Modern.az

Ağdamlılar daha varlı deyillər...

Ağdamlılar daha varlı deyillər...

20 Oktyabr 2011, 10:09

Bu rayondan olan jurnalistlər maraqlı məqamlaradan danışıblar


Modern.az
saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi  davam edir. Bu dəfə kəndlərinin böyük əksəriyyəti və rayon mərkəzi erməni işğalı altında olan ağdamlı jurnalistlər danışıblar. Onlar rayonun işğal edilməyən kəndlərinin sosial-iqtisadi vəziyyətini, əhalinin yaşayış tərzini, təhsil və səhiyyə sistemini necə qiymətləndirdikləri barədə suallara müşahidələrinə əsasən cavab veriblər.

“Ölkədə görülən işlər bizim Qarabağa qayıtmaq hisslərimizə adekvat deyil...”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı, jurnalist Rey Kərimoğlu son vaxtlar işi ilə əlaqədar tez-tez Ağdamın  işğal olunmamım ərazisində olduğunu deyərək bildirib ki, bütün rayonlarda olduğu kimi orada da abadlıq, quruculuq işlərinin aparıldığını müşahidə edib: “Ağdamın əksər kəndləri, o cümlədən mərkəzi işğal altındadır. Quzanlı qəsəbəsi hazırda Ağdam rayon mərkəzi sayılır və orada bütün infrastruktur yerləşir. Başqa rayonlardan fərqli olaraq Ağdamda quruculuq-abadlıq işləri çox çətin şəraitdə aparılır, çünki bu rayon birbaşa düşmənlə sərhəd ərazidə yerləşir”.

Müsahibimiz rayonun işğal edilməyən ərazilərində insanların işlə təmin edilməsi, oradakı gənclərin asudə vaxtlarını səmərəli təşkili sahəsində çox ciddi problemlərin olduğunu qeyd edib.

Bununla belə o, İcra Hakimiyyəti rəhbərliyinin rayona iş adamlarının cəlb edilməsində maraqlı olduğunu deyir: “Onlar çox maraqlıdırlar ki, iş adamları Ağdamın işğal olunmayan yerlərində biznes işləri qursunlar. Bu istiqamətdə də işlər görülür”.

R.Kərimoğlu həmçinin, Ağdamda son illərdə qəsəbələrin salınması, infrasturukturun qurulması nəticəsində xeyli əhalinin geri döndüyünü vurğulayıb: “Ağdamlı kimi məni narahat edən məsələ torpaqlarımızın işğal altında qalmasıdır. Təəssüf ki, bununla bağlı ölkədə istər siyasi səviyyədə, istər ordu quruculuğu, istər digər səviyyələrdə aparılan işlər məni qane etmir. Bu işlərin heç biri bizim Qarabağa qayıtmaq hisslərimizə adekvat deyil”.

Rey Kərimoğlu hazırda rayonda camaatın əsas dolanışıq mənbəyinin əkin-biçin, maldarlıq olduğunu deyib: “Bundan əlavə, xırda biznes, ticarətlə də məşğul olan insanlar var. Ancaq Ağdamda elə də böyük fabrik və ya zavod yoxdur ki, insanlar üçün iş yeri də olsun. Ağdamın 40 kəndində 80 mindən çox adam yaşayır. Bu çox böyük rəqəmdir”.

Jurnalist rayonun qaz, işıqla bağlı problemlərindən də danışıb: “Quzanlıda qaldığım bir neçə gün ərzində qazdan istifadə etməmişəm, ona görə bilmirəm bununla bağlı problem var, ya yox. Amma rayonda olduğum müddətdə işıq, su ilə bağlı problemlərlə rastlaşmamışam”.

Müsahibimiz deyir ki, rayonun kəndarası yolları, xüsusilə Mirəşəlli, Xındırıstan kəndlərinə gedən yollar pis vəziyyətdədir.  "Amma deyəsən orada yollara asfalt döşəməyə başlayıblar. Ümumiyyətlə, son iki ildə Ağdamda ciddi işlərin aparıldığını görürəm, amma bilmirəm axırı necə olacaq”.

Təhsil və səhiyyə sistemində vəziyyətin nə yerdə olsuğuna gəlincə, Rey Kərimoğlu bu barədə məlumatsız olduğunu söyləyib. Sadəcə bir cümlə ilə o bildirib ki,  Azərbaycanda təhsil, səhiyyə hansı vəziyyətdədirsə, Ağdamda da elədir.

Rayonun icra başçısının insanlarla görüşüb-görüşməməsinə gəlincə, Rey Kərimoğlu onun əhali ilə görüş keçirməsini görmədiyini vurğulayıb: “Şəxsən mən elə görüşlərdə iştirak etməmişəm. Biz bir müddət əvvəl Vahid Qazinin “Ağdam Qafqazın Xrosiması və ruhlar şəhəri” sərgi filminin orada nümayişini təşkil edəndə rayon İcra Hakimiyyəti və digər strukturlar maraqlı idilər ki, insanlar o sərgiyə gəlsinlər.

“Paytaxtda vəziyyət necədirsə, rayonlarda da elədir...”

“Səs TV" internet televiziyasının baş redaktoru Məhsəti Şərif deyir ki, rayon mərkəzi və əksər kəndləri erməni işğalı altında qalan Ağdamın sosial-iqtisadi vəziyyətinin necə olduğunu dəyərləndirmək onun üçün çətindir.

O, işğal olunmazadan qabaq Ağdamın daha çox üzümçülük, pambıqçılıq rayonu kimi tanındığını bildirib:

“Eyni zamanda Ağdam əhalisi ticarətlə məşğul olub. Ona görə bu bölgənin insanları hər zaman yaxşı yaşamağa alışıblar. İndi rayon işğal altında olduğu üçün demək olmaz ki, əhali yüksək səviyyədə yaşayır. İşlə təmin olunub işləyən insanlarla yanaşı, Ağdamda işsizlər də çoxdur”.

Məhsəti Şərif rayon əhalisinin pərən-pərən düşdüyünü, bir qisminin Bərdədə, Bakıda, digər qisminin Ağdam rayon mərkəzi hesab edilən Quzanlıda yaşadığını deyib. Jurnalistin fikrincə, məhz bu səbəbdən rayon əhalisinin necə yaşadığını konkret dəyərləndirmək mümkün deyil.

Müsahibimizin sözlərinə görə, Bərdədə məskunlşan ağdamlı məcburi köçkünlər təsərrüfatla dolanırlar: “Amma şəhərdə yaşayan məcburi köçkünlər arasında əmək haqqı ilə yaşayan insanlarla yanaşı, ticarət hesabına, bazarlarda alqı-satqı etməklə dolananlar da var. Bundan əlavə, qeyd edim ki, ağdamlıların çoxu sənətkar, yəni maşın ustası olurlar və bu sahədən də yaşamaq üçün qazanc əldə edirlər”.

Qaz, işıq, su ilə bağlı problemlərin olub-olmamasına gəlincə M.Şərif  “Ağdamın işğal olmayan kəndlərində qaz problemi ola bilər, çünki bu problem paytaxtın özündə də var. Amma işıq probleminin olduğunu sanmıram. Özüm bir ay öncə rayonda oldum, orda işıq problemi ilə rastlaşmadım. Əvvəllər saat hesabı ilə işıq verilirdi, indi o problem aradan qalxıb. Rayonlarda, kəndlərimizdə yaşayan insanların o problemləri yoxdur. Kəndarası yollar isə Azərbaycanın bütün kəndlərində olduğu kimidir” deyə əlavə edib.

Müsahibimiz hesab edir ki, rayonların sosial inkişafı bir az yüksələndən sonra Ağdamda da müəyyən dəyişikliklər olub. Məsələn, rayon mərkəzi işağl altında olduğu üçün Quzanlı rayon mərkəzi hesab edilir və orada yol yaxşıdır: “Amma digər kəndlərdə yolların yaxşı vəziyyətdə olduğunu demək olmaz. Hələ ki orada tam yol çəkilişi başlamayıb”.

Məhsəti Şərif Ağdamda hər zaman təhsilin səviyyəsinin yüksək olduğunu deyərək bunun yüksək təhsil verilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, rayon sakinləri oxumağa, təhsilə maraqlı olduqları üçün Ağdamın təhsil səviyyəsi hər zaman yüksək olub: “Bəzi məktəblər var ki, orada yüksək səviyyəli təhsil verirlər, bəzi məktəblər var ki, orada təhsil elə də yaxşı deyil. Bu, konkret müəllimlərdən və məktəblərin nizam-intizam səviyyəsindən asılıdır. Anamın müəllimə işlədiyi məktəbdən bilirəm ki, onlarda nizam-intizam yüksək səviyyədədir. Ümumlikdə ilin sonunda mən belə araşdırma etmişdim ki, məcburi köçkün məktəblərindən ali və orta ixtisas müəssisələrinə daxil olma səviyyəsi nə qədərdir? Ağdamdan da ali və orta ixtisas müəssisələrinə daxil olanları araşdırdım və o zaman məlum oldu ki, nəticələr yüksəkdir.

Amma səhiyyə barədə bir şey deyə bilmərəm. Çünki bu barədə bir araşdırma olmayıb, eyni zamanda səhiyyə ilə elə də çox əlaqələrim yoxdur. Azərbaycanın digər rayonlarında səhiyyənin vəziyyəti necədirsə, Ağdamda da elədir”.

Məhsəti Şərif də bir çox həmkarları kimi icra başçısının fəaliyyətindən məlumatsız olduğunu, onun üzünü görmədiyini və yalnız adını eşitdiyini deyib. İcra başçısının insanlarla görüşlər keçirməsinə gəlincə o, belə faktla qarşılaşmadığını əlavə edib:

“Rayondan seçilən deputatlar öz seçiciləri ilə üç dəfə maraqlanırlar: seçkilər zamanı, seçkilərdən sonra və vaxtları bitənə yaxın. Bu, həmişə belə olub. İnsanlıarın kompakt yaşadıqları yerlərdə eşitmişəm ki, deputatımız Bəxtiyar Əliyev qəbul günlərində onunla görüşmək istəyən insanları qəbul edib, problemlərini eşidib, amma həll edib, ya yox, bu barədə məlumatım yoxdur”.

“...Həsən Sarıyevin Həsrətini çəkirik...”

“Var.az” saytının baş redaktoru Aynur Elgünəş də rayonun sosial-iqtisadi vəziyyətindən danışmazadan öncə Ağdamın bir hissəsinin işğal altında olmasına diqqət çəkib. Daha sonra o, Ağdamın keçmişdə ölkənin ən böyük iqtisadi rayonlarından olduğunu, burada üzümçülük, pambıqçılığın yaxşı inkişaf etdiyini vurğulayıb: “Hətta rayon əhalisi şərab istehsalı ilə məşğul olub. Ümumiyyətlə, Ağdam Qarabağ bölgəsinin iri və varlı rayonu idi. İndi isə bunu demək çətindir. Rayonda vəziyyət digər bölgələrdən heç nə ilə fərqlənmir. Əhalinin maddi durumu çox aşağıdır. Sadəcə, əhali məcburi köçkün olduğundan əlavə “çörəkpulu” alır. Bu isə o qədər də böyük məbləğ deyil. Yəni ağdamlılarla digər bölgənin sakinləri arasında yaşayış baxımından ciddi fərq yoxdur”.

“Ağdamlılar həmişə daşdan çörək çıxaran olublar” deyən həmkarımızın fikrincə, rayon əhalisi həmişə qoçaqlığı ilə seçilib: “Hazırda ağdamlılar biznes, xırda alverlə məşğuldurlar. 1990-cı illərdə dəri-gön istehsalı ilə məşğul idilər. Artıq bu biznes növü öz əhəmiyyətini itirib. Ona görə də xırda alverlə məşğuldurlar. Böyük əksəriyyət ətraf rayonların bazarlarında alver edir”.

“İşsizlik bütün ölkədə var, baxmayaraq ki, ağızdolusu iş yerlərinin açılmasından dəm vurulur. Büdcə təşkilatlarında cüzi maaşla çalışanlar var. İşsizlər daha çoxdur. Maşını olanlar bundan taksi kimi istifadə edir, bir az imkanı olanlar həyətində kiçik dükan açır, əsasən də öz əkib-becərdikləri meyvə-tərəvəzin satışı ilə məşğul olurlar” deyə A.Elgünəş əhalinin gündəlik dolanışığı haqqında suala cavab verərkən bildirib.

Qaz, işıq, su, yolla bağlı problemlərə gəlincə, Aynur Elgünəş orada daimi yaşamadığından bu məsələlərdən xəbərsiz olduğunu qeyd edib.

O həmçinin bildirib ki, rayonun mərkəzi işğal altında olan Ağdamda hazırda yerli strukturlar Quzanlı kəndində formalaşdırılıb. Buna görə də kənd əvvəlki illərə nisbətdə xeyli abadlaşdırılıb.

Ağdamın təhsil sistemindən danışarkən isə müsahibimiz “ölkənin təhsil sistemi bərbaddırsa, Ağdamda necə təhsilin inkişafından danışmaq olar?” deyə söyləyib. O eyni zamanda vurğulayıb ki, şagirdlər müəllimlərin, müəllimlər isə direktorların “pul yığımı”ndan bezib.

“ Bu barədə bir neçə yazı da yazmışam. Hətta məktəblərdə “adı olub, özü olmayan” müəllimlərin mövcudluğundan da xəbərimiz var. Ötən il məhz yeyinti faktları ilə bağlı Ağdam məktəblərində ciddi yoxlamalar aparıldı. Ancaq nəticələr hər zamankı kimi yenə ictimaiyyətə açıqlanmadı.

Qaçqın şəhərciklərində məntəqələr var. Düzünü deyim ki, bu barədə hər hansı ciddi problemlərlə qarşılaşmamışam. Sadəcə onu bilirəm ki, həkimlər və müəllimlər məcburi şəkildə YAP-laşdırılırlar” deyə Aynur Elgünəş əlavə edib.

Bütün bu problemlərlə yanaşı, jurnalist icra başçısı və deputatların da rayon əhalisi ilə maraqlanmadığını və onların fəaliyyətlərindən narazılıqların olduğunu söyləyib.

“Hansı rayon icra başçısı insanların arasında olur ki? Əksinə, bu icra başçısı əvvəlki icra başçısı Həsən Sarıyevin ölənlərinə rəhmət oxutdurur. Həsən müəllimin zamanında ondan o qədər yazmışdım ki, çıxarılanda həmkarlarım məni təbrik edirdi. Ancaq indi Nizami Sadıqov elə edib ki, hamı ötən günlərin həsrətini çəkir.

Deputatlarla bağlı məsələ isə ağdamlıların ən yaralı yeridir. Bizim rayonun deputatları əbədi seçilmişlərdir. Artlq neçənci dəfədir ki, eyni adamlar bu rayonu Milli Məclisdə təmsil edirlər. Bu seçimlərdən isə rayon camaatının xəbəri də yoxdur. Bəxtiyar Sadıqova rəğbəti olan bir ağdamlı tapa bilməzsiniz. Bu deputatların müəyyən çevrəsi var və onların da problemini həll edirlər” deyən jurnalist ümumilikdə isə deputatların üzünü ancaq seçki ərəfəsində görürdüklərini vurğulayıb.

“Xəstənin sahibi olmasa həkimlər ona yaxın durmurlar...”

“Azərbaycan” qəzetinin əməkdaşı Rəsmiyyə Rzalı da öncə Ağdamın 80 faizdən çoxunun erməni işğalı altında olduğuna diqqət çəkib. O, bildirib ki, rayonun işğal edilməyən az hissəsində isə bir metr belə boş torpaq sahəsi qalmayıb. Yəni torpaq sahələrindən əhali əkin-biçin üçün istifadə edir.

“Məsələn,  Ağdamın ərazilərində soğan, çuğundur əkilir-biçilir. İmişlidəki Şəkər zavodunun böyük bir hissəsi Ağdamda və Bərdədə əkilən çuğundurlarla təmin olunur. Ağdamda pambıq, yay vaxtı bostan məhsulları əkilir, bundan əlavə, geniş maldarlıq sahələri var. Ergi düzündə fermalar açılıb. Bir sözlə, camaatın çörəyi torpaqdan çıxır”.

Rayonda infrasturukturun olmadığına da diqqət çəkən jurnalist qeyd edib ki, Ağdamda insanların işləməsi üçün hər hansı iri sənayə müəssisələri, fabrik və zavodlar yox səviyyəsindədir. Bunların olmamasını R.Rzalı təbii sayır.

“Bundan əlavə, rayon əhalisinin xeyli hissəsi "çörəkpulu", pensiya alır. Bununla da dolanışıqlarını təmin edirlər. Amma qeyd edim ki, qəpik-quruş alırlar. Pambıq, soğan alağına və ya yığımına gedirlər, təsəvvür edin, o qədər əziyyətli işdən aldıqları pul çox azdır.

Yeni salınan qəsəbələrdə, yayayış yerlərində olan bir çətinlik isə insanların orda əkib-becərmək üçün şəraitlərinin az olmasıdır. Elə yer var ki, bir ailyə 6 sot torpaq sahəsi verilib və burada insanların kənd təsərrüfatı ilə məşğul olması məhduddur. Mal-qara saxlaya bilmirlər, çünki yer yoxdur. Mən bunu dəfələrlə “Azərbaycan” qəzetində də yazmışam ki, o insanları nəsə bir işlə təmin etmək yaxşı olardı. Məsələn, əsgərlərimiz üçün tikiş fabriki, corab fabrikinin açılması insanların həmin yerlərdə işlə təmin olunmasına şərait yaradardı” - deyə, həmkarımız bildirib.

İnsanların işsizliyinə diqqət çəkən Rəsmiyyə Rzalı deyib ki, bu eyni zamanda qaçqınların, məcburi köçkünlərin, yerli əhalinin dövlətdən ələ baxımlılığını aradan qaldırar, azaldar.

Müsahibimiz yeni salınan qəsəbələrdə kommunal xidmətin yaxşı təşkilindən razılıq edib: “Ağdamın yeni salınan qəsəbələrində işıq, qaz, su elə bir ideal səviyyədir ki, Bakıda heç elə deyil. Qazla bağlı problem yoxdur. hər həyətə su çəkilib. Eyni vəziyyət yollarda da müşahidə olunur”.

Jurnalistin sözlərinə görə, Bərdədən Quzanlıya gedən yol magistral yollardakı kimi asfaltdır. Çəmənli, Xındırıstan, Baharlar, Bənövşələr, Mahrızlı, Qaradağlı, Üçoğlan kəndlərinə gedən yollarda da hazırda bu asfaltlama işi gedir.

“Amma indi salınmış qəsəbələrin arasında yollar elə də yaxşı vəziyyətdə deyil. Baharlıda kəndə gedənə qədər yol yaxşıdır, amma kəndin içinə girəndə asfalt yoxdur, çala-çuxurdur. Eyni vəziyyət İmamqulubəyli kəndində də müşahidə olunur.

Bundan əlavə, elə yaşayış qəsəbələri var ki, ora marşrut açılıb, amma elə qəsəbələr var ki, ora işləyən avtobus yoxdur. İnsanlar Bərdə, Ağdam bazarına gəlib-getmək, əkdiyi məhsulu bazara çıxartmaq üçün taksidən istifadə etməyə məcbur olur. Bu da kəndliyə sərf etmir. Yaxşı olardı ki, o kəndlərin hər birinə marşrut açılsın. İnsanlar bazarla əlaqədə olsunlar”.

Rəsmiyyə Rzalı eyni zamanda Ağdamın təhsil və səhiyyə sisteminin vəziyyəti barədə də danışıb: “Təhsil sistemindən o qədər də xəbərdar deyiləm. Amma İmamqulubəyli kəndində olanda orda təhsilin necə olması ilə maraqlandım, dedilər çox aşağı səviyyədədir. Dərs yüksək səviyyədə keçirilmir, müəllimlər də elə güclü səviyyədə deyil.

Səhiyyə isə bütün Azərbaycanda olduğu kimidir. Xəsətələrə xidmət göstərilmir. Xəstənin sahibi olmasa, həkimlər ona yaxın durmurlar. Bu da təkcə Ağdamda deyil, bütün Azərbaycanda belədir. Bakı xəstəxanalarında da belə hallar var”.

Müsahibimiz rayonda mövcud digər problemin mətbuatın ora çatmaması olduğunu bildirib: “Rayonda olarkən bələdiyyə sədri bizimlə görüşməyə gəldi, dedim “Azərbaycan” qəzetindənəm, tanımadı. Təsəvvür edin, dövlət qəzetini tanımırlar. Mətbuat qətiyyən ora gedib çıxmır”.

Rəsmiyyə Rzalı digər həmkarları kimi istər rayonun icra başçısının ağdamlılarla görüşüb-görüşmədiyi barədə xəbərsiz olduğunu deyib.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir