Modern.az

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda - YENİLƏNİB

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda - YENİLƏNİB

15 Sentyabr 2018, 17:28

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırdı.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratdılar.

“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirdi.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başladı.

Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdirdilər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkdilər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatdı.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.

 

x x x

 

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirdi.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil oldu. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa etdi.

 

x x x

 

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlandı. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəlilədi.

Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirildi.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil oldular.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi oldu.

 

x x x

 

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

x x x

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.

 

x x x

 

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.

Moder.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi.

“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir