Modern.az

Mərkəzi Bank inflyasiya göstəricilərini açıqladı

Mərkəzi Bank inflyasiya göstəricilərini açıqladı

İqtisadiyyat

30 Oktyabr 2018, 12:21

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 30 oktyabr 2018-ci il də uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul edib.

 

Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə ±2%-lik dəhlizdə (yuxarı hədd 11.75%, aşağı hədd 7.75%) müəyyənləşdirilib.

İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam etmişdir. 9 aylıq orta illik inflyasiya (2.6%) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8%) aşağıda formalaşmışdır. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4% ətrafında olacağını proqnozlaşdırır.

Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.

İnflyasiya prosesləri. Son 3 ayda orta illik inflyasiyada azalma meyili davam etmişdir. 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2.6% təşkil etmiş, üçüncü rüb ərzində ritmik templə azalıb.

İnflyasiyanın xarici və daxili amillərində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meyilini müəyyən edib.

İnflyasiya üzrə gözləntilər və proqnozlar. Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir.

Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir.

Xarici şərait. Beynəlxalq konyunktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalmışdır. Ümumilikdə 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38%-ə yaxın artıb.

Bu şəraitdə tədiyə balansının profisiti artmaqda davam edir. 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13% artıb.

Xarici maliyyələşmə şərtlərinin dəyişməsi ilə kapital çıxışı və geosiyasi gərginliklər fonunda ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını stabilləşdirib.

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunmuş və ölkənin strateji valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb.

Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir.

İqtisadi aktivlik. İqtisadi artım ardıcıl 4-cü rübdür ki, pozitiv zonada olsa da potensialdan aşağıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.1%-lik artım baş vermişdir. İqtisadi artım qeyri-neft sənayesində 10.7%, kənd təsərrüfatında 4.3% təşkil edib.

Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir.

İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.

Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımı ilə müşaiyət olunur. İstehlakçı inam indeksi ardıcıl olaraq 4-cü rübdür ki, pozitiv zonadadır.

Xarici tələbin həm neft, həm də qeyri-neft ixrac komponentlərinin iqtisadi artımı stimullaşdırması fonunda ümumi investisiya aktivliyinin azalması iqtisadi artıma mənfi təsir göstərir.

İnflyasiya riskləri. Qısamüddətli dövrdə inflyasiya riskləri balansında azaldıcı və sabitləşdirici amillər üstünlük təşkil edir. Bu amillərə əlverişli neft qiyməti, tədiyə balansının profisiti və kifayətlik normalarını üstələyən valyuta ehtiyatları aiddir. Qeyd olunanlar valyuta bazarındakı mövcud tarazlığı dəstəkləyir. Lakin, daxili inflyasiyanın ticarət tərəfdaşı ölkələrində yüksək məzənnə və qiymət volatilliyinə, habelə dünya ərzaq qiymətlərinin dəyişkənliyinə həssaslığı qalır. Ortamüddətli dövrə makroiqtisadi sabitlik və dayanıqlıq optimal monetar və konservativ fiskal siyasət əsasında formalaşdırılan makroiqtisadi çərçivədən, maliyyə sektorunda olan problemlərin bu çərçivə daxilində tənzimlənməsindən asılı olacaq.

Monetar şərait. Faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımların cəlbediciliyini saxlamaqla digər amillərin də təsirinin neytrallaşdırılması ilə kredit faizlərinə azaldıcı təsir edən siqnal olacaq.

Monetar şəraitin bundan sonrakı normallaşması proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğundan asılı olacaq..

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin dekabr ayının sonunda müzakirə ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir