Modern.az

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular

23 Oktyabr 2018, 15:50

İstedadlı gənclərə qayğı göstərilməlidir.
H.Əliyev.                  

           
Gələcək həqiqətən də istedadlı gənclərlə bağlıdır, desəm,yanılmaram.Respublika rəhbərliyi daim istedadlı gənclərə xüsusi diqqət yetirir,onların yaradıcılığı üçün lazımi şərait yaradır.Son zamanlar bütün sahələrdə olduğu kimi, ədəbi aləmdə də istedadlı gənclər yetişir.Onlar öz əsərləri,uğurları ilə pərəstişkarlarını sevindirir,yaradıcılıqda öz cığırlarını açırlar.Kim bilir,bəlkə onlar gələcəyin ən böyük sənətkarlarından birinə çevriləcəklər? Özüm də yaradıcı olduğumdan,mədəniyyət ,ədəbiyyat,publisistikaya yaxınlığımdan bu cameədə yetişən gənc sənətçiləri görür,onların yaradıcılığı ilə yaxından maraqlanır,uğurlarına sevinirəm.                
Apardığım araşdırmalarımdan sonra belə gənc istedad sahiblərindən biri haqqında söz açmaq qərarına gəldim.Əslində bu gənclə tanışlığım yox idi.Onun barəsində ilk dəfə mənə gənc xanəndə Sərxan Bünyadzadə söz açmışdı və məni onun yenicə çapdan çıxmış kitabının təqdimatına dəvət etmişdi.Təqdimata gəlməzdən öncə,təbii olaraq yaradıcılığı ilə tanış oldum.Oxucuları çox intizarda qoymayım.Bu istedadlı,gənc sənətçi,nasir Tural Həsənlidir.       
                
Tural Həsənli 1991-ci il sentyabrın 28-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya göz açıb.Naxçıvan ədəbi-mədəni mühiti kiçik yaşlı Turalın taleyində təsirsiz ötüşməyib.Hələ məktəbli illərində ədəbiyyata böyük maraq göstərib.Yazdığı inşalar Turalın gələcəkdə istedadlı qələm sahibi olacağından xəbər verirdi.Lakin, orta məktəbin yuxarı siniflərində Turalın könlündən nədənsə, hüquqşünas olmaq arzusu keçdi.Bəlkə də onun hüquqşünas olmaq təşəbbüsü valideyinləri tərəfindən birmənalı qarşılanmamışdı.Çünki,o zaman onun filoloq olması gündəmdə idi.Bu təşəbbüs,bu istək onu Naxçıvan Dövlət Universitetinə gətirdi.Sosial İdarəetmə fakültəsinin “Hüquqşünaslıq” ixtisasına yiyələndi.O,gələcək həyatını hüquqşünaslıqda görsə də,qəlbinin dərinliyində çağlayan yazıb-yaratmaq həvəsi onu bir an belə tərk etmədi.Qaynar bulaqdan axan su kimi qələmindən biri-birindən gozəl,maraqlı söz inciləri axmağa başladı.                                                                    

Günlərin birində gördü ki,xeyli söz bazasına sahib olub. Neçə-neçə şer,roman,hekayə və s. ibarət kitabın müəllifinə çevrilib.İlk baxışdan belə görünə bilər ki,burada qeyri-adi nə var axı,yazan adamın kitabı çıxar. Lakin, bu belə deyil. Əvvəla, Turalda ilk növbədə fitri istedad var. İkincisi, oxucu qarşısında məsuliyyət, sonda hesabat. Tural yazmaq xatirinə yazmır. O, daim mövzu axtarışındadır. O, şairlik yolunda, yazıçılıq yolunda böyük şairimiz Hüseyn Cavid qədər sevdiyi romantik şair Mikayıl Müşfiqin aşağıdakı misralarını bir məşəl kimi görür:


Şairə ilhamdan maya gərəkdir,                                                                  
Anasız cocuğa, daya gərəkdir.                                                        
Şairəm söyləyir, yerindən duran                                                                 
Adamın üzündə haya gərəkdir.                               


Və ya şairin ölməz sənətkar Süleyman Rüstəmə səsləndirdiyi fikirlər:   
                                    
“Gəl, Süleyman, çıxalım bir yarışa  Mövzu üçün axtarışa”                                               

Bəli, bütün bunlar gənc Turalın həyat yoluna işıq saçdı. 27 yaşlı gənc şair, nasir Tural Həsənli bu gün 6 kitab müəllifidir. 29 yaşlı Müşfiq 11 kitab müəllifi idi. Yəqin ki, Tural da 29 yaşında 11 kitab müəllifi olacaq, sonrakı kitablara körpü atacaq. Təbii ki, əgər belə bir təşəbbüsdə bulunarsa ...                                                                                        

Turalın ilk romanı olan “Mən həyata gecikmişəm” ailə-məişət mövzusunda yazılmaqla, Nihad adlı obrazın yaşadığı ailə dramından bəhs edir. Oxucunu düşündürür, onda güclü emosional təsir bağışlayır.                                                                                             

Növbəti “Psixodrama” (özünü axtarış) romanı isə Cəlil və Cəlal əkiz qardaşlarının həyatından bəhs etməklə, Azərbaycanda baş vermiş real bir hadisəni əks etdirir. Bu əsərin ərsəyə gəlməsində Turaldan həm bir sənətkarlıq, həm də cəsarət tələb olunurdu.                              
“İgid ölər, igidlik ölməz” sənədli əsəri – roman özündə real hadisəni ehtiva edir. Rzaqulu adlı Nehrəmli bir komandirin  Şahbuzda və Sədərəkdəki döyüşlərdə Naxçıvanı qoruması, əsgərləri ilə bərabər illərlə səngərlərdə qalaraq vətən torpaqlarını düşmənlərdən qoruması əsərin əsas leytmotivini təşkil edir. Bu əsər, gənc nəslin hərbi –vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.                                                                                 

“Dünyadakı dünyam”, “İki sıfır bir dörd” adlı şeirlər kitabında gənc şairin poetik ürək döyüntüləri daxili aləminin duyduğu sevinc, sevgi, müqəddəs vətən torpağının ucsuz-bucaqsız, min bir rəngli təbiətinin füsunkarlığı və s. tərənnüm olunur. İllərlə beynində cövlan eyləyən, vərəqlərə süzülmüş qəlb pıçıltıları, könül duyğuları, daxili aləmində yandırdığı şam işığı, söz-söz, sətir-sətir, misra-misra, bənd-bənd ürəyində göyərdib, ərsəyə gətirdiyi sənət inciləri bu kitabların çəkisini həm artırır, həm də şairə şöhrət gətirir. Bu kitablarda əsasən fəlsəfi şeirlər daha çox yer almışdır.                                        

Təqdimatında məmnuniyyətlə iştirak etdiyim “Təşəbbüs” roman kitabı haqqında söz açmaq istəyirəm. “Təşəbbüs” romanı adından göründüyü kimi, Azərbaycanda yeni bir təşəbbüsün irəli sürülməsi, insanları birlik üçün səsləmə istəyindən bəhs edir. Əslində hər şey təşəbbüsdən doğur. Əgər təşəbbüsdə bulunursansa, buna nail olmaq yolunda səylər göstərir, ciddi-cəhdlə çalışaraq sonuna çatmaq istəyirsən. Bu, əsərin əsas leytmotivini təşkil edir. Müəllifin öz təxəyyülünün məhsulu olan bu əsər, fəlsəfi-psixoloji, həyati-dedektiv istiqamətdə olan bir romandır. Romanda, zənnimcə, ən yadda qalan hadisə Elvin adlı bir müəllimin Rahim adlı bir şəxslə dostluğu, ailə qayğısı, onların timsalında baş vermiş bir cinayətin açılmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşəkar fəaliyyətindən danışılır. Əslində “Təşəbbüs” romanında təşəbbüslərdən söz açılsa da, təbii olaraq, sonda Azərbaycan reallığında, qanunvericiliyində, Azərbaycan ədəbiyyatında yeni-yeni bir təşəbbüsün irəli sürülməsindən bəhs edir. Ümumi fikir isə insanları bir səsə, bir təşəbbüsə, yeniliyə, bir olmağa çağırır. Kitabın amalı, məqsədi məhz, bunun üzərində qurulub. Kitabın mövzusu heç bir yerdən götürülməyib, heç bir yerdən təsirlənməyib. Amma, ümumən baş verən hadisə qeyd etdiyim kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşəkar fəaliyyətindən bəhs edir. Bu, əsərin hekayə hissəsində cərəyan edir. Amma, əsərdə basqa bir hadisə də diqqət çəkir. Burada Universitetdə müəllim işləyən Elvinin həyatından, onun keçdiyi dərslərdən, tələbələrə aşılamaq istədiyi sevgidən, qayğıdan, ailə, vətən sevgisindən və s. bəhs olunur. Ümumi fikir də məhz, bununla səsləşir. Təbii ki, məqsəd sondakı təşəbbüsdür. Kitabda əks olunan digər hekayələr və hadisələr oxucuda maraq doğurur. Bu yazılış tərzi gənclərimizin zövqünü oxşamaqla, onların düzgün formalaşmalarına güclü estetik təsir göstərir. Çox haqlı olaraq, Tural öz  yazıçı qələmi ilə əsərdə oxucunu xəyalən bəhs olunan hadisələrin içinə salır, onları hadisələrə ayıq nəzərlərlə, sağlam düşüncə ilə baxmağa sövq edir. Tural Həsənli əsərdə qoyduğu aktual problemləri özünün yazıçı məharətilə çözmək iqtidarında olduğunu göstərməyə müvəffəq olmuşdur. Bütövlükdə, müəllif əsərdə yazıçı mövqeyini ortaya qoyaraq, gənc nəslin əxlaqının, mənəviyyatının, əqidəsinin, tərbiyəsinin korlanmaması üçün  öz münasibətini bildirmiş və bu təşəbbüsdə bulunmuşdur.                                                                                   

Tural Həsənlinin yeni bir təşəbbüsünü təqdir etmək istəyirəm. Bu təşəbbüs onun “Təşəbbüs” adlı kitabının Bakıda, “Kitab evi”ndə təqdimatının keçirilməsi ilə bağlıdır. Çünki, hazırda oxucu qıtlığı olduğu bir vaxtda, Naxçıvan həyatı və insanı haqqında paytaxt oxucusunda təəssurat yaratmaq onu bu mövzuda əsərlərlə tanış etmək alqışlanmalıdır. Turalın bu yeni təşəbbüsünü də yüksək dəyərləndirirəm. Təqdimat mərasiminə daxil olanda, gəncləri orada gördüyümdə çox sevindim. Mən və bir nəfərdən başqa gənc nəslin fəal nümayəndələri tədbirdə iştirak edirdilər. Yeni nəsillərin, gənc ədəbiyyatsevərlərin ədəbiyyata, ədəbi yaradıcılığa meyl etmələri və daha çox istedadlı ədəbi bir gəncliyin formalaşması günümüzün ən vacib, diqqət çəkən ümdə məsələlərdən biridir. Naxçıvan ədəbi-mühitini poeziya və bədii nəsr sahəsində ləyaqətlə təmsil edən gənc yazar Tural Həsənli bu gəncləri öz işığına yığa bilibsə, deməli, o, doğru yoldadır və onun parlaq gələcəyi vardır. Bu arada bir paralel aparmaq yerinə düşər. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Yazıçılar Birliyində Gənclər təşkilatının sədri, Prezident təqaüdçüsü olan Tural Həsənli hazırda Naxçıvan MR Dövlət Kömrük Komitəsində İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyir. Gömrük xidməti leytenantıdır. Bu şərəfli peşə ilə yanaşı, istedadlı qələm sahibi, söz sərrafı kimi əsərlər yazaraq, kitablar dərc etdirərək, geniş oxucu kütləsinin sevgisini, rəğbətini qazanıb. Onun həmyerlisi olmuş, ixtisasca mühəndis-geoloq, eyni zamanda jurnalist-yazıçı kimi də fəaliyyət göstərmiş, “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara volqa”, “Şəhər yatarkən” və s. kitabların müəllifi olmuş Cəmşid Əmirov da oxucuların rəğbətini qazanmış, kitabları əldən-ələ gəzmişdir. İstəyim, arzum Tural Həsənlini də Cəmşid Əmirov kimi sevilən yazıçı görməkdir. Mən təqdimat mərasimində bu sevgini, bu münasibəti gördüm, onun şahidi oldum. Turalda həmçinin, yüksək intellekt, səmimilik, sadəlik, bilik, estetik mədəniyyət və tərbiyə müşahidə etdim. Onun parlaq gələcəyinə, ədəbiyyat tarixində öz izini qoya biləcəyinə inanıram. Ona bu yolda uğurlar arzulayıram. Yazımı görkəmli alim, Milli Məclisin Komitə sədri, AMEA həqiqi üzvü, filologiya elmləri doktoru İsa Həbibbəylinin sözləri ilə bitirirəm: “Tural Həsənlinin əsərləri müstəqillik dövrü Azərbaycan bədii nəsrinin yeni nəslinin cəlbedici ədəbi hadisəsidir! İndikindən artıq yaradıcılıq zəhmətinə qatlaşarsa, bu, ədəbiyyata orijinal bir nasirin zühuruna və ya regionda böyük ədəbiyyatın doğuluşu hadisəsinə çevrilə bilər”.

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, 
“Tərəqqi” medalçısı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır