Modern.az

Rejissor Nail Naiboğlu: “Nadir Qafarzadə məni savadsız adlandıra bilməz, çünki...”

Rejissor Nail Naiboğlu: “Nadir Qafarzadə məni savadsız adlandıra bilməz, çünki...”

Mədəni̇yyət

12 Oktyabr 2011, 18:02

Rejissor Nail Naiboğlu tərəfindən musiqisi Novruz Aslan, sözləri deputat Hadi Rəcəbliyə məxsus "Bu yaş nədir?" mahnısına çəkilmiş kliplə bağlı səs-küy yaranıb.

Klipin səbəb olduğu səs-küy barədə rejissor Nail Naiboğlu da Modern.az-a açıqlama verib. Klip barədə bilib-bilməyənlərin məlumat yazdığını qeyd edən rejissor internet saytların, mətbu orqanların məsələni bu qədər şişirtmələrini reklam xətrinə etdiklərini vurğulayıb.

“Mahnı bildiyimiz kimi Milli Məclisin iki deputatı tərəfindən yazılıb və bəstələnib. Bu mahnıya klip çəkdirmək təklifi gələndə mən çox sevindim. Çünki burda həm iki deputatın adı var, həm də Nadir Qafarzadə mənim ən çox sevdiyim müğənnilərdəndir”.

İfaçının sadəcə iki dublda çəkildiyini deyən Nail Naiboğlu bildirib ki, klipdə əsasən müxtəlif sujetlərdə, müxtəlif yaş dövrünə aid 6 müxtəlif aktyor çəkilib.
“Klipin müəyyən-çox az hissəsi yataqda çəkilib. Mətbuatda gedən informasiyalarda deyilir ki, orada erotik, açıq-saçıq səhnələr var. Orada heç bir açıq-saçıq səhnə yoxdur. Adi həyatdan götürülmüş görüntülər, sujet xəttidir. Bu klipdə çılpaq şəkildə çəkilmiş heç bir aktyor yoxdur və burda Azərbaycan mentalitetinə zidd olan heç nə yoxdur. Oğlan və qızın olduğu müəyyən yataq səhnələri var ki, o da gündəlik baxdığımız kliplərin əksəriyyətində yer alır, Sadəcə bilmirəm bunu niyə bu qədər şişirdirlər”.

Rejissor həmçinin qeyd edib ki, Nadir Qafarzadə mahnıya çəkilən klipi şifariş etməyib.

“Sadəcə müğənni kimi gəlib ifa edib, sinxronları çəkilib. Onun tərəfdən mənim savadsız adlandırılmağıma gəlincə isə, o bunu deyə bilməz. Çünki mən onun keçən ildən bu vaxta qədər 5-6 klipini çəkmişəm. Bəli, o sujet xətlərindən xəbərsiz idi. Sinxronlarını oxuyub gedib. Çünki mənə etibar edir və bu barədə heç nə soruşmayıb” - deyə Nail Naiboğlu əlavə edib.

Son olaraq rejissor artıq klipin Youtube şəbəkəsində yayıldığını və yaxın vaxtlarda efirdə də yayımlanacağını vurğulayıb.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?