Modern.az

Topla söhbət

Topla söhbət

26 Sentyabr 2018, 11:05

Mehman QAYIBOV


Salam, ay top! Niyə cavab vermirsən? Yoxsa küsmüsən?...

Yadındamı, səni balaca pompuş əllərimlə bağrıma basıb oxşadığım günlər?

Səni necə də çox sevirdim! O dərəcədə çox sevirdim ki, hətta evimizə aparmaq istəyirdim.  Ancaq sən mənə yox, o daşlı-kəsəkli, çala-çuxurlu meydançaya məxsus idin. Ona görə də səni yenidən bu tozlu meydançaya qaytarmalı idim.

Mən səni çox sevirdim! Sən mənin ilk məhəbbətim idin!

O vaxtlar tez-tez görüşərdik. Demək olar ki, hər gün. Vaxt, zaman ötdü... Sonralar həftədə bir dəfə görüşərdik. Getdikcə biz böyüdük. Böyük-böyük şəhərlərə getdik. Sən öz şəhərlərinə, mən öz şəhərlərimə. Buna baxmayaraq, yenə də görüşərdik.  Ancaq indi iki ildə bir dəfə.  O da qaçarağına. Dörd ildən bir isə oturub əməlli başlı söhbət edərdik,  dərdləşərdik. Keçmişi, olub-keçənləri yada salardıq, xatırlayardıq.  Bəzən də uşaq kimi sevincdən hönkür-hönkür ağlayardıq, gülərdik, qəhqəhələr çəkərdik! Səs-küyümüzə qonşular, yoldan ötənlər boylanardı.

Necə də gözəl günlər idi!

Zaman ötdü. Sən böyüdün. Mən böyüdüm.

Bu illər ərzində sən nələr etmədin, ay top?! Kimləri zirvələrə qaldırmadın, kimlərə şan-şöhrət gətirmədin?! Kimlərəsə kədər, göz yaşı... Mən bunların hamısını qıraqdan seyr edərdim. Səninlə kəlmə kəsmək  istəyirdim. Ancaq bacarmırdım. Çünki sən nə qədər yaxın idinsə, bir o qədər də uzaqdaydın. Sən heç nəyi, heç kimi eşitmirdin. Sən yavaş-yavaş başqa dildə danışırdın. Zaman ötdükcə səni anlaya bilmirdim.  

Artıq mən meydançalarda top qovalayan o balaca, məsum uşaq deyildim. Mən də böyümüşdüm. Yadındamı, sənə ayağımla heç vaxt toxunmazdım, çünki səni o qədər sevir, sənə o qədər məhəbbət bəsləyirdim ki, qorxurdum ki, səni incidim. Ona görə də həmişə o balaca əllərimlə toxunardım, sığal çəkərdim sənə.  Mən hardan biləydim ki, sən  böyüdükcə, böyük şəhərlərə, böyük meydançalara ayaq açdıqca,  yavaş-yavaş dəyişəcəksən, yadlaşacaqsan?

Mən səndən küsmürəm, heç incimirəm də! Axı sən mənim uşaqlıq dostumsan. İnsanlara o qədər sevinc bəxş etmisən ki, buna haqqım da çatmır. Sən hardan biləydin ki, əyninə bəhhabəhlə siyasətdən don biçəcəklər, sənə yeni texnologiyalar dili  öyrədəcəklər?

Məsum top!...

Sən hər dəfə meydançanı tərk edəndə  həmişə yenidən qayıdırdın. Mən indi qorxuram. Qorxuram ki, günlərin birində sən bizdən üz çevirib, bir daha geri qayıtmazsan. Özün kimi yumru, zərif dünyamızı birdəfəlik tərk edəsən. Hiss edirəm ki, artıq sən də hər dəfə meydançaya qayıdanda həyəcanlanırsan. Qorxursan ki, səni  diplomat boyda balaca bir qutuya  salsınlar, bir daha oradan çıxa bilməyəsən.

Bağışla bizi, top!

Bağışla! Mənim uşaqlıq sevdam! Sənin qədrini bilmədik. Gör haradan gəlib, haraya çatdıq?

İzin ver, sənin qarşında son borcumu yerinə yetirim. Səni bağrıma basıb, hönkür-hönkür oxşayıb daşlı-kəsəkli, çala-çuxurlu, uşaqlıq xatirələrimdə yaşayan o meydançada dəfn edim. Çünki bilirəm ki, sən ancaq orada rahatlıq tapacaqsan...

Bağışla, dostum! Bağışla!

Əlvida top!

Əlvida!... 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?