Modern.az

Nəsiminin Suriyadakı türbəsinin yenidən qurulması təklifləri hazırlanıb

Nəsiminin Suriyadakı türbəsinin yenidən qurulması təklifləri hazırlanıb

7 Dekabr 2009, 12:40

“Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində 14-16 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, konfransda Suriyanın Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm,  Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət iştirak edəcəklər. Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək. Konfrans çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. 600 il ərzində qorunub saxlanılmış böyük şairin qəbrinin hər iki xalq üçün əziz olduğu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyi nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb. 2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilib, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. 2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi