Modern.az

Bir şəklin tarixçəsi - Zəngilandakı əməliyyat - İKİ GiROV

Bir şəklin tarixçəsi - Zəngilandakı əməliyyat - İKİ GiROV

29 Oktyabr 2018, 10:01

Günel Feyzullayeva

Sizə bir şəklin tarixçəsindən danışmaq istəyirəm. 25 il əvvələ aid acı xatirə. Qarşıma çıxanda danışan şəkil dedim ona. Dili yoxdur, amma keçmişi anladır.

Fotodakılar Zəngilan özünü müdafiə batalyonunun döyüşçüləridir. Hərbçilərin qucaqladığı uşaq isə Şuşadandır. Şəhərin erməni quldur dəstələri tərəfindən işgalı zamanı girov götürülür.  Anası televiziya vasitəsi ilə haray çəkir ki, oğlu düşmən əlindədir, Qafanda saxlanılır.

Həmin vaxt fotodakı igidlər Zəngilanın Ağkənd kəndində döyüşürdülər. Bu xəbəri eşidən kimi, heç kimə demədən plan qurur  və gecəylə Qafana girirlər. Əməliyyatları uğurlu olur, Mis-molibden  zavodunun direktorunu girov götürürlər. Amma bilmədən. Sonradan o, özü kim olduğunu etiraf edir və övladlarına xəbər verilməsini istəyir.  

Həmin ərəfədə məlum olur ki, Şuşadan girov götürülən uşağı Qafanın polis rəisi öz evində saxlayır. Döyüşçülər onlarla əlaqə yaradıb, tələb irəli sürürlər.   

Girov direktorun oğullarının təklif etdiyi mal-mülk işə yaramır. Nəhayət igidlərimiz uşağı geri ala bilirlər. 

Alırlar, amma o, çox yaşamır. Ermənilər bu balacaya nə edirlərsə, Bakıya gətiriləndən bir müddət sonra dünyasını dəyişir. Çox keçmir Zəngilan da işğal olunur. 67 gün tam mühasirə şəraitində baş tutan döyüş məğlubiyyətimizlə nəticələnir.

İndi həmin tarixdən 25 il ötür. Kiçik rəqəm kimi görünsə də, 25 il bir igidin ömrüdür. Bu müddətə baxça, orta və ali təhsil, evlilik, hətta valideyn olmağı sığdırmağı bacarırıq.

Son 25 illik həyatımıza bir də işğal tarixlərimizi sığdırmışıq. Acıdır, amma reallıqdır. 25 ildir can dediyimiz, can verdiyimiz  vətənin 20 faizi  yad əllərdədir. Yad elinə çevrilir bu parçamız. Bundan əvvəlkilər kimi...

Canımızdan hər can ayrıldıqca acizləşirik, çarəsizləşirik, cılızlaşırıq.

İnsan torpaqdan yaranıb, torpaqla güclüdür, torpaq ona güc verir. İtirdiyimiz hər qarış torpaqla gücümüzü itiririk. Kədərlidir. Bu 25 ildə neçə-neçə insanımızı da itirmişik. Nə qədər ömür yarıda qırılıb, analar gözü yaşlı qalıb, ataların beli bükülüb. Yandırır. İnsanın içi qovrulur. Vətəndə vətənsiz qalmaq çətindir. Kənardan asan görünsə də...



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir