fəal iştirak edib və eyni zamanda gizli polislə də əməkdaşlıq edib.

Həmçinin, bu dövrdə o, polis idarəsində gələcək həyat yoldaşı ilə də tanış olub. Onların əkiz oğulları dünyaya gəlib. Bunlardan Matti Kaleva Kekkonen sonradan deputat və atasının köməkçisi olub. İkinci oğlu Taneli Kaleva Kekkonen isə diplomat olub və müxtəlif dövrlərdə Yuqoslaviya, İtaliya, Yunanıstan, Malta, Polşa və İsraildə səfir kimi fəaliyyət göstərib.

Gələcək prezident 1927-1932-ci illərdə Kənd Bələdiyyələr Assosiasiyasının hüquqşünası, eyni zamanda 1927-1928-ci illərdə Helsinki Universitetində tələbə qəzetinin baş redaktoru olub.

1936-cı ildə hüquq doktoru adına layiq görülüb.

Elə həmin ildən onun ciddi siyasi karyerası başlayıb. 1936-1937-ci illərdə ədliyyə naziri, 1937-1939-cu illərdə daxili işlər naziri kimi fəaliyyət göstərib.

1940-1943-cü illərdə parlamentdə keçirilən səsvermədə SSRİ ilə sülhə qarşı səs verən yeganə üzv olub.

U. Kekkonen 1946-1947-ci illərdə Parlamentin sədr müavini vəzifəsini tutub. 1948-1950-ci illərdə parlamentin sədri vəzifəsini tutub.

Elə həmin il prezident seçkilərinə namizədliyini verib, lakin seçilə bilməyib. Əvəzində seçkilərdə qələbə qazanan Yuho Kusti Paasivki onu baş nazir təyin edib.


U.Kekkonen 1950-1951-ci illərdə baş nazir vəzifəsi ilə yanaşı, eyni zamanda daxili işlər naziri vazifəsini də yerinə yetirib. 1952, 1953 və 1954-cü illərdə isə yenə də baş nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini icra edib.

Nəhayət 1956-cı ildə U.Kekkonen Finlandiya prezidenti seçilir. Və bununla da onun 1962-ci ilə kimi davam edəm prezidentliyinin birinci dövrü başlayıb. Bu dövrdə o sələfi Paasivikinin siyasətini davam etdirir. Bu siyasət SSRİ ilə iqtisadi, mədəni və digər sahələrdə sıx əlaqələr yaradılması ilə nəticələnir.

1962-ci ildə ikinci dəfə prezident seçilən Urho Hehhonen Şimali Avropanın nüvə silahlarından təmizlənməsi təşəbbüsü ilə çıxış edib.

1968-1978-ci illər isə onun prezident fəaliyyətinin üçüncü dövrünü əhatə edir. 1970-ci ildə SSRİ ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsini daha 20 il uzadaraq müvafiq protokolu təsdiqləyib.

Onun hakimiyyəti dövründə 1975-ci ildə 35 dövlətin iştirakı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının yekun aktı imzalanıb.

1978-1981-ci illər isə U.Kekkonenin prezidentliyinin dördüncü dövrünü əhatə edir. 26 oktyabr 1981-ci il tarixində o, səhhəti ilə əlaqədar tutduğu vəzifədən getməli olub. Bu andan etibarən 81 yaşlı U.Kekkonen həyatının son günlərinədək Tamminiyemidəki iqamətgahında müalicə altında qalır.

1986-cı ilin avqustun 31-də 86 yaşlı dahi siyasətçi Urho Kaleva Kekkonen dünyasını dəyişib və sentyabrın 7-də Xiyetaniyemi qəbiristanlığında torpağa tapşırılıb.


Azərbaycana gəlişi... əvvəlcə Bakı gəzintisi

Urho Kekkonenin Azərbaycan səfəri onun prezidentliyinin dördüncü dövrünə - konkret olaraq 17 noyabr 1980-ci il tarixinə təsadüf edb.

Əvvəlcə Moskvaya gələn Finlandiya prezidenti SSRİ-nin o zamankı rəhbəri Leonid İliç Brejnev tərəfindən qarşılanıb, daha sonra istirahət üçün Azərbaycana yola salınıb.

Bakıda isə onu o zaman Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev qarşılayıb. Azərbaycan və Finlandiya nümayəndə heyətlərinin görüşündən sonra Urho Kekkonen “26 Bakı Komissarı” abidəsini ziyarət edib, “əbədi məşəl”in önünə gül dəstəsi qoyub.

Daha sonra Finlandiya prezidentini Bakıda gəzdirirlər. O zamankı Dağüstü Parka gedən prezident Bakının bu yüksək nöqtəsindən paytaxtımızı seyr edir, Xəzərdəki neft buruqlarına baxır. Onu İbakıdakı digər tarixi yerlərə də aparırlar. Finlandiyalı ali qonaq Azərbaycan mətbəxinin ləziz təamlarından dadır, Bakıdakı Tarix Muzeyinə baş çəkir, buradakı eksponatlarla maraqlanır, xatirə kitabına ürək sözlərini yazır...


Lənkəran səfəri, narıngi, çaxır...

Urho Kekkonenin səfərinin daha maraqlı və rəngarəng olması üçün onun üçün Lənkəran şəhərinə də qısa səfər təşkil edirlər.

Lənkəranda Finlandiya prezidenti narıngi bağlarına gedir, şəxsən ağacdan meyvə dərir. Prezident narıngi plantasiyasındakı mənzərədən çox xoşlanır, bu yerlərə valeh olur.

Daha sonra onu Lənkəran zəhmətkeşləri qarşılayır, pioner qalstuku taxmış məktəbli qızdan gül-çiçək dəstəsi alır.

Urho Kekkonenin milli geyimli qızlarla Azərbaycan musiqisinin sədaları altında rəqs də edir.

Lənkəranda açıq səma altında Urho Kekkonenin şərəfinə ziyafət təşkil edilir və onu yerli çaxıra qonaq edirlər. Prezident özü də Lənkəran çaxırınım dadına baxmaqdan imtina etmir.


Balıq ovu...

Urho Kekkonenin Lənkəran səfəri maraqlı bir hadisə ilə də tarixə düşüb.  Qeyd edək ki, Finlandiya prezidentinin “balıq tutmaq azarı” vardı və o, Lənkəranda balıq ovuna getmək istədiyini bildirir. Onun bu “xəstəliyi”ndən əvvəlcədən xəbərdar olan Moskva Bakıya tapşırıq vermişdi ki, Urho Kekkonen üçün elə bir balıq ovu təşkil edilsin ki, prezident ordan əliboş qayıtmasın.

Urho Kekkonen üçün Lənkərandakı Xanbulançay dəryaçasında balıq ovu təşkil edilir. Gölün ətrafında taxtadan meydança tikilir, üstünə xalçalar döşənir...

Həmin hadisə barədə keçmiş diplomat, 1974-1985-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış  Fikrət Sadıqov yaddaşında qalanları belə xatırlayıb:

“Bu hadisənin çox maraqlı tarixçəsi var. O zaman Azərbaycana gələn Finlandiya prezidentinin 80-dən çox yaşı vardı, gözü də yaxşı görmürdü, qoluna girib gəzdirirdilər. Hündürboy kişi idi. O, tanınmış bir siyasətçi idi və ona ölkəsində çox hörmət edirdilər. Finlandiya tarixinin bir sıra hadisələri onun adı ilə bağlı idi.
Urho Kekkonen balıq ovunu həddən artıq çox sevirdi. Həm də bu işlə peşəkarcasına məşğul olurdu, bütün asudə vaxını su hövzələrində balıq tutmaqla keçirirdi. Bizə zəng vurdular ki, bəs SSRİ-yə gəlmiş Finlandiya prezidenti məxsusi balıq tutmaq üçün Azərbaycana gəlmək istəyir. O, birbaşa reyslə Bakıya gəldi…
Urho Kekkoneni Lənkərana Yak-40 təyyarəsi apardı. Sən demə, bir həftə əvvəldən Lənkərandakı  Xanbulançay dəryaçasını nərə balıqları ilə doldurublar, özü də onları ac saxlayıblar ki, prezident Urho Kekkonen çox əziyyət çəkməsin, onları tuta bilsin. Prezident çoxlu balıq tutdu. Yaman sevinirdi. Həmin Yak-40 təyyarəsi onu balıqlarla birgə Bakıya gətirdi. Onda yeni problem yarandı, balıqları neynəsinlər? Çünki onları adi təyyarə ilə Helsinkiyə aparanadək yolda xarab olacaqdı, üstəlik Lənkərandan Bakıya gətirilib, bir-iki gün də burda qalıb. Balıqlar üçün Finlandiyadan xüsusi təyyarə – refrijerator uçub gəldi”.

Deyilənə görə, Urho Kekkonen  Lənkəranda yaxşıca istirahət edib. O, Xanbulançay gölünün yaxınlığındakı Qonaq evində qalırmış. Həmin Qonaq evində hər cür şərait yaradıblarrmış ki, ali qonaq razı qalsın. Bəzi məlumatlara görə, bu Qonaq evi Urho Kekkonenin o qədər xoşuna gəlibmiş ki, ölkəsinə gedəndən sonra Qonaq evinin layihə   
mühəndisi üçün bir vaqon bəxşiş göndəribmiş.  

Modern.az saytının əməkdaşı prezident Urho Kekkonenin Lənkəran səfərilə bağlı internetdə araşdırma apararkən Finlandiya mətbuatının bu hadisə zamanı çəkdiyi videonu tapıb. Aşağıda həmin videonu təqdim etmişik və orada fin prezidentin Xanbulançay gölündə necə balıq tutduğu əks olunub.


Daha bir əhvalat...

Finlandiya prezidenti ilə bağlı bir maraqlı əhvalat da tarixə düşüb.

Bu əhvalatda bildirilir ki, 6 yaşlı finlandiyalı qızcığaz Xelqa Xiltunen Milad bayramı ərəfəsində Allaha məktub yazaraq ondan 100 mark pul istəyir. Finlandiya qanunlarına görə, düzgün ünvan göstərilməyən məktubları prezidentin oxuma hüququ varmış. Məktubu oxuyan prezident Urho Kekkonen qızın arzusunu yerinə yetirmək qərarına gəlir, lakin bu yaşda bir qıza 50 markın da bəs edəcəyini düşünərək, ona yalnız bu qədər pul göndərir. Məktuba cavab olaraq pulu qızın ünvanına şəxsən przidentin maşını gətirir. Amma çox keçmir ki, 6 yaşlı Xelqadan yenə məktub daxil olur. Bu dəfə qızcığaz məktubda Allahdan artıq prezident vasitəsilə pul yollamamasını, çünki prezidentin pulun yarısını özünə götürdüyünü yazmışdı... 


Sonluq

Urho Kekkonen İkinci Dünya Müharibəsindən sonra bərpa olunmağa, ayaqda durmağa çalışan Finlandiyanın bütün problemlərini həll etmiş lider sayılır. 1956-cı ildə prezident seçildikdən sonra səlahiyyətlərini və təsir imkanlarını genişləndirərək ölkəsində köklü islahatlar aparıb. Buna görə də xalq ona təkrar-təkrar etimad göstərib, düz 1982-ci ilədək 4 dəfə ölkəsinin rəhbəri vəzifəsinə seçilib.



Finlandiya prezidentinin Lənkəranda tutduğu balıq...


Əfqan Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir