Modern.az

Əli Əhmədovun oğlu: “Atam həmişə deyib ki, haqqını tələb et...” - MÜSAHİBƏ + VİDEO  

Əli Əhmədovun oğlu: “Atam həmişə deyib ki, haqqını tələb et...” - MÜSAHİBƏ + VİDEO  

10 Sentyabr 2018, 13:04

Fikrət Əhmədov: “Əli müəllim iş həyatında necədirsə, ailədə də, həyatda da elədir”

“Həkimin elədiyini etmə, dediyini et”

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri , həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov Modern.az saytının suallarını cavablandırıb. Qeyd edək ki, Fikrət Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun oğludur. 

F.Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb.
Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib. 
2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdür.  2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.
F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin  Urologiya kafedrasının baş laborant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir. 
2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır. 
Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbərlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Fikrət Əhmədov ingilis, türk və rus dillərini bilir. Evlidir, 1 övladı var.

 

- Doktor, dəhlizdə sizi müşahidə etmək imkanım oldu. Pasiyentlərlə pozitiv əhval-ruhiyyədə danışırsız. Təcrübədə bunu tez-tez edirsiz?

- Peşəmiz həkimlikdir. Çalışırıq ki, xəstələri ruhdan salmayaq. Elə etməliyik ki, xəstələr depressiyaya düşməsinlər. Onlarda həyat eşqini formalaşdırmaq bir növ işimizdir. Hər bir xəstəyə xəstəliyi barədə yetərincə məlumat verməliyik ki, müalicə taktikasında protokoldan çıxmasın və sonuna qədər  əməl etsin.


- Xəstəxana mühiti elədir ki, bura daxil olan hər kəs sıxılır. Nə qədər müsbət aurada olsaq da, xəstəxana divarları arasında gərgin ortam yaranır. Həkimin  həm də psixoloq kimi davranması ideyası nə qədər vacibdir?

- Həkim olaraq müəyyən qədər xəstələrə psixoloji dəstək veririk.  Eyni zamanda, psixoterapevt kimi xəstəyə faydalı olmaya bilərsən. Əgər xəstədə psixoloji faktor aşkarlanırsa, mütləq həmin xəstəni psixoterapevtə yönləndirməkdə fayda var. Çünki ixtisasımız psixoterapevt deyil. Ona görə faydamız dəyməyə bilər. Müəyyən mənada onlara psixoloji fayda verərək rahatlamağa çalışırıq. Bunun kifayət etmədiyini və xəstəyə fayda olmayacağını gördükdə isə xəstələri psixoterpevtə yönləndirməli oluruq. Bununla yanaşı, onkoloji xəstələri daha tez-tez psixoterapevtə göndərməli oluruq. Çünki bu xəstəliyin müalicə prosesi çox uzun çəkir. Mütəmadi olaraq xəstə depressiyaya düşür. Bəzən isə müalicəsinin faydalı olmadığı onlara bəlli olur.

- Bəs həkimin özü necə psixoterapevtə müraciət edirmi? Çünki həkimə müraciət edən xəstələrin heç də hamısı eyni düşüncədə olmur. Həkim olaraq özünüzü bu cür hallardan necə sığortalayırsız?

- Bilirsiz, xəstənin həkim seçmə şansı olduğu kimi, həkimin də xəstə seçmə şansı var. Əgər bir həkim kimi, özünü və onun xəstəliyini izah edə, müalicə prosesini başlada bilmirsənsə, ya onu psixoloqa göndərəcəksən, ya da ondan imtina edəcəksən. Çünki xəstə həkimi bəyənmədiyi kimi, ona olan münasibətini də bəyənməyə bilər. Həkim olaraq bunlara hazırlıqlı olmağa çalışıram.

- Son dövrlərdə uroloji xəstəliklərin statikstikası nə yerdədir? Əsasən hansı regionlarımızda böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı daha çoxdur?


- Böyrək xəstələrini regionlara ayırmaq doğru deyil. Hər bir insanın böyrəyi, sidik kisəsi, sidik yolu olduğu üçün uroloji xəstəliyə tutulma ehtimalı da mümkündür. Xüsusilə, genetik meyllilik, qidalanma, yaşam tərzi və digər orqanlarda mövcud olan xəstəliklər uroloji xəstəliklərə gətirib çıxara bilər. Bundan başqa, uroloq olduğumuz üçün kişi cinsiyyət xəstəliklərini də müalicə edirik. Sonsuzluq, cinsi problemləri olan kişi xəstələr bizə müraciət edir. Uroloji xəstəliklər dedikdə ilk ağıla gələn böyrək daşı xəstəlikləri olur. Kişilər daha çox  prostat problemi, xüsusilə xoşxassəli hiperplazeya ilə bizə müraciət edirlər. Adətən xəstələr buna  adenoma deyirlər. Həmçinin, 50 yaşına çatan kişilərdə sidiyəgetmədə çətinliklər, gecə tez-tez sidiyəgetmə, sidiyi tam boşalda bilməmə kimi prostata bağlı problemlərlə bizə müraciət edirlər. Bununla yanaşı olaraq, hər yaşda istər qadın, istərsə də kişi cinsində böyrək və sidik yolları daşı problemləri çox görülür. Əlbəttə, daş xəstəlikləri orta yaş insanlarda rast gəlinir. Qadınlara nisbətən kişilərdə iki dəfə daha çox görürük. Bu, artıq kişi cinsi olmanın bir riskidir. Bundan başqa kiçik yaşlı uşaqlarda anadangəlmə sidik yollarının və cinsiyyət orqanlarının patoloji problemləri, qadınlar menopauzadan, yaxud da 50 yaşdan sonra çoxsaylı doğuş ediblərsə sidik qaçırma prosesi kimi problemlərlə bizə müraciət edirlər. Müraciət edən xəstələrin çeşidləri çoxdur. Bunların içində ən çox daş və prostat vəzi xəstəlikləri üstünlük təşkil edir.


- Kişi sonsuzluğuna  toxundunuz. Əksər Azərbaycan ailələrində sonsuzluqla bağlı problem aşkarlananda dərhal qadınlar həkimə göndərilir. Sonsuzluqla bağlı kişilərin həkimə müraciət etməsində irəliləyiş nə qədərdir?

- Doğru deyirsiz. Sonsuzluq aşkarlanan zaman səbəbi qadında axtarırlar. Bu zaman qadın da səsini çıxartmır və məcbur olub ginekoloqa müraciət edir. Amma sonsuzluqla bağlı son illərdə kişilər də açıq şəkildə bizə müraciət edir. Burada bəzi məqamlar var. Qidalanma tərzi, ətraf mühitin zərərli təsiri həm  qadınlarda hamilə qalma prosesini nisbətən aşağı salır, həm də kişilərdə sperma keyfiyyətinə az da olsa təsir edir. Hazırda zərərli vasitələr də az deyil. İstər spirtli içkilər, istərsə də siqaret, narkotik vasitələr olsun, bunların hamısı öz mənfi təsirini göstərir.

- Sadaladığınız zərərli vərdişlərdən  başqa son illərin brendinə çevrilən Hell, Redbull kimi içkilər də evlərimizə ayaq açıb. Spirt və nikotinin böyrəyin funksiyasına nə kimi zərərli təsiri var?

- Bura qəlyanı da əlavə etmək istərdim. Azərbaycanda əksəriyyət qəlyandan istifadə edir. Adını çəkdiyiniz içkilərin daxili orqanlara təsiri var. Hell və digər zərərli içkilərin sonsuzluqda rolunun nə qədər olması barədə  elmi araşdırma yoxdur. Amma onların zərərli olması birmənalıdır. Siqaretin sidik yollarına, cinsiyyət orqanlarına, böyrəyə mənfi təsiri çoxdur. Məsələn, siqaret böyrək şişlərinin əmələ gəlməsində müəyyən risk faktoru kimi özünü göstərir. Xüsusilə, sidik kisə xərçənglərinin 40%-i siqaret çəkən insanlarda görülür. Siqaret sidik kisəsi xərçəngi üçün birinci risk faktorudur. Ağ ciyərdən sonra siqaret ən çox sidik kisəsinə zərər verir. Bir önəmli məqamı da qeyd etmək istədim. Qadınların sidik kisəsinin divarları daha incə olduğundan,  siqaret çəkən qadınlar kişilərə nisbətən daha tez sidik kisəsi xərçənginə tutulurlar.

- Pasiyentlərinizlə bu barədə diskussiya aparırsızmı?

- Əlbəttə. Siqareti tərgitməyən  sidik kisəsi xərçəngi olan xəstənin müalicəsi mənasızdır. Biz ancaq siqareti tərgitdərək müalicəni davam etdiririk. Sonsuzluq problemi olan xəstə siqareti tərgitmirsə,  müalicəsində aparılan nəticə yarıbayarı azalır. Bu məsələdə siqaret çəkən pasiyentə ciddi xəbərdarlıq edirik. Əgər pasiyent müalicəyə tabe olmazsa, məsləhətlərimizi eşitməzsə, biz də onun müalicəsini dayandıra bilərik.

 - Mənimlə razılaşarsız ki, “siqaret çəkmə, içki içmə” tövsiyəsi edən həkimlər özləri ən yaxşı istifadəçidirlər. 

- Əlbəttə razıyam. Hər kəs zaman-zaman siqaretdən, spirtli içkidən istifadə edir. Adətən həkimlərin belə bir devizi var. “Həkimin elədiyini etmə, dediyini et”. Siqaret çəkən həkimlər var. Siqaret çəkən həkim xəstəsinə “çəkmə” deyərkən  dərhal  həkimin etdiyinə yox, dediyinə əməl etmək lazımdır.


- Bəs siz özünüz necə siqaretdən, içkidən istifadə edirsizmi?

- Siqaret çəkən deyiləm. Amma spirtli içkidən  ayda-ildə bir dəfə istifadə etməli oluruq. Bu da bayramlarda, ad günlərində baş verə bilər.

- Bir qədər də orqan transplantasiyasına  toxunmanızı rica edərdim.  Bununla bağlı qanunda hələ də nələrsə çatışmır. Həmçinin, böyrək transplantasiyasını həyata keçirmək üçün hansı mərhələləri keçməli olursuz?

- Fikrimcə, Avropa ölkələri  ilə müqayisə etdikdə transplantasiya ilə bağlı qanunlarımızda müəyyən qədər çatışmazlıqlar mövcuddur. Bunun da aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən işlər aparılır. Protokolların yenilənməsi məsələsi gündəmdədir. Biz də böyrək transplantasiyası ilə məşğul oluruq. Əlbəttə bizim transplantasiya olunmuş xəstə sayımız bir qədər azdır. Çünki cərrahiyyə  klinikamızın da yaşı azdır. Aktiv şəkildə məşğul olmasaq da, biz bu işlə məşğul oluruq. Artıq xəstəxanalar insanlar üçün əlçatan olub və insanlar hər bir məsələ barədə məlumatlıdırlar. Böyrək çatışmazlığı olan xəstələr  dövlət tərəfindən nəzarətə götürülür. Vaxtaşırı onlar rutin dializ dediyimiz homodializ proqramına alınır. Nefroloqlarımız, homodializ aparan  komanda xəstələrə uyğun donor tapırlarsa, biz uroloqlara müraciət edirlər. Bu zaman  transplantasiya haqqında xəstəyə məlumat verilir. Çünki xəstə və donor  buna hazırdırsa, transplantasiya haqqında qərar qəbul edilir və transplantasiya həyata keçirilir.

- Böyrək çatışmazlığı xəstələrinin sayı artıbmı?

- Bəlkə də artıb. Artıq çəki, hipertenziya xəstəliyinin artması, sağlam qidaların azalması kimi problemlər böyrək çatışmazlığına gətirib çıxarır. Amma ciddi dərəcədə artdığını demək çətindir. Sadəcə, nisbətən artdığını deyə bilərəm. Çünki müalicə vasitələri də təkmilləşib və insanlar daha kiçik problemlər olduğu zaman həkimə müraciət edirlər. Buz zaman daha tez sağlamlıqlarına qovuşurlar.

- Uşaqlarda da böyrək xərçəngi xəstəliklərinə rast gəlmək mümkündür. Bunun səbəbləri nədir?

- Əsasən anadangəlmə genetik problemlər varsa, xəstəlik özünü göstərir. Proqnozu çox da yaxşı olmasa, müalicə vaxtında aparılarsa, yaxşı nəticə əldə etmək olur. Xromosomlarda olan defektlər, anadangəlmə patologiya zamanı xəstəlik baş verə bilir. Təəssüf ki, hazırda onkoloji xəstəliklərin səbəbi tam olaraq bilinmədiyi üçün dəqiq səbəb demək çox çətindir. Eləcə risk faktorlarını söyləyə bilirik. Uşaqlar arasında daş xəstəliklərinə rast gəlmək olur. Qəribədir ki, ilk 3-6 aylıq uşaqlarda belə, sidik yolları daşı xəstəliyi görülür. Xüsusilə, sidik yollarında anadangəlmə patologiyalar olduğu  zaman orada sidik axınının qarşısı əngəllənirsə, axın pozulursa, orada sidik yolu infeksiyasına meyllilik yaranır və daş əmələgəlmə prosesi sürətlənə bilir. Valideynlər diqqətli olmalıdırlar. Uşaqlarda uroloji orqanların, sidik yollarının infeksiyalarına rast gəlinirsə, bu, gələcəkdə ciddi böyrək çatışmazlığına gətirib çıxara bilər.


- Doktor, tibb sahəsi  çətin və mürəkkəb sahə olduğundan ən çox tənqid olunan insanlar da həkimlərdir. Hər hansı əməliyyat masasında xəstə ölümü baş verirsə, dərhal həkim səhlənkarlığının olması söylənilir. Bu barədə siz necə düşünürsüz?

- Həkim səhlənkarlığı bütün dünyada mövcuddur. Məsələn, tibb ən çox Amerikada inkişaf edib. Ümumi statistikaya nəzər saldıqda Amerikada həkim səhlənkarlığından ölən xəstələr birinci, ya da, ikinci cərgədə dayanır. Sadəcə, ölüm faktının arxasınca gedib əsl səbəbi tapa bilirlər və bundan bir nəticə çıxarırlar. Bir  həkim səhlənkarlığının baş verməsi digər həkim yoldaşları üçün dərsdir. Əlbəttə, həkim səhlənkarlığına yol verilməməlidir. Amma hər bir xəstəliyin ağırlaşma riskləri var. Bu proses zamanı bəzən həkim nə edir-etsin xəstəlik, gedişatı zamanı ağırlaşa bilir. Bu ağırlaşmalar da tibb tərəfindən qəbul olunub. Məsələn, xəstəliyin gedişatında ağırlaşma riski olan xəstəliklər var. Bilinən ağırlaşma riskləri var ki, həkim bacardıqca onların qarşısını almağa çalışır. Bəzən bunları xəstə ilə paylaşır. Məsələn onkoloji xəstəliyi götürək. Bunun yayılma riskləri var. Bunun yayılmaması üçün həkim gərək zamanında cərrahi müdaxilə etsin, kimyaterapiyaya başlasın. Nə edirsən et, bəzən həkimin əlində olmayan proseslər gedir və bu zaman ağırlaşmalarla üzləşə bilirsən. Adi sidik yolu infeksiyası belə ağırlaşıb xəstənin itirlməsinə səbəb ola bilər. Amma vaxtında müdaxilə və düzgün taktika xəstəni zamanında sağaldır.

- Təcrübənizdə ağırlaşma riski olan xəstələr olurmu?

- Zaman-zaman olur. Yaxın zamanlarda prostat xərçəngini müşahidə etdiyimiz yaşlı xəstə vardı. Erkən mərhələdə prostat xərçəngi aşkarlanmışdı. Yaşlı insanlarda bu xəstəlik yavaş irəlilədiyi üçün xəstəni arxayın etmişdik. Həmçinin məlumatlı və təhsilli biri idi. Bizim yanımıza gələnə qədər xərçəng olduğunu bilirdi. Amma xəstəliyi gərgin stress altında yaşayırdı. “Bu xəstəliyə görə həyatını itirməyəcəksən. Bu xərçəng səninlə həyatın boyu yaşayacaq. Çox az irəliləyən xəstəlikdir” deyib rahatlaşdırmağa çalışsam da, faydası yox idi. Üstəlik ailəsi də həkim idi. Xəstə həm də yüksək təzyiq xəstəsi idi. Təsəvvür edin, xəstə evə gedib və təzyiqi yüksəlib. Həyat yoldaşının kardioloq olmasına baxmayaraq, xəstəni beyin qanaxmasından itirdilər.

- Gənc həkim olduğunuza görə, sizdən imtina edən pasiyentlər olurmu?

- Olur. Bu da normaldır. İki qrup xəstələr var. Yaşlı həkim istəməyib gənc istəyənlər və yaxud da əksi. Bəzi xəstələr gənc həkim görən zaman sevinərək deyirlər ki, “aha, bu gəncdirsə, müasir təbabətdən daha çox məlumatlıdır”. Daha dünyagörüşlü, ağsaqqal olmasını istəyənlər yaşlı həkimlərə üz tutur. 40% xəstə cavanlara, 60% isə yaşlı həkimlərə üstünlük verir.

- Siz həm də tanınmış siyasətçi ailəsində böyümüsüz. Maraqlıdır, Əli müəllimin özü və çevrəsi həkim olaraq sizə müraciət edirmi?

 - Əlbəttə. Nəsə problem olanda atam mütləq soruşub məsləhətləşir. Amma atamın yaxın çevrəsi  əsasən telefon vasitəsilə müraciət edir. Ümumilikdə isə müraciət edənlər çoxdur.


- Amma siz siyasətçi olmaq istəmədiz
.

- İxtisas seçimi sərbəstdir. Məsələn, hər kəs restorana gedərkən yemək seçimində sərbəstdirsə, ixtisas seçmək də bir qədər ona bənzəyir. Hər bir insanın özünü görmək istədiyi sahə mütləq var. O baxımdan seçimi də özünü gördüyün yerə uyğun etməlisən.

- Maraqlıdır, həkim olmaq istəyinizə Əli müəllimin reaksiyası necə idi? Ümumiyyətlə, bir ata kimi tövsiyələri nədən ibarət olub?

- Həkim olmaq istəyimə atamın münasibəti normal idi. Həkim olmaq istədiyimi biləndə heç də asan olacağını deməyib. Həmişə çətin olacağını düşünüb. Zamanında bu cür söhbətlərimiz olub. Atam həmişə “hansı sahədə özünü görmək istəyirsənsə, orada ol” deyib. Buna baxmayaraq təklifləri də olub. “Əgər siyasətçi olsan, sənə birbaşa dəstək olacam. Öz ixtisasınla davam etsən, ancaq kənardan dəstək ola bilərəm” deyib. Sonda qərar vermək məsələsini öz ixtiyarıma buraxıb. Bu seçim məsələsidir. Əgər ixtisas seçimi zamanı valideyn övladının qərarının ciddi olduğunu görürsə, əlbəttə şərait yaradacaq.

- Əli müəllimin mövqeyi həm də ciddidir. Qanunlarla idarə olunan siyasətçinin ailəsində böyüməyin çətinlikləri nədən ibarətdir?

- Hər ailənin öz çətinliyi var. Əlbəttə, qanunların sərt tərəfi olduğu kimi, yumşaq və demokratik tərəfi də mövcuddur. Bəzən elə düşünürlər ki, siyasətçi ailəsində böyüyürsənsə,  mütləq fərqli olmalısan. Amma hər bir ailədə olduğu kimi, bizə də sərbəstlik verilib. Limit məsələsi isə həmişə olub. Artıq bəlli yaşım var. Müəyyən qaydaları özüm də anlayıram. Bir sözlə normal Azərbaycan ailəsi kimi bilinən qadağalar və icazələr bizim ailədə də var. “Hər zaman işinlə məşğul ol və çalış ki sahəndə irəliləyəsən. Elmə müsbət qatqılar verməlisən”. Bu fikirləri zaman-zaman atamızdan eşidirik. Sual verirsiz ki, atanızın iş qrafikinə necə alışmısız? “Çox yaxşı” deyərdim. Ailə başçısını necə görürsənsə, o cür də qəbul edirsən. Ona görə də gərgin rejimə bir növ alışmışıq. Mən də həkiməm. Olur ki, gecə yarısı xəstə yanına gedirəm. Gecə yarısı uşaq  ayılıb evdə olmadığımı görə bilir. Bir müddət sonra o da alışır. Biz atamızın gərgin iş qrafikinə alışdığımız kimi, bizim də uşaqlar bizim iş qrafikimizə alışır.

- Əli müəllimin xarakteri necədir? Siyasətin mürəkkəbliyi atanızın xasiyyətinə təsir edibmi?

- Atam iş həyatında necədirsə, ailədə də, həyatda da elədir. Fərqli xasiyyəti yoxdur. Həmçinin deməzdim ki, atam çox mürəkkəb xarakterə malik insandır. Düzdü, bəzi adamlar var ki, işdə bir cür, evdə başqa cür olur. Amma atam belə deyil.

- Bu günə kimi daha çox nələri sizə aşılayıb?

- Həmişə deyib ki “haqqını tələb et... Haqq üçün mübarizə apar... Düzgün ol...Çalışqan ol... Elmə, təhsilə fikir ver”. Bunları həmişə eşitmişik. Bu fikirlərdən başqa fərqli nələrsə deməyib.


- Həmçinin, vaxtaşırı həkim oğlunu kənardan müşahidə edirmi?

- Atamın məni kənardan izləməsinə gəlincə, onu deyə bilərəm ki, bu, zaman-zaman baş verir. Hətta bura gəlib narazı qaldığı məqamlar da olub. Mütləq nədəsə irad bildirir. Bu da normaldır. Çünki yaşın verdiyi təcrübə var. Mənim görə bilmədiyim məqamları görür. Həmçinin, mənim 10 il sonrakı vəziyyətimi o, məndən daha yaxşı görür. Heç ağlıma gəlməsə də, atamın dedikləri bir neçə ildən sonra təsdiqini tapır.

- Dövlətdə təmsil olunan şəxslər barədə mətbuat səhifələrində müxtəlif formalı yazılar yer alır. Əli müəllim də istisna deyil. Atanız haqqında istənilən yazıya reaksiyanız necə olur?

- Bilirsiz, atam haqqında yazılanlar mövzunun məqsədindən çox asılıdır. Ona görə də bəzən üzülür, bəzən əsəbləşir, bəzən də gülürəm.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi