Modern.az

Gəlir vergisinin ləğvi işləyənlərin maaşına təsir edəcək? - İqtisadçının ŞƏRHİ  

Gəlir vergisinin ləğvi işləyənlərin maaşına təsir edəcək? - İqtisadçının ŞƏRHİ   

İqtisadiyyat

2 Noyabr 2018, 14:09

Təklif edilən dəyişikliklərə görə, gələn ildən aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşların böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az proqnozlaşdırılsa da, ikirəqəmli olacağı gözlənilir. 

Bəs sosial ödənişlər neçə faiz olacaq? Dəyişiklik əmək haqlarına necə təsir edəcək? Növbəti ildən ölkə üzrə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta ödənişləri də sosial ödənişlərə daxildirmi?

 

Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb. İqtisadçı bildirib ki, sosial ödənişlərin məbləğinin 10,5 faiz olacağı təxmin edilir:

“Hələlik dəyişikliklə bağlı təklif parlamentə təqdim edilməyib deyə, konkret rəqəm səsləndirmək çox çətindir. Amma bizdə olan məlumata görə, sosial ödənişlər 10,5 faiz olacaq. Vətəndaş gəlir vergisi üçün 14 faiz, həmçinin sosial ödənişlər üçün 3 faiz ödəniş edirdi. Nəticədə rəqəm daha yüksək olurdu. Nəzərdə tutulan dəyişikliklər təsdiqlənərsə, vətəndaşın sosial kartına daha çox vəsaitin toplanmasına, gələcəkdə pensiya yaşına və yüksək pensiya almasına səbəb olacaq. Çünki nə qədər çox sosial ödəniş olarsa, o qədər çox pensiya hesablanacaq”.

 


V.Bayramov tətbiqi 2019-cu ildən nəzərdə tutulan icbari tibbi sığorta ilə bağlı ödənişlərin sosial vergiyə daxil edilməsinə də aydınlıq gətirib:

“Hələlik layihə parlamentə daxil olmayıb. Ümumilikdə icbari tibbi sığortanın tətbiqinin reallaşıb-reallaşmayacağı da başqa bir müzakirə mövzusudur. Ona görə güman edirəm ki, reallaşacağı təqdirdə, 10 faiz+8 manat (rəqəm dəyişə bilər) olacaq. Gözlənilir ki, ikinci hissədəki rəqəm icbari tibbi sığorta ödənişi, 10,5 faiz isə sosial vergi olacaq”.

 

Ekspert qeyd edib ki, əmək haqqı 8 min manatadək olanların gəlir vergisindən 100 faiz azad edilməsi, qismən də olsa, maaş artımına səbəb olacaq:

“Amma burada əsas məqsəd sahibkarların əmək müqaviləsi bağlamasına marağın artırılmasıdır. Çünki 22 faiz+3 faiz+14 faizlik vergi 39 faiz ödəniş deməkdir. Yəni sahibkar əmək haqqı fonduna 39 faiz ödəniş edirdi. Bütün hallarda sosial ödənişlər gəlir vergisindən azdır və vətəndaş üstünlük əldə edəcək. Dediyim kimi, əsas məqsəd sahibkaları əmək müqaviləsi bağlanmasında maraqlı etməkdir. İndiki halda xüsusilə qara mühasibatlıq çoxdur. Yəni işçinin maaşı rəsmi olaraq az göstərilir. Dəyişikliklər isə əmək münasibətlərinin leqallaşdırılmasına imkan verəcək və “qara mühasibatlıq”ı xeyli dərəcədə azaldacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir