Modern.az

Fərdi uçot sistemində sığortaolunanlar 1 milyon 631 min 479 nəfərə çatıb

Fərdi uçot sistemində sığortaolunanlar 1 milyon 631 min 479 nəfərə çatıb

Ölkə

9 Dekabr 2009, 11:21

 “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 8,6 faiz (140 029 nəfər) artıb. 1 dekabr 2009-cu il tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 milyon 631 min 479 nəfərə çatıb. Onlardan 54,8 faizi (894 988 nəfər)  kişi, 45,2 faizi (736 491 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən daha çoxdur. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 27,1 faizini (442 850 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 21,9 faiz (357 394 nəfər), 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz (366 236 nəfər), 50-60 yaşa kimi sığortaolunanlar 20,1 faiz  (327 269 nəfər), 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 20,1 faiz  (137 730 nəfər) təşkil edir. Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Onu da bildirək ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların qəbulu və emalı üçün zəruri tədbirlər həyata keçirilməkdədir. Fərdi uçot sistemində sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesi daha da sürətləndirilib və indiyə qədər qeydiyyatda olan 15 mindən artıq müəssisədə çalışanlar üzrə bu işlər yekunlaşdırılib. Görülən bu tədbirlər yaxın perspektivdə sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsinə, bu məlumatların sığortaolunanlara çatdırılmasına şərait yaradacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?