Modern.az

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ  

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ   

24 Sentyabr 2018, 11:25

Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" proqramının bu gündən yayımı başlayır. Verilişin aparıcısı, tanınmış telejurnalist və Disapor Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı yeni proqram və komitənin gələcək planları haqqında Modern.az-a danışıb. Onunla müsahibəni təqdim edirik.

Vəsilə xanım, İTV-də yeni yayımlanacaq verilişiniz nə ilə fərqlənəcək?

-  Müxtəlif ölkələrin təcrübəsinə baxsaq, ictimai yayımlar ixtisaslaşmış verilişlərdən də irəli gedərək,  bir kökə bağlı olan ixtisaslaşmış televiziya kanalları ilə fəaliyyət göstərir. Məsələn, Yaponiyanın ictimai kanalının 50 filialı var, TRT, BBC onlarla ixtisaslaşmış kanalla fəaliyyət göstərir. Çeşidlilik teleauditoriyanın hər qrupunun tələbatının ödənilməsinə xidmət edir. Sözüm ondadır ki, ixtisaslaşmış “Vətən uzaqda deyil” diaspor proqramının əsas hədəf auditoriyası xaricdə yaşayan azərbaycanlılardır. Amma diaspor ölkəmizin xaricdəki ordusu olaraq ölkə daxilində yaşayanların bir parçasıdı. Dolayısıyla mövzu hamı üçün vacib və maraqlıdı. Texniki və digər nöqtələrdən baxsaq,  proqramın fərqli cəhətlərindən biri odur ki, burada daşlaşmış və konkret forma nəzərdə tutulmur. Verilişin hər buraxılışı bir ayrı formada olacaq. Bəzən tok-şoular, bəzən sənədli filmlər, bəzən teledebatlar, bəzən hətta ortaq konsert proqramları təqdim edəcəyik. Verilişin bəzi buraxılışları xaricdə çəkiləcək. İTV-də yayımlanan anonsda da deyildiyi kimi, biz artıq acı qürbət hekayələrindən danışmırıq, beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik. Dünya qlobal dəyər zəncirində yerini möhkəmləndirməyə çalışır, biz də bu yolda cığırlar açmaq üzərində düşünürük.  Televiziya proqramı bu mənada, hər mövzuda geniş müzakirə platforması ola bilər.

Layihə İTV ilə Diasporla İş üzrə DK-nın birgə təşəbbüsüdür. Gənclər və xaricdə yaşayan həmvətənlilərimiz üçün sözügedən verilişin hansı əhəmiyyəti olacaq?

- Proqramın ilk buraxılışında bu barədə bir qədər danışılıb. Cümhuriyyətin 100 illiyi Diaspor Gənclərinin Birinci Yay Düşərgəsi bizə böyük bir təcrübə qazandırdı və diaspora ünvanlayacağımız mesajları şəkilləndirmək imkanı verdi. Düşərgə hər il olacaq və diasporu tanıma yolunda böyük addımdır. Diasporu tanıdıqca, çox mətləblər ortaya çıxır. Biz bilməliyik ki, nə üçün məsələn, Norveçdə yaşayan azərbaycanlı ilə ABŞ-da yaşayan azərbaycanlı əzəli vətəni və azərbaycanlılarla bağlı eyni cür düşünmür.  Bilməliyik ki, xaricdə doğulan azərbaycanlı ilə sonradan xaricə köçən azərbaycanlının Vətən anlayışı necədir? Bu mənada “Vətən uzaqda deyil” proqramı bizə ilk növbədə geniş imkanlar yaradacaq ki, bir-birimizi tanıyaq. Çox mətləblər məhz tanımaqdan başlayır. Tanımadığın insanlarla birləşə bilməzsən. Eyni zamanda onlar da bizi tanıyacaqlar və ortaq strategiya əsasında birgə addımlar atacağıq. Hər halda bizim inandığımız budur.

Artıq iki işdə çalışacaqsınız. Bu sizin üçün çətin olmayacaq?

- Məqsəd ortaya yaxşı iş qoymaqdırsa, bu heç vaxt asan deyil. Mətbuat xidməti, televiziya  proqramı və “Diaspor TV”nin də fəaliyyəti nəzərə alınsa,  iş daha çoxdur. Amma Diasporla İş üzrə Dövlət Komitəsində işə yanaşma, yaradılan şərait və kollektivin işə münasibəti çətinlikləri asanlaşdırır.

 

Bütün bunlarla yanaşı, gələcək işgüzar planlarınız nələrdir?

 

- Yaxın gələcək üçün “Diaspor TV” nin tam işə düşməsi və “Vətən uzaqda deyil” televiziya proqramının keyfiyyət göstəricilərinə nail olmaq əsas məqsədimizdir. Televiziya proqramlarını platformaya çevirməsək, diaspor üçün fayda əldə edə bilmərik. Elmi diasporumuzun tanıdılması üçün də planlar var. Artıq onların bəziləri ilə görüşmüşük.  “Vətən uzaqda deyil” təkcə bir şüar deyil, biz bunu dünya azərbaycanlılarının birlik platformasına çevirməyi düşünürük.

 

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları milli köklərə bağlamaq üçün hansı yeni layihələr həyata keçirəcək?

 

- İlk və mühüm addım Yay düşərgəsinin keçirilməsi oldu. Bu tip layihələrin mahiyyəti çox dərindir və  davamlı olacaq. Təbii ki, layihələr çoxdur və hər biri ciddi nəticələrə hesablanıb. Komitə sədri  dünyada diaspor hərəkatının incəliklərini yaxşı bilir, diaspor hərəkatı sahəsində çoxsaylı layihələrin ideya müəllifidir və Strateji Yol Xəritəsi hazırlanmaqla hədəfləndiyimiz nöqtələr də artıq müəyyən edilib, həmin layihələrin reallaşma imkanları ortaya qoyulub. Dilin təfəkkürə ciddi təsirlərini nəzərə alaraq xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili dərslərinə başlanacaq,  müxtəlif yaş kateqoriyaları üçün dərsliklər hazırlanır, yeni məktəblərin yaradılması və s kimi irimiqyaslı layihələr planlaşdırılıb. Azərbaycan diasporunun yerləşmə nöqtələri, paylanma siyasəti ilə bağlı ciddi araşdırmalar başlanıb. Heç bir azərbaycanlının və Azərbaycanın dostlarının diqqətdən kənarda qalmamasına qərar verilib. Planlar çoxdu, zamanla reallaşacaq.


Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu