Modern.az

Əsl dost

Əsl dost

Mədəni̇yyət

14 Oktyabr 2011, 18:20

Onu çoxdan tanıyıram. Hər ikimiz ayrı-ayrı aparıcı qəzetlərin jurnalistləri olaraq parlamentdən yazılar hazırlayırdıq. Və çalışırdıq ki, parlamentdə qəbul olunan qanun layihələri ətrafında gedən müzakirələri, cari məsələlərin qaldırılması zamanı bəzən yaşanan çəkişmələri, hətta zarafatları belə oxucuya doğru-dürüst və ən əsası jurnalist peşəkarlığı ilə çatdıraq. Artıq onunla həmkar kimi münasibətlərimiz dostluğa çevrilib. Bu dostluğun təməlinin möhkəm olması üçün hər ikimizin əməyi var. Söhbət Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, peşəkar jurnalist, Azərbaycan mətbuatının 135 illik yubleyi münasibətilə prezidentin fərmanıyla "Tərəqqi" medalına layiq görülən Sevil Yusifovadan gedir.

...Hər bir insanın barmaqla sayılacaq sayda dostları olur. O dostlar ki, çətin günündə sənə arxa, dayaqdır, sədaqətlidir, səmimidir, səhvlərini üzünə deyib, səni bu səhvlərdən çəkindirir. Və o dostlar ki, sənin şad günündə sevinməyi bacarır, uğurlarını öz uğurları sayır və bu uğurların axarlı olması üçün əlindən gələni etməyə hazırdır. Sevil Yusifova məhz belə dostlarımdandır...

...Son illər ərzində Sevillə birgə bir neçə layihənin gerçəkləşdirilməsində iştirak etmişəm. Hər dəfə də onun müsbət xüsusiyyətlərini aşkarlamışam. Sevil xanım millətini və dövlətini sevənlərdəndir. Bu yolda təmənnasız xidmət göstərənlərdəndir. İlk dəfə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yaşadığı yurda gedib, onun valideynlərini ziyarət edəndə Sevilin vətənə, millətə bağlılığının sonsuz olduğunu gördüm. Sonradan Mübariz İbrahimov haqqında mətbuatda gedən yazıların toplanaraq kitab şəklikdə çap olunması üçün çəkdiyi təmənnasız əziyyət də gözlərim qarşısında baş verib...

...Bu ilin fevralında Türk Hava Yollarının maliyyə dəstəyilə qadın jurnalistlərdən bir qrup İstanbulda səfərdə olduq. Bu səfər Xocalı soyqırımı ərəfəsinə təsadüf edirdi. Sevil xanım təklif etdi ki, gəlin öz maliyyəmiz hesabına iki gün də artıq qalıb qardaş ölkənin televiziya kanallarına çıxaq və ermənilərin başımıza açdığı müsibətləri, Xocalı soyqırımı həqiqətlərini Türkiyəyə, eləcə də bütün dünyaya çatdıraq. Eləcə də elədik. Mən Sevil xanımın fədakarlığını, insanlarla ünsiyyyət qurmasını, mübaliğəsiz deyə bilərəm ki, diplomatik bacarığını gördüm və fəxr elədim. Məhz onun əlaqələrinin nəticəsi olaraq Türkiyənin iki aparıcı televiziyasında bizə yarım saat olmaqla efir vaxtı ayrıldı. Və biz əsil həqiqətləri demək imkanı qazandıq...

...Sevil Yusifova ilə sonuncu səfərimiz Şimali Kipr Türk Cümhuriyyətinə oldu. Bu ölkədə keçmiş prezident Rauf Denktaş və indiki prezident Dərviş Erolla görüşdük, müsahibələr götürdük. Bu görüşlər zamanı əmin odum ki, Sevil Yusifova Azərbaycanı ləyaqətlə, baş ucalığı ilə təmsil edən qadınlarımızdandır...

...Sevil xanım oktyabrın 14-də ziyalı ailəsində dünyaya göz açıb. Tərəzi bürcündəndir. Bu da o deməkdir ki, haqqı nahaqqa qurban vermir. Mən dostuma ailə sevinci arzulayıram və uğurlarının bol olmasını Ulu Tanrıdan diləyirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir