Modern.az

İsveçdə yaşayan azərbaycanlı jurnalist: Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir...”

İsveçdə yaşayan azərbaycanlı jurnalist: “Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir...”

Media

22 Oktyabr 2018, 10:30

Sevinc İltifatqızı: “Burada rektoru da, akademiki də adı ilə çağırırıq” 

 

Modern.az saytı xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz İsveçdə yaşayan Sevinc İltifatqızıdır  (Ələkbərova). Qeyd edək ki, Sevinc İltifatqızı Azərbaycanda olarkən Modern.az və Azvision.az saytlarında çalışıb. 


- Sevinc, necəsən?

-Salam Aqşin, təşəkkür edirəm, yaxşıyam…

- İsveçdə harada yaşayırsan?

- İsveçin ilk paytaxtı olan Uppsala şəhərində, daha dəqiq desək, Skutskər qəsəbəsində yaşayıram. Balaca, sakit bir yerdir, təxminən 6500-ə yaxın sakini var, onun da 500-600-ə yaxını miqrantlardır. Onların da əksəriyyəti Suriyadan, Afrika ölkələrindən, İraqdan gələnlərdir. Burada 10-a yaxın azərbaycanlı ailə də yaşayır.

- İsveçə getmək barədə qərar haradan ağlına gəldi?

- Qərarı necə verdik deyəndə, bu məsələdə həyat yoldaşımın qardaşı çox kömək oldu, daha doğrusu onun yardımı ilə gələ bildik. Çünki bildiyin kimi, sənəd işləri çox çətindir. Elə yolla gəlmək istəyirdik ki, qanuni olsun. Sığortamız olsun, lazım olanda həkimə gedə bilək, təhsil ala bilək. Mühacir kimi gəlmək və ya qeyri-qanuni yollarla gəlmək istəmədik.

Həm də övladım Uğurun gələcəyi üçün bu addımı atdıq. Onun daha yaxşı həyat şəraitində yaşaması, təhsil alması üçün.

-Yoldaşın harda, hansı işdə çalışır?

- O, qardaşı ilə birgə pizza restoranında işləyir.


- Sevinc, belə hiss olunur ki, Azərbaycandan ötrü yaman darıxırsan... 

- Əlbəttə darıxıram. Təsəvvür et, Bakı kimi səs-küylü bir şəhərdən bu cür balaca qəsəbəyə köçürsən... Heç yeri tanımırsan, dili başa düşmürsən. Səhərdən axşama kimi evdə olmaq çox darıxdırıcı idi. Bu ilk aylarda belə oldu, amma sonradan insan alışır. Uğur bağçaya gedir, mən dil kursuna gedirəm, gün tez gəlib keçir. Noyabr ayında 2 ilimiz tamam olacaq.

Təsəvvür et, əvvəllər nəqliyyat sistemi mənə necə çətin gəlirdi, deyirdim yox, mən baş aça bilməyəcəm. Bəzən deyirdim ki, geri qayıdıram, lazım deyil mənə İsveç. Amma artıq alışmışam.

- Sevinc, Tovuzdansan. Həmişə Tovuzdan danışardın – tələbəlik vaxtlarında da, elə bizimlə işləyəndə də. İndi yaşadığın yerlə Tovuzu necə müqayisə edərdin?

- Düz nöqtəyə vurdun. Yaşadığım qəsəbə mənə çox vaxt uşaqlıq illərimi xatırladır, nənəmgili, kəndimizi yadıma salır. Ən əsas da qış aylarında. Həyət evlərində, belə desək, villalarda evi isitmək üçün odundan istifadə edirlər, bunun da iyi ətrafa yayılır. Həmin an ağlıma kənd gəlir, qaz olmayan vaxtlarda odun sobasından istifadə edirdik. Ya da bəlkə mən darıxdığım üçün beynimdə onu canlandırıram.

- Niyə odun yandırırlar, qaz yoxdur? 

 

- Bəzi yerlərdə qaz yoxdur. İşıq da bahadır. Bəziləri də romantika olsun deyə, odun yandırır. Ümumilikdə isə evlərdəisitmə sistemi var. 

 

- Deyəsən, yaşadığın yerdə yağış çox yağır. Yəqin bu da sənə çoxlu depressiya gətirər.

- Payız gəlsə də, yağış hələ başlamayıb. Amma düzdür, çox yağış yağır, hava tutqun olur, bu da günəşli ölkədən gələn biri üçün çox çətindir. Aqşin, burada qış aylarında həftələrlə günəş olmur. Havanın bu cür olması da əlbəttə əhval-ruhiyyəmə təsir edir.

- Yadına gələr, qrup uşaqları ilə yaxşı xatirələrin...

- Hə, gəlir. Bəlkə sənin də yadına gəlir, Hafizin (Hafiz Əhmədov, hazırda hafiztimes.com saytının rəhbəridir –A.K) bir sözü var idi e, tez-tez təkrar edirdi “A müəllim, bə biz nağayrax indi?”.

BDU-nun restoranı xatırladan yeməkxanası, qamburgeri, dönəri, qrup uşaqları, dərslər və sair tez-tez yadıma düşür.

- Tələbə yoldaşlarından kimlərdən ötrü darıxmısan?

- Hamıdan ötrü desəm yalan olar, çünki qrup şəklində idik, amma Gülnar, Günel, Sevinc, Nicat, İmran... Onlarla daha çox vaxt keçirmişik birlikdə.

- Nə əcəb orada jurnalist işləmirsən?

- İnanırsan bu sualı nə qədər verirlər mənə. Çalışıram ki, yenə də öz ixtisasım üzrə işləyəm. Hazırda İsveç və ingilis dilləri üzərində çalışıram, çünki İsveç dilini bilməsən, heç yerdə iş tapmaq mümkün deyil. Ona görə hazırda ancaq dil öyrənirəm.

Amma araşdırmalarıma görə, jurnalist işi tapmaq o qədər də asan deyil. Çünki gərək dili öz ana dilin kimi biləsən, bu da o qədər asan deyil.

 

Uşaqlıqdan arzum o idi ki, xarici ölkədə ali təhsil alım və hazırda bu arzuma çatmağıma bir addım qalıb. Yenidən ali təhsil almağı düşünürəm. Hansı sahə üzrə olacağını isə hələ qərarlaşdıra bilməmişəm.

- Ümumiyyətlə nə iş görürsən?

-Oxuyuram, gəzirəm, ev işləri görürəm. Azərbaycandan bura baxanda hər şey çox asan görsənir, çox eşitmişəm deyirlər ki, pul xəzəl kimidir, gedib yığmaq gərəkdir. Heç nə elə də asan deyil, bütün pillələri bir-bir addımlamaq lazımdır. Bəlkə mühacir kimi gələnlərə asandır, bilmirəm. Ya da çoxları “scholarship”lə gəlir, yaşayır oxuyur. Bizdə isə işçi vizası olduğu üçün bütün xərclər öz üzərimizdədir. Yaşam xərcləri bahadır.

- Övladın Uğurun təhsili nə yerdədir?

- Uğur sentyabrda 3 yaşını tamamladı və 1 ildir ki, bağçaya gedir. Müəllimlərini, bağça yoldaşlarını çox sevir, hətta şənbə-bazar olanda da deyir ki, bağçaya gedək.

- Bağçada qaydalar necədir?

- İsveçdə qayda belədir ki, uşaq doğulub sənəd alanda valideyn yaşadığı bələdiyyənin ərazisində bağça növbəsində dayanır. Və uşağın 1 yaşı olanda evə məktub gəlir, uşaq üçün bağçada yer ayrıldığı qeyd edilir.

Varlının da, kasıbın da uşağı bir bağçada tərbiyə olunur, özəl bağçalar o qədər də əhəmiyyət kəsb etmir - ən azından biz yaşadığımız qəsəbədə.

- Bəs İsveçdən baxanda Azərbaycan necə görünür?

- Mən baxanda Azərbaycan daha qaynar, canlı görünür. Ya da bəlkə mənə elə gəlir. Məsələn, avtobusa minirsən, səs yox, restorana, kafeyə gedirsən orada da eyni vəziyyət. Hamı sakit, ya da öz aralarında elə danışırlar ki, kənardakını narahat etmir.

Qaydaları sevən millətdirlər. İkinci bir söhbət edilə bilməz. Avtobusda belə kəmərdən istifadə edirlər, bizdə isə sürücü də kəmər bağlamaq istəmir.

- İsveç təhsili haqda nə deyə bilərsən?

Təhsilləri çox fərqlidir, ən əsası pulsuzdur və hər kəs pulsuz ali təhsil ala bilir.

Məni təəccübləndirən məqamlardan biri də məktəblərdə, universitetlərdə müəllimlərə adı ilə xitab etmək oldu. Məsələn biz mütləq, filankəs müəllim deməliyik, amma burda istər rektor olsun, istər akademik, adı ilə çağırırıq.


İlk dəfə dərsə gedəndə çox maraqlı gəldi, 60 yaşında qadındır, Helen deyə çağırırdıq. Müəllim özünü çox rahat hiss edir, stolun üstündə oturub nəyisə başa salır.

Eləcə də isveçlilər “siz”dən imtina ediblər. Hamıya “sən” deyə müraciət edirsən…

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi