Modern.az

Salyandan olan şikayətləri Salyanda araşdırdıq (REPORTAJ)

Salyandan olan şikayətləri Salyanda araşdırdıq (REPORTAJ)

Reportaj

17 Oktyabr 2011, 20:16

Son vaxtlar Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun fəaliyyəti barəsində müxtəlif məlumatlar yayılır. Həmin məlumatlarda 2011-ci il fevralın 17-də Salyan rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tahir Kərimovun fəaliyyətində yol verilən qanunsuzluqlardan və bunun Salyanda ciddi narazılıqlar yaratmasından bəhs olunur.
Salyan rayon İcra Hakimiyyəti isə medianın yazdıqlarını əsassız adlandıraraq jurnalsitlərin araşdırma aparması üçün Mətbuat Şurasına müraciət edib. Həmin müraciətdə media nümayəndələri rayona dəvət olunub.

Yayılan məlumatların həqiqət olub-olmadığını araşdırmaq məqsədilə Azrbaycan Mətbuat Şurası bir qrup KİV-in Salyana səfərini təşkil edib. Rayona ezam olunan jurnalistlər arasında Modern.az saytının əməkdaşı da olub. Əməkdaşımızın Salyandan hazırladığı reportajı təqdim edirik.

“Yeni Müsavat” və “İki sahil” qəzetlərindən olan həmkarlarımla birgə Salyana çatanda qərara aldıq ki, birinci sadə camaatla söhbət edək. Elə bu məqsədlə öncə Salyanda “Kolxoz bazarı” deyilən ticarət mərkəzinə getdik. Burada söhbətə çəkdiyimiz sadə vətəndaşlardan, sahibkarlardan ilin əvəlində rayona təyin olunan yeni icra başçısının fəaliyyətinizdən razı qalıb-qalmadıqlarını, Tahir Kərimovun təşəbbüsü ilə hansı işlərin görüldüyünü, İcra Hakimiyyətində qəbula gələnlərlə necə rəftar edildiyini, rüşvət istənilib-istənilmədiyini xəbər aldıq. Digər suallarımız da oldu.


Jurnalist təcrübəsinə malik olanlar bilirlər ki, əyalət camaatı adətən belə suallara açıq cavab verməkdən həmişə ehtiyat edir. Salyanda da istisnalar olmadı.
 
“İcra başçısı “açıq qapı günü” keçirsin”

Söhbətləşdiyimiz Tahir adlı rayon sakini soyadını və iş yerini demək istəmədi, suallarımıza isə belə cavab verdi:
“Tahir Kərimov yeddi aydır Salyana icra başçısı təyin olunub. O gələndən sonra bəzi binaların fasadına aqlay daş üzlüklər çəkilir. Amma bu iş dövlət başçısının sərəncamı ilə Salyan rayonuna ayrılan 2 milyon manat pul vəsaiti hesabına həyata keçirilir. Salyanda iş yeri yoxdu, cavanlar hamısı avara-avar gəzir, çayxanalarda oturub domino, nərd oynamaqla gün keçirdirlər. Salyanda işləmək üçün müəssisə açılmır. Sovet dövründə Salyanda Pambıqtəmizləmə zavodu, Taxıl məhsulları kombinatı, Salyan elektrik qaynaqları zavodu, Salyan plastik kütlə emalı zavodu, Tikiş kombinatı fəaliyyət göstərib. İndi isə onlardan heç bir əsər-əlamət yoxdu.  Köhnə zavodların hərəsini bir nazir özəlləşdirib, hərəsinə də bir adam qoyublar ki, guya, zavodun icraçı direktorudu. Həmin müəssisələrin heç biri fəaliyyət göstərmir. Vəziyyət keçmiş icra başçısı Əliağa Hüseynovun vaxtında necəydi, eləcə də qalır. Amma Əliağa müəllim çox işləmədi, bir il işlədi, bir il ərzində nə fəaliyyət göstərmək olar? Əliağa müəllimdən qabaq icra başçısı Rasim Bəşirov idi, o da rayon üçün bir iş görmədi. Salyan şəhər stadionun əsaslı təmiri üçün Rasim Bəşirovun dövründə - 2008-ci ildə  800 min manat vəsait ayrılmışdı. Ancaq nə olsun, gəlin gedək baxaq nəsə iş görülüb orda, heç bir şey”.

Müsahibimizdən Salyan camaatının dolanışıq mənbəyini soruşduq. Cavabı bu oldu ki, rayon mərkəzində yaşayanların bir qismi xırda və orta ticarətlə məşğuldur, kənd camaatının dolanışığı isə lap çətindir.
“Hər icra başçısı öz qayda-qanunlaını gətirir. Biri nəsə tikdirir, yenisi gəlir deyir “sök”, üçüncusu gəlir başqa şey deyir. Hərə Salyanı öz düşüncəsindəkinə, öz zövqünə uyğunlaşdırmağa çalışır. Ona görə də Salyan bu gündədi. Bəli hazırda Salyanda rüşvət faktoru var. Rayonda elə sahibkarlar var ki, onlardan obyektlərinin qarşısının dəyişdirilməsi üçün 2-3 min manat pul istəyirlər. Mən təklif edirəm ki, icra başçısı Tahir Kərimov “açıq qapı günü” keçirsin və camaatın problemini şəxsən özü eşitsin”.

“Küçə ticarətini ləğv eləsinlər!


Növbəti müsahibimiz Salyan rayon sakini, kiçik sahibkar İbrahim Babayev oldu.  “Prezident cənub rayonlarına səfəri zamanı Salyandan keçirdi. Onda əhali ilə görüşdə bildirdi ki, Salyanın abadlaşdırılması üçün 2 milyon manat vəsait ayırıb. O 2 milyonun aqibəti necə oldu, biz bilmirik. Sahibkarlardan pul yığıb onların öz dükanlarının qabağını təmir edirlər”.

Ticarətlə məşğul olan Rafiq İbrahimov adlı salyanlı isə əvvəlki müsahiblərimizdən fərqli olaraq ded ki, rayonda vəziyyət normaldı: “Nə bizdən rüşvət istəyən olub, nə də ticarətlə məşul omağımıza maneçilik tərədən var”.

“Kolxoz bazarı”nda satıcı işləyən Böyükxanım Muradova və Bəsti Məmmədova adlı qadınlar da İcra Hakimiyyətinin fəaliyyətində rüşvətxorluğun olması barədə deyilənləri təkzib etdilər.
“Heç bir şikayətimiz yoxdu. Şikayətimiz təkcə odur ki, İcra Hakimiyyəti küçə ticarətini ləğv eləsin. Bizim malımız günlərlə qalır bazarda, alan olmur və xarab olur, atırıq. Buna səbəb xırda küçə ticarətidir. Səliqə-səhman yaradılsın, küçələr qanunsuz ticarətdən təmizlənsin”

Salyan rayonu Xəlil Rza Üluturk prospektində “Stil” paltar dükanının sahibi  Əlvan Əliyev də ondan obyektin qarşısının təmiri üçün rüşvət istənilmədiyini vurğuladı: “Məndən heç kim heç nə istəməyib, özləri gəlib düzəldirlər”.

Ətriyyat dükanın sahibi Şakir Quliyev “Salyanda görülən işlər göz qabağındadı. Tahir müəllim gəldikdən sonra çox işlər görüb. Mənim dükanımın qarşısı da təmir olunub və məndən bir manat da olsa, pul istənilməyib” dedi.

Kiçik sahibkar Fəxrədddin Rzayevin sözlərinə görə isə hər bir şəxs öz dükanının qarşısını özünün şəxsi vəsaiti hesabına təmir elətdirməlidir. “Öz dükanımın qabağını öz hesabıma təmir elətdirmişəm”.

“Günah icra başçısında deyil...”


Salyan rayon sakini Ağa Quliyev isə əksinə, rüşvətxorluqan şikayətləndi: “İcra Hakimiyyətinin əməkdaşları mənə gəlib dedilər ki, pul ver, abadlıq işləri aparacaqlar. Məndən 3 min manat pul istədilər. Mən onlara dedim ki, aqlay daş üzlüyünü öz dükanımın fasadına özüm çəkdirərəm. Amma məni qoymadılar. Çünki bunu özüm etsəydim, mənə iki dəfə ucuz - 1000 manata başa gələcəkdi. Məni İcra hakimiyyətinə çağırdılar, orada icra başçısının müavinləri mənə dedilər ki, “sənin evinin fasadını düzəltmək üçün 3 min manat pul ver”. Mən də onlara dedim ki, işləmirəm, oğlum əsgərdi, icarə hesabına ailəmi birtəhər dolandırıram. Demirsiniz kömkəklik lazımdır, özüm bu işi görərəm, üzun muddət tikintidə işləmişəm və bu işi bacarıram. Siz 3 min manat istəyirsiniz, mən bunu özüm 1000 manata edə bilərəm. Bunların ölçdüyü qiymətlə bazar qiyməti heç də uyğun gəlmir, qat-qat artıq pul istəyirlər sahibkarlardan.
Bunlar mənə dedilər ki, “sənə üç gün vaxt veririk”. Mən də onlara dedim ki, “qaçaqaç deyil, üç gün vaxt azdır”. Onlar mənim qabağıma elə bir tələb qoydular ki, təmir işi mümkun olmasın. Yekunda belə qərara gəldilər ki, onlar bu işi özləri görsünlər.
Şəhər icra nümayəndəsi Kamil Əzizov səhər saat 8.00-da özüylə stul gətirib otururdu dükamın qarşısında. Bu barədə məndə həvəskar videoçəkiliş var. Bir neçə gündən sonra icra başçı Tahir Kərimov gəldi, yanında da 20-30 nəfər başqa adamlar, polislər... Gəlib dayandılar mağazanın qabağında. Artıq mənim icarədarımdan 1400 manat pul almışdılar. Qalan 1600 manatı da məndən tələb etdilər. Tahir Kərimova dedim ki, imkanım yoxdu. Mənim başqa heç bir yerdən gəlirim yoxdu, ailə üzvlərimin sayı 5 nəfərdi, böyük oğlum hərbi xidmətdədi. Dükanlarımı da bağlayıblar, 1400 manat pulumu da qaytarmırlar. Mən tələb elədim ki, dükanı bağlamısız, heç olmasa pulumu qaytarın. Qaytarmadılar. Bununla bağlı prokurorluğa ərizə yazıb cinatət işi açıklmasını istədim. Mənim iddiamı ləğv elədilər. Biz məhkəməyə müraciət elədik, məhkəmədə də bizim söümüzə baxmadı”.

“Məndən işlətdiyim dükanın fasadının aqlay daşıyla üzlənməsi üçün bir manat da olsun pul alınmayıb” deyən xırda sahibkar Sevinc Sərdarova bildirdi ki, günah icra başçısında deyil, onu ətrafında oturan yerli məmurlardadır.

İcra başçısı ilə görüşə bilmədik, suallarımızı köməkçisi cavablandırdı

Beləcə mətbuatda icra başçısından şikayətçilər kimi təqdim olunan sadə camaatın və sahibkarların bir qrupunun fikirlərini öyrəndik. Daha sonra yollandıq İcra Hakimiyyətinə...

Salyan rayon İcra Hakimiyyətində bildirdilər ki, icra başçısı Tahir Kərimovla görüşümüz baş tutmayacaq, çünki o, Bakıya yas mərasiminə gedib. Amma icra başçısının köməkçisi Kamran Həsənovla görüşümüz alındı.

Köməkçidən rayon barəsində Bakıya çatan xəbərlərə, bəzi sahibkarların şikayətinə aydınlıq gətirilməsini istədik.

İcra başçının köməkçisi birinci olaraq Salyan sakini Ağa Bayramovun Tahir Kərimovla bağlı söylədiyi fikirlərə münasibət bilidirdi. Dedi ki, şikayətçi Ağa Bayramovdan soruşmaq lazımdır ki, onun icarəyə verdiyi dörd mağazadan heç olmasa birinin səndi varmı.
“Bu günə qədər 50 dəfə sənəd istəmişik, birini üzə çıxara bilməyib. Ağa Bayramov həyətində mağaza açıb, maşınının qarajını dükana çevirib. Bununla belə icra başçısı qanuni, ya qanunsuz, heç kimin mağazasını sökməyə qoymur. Ağa Bayramov sənədsiz dükan işlətdiyi üçün verilib məhkəməyə. Hətta o adam sənədlərini məhkəmədə də ortaya çıxarda bilməyib”.

Köməkçi görülən işlərdən danışdı...


İcra başçısının köməkçisi yol qırağındakı obeyktlərin başçının sərəncamı ilə sökülməsi barədə deyilənlərə cavab olaraq bidirdi ki, bu həqiqət deyil: “Magistral yolun kənarındakı mağazaların hamısı işləyir, heç biri sökülməyib”.

Müsahibimiz Salyan rayon sakini, sahibkar Sevinc Sərdarovadan rüşvət alındığı barədə mətbuatda gedən yazıya da narazılığını bildirdi: “Bunun hamısı ağ yalandı. Mağaza sahibləri ilə iş icraçıları danışırlar, qiyməti özləri razılaşırlar və onların verəcəyi məbləğə uyğun olaraq mağazalarının fasadı təmin edilir”.

Kamran Həsənov mətbuatın Prezident tərəfindən ayrılan 2 milyon manat vəsaitin hələ də rayon İcra Hakimiyyətinin hesabına köçürülməməsi barədə iddiasını da əsassız adlandırdı
“Prezident İlham Əliyevin sərəncamı ilə Salyan rayonun sosial inkşafı üçün ayrılan 2 milyon manat vəsait iki aydır İcra Hakimiyyətinin hesabına daxil olub və həmin vəsaitdən rayonun abadlıq-quruculuq işlərində istifadə olunur. Xaricdə istehsal olunmuş 630 ədəd  işıq dirəyi alınıb, 14 min kvadrat metrə yaxın səki və meydan sahəsinə tamet daşlar döşənib, 11 km uzunluğunda yolun kənarına “bardyor” düzülüb, şəhərdə müxtəlif yerlərə 8 min kvadrat metrə yaxın sayəyə ot örtüyü salınıb, ağacəkmə kampaniyası bu gün də davam etdirilir. 700 ədəd palma ağacının əkilməsi nəzərdə tutulub, 700-750 ədəd “amerikaniski tuya” ağacının əkilməsi planlaşdırılıb, 800 ədəd lequstura ağacı əkiləcək. Magistral yolların kənarlarında,  Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində 4 min metrdən artıq istinad divarı tikmişik. Bütun bunlar son 4-5 ay ərzində Salyan rayonunda aparılan abadlıq işləri çərçivəsində görülüb. Yerli aqlay gülbağ, çay daşlarından istifadə olunub, eyni zamanda şəhərdə 6 ədəd beşmərtəbəli yaşayış binasına aqlay daşdan üzlük çəkilib, yeni işıq dirəklərilə gecə işıqlandırma sistemi qurulub. Salyanda yeni mehmanxana tikilib, tezliklə istifadəyə veriləcək. Heydər Əliyev Fondunun hesabına uşaqlar üçün Tezniki yaradıcılıq mərkəzinin açılışı olacaq”.  

Ağsaqallar Şurasının narazılığı yoxdur


İcra Hakimiyyətinin binasını tərk edib rayon Ağsaqqallar Şurasına getdik. Şuranın sədri Beydulla İmanovun fikirləriini eşitmək də maraqlıydı. Beydulla İmanov dedi ki, İcra Hakimiyyətinin başçısı Tahir Kərimov barəsində ancaq müsbət fikirlər yazılmalıdır: “Onun fəaliyyəti, rayonda aparılan abadlıq-quruculuq işləri göz qabağındadır”.
2004-cu ildən Salyan rayon Ağsaqqallar Şurasının fəaliyyət göstərdiyini deyən B.İmanov Salyanda 600-dən çox bal toplayan tələbələrə öz təqaüdu  ilə Quran kitabı alıb hədiyyə etməsindən, həmişə haqqın müdafiəsində dayanmasından bəhs etdi: “Haqqı kim müdafiə edirsə, həmişə o qələbə qazanır”.

İcra hakimiyyətinin nümayəndələri bizi aparılan abardlıq işlərilə əyani şəkildə tanışlığa dəvət etdilər. Biz də tikilən obyektlərlə və səliqə-səhmana salınan yerlərə baxdıq...






Mail Ağaxanov
Bakı-Salyan-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir